“Axı, dünya fırlanır...”

 

“ÖLÜM OLDUĞU HALDA QƏFLƏT İÇİNDƏ YAŞAYANLARA HEYRƏT EDİRƏM.”

 

B.Vahabzadə

 

Yaradıcılığının fəlsəfi ruhu və bədii cazibədarlığı qoca zamanın fövqünə rəng qatdıqca, insan yer üzünün xəlifəsi, canişini və əşrəfi kimi sanki hər bir misrada nəqşlənmiş surətdə ehtiva edilir.Tanrıya sığınan şair Allahın yaratdığı bu canişinə bəzən sual edir, bəzən tənbeh, bəzən də onun fəlsəfi dünyasını poetik ovqatı ilə elə təsvir edir ki, insan obrazının ağlını-əxlaqını, təkamül və təxəyyülünü görməmək mümkün olmur. Özünü bəzən yaratdığı insanın yerinə qoyur və öz könlünə baş vurmağa, orada donub daşlaşan layları qaldırmağa çalışır. Qaldırdıqca bir layı, üstündən bir layın gəldiyinə şahid olur. Araya sükut çökür. Sonra isə haray gəlir... poeziya harayı... “Sual varsa, cavab var” şeiri bir növ bunlara aydınlıq gətirir. ”Dünyanın bir sığalı, amma bol şilləsi, ömrün isə üç pilləsi var: dünən işlətdiyin günah, bu gün sənə dərd, sabah isə ölümdür. Üçü (günah, dərd və ölüm) bir yerdə insanın öz özünə verdiyi iztirab və zülmdür” qənaətinə gəlir.

Mən filoloq deyiləm. Sadəcə böyük Bəxtiyarın adi oxucularından biri, bir az da yazıya və mütaliəyə meyilliyəm. Ona görə də Hz Əli (ə.s) “Bildiklərinizi yazın ki, qeyb olmasın” müqəddəs kəlamına rəğmən düşüncəmdə yoğrulmuş bu yazı ərsəyə gəldi. Mənim üçün Bəxtiyar Vahabzadə poeziyanın “Apollon”udur.

16 avqust 1925-ci ildə Nuxa-indiki Şəki şəhərində dünyaya göz açmışdı. Gəlişi hamıdan xəbərsiz oldu. Heç kim anlamadı ki,bu gələcəyin bəxti, yarı, Bəxtiyarı olacaq. Haqq dünyasına qovuşan günü isə hamıya bəlli oldu. Bütün Türk dünyası yas tutdu...

Bu əsnada ölüm mələyi Əzrayıl (ə.s) Məhəmməd Peyğəmbərə xitab etdiyi bir hədisi xatırlamaq yerinə düşərdi:

“ Ey Allahın Rəsulu! İnsanların dünyadan köçməsində mənim axı nə suçum ola bilər? Vallahi Aləmlərin Rəbbinin əmri olmadan bir yarpaq belə qopub yerə düşməz. Qövminə de ki, çiyinlərdə gedən tabutlardan ibrət götürsünlər. Mən isə Allahın əmri ilə haraya üz tutsam insanın ruhu bir bəbək-körpə kimi göyə açılmış əllərimə qonur. Sonra Rəbbimizə xitab edirəm:

Ya Rəbbim! Bunu cənnətəmi, yoxsa atəşə aparım? Fərman Onundur. Nə desə, elə də edirəm...”

Ölümündən təxminən bir həftə öncə mən də onunla Azər qardaşımın evində görüşmüşdüm. Gözləri yol çəkirdi. Kimisə arayırdı, gözləyirdi. Bizə bəlli olmasa da, ulu şairi sağında və solunda olan mələklərdən başqa sən demə Əzrayıl (ə.s) ölüm təbəssümü ilə müşayiət edirmiş.

Azər deyir ki, ölümündən əvvəl şair oğluna bəzi vəsiyyətləri də etmişdi. ”Məndən sonra nəslin öndə gedəni sən olacaqsan. Özünü itirməyəsən, oğul!...Əslində bu bir vida idi. Peyğəmbər sayağı halallaşmaq və vidalaşmaq...

Şübhəmiz yoxdur ki, qələmi ilə yalnız həqiqəti yazan və o yazıların qiyamət günündə şəhidlərin qanına bərabər tutulduğu müəllifin Əzrayıl (ə.s) əllərində köç edən ruhu cənnətə sakin olub. Allah o dünyasını versin. Bir daha onu ananlara, doğmalarına türk dünyasına səbir diləyirəm. Amin!

