Qulu Məhərrəmli: “Jurnalistika təhsili sahəsində böyük yeniliklərə ehtiyac var”

 

“MƏTBUATDA REKET MƏSƏLƏSİ JURNALİSTİKANIN DEYİL CƏMİYYƏTİN, İCTİMAİ ƏXLAQIN PROBLEMİDİR”

 

Müsahibimiz Bakı Dövlət Universitetinin professoru, Xəzər TV-nin siyasi icmalçısı, nüfuzlu media eksperti Qulu Məhərrəmlidir. Uzun illərdir media sahəsində çalışan Qulu müəllim hələ orta məktəbdə oxuyanda jurnalist olmağı qərara alıb. Halbuki qohum-əqrəba arasında, eləcə də oxuduğu Şuşa internat məktəbində ona prokuror olmağı məsləhət görürdülər. Nəyə görə jurnalist olmağı istədiyini özü üçün dəqiq təsəvvür edə bilmədiyini deyir.

 

– Televiziyalarda reportajlar izləyirdim, tənqidi yazıları, həqiqəti üzə çıxaran araşdırmalar görürdüm. Beləliklə, 8-ci sinifdə artıq qət eləmişdim ki, jurnalist olacam. Jurnalist peşəsini seçdim və indi də hesab edirəm ki, düz etmişəm. Çünki jurnalistikanı deyil, başqa sahəni seçsəydim, yəqin ki, həyatımın bu qədər dinamik olmayacaqdı. Jurnalistika yeganə sahədir ki, insanlardan həqiqəti ortaya çıxarmağı tələb edir. Başqa heç bir peşədə belə tələb yoxdur. Bu, jurnalistika üçün çox nadir keyfiyyətdir. Düzdür, sovet dövrünün jurnalistikası ilə müasir dövrün jurnalistikası arasında çox ciddi fərqlər var. Çünki o zaman jurnalistika və həqiqət anlayışı bir-birlərindən xeyli uzaq idi. Amma çox sevinirəm ki, müstəqillik dövründə, xüsusilə də onun ilk illərində həqiqəti üzə çıxarmaq, jurnalistlərin özlərini ifadə etmələri mənasında çox gözəl imkanlar olub. Jurnalistikanın meyarlarının çiçəkləndiyi bir dönəm var idi. Mən də bir babat jurnalist kimi həmin dövrdə tanına bilmişəm.

– Sizin bütün jurnalist fəaliyyətiniz televiziya ilə bağlı olub. Bu, qəzet jurnalistikasına marağınızın olmamasından irəli gəlib, yoxsa başqa səbəblə bağlı idi?

– Yox, sadəcə tale belə gətirib, mən universiteti TV ixtisası üzrə bitirmişəm, amma tələbəlik illərində mən bir neçə qəzetdə istehsalat təcrübəsində olmuşam, xeyli yazıb-pozmuşam. “Bakı”, “Azərbaycan gəncləri”, “Sovet kəndi”qəzetlərində, “Azərbaycan qadını”, “Müxbir” jurnallında oçerklərim dərc olunub. İkinci kursda “Şuşa” qəzetində təcrübədə olanda şəhər partiya komitəsinə ixtisasca jurnalist olan Qəşəm Aslanov rəhbərlik edirdi. Biz – indi xeyli məşhur olan Vaqif Bəhmənli və İTV baş direktorunun müavini Çingiz Aslanla birlikdə qəzetdə Şuşanın problemləri ilə bağlı bir səhifəlik yazı vermişdik. Qəşəm müəllim bizi təxminən yarım saat qəzəblə danladı ki, bu nədir, ancaq nöqsanlardan yazmısınız, sonra deyəsən jurnalist damarı işlədi və elə yarım saat da təriflədi ki, düz eləmisiniz, əsl jurnalist belə olmalıdır. Mən onda bir daha hiss etdim ki, bu çox önəmli peşədir.

