Elçin
Hüseynbəyli: günümüzün nəsri
Birinci məqalə
Mən sovet dövründəki ədəbi
yaradıcılığı görmüşəm, ədəbi
prosesin nə olduğunun şahidi olmuşam. Ədəbi
proses təkcə bədii əsərlərin yazılması
deyil, bədii ədəbiyyatın ədəbi tənqidlə
qoşa yaşamasıdır; vaxtilə ədəbiyyat
cəmiyyətin gündəlik yaşantısının tərkib
hissəsi idi. Ədəbiyyatda “yaxşı nədir, pis nədir?”
sualına cavabda ədəbi tənqid oxucuya, geniş mənada
ictimaiyyətə – yuxarılara da, aşağılara da,
elitaya da, sıravi adamlara da yardımçı olurdu. Bədii ədəbiyyat mağazada
satılırdı – alırdılar, oxuyurdular, iki-bir,
üç-bir söhbətlərdə, ya xeyirdə-şərdə
insanlar oxuduqları haqda danışır, fikir mübadiləsi
edirdilər; Molla Nəsrəddin demişkən, oxuyanlar
oxumayanlara danışırdılar, oxumayanlar eşitdiklərini
görmək üçün tapıb oxuyurdular. Beləliklə,
ədəbiyyat ədəbi tənqiddən kənarda da təhlil
olunur, müzakirə olunurdu. Bunun hamısı bir yerdə ədəbi proses idi. İndi bu yoxdur. Bunun günahı
nə Anardadır, nə Yazıçılar Birliyindədir.
Bunun günahı bazar iqtisadiyyatındadır.
Bazar iqtisadiyyatı ədəbiyyatın, mədəniyyətin
qənimidir. Heç olmasa, Anar istedadda,
onun saflığında şəxsiyyətin orada
varlığı bir təsəllidir.
Ədəbi
proses dövründə ortaya çıxan bir cavan, yeni
şair, yazıçı dərhal görünürdü,
imzası izlənirdi, çünki mətbuat ancaq ədəbiyyat
sayılan əsərləri çap edirdi. Yazıçı-şair,
məlum məişət anlayışında, süzgəcdən
keçirilirdi. Çıxan kitab oxunurdu.
İndi kitab selinin içindəyik, ancaq oxumağa
kitab yoxdur. Yəni 100-200 kitabdan biri
oxunmağa layiqdir. Molla Pənah deyən kimidir:
imkanlılarda istedad yoxdur, istedadlılarda imkan. Kimin
imkanı var, kitab çap etdirir, istedad sahibləri də durub
bu kitab selinə tamaşa edirlər.
Bu şəraitdə, elə bilirsən, daha ədəbiyyat
yaranmır. Ancaq yox, yenə istedadlı ədəbiyyat var, yenə
istedadlı gənclər gəlir, sadəcə onların əsərləri
bu kitab selində boğulur. Bu prosessizlik
iyirmi ildən çoxdur ki, başlayıb. Bu ədəbi prosessizlik dövrünün istedadlılarından
biri Elçin Hüseynbəylidir.
Elçin ilk qələm nümunəsindən
özünü təqdim etdi. O da R.Rövşən, V.Önər,
M.Süleymanlı kimi ilk yazılardan “bu mənəm, gəlirəm”
dedi. İlk əsərini oxuyan onun
imzasını axtarmağa başladı.
Əlbəttə, yazıçının-şairin
bütün əsərləri bir səviyyədə olmur –
heç Füzulinin də, Sabirin də, Haqverdiyevin də. Və təbii
ki, Elçin Hüseynbəylinin də. Hekayələri,
povestləri, romanları – bir-birindən gözəl əsərləri.
Ancaq təkcə “Gözünə gün
düşür” hekayəsi ilə Elçin dünyaya, bəşəri
ədəbiyyata çıxa bilərdi. Bəzən
orda-burda gileylənənlər var ki, guya Qarabağ mövzusu
işlənmir. Havayı gileydir. Qarabağ mövzusunda, Qarabağ niskilindən
gözəl, həm də qeyri-adi gözəl poeziya və nəsr
nümunələri yaranıb. Biri də
Elçinin “Gözünə gün düşür” hekayəsi.
Bu hekayə Qarabağ müharibəsinin “Can nənə, bir
nağıl de” şeiri kimi bir hadisəsidir.