Şair 84 yaşında bu dünyadan “vida xütbəsini oxudu”. “Günlər qısaldı. Ömrünün qürubu yaxınlaşdı... ”Şairin ölümü ilə bağlı Türkiyənin “Saman yolu” televiziyası “Türk dünyası yasda” mövzusu altında bir təziyə yayımladı. İslam dünyasının səf-səf düzülən ilahiyyatçılarının önündə duran dahi Fətullah Gülən də ürək ağrısı ilə dünya azəri türklərinə, dahi şairin doğmalarına, sayın İlham Əliyevə baş sağlığı verirdi. Bu kiçik, lakin çox mənalı təziyə artıq internet səhifələrində oxunur, baxılır və köks ötürülür. Diqqətimi çəkən ulu şairin “Bu necə dünyadır, bu necə dünya. Ölümü həqiqət, həyatı röya”poetik ifadələri yerində səsləndirilirdi. Şair ölümü hardan görmüşdü?..

Türkiyənin “Saman yolu”ndakı “Türk dünyası yasda” təziyəsi xalqın hürriyyəti üçün canı və qanı ilə mücadilə aparan şairin, cəsarətli söz sahibinin hüznünə böyük bir dövlətin baş sağlığı idi.

Əslində F.Gülənin kiçik, lakin mənası dərindən dərin təziyəsi Rəbb kəlamlarına bələd olan şairə sonsuz hörmətin canlı təzahürü idi. Şair bilirdi ki, Rəbbimiz də bu dünyanın oyun-oyuncaqdan başqa bir şey olmadığını hər bir iman sahibinin qəlbinə hakim edir. Rəbbimiz var-dövləti ilə öyünənləri sərvəti ilə, övladları və hətta dünyadan köç edənlərin qəbirləri ilə öyünənlərin də fərqindədir və onları sınağa çəkir. Amma “Həzər o gündən ki, övlad valideynin, valideyn də övladının karına bir işlə gələ bilmir”- Rəbb kəlamının təkrar-təkrar səsləndirilməsi yerinə düşür. Dünyadan köç edən və şairin-atanın Əzrayılın (ə.s) əllərinə qonan ruhunu oğul geri ala bilmədi. Axı,ölümü həqiqət olan dünyanın nəyindən küsəsən? Amma həzər, bir də həzər o gündən ki, valideyn övlad itkisinə görə dünyanı qınadıqca qınasın... Övlad ruhu Əzrayılın (ə.s) əlində ikən ona gücü çatmayanda röyalı, yalan və sərsəm dünyadan küsməmək, onu qarğılamamaq olmur.

Bəxtiyar müəllim 2002-ci ilin 20 noyabrında (Ramazan ayında) şəhid olmuş oğlumun hüznündə məni bağrına basıb: “Şəmsəddin, vallahi söz tapmıram deməyə. Şübhən olmasın ki, Allah behişti ona nəsib edər...”Beləcə ayrıldıq. Bu mənə bir təsəlli və Allaha yaxın olan şairin dərdimizə şərik olması idi.

Vicdanından dönüb iblissayaq dolananlar, ləyaqəti tapdanıb yuxarıya yarınanlar, dinini pula satıb özgə dininə sığınanlar, doğma dilimizə dodaq büzüb, yad dildə dil-dil ötüşənlər, ruhanimiz dəllal kimi, tacir kimi ömür sürürsə, anasının əmcəyini kəsənlərlə əlbir olanlar varsa, demək (əstəğfürullah) yoxmuş Allahımız (?) Bunu da Bəxtiyar müəllim poetik zərgərliyi ilə elə cilalayıb ki, oxucuya yalnız heyrət etmək, düşünmək və xəyala dalmaq qalır. Ümumiyyətlə həmişəyaşar şairin poeziyasında Aləmlərin Rəbbi ilə bağlı adamı məhvərindən oynadan bədii ifadələr çoxdur.

Şair bəzən üzünü nəfsinin girovuna çevrilənlərə tutub deyir: Ey cibi dolu sərvət sahibləri! Ey var-dövlət dəlisi olan naxoşlar! Görən doyan gününüz olacaqmı?

Həyat bir röyadır. Həyatdan şirin olan röya. İnsan ana bətnindən doğulan andan yoxluğuna doğru səfərə başlayır. Özünü dərk etdikdən sonra o dünyanı da düşünür. Bir az dərin düşündükcə heyrətdən donub qalır və öz adacığına daxil olub, qapını arxadan bağlayıb özü ilə təkbətək qalır: “Bu oyun-oyuncaqlı, günü qara qəpiyə dəyməyən dünyanı gördüm və kaş görməyəydim. Görən ölümdən sonrakı dünya necə olacaq?”- sualına son gününə qədər cavab tapa bilmir.