Təbii ki, televiziyaya gəlişim birdən-birə olmadı. Mən 3-cü kursdan, 1975-ci ildən, intensiv olaraq əvvəlcə radio, sonra TV ilə əməkdaşlıq etməyə başladım. Beşinci kursda, 1978-ci ildə artıq demək olar, redaksiyalar mənim üstümdə dava edirdilər ki, hansı redaksiyada işləyim. “Xəbərlər” redaksiyasına ştata qəbul edildim və 3-4 il reportyorluq etdim. Onda xəbərlərin baş redaktoru Ənvər Qafarlı idi və gənclərə bir qədər yaradıcılıq sərbəstliyi verən, yaradıcı insanları qiymətləndirən rəhbər kimi onun qayğısını hiss etmişəm. O zaman “Xəbərlər”də sanki bir yarış gedirdi. Burada Ələkbər Abasov kimi nəhəng bir jurnalist var idi, biz Zeynal Məmmədli, Gülşən Əkbərova, Gülşən Salmanova, Telli Pənahqızı, Nadir Abdullayev, Qərib Əhmədli kimi maraqlı reportyorlarla birgə çalışırdıq. Onda biz xəbərlə işləməyi, xəbəri duyub-çatdırmağı öyrənə bildik. Televiziyanın təbliğat damarı onda da, indi də bir az güclü idi. Bununla yanaşı jurnalistika ilə də məşğul olmaq imkanları var idi.

– Amma o şəraitdə də Siz xeyli fərqlənib tanına bildiniz...

– Əslində bu da bir tale məsələsidir, şübhəsiz ki, burada məndən də istedadlı adamlar vardı, amma onların bir çoxu nəfsinə yiyəlik eləmirdilər, tamah və bununla bağlı olan naqislikləri başqa yola aparırdı. Ekrandakı yalanların və yaltaqlıqların bir çoxu, məhz buradan qaynaqlanırdı. Aşkarca görürdüm ki, nəfsinin qulu olanlar, təmənnalılar nəyə desən gedirlər, peşənin bütün dəyərlərini rahatca tapdalayırlar. Bir peşəkar kimi jurnalistika, o cümlədən TV, mənim üçün daha çox mənəviyyatdır. 1991-ci ildən mütəmadi efirə çıxandan bu prinsipi qorumağa çalışmışam. AzTV şəraitində vəzifə borcu ilə mənəviyyat arasında daxili harmoniya yaratmaq çətin olsa da, mümkünsüz də deyildi.

Əvvəllər efirdə reportaj və müsahibələrim gedib, sonra daimi aparıcı kimi ”Gecə xəbərləri”nə çıxmışam. Onda Məmməd Murad televiziyasının sədri idi. Hesab edirəm ki, bizim televiziyamızın tarixində o, Teymur Əliyevdən sonra böyük yaradıcı potensialı olan ikinci layiqli sədr kimi qalacaq (təbii ki, Elşad Quliyevin də xidmətlərini yaddan çıxarmamalıyıq). Yaradıcı parametrlər baxımından M.Murad çox unikal, sözün həqiqi mənasında islahatçı idi. O, diktor institutunu qısa müddətdə ləğv etdi, jurnalistləri efirə buraxmağa başladı. Məni də xəbər aparıcısı kimi Məmməd müəllim təkidlə efirə çıxartdı. Sonra 1992-93-cü illərdə əsas xəbər buraxılışını da aparanlardan biri idim.

– Deyəsən, elə o dövrdən siyasi icmalçı kimi də da çıxış etməyə başladınız.

