Türkiyə, mən
sənin nəyini sevdim?!.
“İllər-düşüncələr” dəftərindən
Bu xatirələr-düşüncələr mənə çox əzizdir, həmişə xatırlayıram, hərdən yaxın adamlara danışıram və elə epizodlar yada düşür – danışanda maraqla dinlənilsə də çox vaxt aparır.
Ona görə bundan sonra danışmamaq üçün yazmaq qərarına gəldim.
Maraqlanan sağ olsun, – oxusun.
Maraqlanmayan sağ olsun, – oxumasın.
Və Tanrı hər ikisindən razı olsun.
(Əvvəli ötən sayımızda)
Köhnə dost əlavə etdi: “Doxsanıncı il” kitabı həqiqətən çox xoşuma gəldi, həm də Azərbaycan türkcəsini bir az da öyrəndim, amma hardan bilim şair Hidayət Dövlət müşaviri Hidayət Orucovdur”.
Səksən altıncı ilin Ankarasından ayrılmayaq.
Nahardan sonra Vladimir arxamca gəldi. Sözü konkret idi: “Səfir
Sizi gözləyir”. Nəhəng imperiyanın səfiri
yüzdən çox nəşriyyatdan birinin baş redaktorunu
qəbul edəcəkdi. Bu da Sovet
reallıqlarının detallarındandı.
Səfir qəfil Moskvaya çağırılması ilə
bağlı mənlə sərginin ilk günü
görüşməli olduğunu söylədi. SSRİ nümayəndəsinin
sərgiyə dəvətini onun səyləri ilə baş
tutduğunu da dedi. Bəzi cümlələri də
yadımdadır: “İki ölkə arasında mədəni əlaqələrin
formalaşdırılmasının və inkişaf etdirilməsinin
vaxtı çatıb”. Sonra mənim təəssüratımla
maraqlandı.
– Bir
neçə saatdır sərgidəyəm, – dedim, – əlbəttə,
sonda təəssürat daha bütöv olacaq. Ancaq indidən
hiss edirəm ki, ədəbiyyatımıza, mədəniyyətimizə
böyük maraq var. Dövlət quruluşları tamam fərqli
olsa da, mədəniyyət körpülərinin
salınmasına ciddi ehtiyac mövcuddur. Bu
körpüləri tikmək zəruridir. Ədəbiyyat,
mədəniyyət siyasiləşdirilməsə bu “tikintiyə”
heç nə mane ola bilməz və belə
körpülər əslində siyasətçilərdən,
ideoloqlardan çox iş görər.
Səfirin rəngi alındı. Bir neçə
anlığa söhbətimizə sükut çökdü.
Sükuta özü nöqtə qoydu:
– Mən Sizlə razıyam, – dedi.
Düşünürdüm: nəhəng imperiyanın səfirinin öz səfəri öncəsi macal tapıb nəşriyyatın baş redaktorunu qəbul etməsi diqqət əlamətiydimi, yoxsa öz missiyasının məsuliyyətini qonağa çatdırmaq jestiydi? Demək çətin idi. Ancaq hər halda görüş başlamışdı və mən səfirlə üz-üzəydim. Çalışırdım – necə varamsa, eləcə görünəm. Söhbətimiz alınmışdı. Mən SSRİ-də kitab mədəniyyətinin vəziyyətindən, problemlərindən danışırdım. O, diqqətlə qulaq asır, hərdən suallar verirdi.
Əməkdaş – xanımın çay gətirməsi mənim mövzunu dəyişməyimə şərait yaratdı:
– Sərgidən sonra proqrama uyğun olaraq mən bir gün Mədəniyyət Nazirliyinin qonağı olmalıyam. O günün proqramını hələ mənə təqdim etməyiblər.
Fikrimi dərhal tutdu:
– Hara aparsalar, gedin, – yaş fərqimiz çox olsa da zarafata keçdi – lap... – adını demədi, işarə etdi, – ora da aparsalar – gedin. Siz yetkin adamsınız.
Sonra biz çox şeydən danışdıq – “Sovet mədəniyyətindən”, son illərdəki dəyişikliklərdən, “perestroyka”nın perspektivlərindən...
İqamətgahının həyətinəcən enib nəzakətlə vidalaşdı.
