Əflatun Amaşov

 

VƏ YA 70 YAŞIN ZIRVƏSINDƏN GÖRÜNƏN SƏNƏT YOLU

 

Tanınmış jurnalist, şair, publisist Tofiq Məhərrəm oğlu Abdinov sentyabrın 1-də ömrünün 70 illik zirvəsində dayanacaq. 80-nin, 90-nın, 100-ün fəthinə doğru istiqamət götürəcək. Media və sənət aləminin Tofiq Abdin kimi tanıdığı dərin zəkaya, iti mühakiməyə malik həmkarımızın bu müddətdə əxz etdiyi keyfiyyətlər onun qarşıdakı illərdə də həyatın enişli-yoxuşlu yolları ilə yorulmadan addımlayacağına zəmanətdir. Söz sənətimizə imzasını həkk edən Tofiq müəllimi yaşıdlarının əksəriyyətindən fərqləndirən sinnindən xeyli cavan görünməsi, yaradıcılığının adekvat təsir bağışlaması, nikbinlikmübarizliyi bunu söyləmək üçün ciddi əsaslar verməkdədir. Tofiq Abdinin qələmə sarıldığı 60 ilin ərzində oxucuları da yaşa dolur. Çevrə isə genişdir, sadə əmək adamından, müxtəlif sahələrdə nüfuz sahibi olanlardan tutmuş ahıllaradək. Səciyyələndirilməli cəhət odur ki, zamanından asılı olmayaraq bu sırada gəncliyin çəkisi daha yüksəkliyi ilə sabit qalmaqdadır. “Qobustan” mətbuatımızın misilsiz nümunələrindəndir. Milli irsə, dəyərlərə həssaslıqla, yüksək sənətkarlıqla yanaşılması topluya mediamızın yaddaşında əbədiyaşarlığı qazandırıb. Tofiq müəllim isə burada teatr, kino, musiqi şöbəsinin müdiri olub. Necə deyərlər, otağına qapanmaqla qalmayıb. Ölkənin o guşəsi olmayıb ayağı dəyməsin. Yekun müşahidələri oxunaqlı yazıları, saf hissləri təcəssüm etdirən poetik sətirlərə çevrilib. Tofiq Abdin yaradıcılığında publisistika şəksiz surətdə aparıcı xətdir. 1969-cu ildə “Etüd” oçerklər kitabından Böyük Vətən Müharibəsində itkin düşən döyüşçülərin ailələri təskinliklərini tapıblar. Sonra oxuculara daha iki kitab ərməğan edib. “Bəlkə bir də görüşdük”dəki oçerklərdə görkəmli sənət adamlarımızın portret cizgilərini yaradıb. “Sənətdə keçən ömür” seriyasından təqdim olunan “Günlər keçir Bəşirsiz” kitabı ölməz sənətkar Bəşir Səfəroğlu yoxluğunun teatr sənətimiz və tamaşaçılar üçün necə ağır itki olmasından bəhs edib. Xalq şairi Rəsul Rzanın “Bir güninsan ömrüdür” poeması əsasında qələmə aldığı səhnə əsəri uzun müddət H.Cavid adına Naxçıvan Poeziya Teatrının repertuarını bəzəyib. Onun R.Rza adına Beynəlxalq Ədəbiyyat Mükafatının laureatı olması da söz sənəti sahəsindəki xidmətlərinin məntiqi nəticəsidir. Şairin “Nəğməli gecələr”, “Sahilsiz dünya”, “Şəhərimiz ayaq açır”, “Ata sevgisi” kitablarını toplu kimi bir araya gətirən “Poeziya”nın “Vektor” Nəşrlər Evində işıq üzü görməsi də onun yaradıcılığına, şerimizə münasibətdə qədir-qiymət nümunəsidir. Həmkarımızın Türkiyədə keçirdiyi səkkiz il həyatında xüsusi önəm kəsb edir. Həmin illər vətənpərvər şəxsin Azərbaycan həqiqətlərini qardaş ölkə mediasında yorulmadan təbliği ilə yadda qalıb. Türk qardaşlarımız da Tofiq Abdinə borclu qalmayıblar. Onun barəsində çəkilən sənədli filmBir millət iki dövlət” ideyasına can-başla xidmət edən, səmimiyyət körpülərinin möhkəmlənməsi uğrunda proseslərə məqamında qoşulan şair, publisistjurnalistin həyat və yaradıcılığının xarakterik cizgilərinin ekranda təcəssümüdür. T.Abdin “525-ci qəzet”in şənbə saylarında “Oralarda kimlər var” rubrikasının müəllifi – aparıcısıdır. Həmsöhbətləri oxucu auditoriyasının marağında olan şəxslərdir və bu rubrikanın özü cəmiyyətin sosial sifarişidir. Çünki onda növbəti görüşlərin – şənbələrin intizarı var. Azərbaycan Mətbuat Şurası 70 yaşın zirvəsində dayanan, dünənini-bu gününü iftixarla seyr edən, sabahının yaradıcılıq qayğıları ilə yaşayan Tofiq Abdinə bütün ölkə jurnalistlərinin təbriklərini, xoş duyğularını yetirir, daha yüksək uğurlara qovuşmasını arzulayır. Tofiq Abdinə dərin hörmətlə, Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurasının sədri

 

 

525-qəzet.- 2011.- 27 avqust.- S. 17.