Quruculuğa həsr olunmuş
ömür
Bu gün bəzilərinin xiffətini çəkdiyi, bəzilərininsə söyüb-pislədiyi sovet dövrü XX əsr Azərbaycan tarixinin uzun sürən bir mərhələsi, neçə-neçə nəsillərin yaşadığı ziddiyyətli bir dönəm olub. Qara və ağ səhifələrin bir-birini izlədiyi bu tarixdən kütləvi insan qırğınları, repressiya və sürgünlərin ağır zəhmi ilə yanaşı, izləri bu gün də qalmış elmin, mədəniyyətin, maarifçiliyin də ilıq şüaları boylanır. Bu dövr həm də çətin şəraitdə vəzifə borcunu yerinə yetirərək şəxsi ləyaqətini, ictimai düşüncəsini, millət qarşısında məsuliyyətini yaddan çıxarmayan, mənəviyyatını qoruyub saxlaya bilən şəxsiyyətlər tarixidir. Bu mövzuda danışarkən, adətən ziyalıları nümunə göstərirlər, amma tarix bu adamlar siyahısına yüksək vəzifə tutan bəzi dövlət xadimlərinin də adını yazıb. Onlardan biri də hələ sağlığında az qala haqqında əfsanələr danışılan görkəmli dövlət xadimi Kamran Hüseynov idi.
Ömür yolu
Kamran Əsəd bəy oğlu 15 dekabr 1913-cü ildə Zəngəzur qəzasının Çərəli kəndində anadan olub. Əmək fəaliyyətinə gənc yaşlarından başlayıb, 1934-cü ildən etibarən isə Bakı neft sənayesində müxtəlif vəzifələrdə çalışıb. Kamran Hüseynov 1938-1940-cı illərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 1940-1941-ci illərdə Azərbaycan Sənaye Akademiyasında təhsil alıb. O, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və respublika Ali Partiya Məktəbini bitirib.
Kamran Hüseynov 1941-1944-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərib, 1944-1945-ci illərdə Sumqayıt rayon Partiya Komitəsinin sənaye və kadr işləri üzrə katibi, 1945-1947-ci illərdə indiki Binəqədi rayon Partiya Komitəsinin birinci katibi işləyib. 1949-1952-ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olmuş Kamran Hüseynov 1952- 1953-cü illərdə Neftçala rayon Partiya Komitəsinin birinci katibi, 1953-1958-ci illərdə isə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışıb. 1958-1961-ci illərdə Respublika Həmkarlar İttifaqları Şurasının sədri olub, 1961-1968-ci illərdə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi işləyib, 1968-1980-ci illərdə Azərbaycan SSRİ Nazirlər Soveti sədrinin müavini olub. 1980-1993-cü illərdə Respublika Ticarət və Sənaye Palatasının sədri, 1993-cü ildən isə adıçəkilən qurumda müşavir olub.
Kamran Hüseynov Azərbaycanın ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyət göstərən şəxsiyyətlərdən idi. Onun dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində gördüyü işlər böyük bir dövrü əhatə edir. O, sıravi fəhləlikdən başlamış strateji əhəmiyyətli mühüm dövlət obyektlərinin tikilib istismara verilməsinə qədər çalışdığı bütün sahələrdə yüksək peşəkarlıq, fədakarlıq və yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirib. Azərbaycanda yeni yaşayış məntəqələrinin salınmasında, onların sənaye mərkəzlərinə çevrilərək inkişaf etməsində Kamran Hüseynovun xidmətləri təqdirəlayiqdir. Tutduğu vəzifələrdən, gördüyü işlərdən asılı olmayaraq, mövqeyi daim öz vətənpərvərlik ruhu ilə səciyyələnən Kamran müəllim 1967-ci ildə tarix elmləri doktoru elmi dərəcəsi alıb.
Azərbaycanın ictimai-siyasi həyatının fəal iştirakçısı kimi yaxşı tanınan Kamran Hüseynov uzun illər Azərbaycan Respublikası Ali Sovetinin, eləcə də RSFSR Ali Sovetinin deputatı kimi səmərəli fəaliyyət göstərib.
Kamran Hüseynovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara layiq görülüb, o cümlədən müstəqil Azərbaycan respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilib.
Tanınmış ictimai xadim, Azərbaycan respublikası Prezidentinin fərdi təqaüdçüsü Kamran Əsəd oğlu Hüseynov 2006-cı il aprelin 20-də ömrünün 93-cü ilində vəfat edib.
Amma bütün bunlar yalnız quru xronoloji ardıcıllıqdır.
Kamran Hüseynov kimdir?