– Bu da bir tarixçədir, mən uzun müddət televiziyada “Beynəlxalq həyat” redaksiyasının rəhbəri olmuşdum. Ora təyin olunanda 26 yaşım varıydı. Əsas icmaçılar – rəhmətlik Seyfəddin Qəndilov, Həmid Əliyev, bir də Murtuz Ələsgərov kimi insanlarla işləmək bir qədər çətin idi, çünki onlar xeyli davranış sərbəstliyinə alışmışdılar və mənə də uşaq kimi baxırdılar. Sonra vəziyyəti dəyişmək mümkün oldu, biz gündəlik verilişlərə keçdik və icmalçıların sırasını Cəmil Həsənli, Qabil Hüseynli, Musa Qasımlı, Zabil İsayev, Mübariz Qurbanlı kimi gənclərin hesabına genişləndirə bildik. O vaxt bizim redaksiya AzTV-nin ən güclü potensialı olan qurumlarından biri idi, verilişlərimiz televiziyada bir canlanma yaratmışdı. 20 yanvar faciəsi ərəfəsində “Planetimiz bu gün” və “Qitələr, hadisələr” kimi verilişlərimiz daha çox baxılırdı. Deməyim odur ki, siyasi proseslərə və beynəlxalq problemlərə bələdçiliyim vardı, ona görə bu mövzuda şərhlər hazırlamaq təklifindən də imtina etmədim. Bu təcrübə “7 gün” verilişini aparanda da çox karıma gəlirdi.

– “7 gün”proqramı da o dövrün ən baxımlı və populyar verilişlərindən idi. Hətta bunu balanslı veriliş kimi xarakterizə edənlər də var. Buna necə nail olurdunuz?

– Şübhəsiz, məni televiziyada daha çox tanıdan “7 gün” analitik proqramı oldu. Çünki bu çox orijinal bir tərzdə başlamışdı. Çalışırdıq şərhlərimiz dürüst, obyektiv, balanslı olsun. Həmişə qarşı tərəfin də mövqeyini verməyə çalışırdım. Ona görə qısa müddətə veriliş, onunla yanaşı mən də xeyli populyarlaşdım. Bu proqrama nə iqtidardan ciddi irad var idi, nə müxalifətdən. Əksinə, hamı başa düşmüşdü ki, bu cür balanslı danışmaq, təbliğata maksimum yol verməmək məhz yeni jurnalistikanın tələbidir. Təəssüflər ki, mən bu prinsipin pozulmaq təhlükəsinə müqavimət göstərə bilməyəndə verilişi aparmaqdan imtina etdim. Amma önəmli budur ki, hər halda “7 gün” Az TV-nin tarixində faydalı, dürüst, tamaşaçının, cəmiyyətin marağını ifadə edən yeganə analitik proqram oldu. Mən həmin verilişləri analitik proqram nümunəsi kimi tələbələrimə göstərəndə onların çoxu inanmır ki, AzTV-də belə verilişlər efirə gedib. Min təəssüf ki, indi bizim televiziyalarda xəbər proqramları cılızlaşıb, xəbər dəyərləri gücdən düşüb, analitik proqramlar daha çox təbliğat-təşviqat verilişinə çevrilib. Mən başa düşürəm ki, indi “7 gün” kimi proqramlar hazırlamaq asan deyil. Hər halda yaxşı şəraitin diktəsi başqa şeydir. Mən o proqramı hazırlayanda dövlət başçısı Heydər Əliyevlə xarici səfərlərə tez-tez gedirdim, onun bu proqrama baxdığını da bilirdim. Təbii ki, mən həm informasiya qaynaqlarına yaxın olurdum, prosesləri ətraflı izləyə, həm də xəbərləri rahat çatdıra bilirdim.

– Bəs “7 gün”dən sonra hansı verilişləriniz oldu?

– Ondan sonra müəllif proqramı olan “Təfsilat”ı apardım, mahiyyət etibarı ilə “7 gün”dən də bişmiş, kamil bir proqram idi. Amma bu, az müddətdə getdi. Rəhmətlik Babək Hüseynoğlunun AzTV rəhbərliyindən getməsi və yeni rəhbərin təyinatından sonra televiziyanın yaradıcılıq mühiti zərər çəkdi. Babək Hüseynoğlu jurnalist olduğu üçün onunla anlaşmaq rahat idi. 2001-ci ildə “Gerçəklik” proqramı yayımlandı, bu, tok-şou xarakterli idi. Onda ictimai televiziya yox idi, amma Avropa Şurasının tələbi var idi ki, dövlət televiziyasında əks fikirlər də səslənməlidir. Bu da yaxşı bir proqram idi. Tanınmış müxalifət nümayəndələri bu proqrama ayaq açdı, həmçinin Prezident Aparatının yüksək rütbəli məmurları, çıxışa gəldilər. Eyni mövzuya fərqli baxışlar var idi. Məsələn, Aydın Mirzəzadə ilə Cəmil Həsənlinin, Sabit Bağırovla Mail Rəhimovun debatını yaxşı xatırlayıram. Əks fikirlər səslənəndə televiziya da maraqlı olurdu. Bu gün qəzetlərin, televiziyanın çatışmayan cəhəti, məncə, plüralizmdir. Plüralizm o demək deyil ki, fərqli fikirlər var. Bunun mahiyyəti odur ki, əsas fikrə alternativ olan fikir var. Biz bunu qəzet və televiziyalardan gözləməliyik, onda jurnalistika da maraqlı, onun daşıdığı yük isə mənalı və sanballı olur. Bu olmayanda təbliğat, təşviqat təsiri bağışlayır.

