Bayram Hüseynzadə: “Jurnalistlərin Təhsil Nazirliyindən hər hansı məlumatı almalarında problem yoxdur”

 

KİV-lə ƏMƏKDAŞLIQ YÖNÜNDƏ CİDDİ ADDIMLAR ATDIQLARINI DEYƏN TƏHSİL NAZİRLİYİ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR ŞÖBƏSİNİN RƏHBƏRİ HAZIRDA ELEKTRON MEDİA İLƏ İŞƏ XÜSUSİ ÖNƏM VERDİKLƏRİNİ BİLDİRİR

 

Hər bir dövlətin və cəmiyyətin inkişafında təhsil vacib rol oynayır. Təhsil bütün dövrlərdə ölkənin inkişafının əsas strateji istiqamətlərindən biri olaraq qalmaqdadır. Təhsildə islahatlar daim davam edən prosesdir və bu islahatlar aparılarkən dünya təcrübəsi, beynəlxalq standartlar əsas götürülür. Bu yeniliklərin, aparılan islahatların cəmiyyətə çatdırılmasında isə heç şübhəsiz, medianın rolu danılmazdır. Bəs bu gün təhsil media əməkdaşlığı necə qurulub? Bu əməkdaşlığın nə kimi qarşılıqlı faydası var? Öncə onu qeyd edək ki, təhsil media əməkdaşlığının uğurlu olmasını şərtləndirən zəruri amillərdən biri mətbuat xidmətləridir. Çünki mətbuat gündəlik suallarına cavab almaq üçün məhz mətbuat xidmətinə müraciət edir. Media ilə işin zəruriliyi nəzərə alınaraq Təhsil Nazirliyində, artıq uzun illərdir, mətbuat xidməti fəaliyyət göstərir.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə Bayram Hüseynzadə rəhbərlik edir.

Şöbə müdiri Bayram Hüseynzadənin sözlərinə görə, Təhsil Nazirliyində mətbuat və informasiya xidməti 1999-cu ildə yaradılıb.

2000-ci ildən Aparatın nəzdində İctimaiyyətlə əlaqə şöbəsi, 2003-cü ildən İctimaiyyətlə əlaqə sektoru kimi fəaliyyət göstərib. 2004-cü ildən müstəqil şöbədir. Şöbənin əsas vəzifələri nazirliyin fəaliyyətinə dair məlumatların ictimaiyyətə çatdırılması, nazirliyin tabeliyində olan qəzet və jurnalların, elektron kütləvi informasiya vasitələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsi, nazirliyin rəsmi internet saytının idarə olunmasıdır. Fəaliyyət istiqamətləri isə Mətbuat konfransları, brifinqlər, ictimaiyyəti daha çox maraqlandıran mövzular üzrə dəyirmi masalar və diskussiyaların, Təhsil Nazirliyi rəhbərliyinin və digər məsul əməkdaşların kütləvi informasiya vasitələrində çıxışlarının təşkili, nazirliyin keçirdiyi tədbirlərdə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakının təmin edilməsi, şöbəyə daxil olan müraciətlərə baxılması, nazirliyə daxil olan informasiya sorğularının qanunvericilikdə müəyyən edilmiş müddətdə cavablandırılmasının təmin olunmasıdır. Nazirliyin müvafiq sərəncam və əmrlərinin, normativ-hüquqi aktların şərh edilməsi, aktual məsələlərlə bağlı nazirliyin məsul əməkdaşlarının rəsmi mövqeyinin ictimaiyyətə çatdırılmasının təşkili, nazirliyin xətti ilə keçirilən mühüm tədbirlərin foto və video çəkilişlərinin aparılmasının təmin olunmasıdır.

Şöbə müdirinin əsas vəzifəsi isə şöbənin fəaliyyətinə ümumi rəhbərlik və nəzarətin həyata keçirilməsi, “Azərbaycan müəllimi” qəzetinin idarə olunması, Təhsil Nazirliyinin rəsmi internet saytına ümumi rəhbərlik və koordinasiyadır.