Elçinin hansı bir əsərininsə dilində
şivəçilik baş alıb gedir, hansındasa kitab
cümlələri ilə danışır. Bu hekayədə
dil də psixoloji dərinlik qədər nəhayətsiz
gözəldir. Elə bil yazanda Allah onun
qulağına deyib ki, diqqətli ol, bu, ayrı əsər
olacaq. O da Allahına qulaq asıb; doğrudan, bu nəsr
təsviri deyil, şeir emosiyası, həm də hər
cür şeir yox, məhz bayatı niskili ilə dolu bir dildir:
“Birtəhər (bu “birtəhər” sözünün faciə
məzmunlu dramını bu təsvirə qədər oxucu
yaşayıb – ona görə bu sözü adi “birtəhər”
kimi qəbul etmir; bu “birtəhər”in lüğətdəki
nominativ “birtəhərliyi” sonrakı təsvirin acısı
içində istiotlaşır – T.H.) özünə yol
aça-aça qarağacın yanına çatdı. Onun gövdəsini qucaqladı. Əvvəlcə
kövrəldi, özünü sındırmamaq
üçün ağlamadı, için-için göynədi.
Sanki axşamın onu eşidəcəyindən,
ağlamağına şahid olacağından qorxdu, axırda
içindəki hisslər bu qorxuya üstün gəldi və
hönkürdü... O, indi heç kimdən və heç nədən
qorxmurdu. Eləcə qarağacın dibinə
söykənib, hönkür-hönkür
ağlayırdı”.
Ümumiyyətlə, bu hekayənin içi bayatı
niskilidir, bayatı mövzusudur. Elçin vətən
haqqında deyilmiş bayatıların hamısını bir
yerə yığıb, ciyər yandıran həsrət
odlarından tonqal qalayıb bir nəhəng bayatını da
– bu hekayəni də o özü deyib. Lap çoxdan kimsə
bir nəfər, elindən uzaq düşmüş bu həkimin vəziyyətində olan bir torpaq
aşiqi, bir torpaq didərgini Allah bəndəsi həsrət
odunda yana-yana deyib: Ölməyə vətən yaxşı.
Elçin Vətən ideyasının, torpaq yanğısının,
Vətən məhəbbətinin nüvəsində öz kəndinə,
yüyrük-beşiyinin asıldığı ağacın
kölgəsindəki sərinliyə sevgisini görən bir Məcnun
obrazı yaratmışdır. Bu Məcnun əlli
üç yaşlı onkoloq-həkimdir. Bu
didərgin Məcnun sağalmaz dərdə tutulub, qorxur ki,
doğma kəndi erməni tapdağından qurtarınca
ölümü, onu haqlasın. Qərarlaşır
ki, ölüm ayağında kəndinə getsin, orada
atasının uyuduğu doğma məzarlıqda özü qəbrini
qazıb canını tapşırsın. Bir gün otuz
bir il bir yastığa baş qoyduğu
qadını yatağından qalxıb həyat yoldaşını
yerində görmür, onun dünyaya bir neçə dildə
yazdığı bəyanat – məktubunu tapır.
Bəyanatında yazır ki, kəndinə getmək,
bütün münaqişələrə e’tiraz əlaməti
olaraq, həyətlərində ağac əkmək istəyir. Bu Məcnun-həkimin
bəyanatı demokratiyadan, sülhdən dəm vuran
Böyük Dünya dövlətlərinin içi diplomatiya
hiyləsi ilə dolu bəyanatlarından güclüdür.
Çünki bu bəyanat gerçəkdir: bu Məcnun
sözünü deyib və “sülh ağacı”
adlandırdığı fidanı çantasına qoyub gizli
yollarla kəndinə üz tutur. Bu Məcnun sevgili kəndinin,
uşaqlıq xatirələrinin uyuduğu yerlərin
vüsalına can atır. O, eynən Füzulinin Məcnunu
kimi edir. Atası oğlunu Kəbəyə gətirir
ki, dua eləsin, yalvarsın ki, Allah onun dərdinə çarə
qılsın. Məcnunun dərdi Leylinin
eşqidir. Allah onu bu dərddən
qurtarırsa, demək, Leyliyə olan eşqi fənaya gedir.
Ona görə də Məcnun üzünü Kəbəyə
tutub deyir: Ya rəb, balayi-eşq ilə qıl aşina məni.
Az eyləmə inayətini əhli-dərddən,
Yəni ki, çox bəlalərə qıl mübtəla məni!
Elçinin Məcnunu da öz eşqinin
vüsal şirinliyinə qovuşmaq üçün “Ağrıkəsici
“Stadol” iynələri az götürmüşdü. Özü belə istəmişdi. Ağrılar çox olanda ölümü də
qarşılamaq asanıydı”. Burada
Allahın inayəti (yardımı) Məcnun-həkimin
ağrısını artırmaqdır. Ağrının
artması onun ölümünü
yaxınlaşdırır; o, kəndinə tez çatmaq
üçün bütün gücünü səfərbər
edir. Bu Məcnunun eşq vüsalı kəndində
ölməkdir. O, topladığı dollarla Almaniyada, ya
İsraildə müalicəyə gedə bilərdi. Ancaq Məcnunluq
duyğusu onu yolundan çıxarmışdı:
dollarını erməni zabitinə rüşvət verir ki,
atasının məzarı yanında ölməsinə imkan
versin.