– Bu gün mətbuatın problemlərindən danışanda adətən iqtisadi faktor, peşəkarlıq vurğulanır. Siz problem kimi nələri sadalaya bilərsiniz?

– İqtisadi faktor çox vacibdir, amma televiziya və qəzetlərin əsas problemi deyil. Məncə, medianın ən böyük problemi nə dərəcədə müstəqil, peşəkar olması, media orqanlarının nə dərəcədə dəqiq konsepsiyalara malik olmalarıdır. Bunlar çox vacibdir. Azərbaycanda öz problemlərini iqtisadi cəhətdən həll etmiş qəzetlər var. Amma sual olunur ki, onlar niyə populyar deyillər? Səbəb yenə də peşəkarlıqdır. Təəssüf ki, azad reklam bazarı formalaşmayıb. Çox yaxşı qəzetlər iqtisadi səbəblərdən ölüblər. Nəzərdə tuturam “Avropa”, “Gün səhər” qəzetlərini. Bunlar ictimai maraq baxımından mətbuat tariximizin ən parlaq nümunələrindəndir. Şərtlərin hamısı bir yerdə olmalıdır ki, biz normal qəzet çıxaraq.

Mikloş Haraştinin “Məxməri dustaqlıq” adlı çox yaxşı bir kitabı var. O keçid dövrü ölkələrində jurnalistlərin problemlərini yaxşı təsvir edib. Jurnalistlərimiz çox vaxt maddi problemlərinin girovuna çevrilirlər. Dediyim kitabda jurnalistləri və qəzetləri ələ almağın metodları açıqlanıb.

Jurnalist qladiatordur, həqiqət uğrunda döyüşçüdür. Sən bu şərtlərlə razısansa, gəlirsən. Yox, buranı alverə çevirəcəksən, qazanmaq üçün gəlirsən, bu artıq jurnalistika deyil. Bizdə ən böyük problem jurnalistlərə və qəzetlərə daha çox təsir imkanı verən iqtisadi amillə bağlıdır. Jurnalistikanın 9 prinsipi var ki, dünya bunu qəbul edir. Əsas prinsip budur ki, jurnalist həqiqətə sadiq qalmalı, faktlara istinad edərək həqiqəti ortaya çıxarmalıdır. İkincisi, qəzet fəaliyyətini işıqlandırdığı təşkilatlarla məsafə saxlamalıdır. Jurnalistin yanında duran fiqur, istinad etdiyi fakt cəmiyyətdir. Jurnalist cəmiyyət üçündür. Səbəbləri küll halında bir yerə yığanda o qənaətə gəlinir ki, bizdə söz azadlığı var. Bunu danmaq olmaz, amma məsuliyyət hissi itib. Mətbuatda reket məsələsi jurnalistikanın deyil, cəmiyyətin və ictimai əxlaqın problemidir. Yəni bəzi insanlar mətbuatı bir dolanışıq vasitəsi kimi görürlər. Qəzet açmaq üçün ilkin kapitala ehtiyac yoxdur. Yəni azadlıqdan sui-istifadə halları var ki, bu da cinayət sayılır və bu problemlə hüquq-mühafizə orqanları məşğul olmalıdırlar. Burda qaydaların olmaması, korrupsiya halları o cür jurnalistlərin fəaliyyəti üçün əsas yaradır. Ona görə indi bizim jurnalistikanın alabəzək bir mənzərəsi var. Bu mənzərədə o adamlar qalır ki, onlar yaxın keçmişdə özləri üçün müəyyən nüfuz qazanıblar, bunlar Elçin Şıxlı, Rauf Arifoğlu, Mehman Əliyev, Rəşad Məcid, Qənimət Zahid, Eynulla Fətullayev, Akif Aşırlı və başqalarıdır. Bizdə məsələn, sabah bir babat qəzetin redaktoru dəyişilsə, onda həmin qəzetin ciddi problemləri başlayar. Çünki biz sistemə deyil, fərdlərə söykənən mətbuat yaratmışıq. Həmin fərdlər pis-yaxşı qəzetlərini saxlaya bilirlər, təbii ki, 10 il bundan əvvəlki şərtlər daxilində yox. Amma onlar qəzetlərini alovun içindən keçirib, sabaha aparmaq istəyirlər və təəssüf ki, bu yolda dostları göynədən itkilərə də məruz qalırlar.