İki gün sonra mən bu həyətə bir də gəldim. Bu dəfə Türkiyədə işləyən SSRİ vətəndaşlarının təhlükəsizliyinə cavabdeh olan Hüseyn Quliyevin qonağı kimi. Hüseynə zarafatla deyirəm: “Burda çalışan bütün SSRİ vətəndaşları haqqında deyə bilmərəm, amma öz iqamətgahın tamam təhlükəsiz yerdədir – səfirliyin həyətində, uca, keçilməz hasarın içində”. Əlbəttə, səfirliyin həyətində ona ayrıca iqamətgah ayrılması tutduğu vəzifənin mühümlüyünün və məsuliyyətinin göstəricisi idi. Uşaqları balaca və qəşəng idilər, Bakıdan gələn qonağa maddım-maddım baxırdılar. Nahar süfrəsi arxasında səmimi söhbət etdik.
Sonra şəhərə çıxdıq. Hüseyn sükan arxasındaydı. O, Dövlət Təhlükəsizlik Komitəsinin zabiti idi, ancaq istiqanlı oğlan olduğu üçün tezcə səmimi söhbətə keçdik, sözü Ulu Öndərimiz Heydər Əlirzaoğlunun üstünə gətirdim və dərhal ürəyimə damdı ki, Hüseyngillə bu böyük şəxsiyyətin özəl münasibətləri var:
– Siz Heydər Əlirzaoğlunun qohumusunuz? – soruşdum.
– Ssss... – başıyla maşının içinə işarə etdi, yəni söhbətimizi yaza bilərlər...
Artıq dedim – Hüseyn SSRİ Dövlət Təhlüksizlik Komitəsinin məsul, yüksək çinli zabiti, peşəkar çekisti, o illərdə Türkiyədə çalışan beş min nəfərdən artıq SSRİ vətəndaşının təhlükəsizliyinə cavabdeh idi. Belə məsul bir işin Azərbaycan oğluna həvalə edilməsi məni sevindirirdi.
Onun “sss...” nidasından sonra söhbətimizin mövzusunu istər-istəməz, könülsüz də olsa, dəyişdik.
Bir az sonra soruşdu:
– Burda yaxşı ayran verirlər, içəkmi?
– İçək.
Maşını dayandırdı. Bayıra çıxdıq. Ayran həqiqətən dadlı olsa da, bəhanəydi. Biz açıq havada, xoş əhval oyadan aprel günəşinin altında Heydər Əlirzaoğlundan, onun böyüklüyündən, son vaxtlar Sovet rejiminin ona qarşı olan qısqanclığından, ermənilərin Mığrıdan keçən Zəngilan-Ordubad avtomobil yolunun tikintisinin dayandırılması üçün törətdikləri təxribatlardan, pozuculuq fəaliyyətlərindən danışdıq. İçimiz narahatlıqla, həyəcanla dolu idi, hamısını açıb-tökdük, bir az yüngülləşdik.
Hüseyn şəhərin maraqlı yerlərini həvəslə mənə göstərdi. Sonra mehriban təzə dostlartək, səmimiyyətlə ayrıldıq.
...Mədəniyyət Nazirliyinin sərəncamına ayrılmış günümdə məni nazir müavini, tanınmış şair-publisist Yavuz bəy müşayiət edir. Mədəni və zövqü yüksək insandır. Əsli Azərbaycan türküdür. Valideynləri Qarabağdan köçüblər. Bir dəfə Bakıda olmuş, ancaq Moskva KQB-si onun Qarabağa getməsinə, ana torpağını ziyarət etməsinə icazə verməmişdi. Bu barədə həyəcanla, emosional danışır və göz yaşlarını saxlaya bilmirdi (yeri gəlmişkən, ondan təxminən bir il sonra Yavuz bəy yenidən Bakıya gəldi və bu dəfə KQB “səddini” keçərək, ona doğma Qarabağı ziyarət etməsinə imkan yarada bildik).
Nazir müavini Ankaranı həvəslə mənə göstərir və hər şey maraqlı və özünəməxsusdur. Heykəllərə, memarlıq abidələrinə, rəsm əsərlərinə baxırıq, böyük Atatürkün ilk məzarı yerində (indi Etnoqrafiya muzeyidir) fikrə dalırıq. Birdən barmağını şəhərin baş tərəfinə tuşlayıb, ehtiyatla mənə üz tutur:
– Ankarada
yeni, böyük came tikilir, ora baxmaq istərdiniz?
– Məscid
tikilir? – təəccüblə
soruşuram.
– Bəli,
Qoca Tape məhəlləsində, adı da Qoca Tape camesidir.