Bu əməl dəftərimizdən, bu dünyada yazılan və qeyd edilən o dünyada isə peyğəmbərimizin də iştirak edəcəyi hesabatdan – Allaha təqdim edilən dəftərdən asılı olacaq ...

 

Doğuldun, sanma ki,

açıldı baxdın,

Bir yük çəkəcəksən

hər qanadında...

 

–deyə şair özünü söz alıb, söz satan adi məxluqlardan sayır.

Şair 1996-cı ilin 10 fevralında yenə poetik dillə Rəhman və Rəhim olan Allaha müraciət edir.

Yaradılışımızdan, dünyaya gəlişimizdən xəbərimiz olmayıb. Özün yaratdın və əmrinə də tabe olduq. Amma nə olar ya Rəbbim, gedişimizi də bilməyək. Şairin Allahdan ricası belədir:

 

Təkcə bir ricam var

səndən ey Xuda,

Al mənim canımı

vaxt istəsən.

Yuxuda, yuxuda,

ancaq yuxuda!

 

Gözəl arzudur, eləmi? Xuda şairin “arzusunu”elə şairin istəyinə bənzər qəbul etdi. Kənar yardıma ehtiyac duymadan, ağlı, huşu və hafizəsi yerindəcə gözlərini yumub. (Son illərdə şairə məxsus paltarlar təmiz və ütülü halda həmişə yanında olarmış. Sual edəndə ki, “Ata bunları neynirsən?”cavabı çox sadə,lakin düşündürücü-“Ölüm haqdır. Qoy paltarlarım səliqəli olsun,məni qınamasınlar...”-deyərmiş) Şairin həyatdakı fəaliyyəti zərgər incəliyi ilə ölçülü biçimli olub.

Bəxtiyar müəllim, hansı dövrdə yaşamasından asılı olmayaraq hərəkətləri ilə, şeirlərindəki acı və qıcıqlandırıcı həqiqətlə,cəsarət nümunəsi olub.

Müstəqilliyimizin ilk illərində milli məclisin binasında mərhum Heydər Əliyevə edilən yersiz həqarətlərə çəkinmədən, ağayana müqaviməti. Bu əsl kişilik və Allah rizasına edilən bir hərəkət idi. Bunu ancaq bəxti yar olan Bəxtiyar Vahabzadə edə bilərdi. Başqa heç kim!Yox əgər mümkün idisə niyə Milli Məclisin unudulmayan həmin yığıncağında iştirak edən seçilmiş və tanınmış insanların heç biri müdafiəyə qalxmadı? Çünki cəsarətləri çatmadı,cəsarətləri!!! Bəxtiyar müəllimin kəsərli sözlərindən sonra zala sükut çökdü.Sonra alqışlar...

Şair millətin dərdini çəkməklə, özünü bəxtiyar, sevincə şadlığa isə özünü naməhrəm sayır. “Dərdimlə bütövəm, qardaş. Dərdsizəmsə məni kəm bilin”-deyir. Ulu Bəxtiyar bu şeiri Ərdəbildən olan oxucu Qulam Rzanın şairə ünvanladığı, ”Utanıram”şeiriniz bizi ağlatdı. Şeirləriniz ziyadə bədbindir. Biz sizi şad-xürrəm görmək istəyirik”məktubuna cavab olaraq yazmışdı. “Aləm məni qəmimlə tanıyır” - deməklə və sonsuz kədərilə Bəxtiyarlığını dilə gətirir. “Utanıram” şeiri daha təsirlidir. Burada lirika vətəndaşlığa mənsub olmaqla, ona bağlılığını, ondan ayrı dolana bilmədiyini etiraf edir. Ürək ağrısı ilə qələmə aldığı sətirlər Bəxtiyarın poetik qüdrətinə dəyər verir.

“Şəhidlərin, qaçqınların ahu-naləsində hamımızın günahı var. Gücümüz varsa sözümüzü haqq olaraq deyə bilərik. Gücümüz yoxsa əlacımız utanmaq və xəcalətdir.”-deyir

Vətən getdi, şeir yazdıq:

 

“Sən mənimsən Ana Vətən.”

Vətən getdi, nitq dedik, uca-uca kürsülərdən, utanıram.

Vətən getdi, el talandı,didişirik biz hələ də.

Bir iqtidar uğrundakı döyüşlərdən, utanmadıq bir gilə də,

 

 

Hacı Şəmsəddin  Mənsuroğlu

 

525-ci qəzet.- 2011.- 20 avqust.- S. 25.