– Reket jurnalistika bu gün mətbuatın vacib problemlərindən olmasa da, jurnalist nüfuzunun aşağı düşməsinə təsir edib. Məsələn, hansısa bir şikayəti araşdırmaq üçün bir idarəyə zəng edirsən, elə münasibət göstərirlər ki, sanki nəsə umacağın var...

– Bu çox incə nüansdır. Əslində reket mətbuatını özümüzə yapışdırmaqla oxucularda, informasiya qaynaqlarında bir psixoloji problem yaratdıq. Adamları aldadan həkimlər, DİN-in, MTN-nin adından istifadə edənlər də var. Amma bunlara hüquq-mühafizə orqanları məşğul olur. Reket jurnalistikası ilə də eyni prinsip işləməlidir.

– Qulu müəllim, bu gün jurnalistika sahəsində problemlərdən biri də tədrislə bağlıdır. Tələbə-jurnalistlər nəzəriyyəni mənimsəyir, amma onların praktiki tərəfləri olmur. Yəni media hazır kadrlar ala bilmir. Sizcə, bununla bağlı nə etmək lazımdır?

– Jurnalist təhsili problemi çox vacib məqamdır. Mən 98-ci ildən jurnalistika tədrisi ilə məşğulam. Mövqeyim belədir ki, ümumiyyətlə, jurnalistika sahəsində təhsil sistemi yanlış qurulub və biz sovet təhsil sisteminin ənənələrini yaşadırıq. Jurnalistika fakültələrinin tələbələri üçün dərs yükü, nəzəriyyə ağırdır. Tələbə 4-cü kursu bitirir, qəzetə, yaxud televiziyaya gedir, amma heç nə də bacarmır. Ən böyük fəlakətimiz budur ki, nəzəriyyə ilə çox məşğul oluruq, amma praktikaya o qədər əhəmiyyət vermirik. Jurnalistika fakültəsini bitirən və oxuyan tələbələr üçün “O nə bilir” sualı aktual deyil. “O nə bacarır” sualı aktualdır. İndi yeni media meydana çıxır, bu çox böyük bacarıqlar, vərdişlər tələb edir. Hesab edirəm ki, biz jurnalist təhsili sistemini, mövcud kurikulumu, metodikanı dəyişməliyik, jurnalistika təhsili sahəsində çox böyük yeniliklərə ehtiyac var. Bununla bağlı müxtəlif fikirlər var, deyirlər qəbul sistemi dəyişməlidir, mən o fikirlərlə razı deyiləm.

– Qabiliyyət imtahanını nəzərdə tutursunuz?