Yeni məscid tikintisi mənə gözlənilməz və
çox maraqlıydı. Sovetlər Birliyi
dönəmində məscidlərin sökülməsini,
qapanmasını, anbarlara, başqa təyinatlı obyektlərə
çevrilməsini eşitmişdik, görmüşdük.
Yeni məscid tikilə bilər?
Tikilə
bilərmiş!..
– Əlbəttə,
– dedim.
Yavuz bəy
ürəkdən sevindi, sürücüyə məmnun halda
“Qoca Tapeyə!” göstərişini verdi. Yəqin ona elə gəlirdi ki, mən Sovet xofundan,
KQB vahiməsindən çəkinib tikilməkdə olan cameyə
baxmaqdan çəkinəcəyəm.
Qoca Tape camesi məni heyrətləndirdi. Nəhəng
abidə yaranırdı. İş
icaçısından soruşuram:
– Maliyyə
qaynaqları hardandır?
–
Camaatdan, – deyirlər mənə, – qəzetlərin birində
kiçik müraciət dərc olundu: “Məscid tikilir, kimin
imkanı varsa – kömək etsin”. Külli miqdarda vəsait gəldi
– iş icraçısı bir az
sözünə ara verib, əlavə etdi, – insanların gərək
nəyəsə inamı ola, inam olanda hər istək yerinə
yetər.
Əlbəttə, bu eyham Sovet ideologiyasına
qarşı yönəlmişdi. Və haqlı idi.
Tikintiyə gəlişimiz nahar vaxtına
düşdü. Ustalar, fəhlələr məscidin
divarları önündə torpaq üstə beş-bir,
üç-bir səliqəli süfrələr açıb
nahar eləməyə başlayırdılar. İndi də o səhnə gözlərim
önündən getmir.
Nə görürdümsə – həssaslıqla diqqət
yetirirdim. Ancaq daxilən sərbəst idim. Səfir “hara
aparsalar – gedin” desə də, o illərdə Sovet
yazıçısının, baş redaktorunun tikilməkdə
olan məscidə getməsi, orada gördüklərinə
heyranlıqla baxması, iş icraçısıyla, ustalarla,
fəhlələrlə şirin-şirin söhbət etməsi
adi hal deyildi. Yaşlı, təcrübəli
dostlar məni əvvəlcədən, hələ Bakıda xəbərdar
etmişdilər. O illərdə yüksək vəzifə
tutan, bütün Sovetlər birliyinin tanıdığı
görkəmli bir yazıçı dostum səfər öncəsi
məni ehtiyatlandırırdı ki, Ankarada heç oteldən
çıxmayım. Çünki Türkiyədə olanda
özü qorxusundan belə edirmiş... (Ancaq mən
Ankarada son dərəcədə sərbəst gəzdim,
dolandım, nə sualım vardısa verdim, mənə nə
sual oldusa – cavablandırdım. Bir gözləmədiyim
məqamı da unutmuram: Bakıya dönəndən sonra
Ankarada yaxşı fəaliyyətim üçün səfirlik
adından müşavir-elçi Vladimir Solouxinin imzasıyla təşəkkür
məktubu gəlmişdi).
Qardaş
ölkədə yeni tanışlar deyirlər ki, televiziya ilə
sərgidə SSRİ guşəsini və imperiyanın azərbaycanlı
“təmsilçisini” görüb (sərginin
açılışında bir neçə kanal məndən
müsahibə almışdı), çox maraqlanırlar,
yalnız Ankaradan deyil, başqa şəhərlərdən də
gəlib mənlə görüşmək istəyirlər. Bəlkə görüşmək istəyənlərin
hamısı ilə bir salona toplayaq, Sizlə görüş
keçirək, söhbət edək.
Mən
etiraz edirəm: “Hələ burda nə görmüşəm
– danışam?! Belə bir görüş
naharıyla, ya şamıyla birlikdə yarım gün vaxt
aparacaq. Mən SSRİ haqda
danışacağam, sizlər – Türkiyə haqda. Qoyun mən də Türkiyəni bir az öyrənim,
sonra danışarıq”. Təzə tanışlardan
xahiş edirəm: “Fikrimi mənlə görüşmək
istəyənlərə olduğu kimi çatdırsınlar.
İnansınlar ki, mənim görüşdən
imtinam KQB kabusu ilə bağlı deyil”.