“Niyə bu dərəcədə sevilir”, “nəyə görə yaddaşlarda yeri bu qədər möhkəmdir?” suallarının cavabı təkcə onun yüksək vəzifələrdə çalışıb xeyli faydalı işlər görməsi ilə bağlı deyil. Adamlar var ki, onların adı yalnız hansısa vəzifənin daşıyıcısı kimi çəkilir və sonra da yaddan çıxıb gedir. K.Hüseynov isə yaddaşlarda ona görə qalır, haqqında ona görə kitablar yazılır və xatırlanır ki, o, millətə xas olan, onu keçmişdən gələcəyə apararaq yaşada bilən dəyərlərin daşıyıcısı idi.
Nəcib bir ailədə dünyaya göz açmış K.Hüseynovun parlaq ömür bioqrafiyası, sözün həqiqi mənasında, bir universitetdir, həyatını namusla, dürüstlüklə mövqe tutmaq istəyənlər üçün bir örnəkdir. O, həyatda atdığı ilk addımı ilə halallığa könül verib, 9-10 yaşından əkin-biçində çalışıb, atasını erkən itirdiyindən və evin böyük oğlu olduğundan çox çətinliklərə sinə gərməli olub. Ailəyə kömək üçün Bakıya gəlib neft sənayesində fəhləlik edib, burada təhsil alıb, istehsalatda fərqlənə bilib. Tədricən tale üzünə gülüb, vicdanlı adamların əhatəsinə düşüb, qabiliyyətini dəyərləndirib irəli çəkiblər, vəzifə pillələri ilə irəliləyib, amma heç vaxt mənsəb və şöhrət işığı onun gözlərini qamaşdırmayıb, vəzifə borcuna, duz-çörək kəsdiyi dostlarına, xalqına, el-oba adamlarına arxa çevirməyib.
K.Hüseynov uzun illər Azərbaycanın bir ölkə kimi qurulmasına, dirçəlib ayağa qalxmasına, möhkəmlənməsinə gərgin əmək sərf etmiş insanlardandır. Əslində də bütün ömrü boyu köksündə xalqa, vətənə bağlı bir ürək gəzdirmiş Kamran müəllim təbiətcə daha çox qurub-tikən, yaradan adam idi. Onun adı çəkilən kitabın sətirlərinə hopmuş zəngin bioqrafiyası göstərir ki, yaratmaq, tikmək, qurmaq bu nadir insanın həyat amalı olub.
Əmək fəaliyyətinə fəhləlikdən başlamış K.Hüseynov bacarığı, ağlı, zəkası sayəsində vəzifə pillələrində addım-addım irəliləyərək Respublika Nazirlər Soveti sədrinin müavini kimi mötəbər bir kürsüyə yüksəlmişdi. Özü də hökumətin ideal dərəcədə təmiz, namuslu və işgüzar üzvlərindən biri idi. Bu vəzifədə işləməmişdən çox-çox əvvəl isə bir müddət neft sənayesində, sonralar – 1940-cı illərdə mühüm partiya-hökumət işlərində çalışıb. O, ötən əsrin 40-50-ci illərində Mingəçevir və Sumqayıt kimi iri şəhərlərin salınmasında misilsiz zəhmət sərf edib. Kamran Hüseynovun Azərbaycan tarixində qalması üçün təkcə bu faktlar – Mingəçevir və Sumqayıt şəhərlərinin qurucularından biri olması artıqlaması ilə kifayət edir. Halbuki, bugünkü Azərbaycanın xəritəsində onun təşəbbüsü və ciddi səyi ilə tikilmiş neçə-neçə faydalı ünvanlar var.