Bu Məcnun
öz prezidentinin “erməninin ağlı özünə getməsin
ki, günü harda xoş keçsə, ora vətən desin”
sözünün gerçəkliyini əyani göstərmək
üçün ölməyə gedir; uşaqlıq xatirələrinin
işığında, dünyaya gələrkən udduğu
havanı son nəfəsində də udmaq üçün,
gedişindəki acı aqibətin şirinliyinə (bəlayi-eşqin
inayətinə) doğru yola düşür. O,
sözünü tutmayan Dünya Böyüklərinin
acığına ölümə gedir – işğal
olunmuş ana torpağının haqqında özlərinin
çıxardıqları ədalətli qərarlara
BÖYÜK DÖVLƏTlərin özlərinin laqeydliyi ilə
bağlı İctimai televiziyanın gündə neçə
kərə hayqırdığı nidanı eşitməyən
qulağıkarların gözləri qabağında
ölümə gedir. Dünya ədalətsizliyinə
bundan güclü etiraz yoxdur. Yazıçı
bədii düşüncəsinə, emosional süjetinə
nümayişkaranə, güclü siyasi məzmun yükləmişdir.
İndi bu Məcnun Leylasının gerçək
vüsalı ilə üz-üzədir – vüsal sevincinin, bəlayi-eşq
inayətinin, yəni ölümünün bir
addımlığındadır. Ancaq bu Məcnun sadəcə
ölmək istəmir, “ölümü ayıq başla
qarşılamaq istəyir”. O, ruhsuz, hissiz, düşüncəsiz
ölmək istəmir. Düşünə-düşünə,
ölümünü yaşaya-yaşaya, kəndini,
uşaqlıq xatirələrini, ailəsini gözlərinin
önündə canlandıra-canlandıra ölmək istəyir;
cismən və ruhən əzilmiş, yadelli tərəfindən
təhqir edilmiş olaraq yox, bu dünya ilə vidalaşıb
ölmək, bir vətəndaş kimi, vətənin
havasını rahat uda-uda, Nazim Hikmət demişkən
dadını çıxara-çıxara, günəşini
görə-görə birdən gözlərini qapayıb,
Orxon-Yenisey dastanlarında deyilən kimi Allahın dərgahına
UÇMAQ istəyir. O məhz səhər dan yeri söküləndə,
günəşin işığı gözlərinə
düşəndə bu işığı gözlərinə
doldurub kirpiklərini bağlamaq istəyir. Səhər
doğan günəş onun yurdunun sabahıdır. Yazıçı bu ideyanı bir şair kimi, bir
şeir kimi rəmzləşdirir. Elçinin
Məcnunu vətəninin diriliyinə inanaraq, bu diriliyi xəyalında
yerləşdirərək bu dünyasından arxayın
ayrılmaq, Tanrının ucalığından yurdunun
işığına baxmaq istəyir. Yazıçı
bu kədərin, ağının melodiyası ilə, torpaq
niskili ilə yaşayan oxucusuna ümid aşılayır.
Bəli, mərmi ilə atasının
oyulmuş məzarında uzanan Məcnunun gözünə
yeni doğan günəş işıq salır, hətta
gözünü qamaşdırır. Və
kamına çatmış bu Məcnun gözünü
ovuşdura-ovuşdura dünyasını dəyişir – Atilla
kimi, Alp Ər Tonqa kimi, Kül tiqin kimi açıq alınla,
başıucalıqla Tanrısının hüzuruna
uçur.
Yazıçı
inandırır ki, Füzuli düz deyib: Sürdü Məcnun
növbətin, indi mənəm rüsvayi-eşq, Yaxşı
derlər: Hər zaman bir aşiqin dövranıdır. Yə’ni bu günün Məcnunu bizim
gördüyümüz həkim-onkoloqdur. Cəmiyyətin həmişə
Məcnuna ehtiyacı var. Yazıçı oxucusunun
düşüncəsində Nazim Hikmətin misralarını
özünəməxsus şəkildə improvizə elətdirir:
Sən də belə olsan, mən də belə olsam – biz belə
olsaq, dünya bizi eşidər. Bu hadisə
mexaniki baş vermir, bir hövsələsizlik, qeyri-ixtiyari bir
addım deyil. Bu insan xeyli hazırlıq
keçib, özünü Məcnunluğa hazırlayıb; hətta
onun qadını da bilirdi ki, bu, nə vaxtsa, baş verəcək.