Yazıçının – baş redaktorun o illərdə
Türkiyəyə xidməti səfəri həqiqətən
hadisə idi (yaradıcı ziyalılar çətinliklə
də olsa, hərdən səyyah və şəxsi dəvətlə
qardaş ölkəyə gedə bilirdilər. Ancaq xidməti səfər
çox az hallarda baş tuta bilərdi. İrəli gedib deyim ki, Bakıya qayıdandan sonra
da belə maraqlar vardı. Əcdər
Xanbabayev çox istəyirdi ki, “Yazıçı” nəşriyyatının
kollektivi ilə ayrıca görüş keçirim).
Yavuz bəylə
bütün günü Ankaranı gah araba ilə, gah da
payi-piyada yorulmadan gəzirik... Sonra Mədəniyyət
Nazirliyində bir qrup milli ruhlu əməkdaşla
görüşürük. Sərgidə
Kamran bəyə deyə bilmədiyim fikirlərin bəzilərini
burada açıram. Səmimi söhbət
edirik.
Heydər Əliyevin Sov. İKP MK Siyasi
Bürosunun üzvü, SSRİ hökumətində ikinci
şəxs – bütün türk dünyasının
iftixarı olmasından qürurla danışırıq.
Hamımız bir fikirdəyik – Heydər
Əliyev fenomeni bütün türk dünyasının qələbəsidir
və cahana “Bizlə hesablaşın!” mesajıdır. Görkəmli Azərbaycan elm və mədəniyyət
xadimlərindən söhbət açırıq. Mən
Yusif Məmmədəliyevdən, Heydər Hüseynovdan, Azad
Mirzəcanzadədən, Niyazidən, Fikrət Əmirovdan,
Qara Qarayevdən, Səttar Bəhlulzadədən söz
salıram və onlar haqqında türk dilində kitablar
çap olunmasını təklif edirəm. O illərdə
Türkiyə yazıçıları və ziyalıları
çağdaş Azərbaycan ədəbiyyatı,
ifaçılıq sənəti (Zeynəb Xanlarovanı
hamı tanıyır və sevirdi) barədə məlumatlıydılar,
elm, incəsənət (xüsusilə bəstəkarlıq, rəssamlıq)
sahələri haqda isə təsəvvürlər çox səthi
idi. Yavuz bəy də, Mədəniyyət
Nazirliyinin digər əməkdaşları da maraqla dinləyir
və təklifimi məmnuniyyətlə qəbul edirlər.
Axşam isə paytaxtın Dövlət Dram
Teatrının səhnəsində bir Amerika
yazıçısının psixoloji-dedektiv pyesi əsasında
hazırlanmış tamaşaya maraqla baxdıq. “Mədəniyyət
Nazirliyinin günü” başa çatandan sonra da təzə
tanışlar mənlə əlaqə saxlayırdılar.
Bir axşam telefon zəngi:
–
Televiziona baxırsınızmı? – nazirliyin
əməkdaşlarından biri soruşdu.
– Xeyr.
–
Xahiş edirəm – baxasınız, “Hərb və
sülhü” göstərirlər.
Məşhur roman əsasında çəkilmiş
filmin türk dilinə dublyajı idi. Nazirlik əməkdaşı
həm də mənə bildirmək istəyirdi ki, Ankarada rus
mədəniyyətinə normal münasibət mövcuddur.
Və bu, həqiqətən beləydi.
Puşkinin, Qoqolun, Turgenevin, Dostayevskinin və digər görkəmli
rus klassiklərinin əsərləri türk dilində nəşr
olunmuşdu. SSRİ xalqları ədəbiyyatı xəzinəsindən
də türk dilinə az da olsa, bəzi əsərlər
çevrilmişdi.
– Mən
bu kitablardan ala bilərəmmi? – təzə
tanışlardan soruşuram.
Əlbəttə, Mədəniyyət Nazirliyinin əməkdaşları da, sərginin rəhbəri də (xeyirxah və milli ruhlu ziyalıydı, heyif, adını unutmuşam) anlayırlar ki, əvvəlcə ana dilimdə, sonralar bəzilərini rus dilində oxuduğum bu kitablar mənə yeni qiraət üçün deyil, Moskvada göstərməyə lazımdır. Və mənə bu kitablardan əlavə İmrədən, Qaracaoğlandan, Aşıq Veysəldən, Mövlanadan başlamış çağdaş türk yazarlarının əsərləri qarışıq bir iri, ağır çamadanlıq müxtəlif nəşrlər bağışlanır (çamadanın ağırlığı geri dönəndə hava limanında yada düşür, yüküm uçaq normasından ağır olduğundan və mənim funt-sterlinqlərdən dəyişdiyim türk lirələrim bitdiyindən Vladimir “artıq çəkinin” dəyərini məmnuniyyətlə ödəyir, çünki yükün içini bəlkə də o, məndən yaxşı bilirdi).