Təbii ki, K.Hüseynovu şəxsiyyət zirvəsinə ucaldan təkcə onun tikib-qurması, misilsiz idarəçiliyi və öhdəsinə düşən bütün işləri yüksək səviyyədə yaradan əla istehsalçı olması deyildi. Onun populyarlığı həm də parlaq şəxsi keyfiyyətlərində, genişürəkliyində, mərdliyində, böyüklüyündə, müdrükliyində idi. Bu mənada K.Hüseynov
Həqiqi mənəviyyat adamı
kimi yaddaşlarda qalıb. Həmişə şəxsi nümunəsi ilə seçilən Kamran müəllim tək-tək şəxsiyyətlərdən idi ki, həyatdan insana gərək olan, insanlığa xidmət edən şeyləri seçib götürmüşdü. Aydın fikri, iti düşüncəsi, pak əxlaqı olan və bir müdrik ömrü yaşamış Kamran müəllim bu mənəvi statusunu ömrünün sonuna kimi qoruyub saxladı. Bu mənəvi ucalıq hamıya qismət olmur. Tanrı yalnız yaxşı əməllər sahibi olan, xeyirxah işlərə imza atan insanlara belə yüksək məqam bəxş edir. Bəndələrinə kömək edən, darda qalanlara yardım əli uzadanlara da Tanrı özü kömək olur. Yəqin, uca Yaradan elə xeyirxah və savab işlərinin müqabilində onu bir çox insani keyfiyyətlər və üstünlüklərlə mükafatlandırmışdı. O, saf niyyətli, təmiz əməllər sahibi olduğundan işləri həmişə düz gətirib. Arzu-istək pak, niyyət təmiz olanda, insan Tanrının köməkliyi ilə çətinlikləri aşıb keçir. Tanıyanlar bilirdi ki, Kamran müəllimin həyat kredosu, əxlaqı prinsipi bu olub: halallıq, mərdlik, kişilik, ədalətli olmaq, imkansızlara əl tutmaq, zəifə arxa durmaq. Onu sevdirən bu həyat prinsipləri idi! Kamran müəllim
Əsl el ağsaqqalı olub. İçində Azərbaycan adlı bütöv bir məmləkət gəzdirirdi. Ömrünün sonuna kimi bu məmləkətin, eləcə də bu məmləkətin ona bir köynək yaxın olduğu Çərəli kəndinin, Qubadlının dərdlərini qəlbində yaşadırdı. O, özündə elini-obasını yaşadırdı, canında-qanında bu xalqa məxsus ən gözəl keyfiyyətləri daşıyırdı. Hər elin-obanın bir səs obrazı var və Kamran müəllimin danışıq səsi, bu səsin qeyri-adi tembri Zəngilanın, Qubadlının, bütövlükdə Zəngəzurun obrazı idi.
Yeri gəlmişkən bildirək ki, Kamran Hüseynovun hələ sağlığında yazıb çap etdirdiyi “Bir ömrün salnaməsi” və “Quruculuğa həsr olunmuş ömür” kitabları son illər yazılıb ortaya çıxarılmış xatirə ədəbiyyatımızın ən yaxşı nümunələrindəndir.
Yaradılan və yazılan tarix
Memuar yazmaq, keçmişə bir nəzər salmaq, olanları zamanın öz rəngi ilə boyayıb üzə çıxarmaq hər adamın işi deyil. Xatirə-memuar yaddaş və təcrübənin təsdiqidir. Məncə, memuar həm də zamanın, tarixin bir saxlanc yeri, ehtiyat faylıdır. Tarix yalnız memuar səhifələrində tarix “qocalıb saralmaq” və sonradan arxivlərdə yarımcan bir vəziyyətdə dəyərli mənbə kimi əbədi yaşamaq hüququ qazanır. Amma olub-keçənləri qələmə almaq, memuar yazmaq üçün yaddaşla yanaşı yüksək dünyagörüş, bilik, cəsarət və bir az da təxəyyül gərəkdir. Bu mənada Kamran müəllim Tanrının ona bəxş etdiyi iti ağıl, güclü müşahidə qabiliyyəti, yaddaş, dərin bilik və fəhm sayəsində yaşadığı ömrün bir çox dəyərli anlarını qələmə ala bildi. Özü də bir yox, iki kitab yazdı.
O, yaddaşının və elminin, geniş dünyagörüşünün, dərin biliyi və erudisiyasının köməkliyi ilə ömrü boyu öyrəndiyi və mənimsədiyi həyat qanunlarını insanların nəfinə necə gerçəkləşdirməyin düsturunu bu memuarlarda əks etdirib. Əslində Kamran müəllim gündəlik yox, memuar yazıb. O, ömrünün hər anını yox, lazım bildiyi məqamları fakt və hadisələri ictimailəşdirib. Yaşadığı zamanın mühüm cizgilərini və əsas hadisələrini özündə qoruyub saxlayan bu xatirə – memuarlar uzun və şərəfli bir ömür yaşamış müdrikin qələminin, düşüncəsinin məhsuludur. Kamran müəllim insanların qarşısında alnıaçıq, üzüağ olduğundan memuarlarını da heç bir tərəddüd etmədən, mənəvi sıxıntı çəkmədən qələmə alıb.
Görkəmli dövlət xadimi Kamran Hüseynovun adı Azərbaycan dövlətinin və hökumətinin tarixinə əbədi həkk olunub. Azərbaycanın dövlətçilik tarixində onun adı həmişə şərəflə xatırlanacaq.
Pərvanə İbrahimova
525-ci qəzet.-
2011.- 1 dekabr.- S.6.