– Prinsipcə, qabiliyyət imtahanı ola bilər. Amma bu da vəziyyəti dəyişməyəcək. Mən qabiliyyət imtahanının qızğın tərəfdarı deyiləm, 17-18 yaşında uşaq nə bilir jurnalistika haqqında? Tutaq ki, yaxşı bir yazı, inşa yazdı, məsələn, “Bizim binamız”, yaxud yaxınlıqlarındakı park barədə. O, çox lirik, sentimental, romantik bir şey yaza bilər. Amma jurnalistika filologiya deyil ki, biz onun yazı qabiliyyətini yoxlayaq. Jurnalistika daha çox sosiologiyadır, cəmiyyətlə, proseslərlə bağlıdır. Ona görə də biz tədris sistemini bütövlükdə dəyişməliyik. Tələbələrə keçdiyimiz fənlərə diqqət yetirməliyik. İndi Təhsil Nazirliyi ATƏT-lə birgə jurnalistika standartlarının dəyişdirilməsi layihəsini gerçəkləşdirir. Mən, Zeynal Məmmədli və Aynur Bəşirli də o layihədə iştirak edirik. Əvvəlki standartlara baxanda çox heyrətlənirik. Bu standartlarla tələbə hazırlamaq olmaz, fənlər dəyişməlidir, praktika artırılmalıdır, indi jurnalistika bilirsiniz ali məktəblərdə genişlənir. Bu ildən Bakı Slavyan Universitetində jurnalistika şöbəsi jurnalistika fakültəsi olub. Bu, BDU-ya çox ciddi mesajdır. Daha böyük bir addım Qafqaz Universitetində bu ildən jurnalistika şöbəsinin fəaliyyətə başlamasıdır və məni də ora dəvət ediblər. Düşünürəm ki, bunlar çox ciddi addım olacaq. Çünki həm Slavyan, həm Qafqaz Universitetində tamamilə yeni sistem əsasında jurnalist kadrlar hazırlanacaq. Ona görə də jurnalistika fakültələri işlərini bilməlidirlər ki, hansı tip tələbə hazırlayırlar və onlar harada çalışa bilər. Texniki baza, yaxşı müəllim kadrlarının olması şərtdir. İndi tədris edən müəllimlərlə bizim işimiz yoxdur. Onların bir çoxu mənə də dərs deyib. Amma axı indi zaman dəyişib, çox küləklər əsib, yeniliklər olub, bunları duymayanlar necə auditoriyaya girə biləcəklər. Ona görə tədrisin keyfiyyəti üzərində çox ciddi düşünməliyik. Biz standartları işləyəndə Təhsil Nazirliyinin bu məsələdəki mövqeyi xoşuma gəldi. Nazirliyin mövqeyi o mənada yaxşıdır ki, nə dəyişiklik deyirik, onu qəbul edirlər ki, təki yaxşı jurnalist-tələbə hazırlaya bilək. Bu, çox vacibdir. Bizdə indiyə kimi jurnalistika təhsili, tədrisində bir sükunət var idi. Avropa Şurasının Azərbaycanda jurnalistika təhsilinin inkişafına yardım layihəsi gerçəkləşdirilir. Biz yaxşı kadrlar hazırlamalıyıq ki, onlar Qərb standartlarını bilsinlər, müsahibə almağı, reportaj hazırlamağı təhlil, araşdırma aparmağı bacarsınlar. Əgər savadlı, peşəkar kadrlarımız olsa, onda qəzetlərimiz də rəngarəng olar, mövzu dairəsi genişlənər. Baxış, üslub dəyişir, yeni təfəkkür gəlir. Bir qəzetə yeni istedadlı jurnalist gələn kimi o dəqiqə bilinir ki, həmin qəzetdə hərəkət var. Bəzən bir jurnalist, bir reportaj qəzetə böyük nüfuz, hörmət gətirə bilir. Ötən il və bu il Almaniyada, ABŞ-da, Böyük Britaniya, Türkiyə və Gürcüstanda jurnalistika tədrisinin vəziyyəti ilə tanış olmuşam. Heyrətə gəlirəm ki, bizimlə onların arasında çox böyük məsafə var. Biz çox geri qalmışıq və şübhəsiz ki, bu geriliyi aradan qaldırmalıyıq.