Şöbənin aparıcı məsləhətçisi Billurə Hacızadənin əsas vəzifəsi kütləvi informasiya vasitələri ilə işin təşkili, nazirliyin keçirdiyi tədbirlərdə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakının təmin olunması, tədbirlərdə iştirak və məlumatların hazırlanması, şöbəyə daxil olan sənədlərin icrasıdır. Şöbənin məsləhətçisi Ceyran Eyvazzadənin əsas vəzifəsi isə nazirliyə ünvanlanan informasiya sorğularının cavablandırılması, press-relizlərin hazırlanması, nazirliyə tabe olan pedaqoji mətbuat orqanları ilə iş, dünya təhsilində baş verən yeniliklər barədə məlumatların hazırlanmasıdır.

B.Hüseynzadə deyir ki, Təhsil Nazirliyi tərəfindən təhsillə bağlı mühüm yeniliklərin ölkə ictimaiyyətinə çatdırılması məqsədi ilə mütəmadi olaraq tədbirlər, mətbuat konfransları keçirilir.

Keçirilən tədbirlərdə, mətbuat konfranslarında jurnalistlərin geniş iştirakı təmin olunur.

Şöbə müdiri bildirib ki, ən azı təhsil sistemində görülən işlər ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və burada KİV-in xüsusi rolu var: “Hazırda inamla deyə bilərik ki, jurnalistlərin Təhsil Nazirliyindən hər hansı məlumatı almalarında problem yoxdur. Belə ki, nazirliyin saytında bütün yeniliklər yerləşdirilməklə bərabər, mətbuat xidmətinə müxtəlif suallarla müraciət edən jurnalistlər aidiyyəti üzrə şöbələrə yönləndirilir. Nəticədə isə jurnalist sualına daha peşəkar və dolğun cavab alır. Təhsil Nazirliyində bütövlükdə ictimaiyyəti, insanları maraqlandıran, təhsil sahəsinin inkişafı ilə bağlı olan ciddi işlər görülür. Dövlət proqramları icra olunur və işlərin hər birində KİV-lər bizimlə olur. Bütün bunlara baxmayaraq KİV-lə bağlı bəzi problemlərimiz də olub. Bütün bunlar da bəzən insanlar arasında nazirliyin fəaliyyətinə düzgün qiymət verilməsi baxımından müəyyən problemlər yaradıb. İnsanlar yaxşı bilməlidir ki, hər bir layihəni ictimaiyyətə təqdim edəndə ilk növbədə ictimaiyyət ona dəstək olmalıdır. Bunsuz heç bir layihəni həyata keçirmək mümkün deyil. Bu baxımdan da KİV-in dəstəyinə bizim xüsusi ehtiyacımız var. İstərdim ki, gələcəkdə bu və ya digər problemlərin aradan qaldırılmasına çalışaq. Bəlkə də bu problemlərin olmasında nazirliyin müvafiq şöbəsi olaraq bizim də hansısa nöqsanımız var. Biz onlarla səmərəli əməkdaşlığın qurulmasına nail ola bilməmişik. Ancaq hər halda növbəti ildə arzulayırıq ki, həmin insanlarla, jurnalistlərlə, mətbuat orqanları ilə daha sıx əməkdaşlıq edə bilək”.

Ötən il KİV-lə əməkdaşlıq istiqamətində ciddi addımlar atdıqlarını deyən B.Hüseynzadə vurğulayıb ki, hazırda elektron media ilə əlaqələrə xüsusi önəm verilir.

B.Hüseynzadənin sözlərinə əsasən, artıq bu gün cəmiyyət dəyişib, bütün məktəblər kompyuterlə təchiz olunub, mərkəzi şəhərlərin hər birində məktəblər internet şəbəkəsinə qoşulub: “Artıq cəmiyyətdə də insanlar kompyuterlə işləməyə üstünlük verirlər. Bu baxımdan işimizin daha uğurlu getməsi, insanların daha çevik və operativ informasiya əldə etməsi üçün internet saytlarında resursları genişləndirməliyik. Ümumilikdə təhsil sisteminin inkişafı, kütləvi informasiya vasitələri ilə münasibətlər baxımından ötən il və bu il uğurlu olub. Biz daim yarımçıq qalan işlərimizi davam etdiririk.