Ankaranın küçələrini ayaqla gəzməkdən, gülərüz insanları müşahidə etməkdən doymuram. Hər memarlıq abidəsinə, yeni tikintiyə, hətta reklamlara maraqla baxıram. Bazar günləri küçələrdə hərbçi zabitlər, əsgərlər də görünür, onlar dəstə-dəstə gəzir, üz-üzə gələndə bir-birlərinə ehtiramla hərbi salam verirlər. Hərbi dəyərləri, intizamı, vətənə sədaqəti üzlərindən oxunur. Heyranlıqla onlara baxıram. Təzə tanış olduğum keçmiş hərbçidən sadəlövhlüklə soruşuram:
– Sizin belə igid, intizamlı zabitləriniz, əsgərləriniz var, nəyinizə lazımdır NATO? Axı, Moskva bizi ayırmaqla NATO-nu da bəhanə edir?!
O illərin özündə də mənim ABŞ-a, NATO-ya da normal münasibətim, hətta hörmətim vardı. Ancaq SSRİ-nin rəsmi dairələri və antitürk qüvvələri Türkiyə ilə münasibətlərdən söz düşən kimi NATO-nu, ABŞ-ı bəhanə edirdilər.
– Fikir verin, küçə-bacada bircə nəfər də ABŞ və ya digər NATO üzvü Qərb ölkəsinin əsgəri, zabiti görünməz. Yaxşı bilirlər: bizim onlara xüsusi rəğbətimiz yox. NATO-ya isə biz yalvara-yalvara daxil olduq. Vəziyyət belə tələb edirdi. Başqa yolumuz yoxdu. Kommunist kabusu qulaqlarımızın dibində arınmaz-arınmaz haykırırdı. Türkiyəni xilas etmək missiyası hər məsələdən ucada dayanırdı. Ona görə bu addım atıldı.
“Evquran”da tanış olduğum gümrah, hələ “qocalmamış”, yaşlaşmağı hiss olunmayan keçmiş hərbçinin sözləri mənə çox ciddi təsir etdi və uzun müddət düşündürdü, 25 il sonra bu sətirləri yazanda da olduğu kimi xatırlandı.
Sovet üsul-idarəsi, kommunist ideologiyası Türkiyədən həqiqətən vahiməli kabus kimi görünürdü.
O illərdə Türkiyə SSRİ mətbuatında və təbliğatında “geri qalmış kapitalist ünsürü” sayılır, ən yaxşı halda – “inkişaf etmiş kapitalist ölkəsi hesab edilmirdi”. Dükanlardakı ağır çəkili qızıllara, brilliantlara, digər qiymətli daş-qaşlara, Vətən istehsalı olan çox çeşidli keyfiyyətli mallara, “hər addım başında bir bank cəftəsi”nə (səfərdən sonra yazdığım şeirin misrasıdır), tikintiyə, quruculuğa baxıram və düşünürəm: “Doğrudanmı bu, kasıb ölkədir? Bəs varlı ölkə necə olur? Vladimir mağazalardan söz salıb mənalı-mənalı mənim fikrimi soruşur. Deyirəm: – Hər şey – bol...
– Bu malı Moskvaya tökəsən – iki günə yox olar, – söyləyir Vladimir.
O illərdə həqiqətən beləydi. Özünü dünyanın super dövlətlərindən biri sayan ölkənin bazarında adi malların qıtlığı “ərşə dayanırdı”. Ankara dükanlarındakı malların əksəriyyəti Moskvada və bütün Sovetlər Birliyində “çox defisitlər” siyahısındaydı. SSRİ ilə müqayisədə yalnız Ankaranın dükanları dolu deyildi. Avropa ölkələrində Sovet səyyahlarının mağazalara necə “daraşdığını”, hər adi maldan çox dəst almaq üçün satıcıya necə yalvardıqlarını və çox vaxt sərt rədd cavabı aldıqlarını görəndə adam xəcalət çəkirdi.
(Ardı var)
HİDAYƏT
525-ci qəzet.-
2011.- 1 dekabr.- S.4.