– Necə düşünürsünüz, sizin dediyiniz kimi peşəkar kadrlar jurnalistikaya gəlmək həvəsində olacaqlarmı? Ən azından Azərbaycan mediasının bugünkü durumunu nəzərə alsaq...

– Bu o, deməkdir ki, beş nəfər həmfikir olub hansısa bir saytda çox böyük və yeni bir situasiya yarada bilərlər. “Alma” qəzeti kimi maraqlı bir layihə ortaya çıxmışdı. İkincisi, hazırda jurnalistika üçün çox böyük meydanlar açılır. Virtual məkan, elektron, internet qəzetlər, yəni xüsusi xərc qoymadan çox böyük imkanlar yaranır. Bizə o standartları, jurnalistikanı bilmək lazımdır. İnternet televiziyası Azərbaycanda genişlənir, təxminən 10-a yaxın belə televiziya var, radioların sayı bilinmir. Yəni bunların hamısı böyük meydandır. Əvvəl biz bilmirdik tələbələri hara göndərək, indi isə tələbələr öz saytlarını yaradır, televiziyalarını açır, qəzetləri var, informasiya agentlikləri təsis edirlər, bu, çox yaxşıdır. Praktikaya yönəlik tədris bizim üçün çox vacibdir, bu olmasa geridə qala bilərik

– Yeni medianın açdığı imkanlardan danışdınız bəs bu, ənənəvi mediaya necə təsir göstərir?

– Yeni medianın zərərləri də var. Məsələn, son 20 ildə ABŞ-da 400 qəzet bağlanıb, amma bunlar təkcə yeni medianın yaranışı ilə bağlı deyil. Bunun həm də iqtisadi səbəbləri var. Yeni media daha çox yeni texnologiya ilə bağlıdır. Yeni mediada ənənəvi jurnalistikada mövcud olan bütün imkanlar bir platformada birləşir. Həm mətn, həm səs yazırsan, həmçinin görüntü çəkir, bunları birləşdirə bilirsən. Əgər qəzetlər özlərini yeni medianın ağuşuna atmasalar, onu qucaqlamasalar, onlar üçün çətin olacaq. Bir çox saytlar var ki, onlar aktivləşirlər. “Yeni Müsavat”, “Azadlıq”, “525-ci qəzet”lərin saytlarında rüşeymlər var, interaktivlik artır, görüntülər var. “Azadlıq” radiosunun saytı bu mənada bizim üçün böyük nümunədir. Hətta yeni verilişlər açırlar. İnformasiya agentlikləri görüntünü tapıb qoyurlar, yeni media bunda ifadə olunur. Biz texnologiyanı mənimsəməliyik. Yeni media televiziya jurnalistləri, radio üçün də böyük və yeni imkanlar açır. Bu, əslində reportyorun bir neçə pillə yuxarı qalxmasıdır. Mən Amerikada Florida ştatında olanda yerli televiziyaların birində çox maraqlı situasiya ilə üzləşdik. Televiziyanın rəhbəri deyir ki, xəbərlərdə 4 jurnalist hazırlayıblar, onlar həm yazmağı, bacarır, həm çəkməyi, həm “stand ap” etməyi, həm də çəkdiklərini montaj edib birbaşa efirə göndərməyi. Deməli, 4 peşə birləşir, elə olanda onlar televiziya üçün daha dəyərli olurlar. Biz bu vərdişləri həm tələbələrimizə, həm də reportyorlarımıza öyrətməliyik. “Sankt-Peterburq Tayms” qəzeti yeni medianın köməyi ilə maraqlı bir eksperiment edib. Qəzet böhrana az çox müqavimət göstərməsinə baxmayaraq, təxminən yüz əməkdaşı ixtisara düşüb, amma onlar saytı qüvvətləndiriblər, yeni rubrikalar açıblar, interaktiv sorğular edirlər. Yeni media bizi imkanlardan bəhrələnərək yeni platformada özümüzü təqdim etmə şansı yaradır, əlavə imkanlar verir, bunları edə bilsək yaşayacağıq, edə bilməsək isə başqasının uğurlarına baxacağıq.