Fəaliyyətimizi təkmilləşdirir və jurnalistlərlə daha sıx əməkdaşlıq edirik”.

Şöbə müdirinin sözlərinə əsasən, nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinə təhsil nazirliyinin fəaliyyəti, görülən işlər, həyata keçirilən tədbirlər, layihələr, seminarlarla bağlı suallarla müraciət edən jurnalistlərə hər zaman ətraflı məlumat verilir. Təhsil Nazirliyi KİV-ə açıq bir nazirlikdir.

B.Hüseynzadə bildirib ki, hər il təhsil sahəsində həyata keçirilmiş islahatların, reallaşdırılmış mühüm layihələrin ictimaiyyətə çatdırılması və normativ-hüquqi aktların şərh edilməsi istiqamətində mühüm işlər görülür. Nazirliyin rəsmi məlumatları, press-reliz və təqdimatlar kütləvi informasiya vasitələrinə çatdırılır. Nazirliyin fəaliyyəti ilə bağlı ictimaiyyətin Kurikulum əsasında tədris olunan dərsin üstün cəhətləri və əhəmiyyəti, uşaqların məktəbəqədər təhsilə cəlb edilməsinin zəruriliyi, ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbul olunmaq üçün tətbiq edilən yeni qaydaların ictimaiyyətə çatdırılması və sair mövzular üzrə reklam çarxları hazırlanıb. Bu reklam çarxları müxtəlif televiziya kanallarında yayımlanır:

“Biz hər il Təhsil Nazirliyinin rəsmi internet saytının təkmilləşdirilməsi istiqamətində də mühüm işlər görürük”

Ötən il sayt “Elektron hökumət haqqında” Qanunun tələblərinə uyğun yenidən təkmilləşdirilərək istifadəyə verilib. Sayt məzmun, dizayn və funksionallıq baxımından müvafiq tələblərə cavab verir. Səhifədə dövlətin təhsil siyasətinə uyğun olaraq, təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə görülən işləri əks etdirən məlumatlar yerləşdirilir. Təhsil Nazirliyi rəhbərliyinin qəbul günləri, nazirliyin struktur rəhbərlərinin əlaqə telefonları və elektron poçt ünvanları orada qeyd olunub. Saytda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən “Qaynar xətt” xidmətləri barədə məlumat verilir. Ölkənin bütün ali, orta ixtisas və texniki peşə təhsili müəssisələrinin siyahısı, ünvanı, əlaqə telefonu, rəsmi saytı, elektron poçt ünvanları və digər məlumatlar yerləşdirilib. Ötən il saytın rus və ingilis versiyaları hazırlanıb. Daxil olan məlumatlar qısa müddət ərzində tərcümə olunaraq müvafiq səhifələrdə yerləşdirilir”.

B.Hüseynzadənin dediyinə görə, ötən il sayta 2 500 000-ə yaxın istifadəçi daxil olub. İstifadəçilərin sayına görə nazirliyin saytı ölkənin ən aparıcı saytları arasında yüksək mövqeyini qoruyub saxlamaqdadır, ölkənin aparıcı reytinq saytlarının göstəricilərinə görə nazirliyin saytı təhsil saytları içərisində daim birinciliyi qorumaqdadır: “Qeyd edim ki, nazirliyin rəsmi internet saytı ölkənin İKT sahəsi üzrə ixtisaslaşmış 23 ən nüfuzlu təşkilatının rəhbərliyi ilə keçirilmiş “Milli Net-2010” Milli İnternet müsabiqəsində 309 sayt arasında “Dövlət və bələdiyyə saytları” nominasiyası üzrə ən yüksək mükafata layiq görülərək I yeri tutub”.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 25 avqust.- S. 4.