– Qafqaz Universitetində jurnalistika fakültəsinin açıldığını vurğuladınız. Bu il ora qəbul olub?

– Bəli, 20 nəfər tələbə qəbul olunub, bu, dövlət sifarişidir. Tələbələr ən yüksək bal toplayanlardır. Tanıdığım bəzi jurnalist dostların da övladları ora düşüb və çox böyük sevgi ilə də gedirlər. Bu, bizim üçün bir şansdır. Çünki mənim bildiyimə görə Qafqaz Universiteti bunu Türkiyə və ABŞ universietləri ilə birgə edəcək. Türkiyədə jurnalistikanın çox böyük uğurları var, texnologiya Qərb texnologiyasıdır və tələbələrimizin bir çoxu Türkiyə qəzetlərində təcrübə keçəcəklər. Hər halda dünənə qədər belə adamları barmaqla sayırdıqsa, güman ki, 2-3 ildən sonra çox yaxşı gənc jurnalistlərimiz olacaq.

– Mətbuatın, jurnalist təhsilinin problemlərindən danışdınız. Sizcə, qarşıdakı illərdə problemlərdən xilas olmaq mümkündürmü?

– Düzü, mən bu məsələdə o qədər nikbin deyiləm. Həmkarlarımı da məyus etmək istəmirəm, amma Azərbaycan mətbuatının onurğası əyilib. Sabah üçün hansı dəyərləri qoruyub saxlamışıq? Sırf mətbuatdan danışsaq, dünən də bizim iftixar yerimiz azad mətbuat olub, bizi sabaha aparan da yenə azad mətbuat olacaq. Mətbuatın 80-90 faizi öz missiyası, vəzifəsi ilə məşğul olmur. Mətbuatın böyük kütləsi təbliğat və təşviqatla məşğuldur, bizim ən böyük problemimiz budur. Bundan xilas olmaq üçün mütləq azad mətbuatın xüsusi çəkisini artırmalıyıq. Aydındır ki, mətbuatın formalaşmasına cəmiyyətdə gedən proseslər, mövcud gerçəkliklər təsir edir, amma bizə çox ağıllı, fədakar, iş bilən redaktorlar lazımdır ki, onlar həm qəzetin müstəqilliyini qoruyub saxlaya bilsinlər, həm jurnalistləri cəmiyyətdə nüfuzlu olsun, eyni zamanda mətbuatın prinsiplərinə sadiq qalsınlar. Bunları bir əldə cəmləşdirmək çox çətindir, amma mümkündür. Sayı çox az olan müstəqil qəzetlərimiz var ki, onlar müqavimət göstərə bilirlər. Bu gün Azərbaycanda müstəqil qəzetlərin yaşamağı ən böyük uğurumuzdur. Müstəqilliyimizin 20 ilini qeyd edəcəyik, düşünürəm ki, müstəqillik tarixində ən böyük demokratik nailiyyət bizim azad mətbuatımız olub ki, onun nişanələri bu gün yaşayır. Onlar qığılcımdır və dediyim şərtlər daxilində o odu Prometey kimi qoruyub sabaha çatdıra bilsək, daha əlverişli mühitdə onlar alova çevriləcək, olmasa sönüb gedəcəklər. Hər şeyi maddiyyata qurban vermək olmaz, çox maksimalist olmaq da qəzeti məhv edir. Qızıl orta anlayışı var, Şərqi Avropa ölkələri bu yolu rahatlıqla keçib getdilər, bu yolu keçib getmək indiki təcrübə ilə mümkündür. Mətbuat əslində, varlanmaq üçün yer deyil. Həqiqət, ruh adamlarının, əxlaqlı adamların yeridir. Dünyada belə qəbul olunur, kim varlanmaq istəyirsə, biznes sahəsi var, telefon satmaq var, orda böyük uğurlar qazana bilər. Mətbuat isə cəmiyyətin, xalqın ruhunun, əxlaqının ifadəsidir.

 

 

   P.SULTANOVA

 

   525-ci qəzet.- 2011.- 27 avqust.- S. 18-19.