Hazırlıq belə gedib ki, indi bu Məcnunun
beynəlxalq qoruyucuları var; o, internetdə özünü
elan edib və hətta indi erməni zabiti özlərini
dünyada rüsvay etməmək üçün onu
öldürə bilməz. Elçinin Məcnunu
dünyanın qarşısında şərt qoyur: qəbrini
özü qazmalıdır, dan üzü, günəş
üfüqdən çırtlayanda və ayıq başla
ölməlidir. Əslində bu, Məcnunluğa
siyasi məzmun yükləyir – bu, Mənsurluqdur, Nəsimilikdir.
Bu Məcnunluq yeni qəhrəmanlıq tipidir: onun ən qədim
adı Atillaçılıqdır, sonrakı adı sovet
ittifaqı qəhrəmanıdır və əlbəttə,
bugünkü ismi şəhidlikdir.
Bu Məcnun
– şəhidin qadını da ədəbiyyatımız
üçün yeni obrazdır. Ərinin məktubu
əlindədir. Məktubdan ərinin nəfəsi,
hənirtisi gəlir. Məktubu öpür
– axı ərini son dəfə bu məktub
görmüşdü. Bu qadın haray
salar, həşir qoparardı, hələ yasaq zonasına
çox yol var, şər qarışmamış, hava
qaralmamış ərini ona qaytarardılar. Ancaq o, ərinin ideyasına xəyanət etmir, ərinin
məsləkinə hörmət edir – əri öz
“ölümünü işğal altında olan kəndlərində
qarşılamaq istəyirdi”. Vahidin misrası yada
düşür: “Demə Məcnuna dəli, bəlkə də
Leyla dəlidir”. Bu xanım sovet ədəbiyyatındakı
müsbət kommunist qadın obrazı deyil. Bu xanım, bu Leyla, bir tərəfdən,
nağıllarımızdakı ərinin məsləkdaşı
qadındır; o biri tərəfdən, bu günün siyasiləşmiş
Leylasıdır. O, evində şivən qoparıb, ərini
qaytartmaq əvəzinə, ərinin məktub-bəyanatını
internetə verir, neçə illərdən bəri evində,
gözünün qabağında, onunla məsləhətləşə-məsləhətləşə
hazırlanmış “planın” gerçəkləşməsinə
şərait yaradır; Makedoniyalı İsgəndərin
anası kimi, çiyinlərində dərd yükünün
ağırlığı, ələm içində, həm
də qürurla ürəyində “vətən sağ olsun”
deyə-deyə ölümün soyuq nəfəsi alnına dəyən,
“bəlayi-eşqin inayətinin” – müqəddəs sevincinin əlindən
bərk-bərk yapışan, ancaq hələ ölməmiş
ərinin təziyəsini təşkil edir. Və
hələ ölməmiş əri ruha dönüb öz yas
mərasiminə tamaşa edir. Bu, Füzulininkindən fərqli
dastandır: burada Məcnun Leylasından əvvəl axirətə
– Haqqa qovuşur (inşallah, o gün gələr ki,
Leylası da ərinin yanında dəfn olunar. Amin!).
Ona görə də bu dastanın adı “Leyli və
Məcnun” deyil, “Məcnun və Leyli”dir – bu, Elçinin
dastanıdır.
Bu dastan-hekayə bu günümüzün gerçəkliyidir. Burada
“çayxana əhli”də var, Məcnunla yanaşı
keçəl həmzələr də var. Bu təzadın
qabartısında yazıçının Məcnunluğa
çağırışı daha effektli görünür.
Hekayə-dastan mükəmməl kompozisyon sənətkarlığı
ilə diqqəti çəkir. Psixoloji şirəyə
çəkilmiş, canına psixoloji hava hopdurulmuş təsvirlər,
ifadələr var. Həkim gecənin sükutunu dinlərkən
bir xışıltı gəlir. Nə ola
bilər? Ağlına bu da gəlir ki, bu boş, kimsəsiz
yerlərdə quduzlaşmış itlər dolaşırlar:
“Sahibini itirmiş itlər qəzəblərindən vəhşiləşirlər.
Sahiblərinin onları atıb getmələrini
bağışlamırlar və öz sədaqətlərini
belə ucuz tutanlarla barışmırlar”. Yazıçı təbiətin psixoloji təhlilini
verir. Təbiəti vəhşiləşdirən
cəmiyyətdir. Dünyanın
uluslararası ədalətsizliyi, buyurun, itləri də
halından çıxarır, quduzlaşdırır. Bu
kədərli təsvirdəki acılıq hər
köçkünün damarında dolanır: “Kimsəsizlik hər
tərəfə hakim kəsilmişdi. O düşündü
ki, bir azdan buralar tamam itəcək. İllər
keçəndən, bu kəndin yaşıdları
dünyasını dəyişəndən sonra hər şey
yaddan çıxacaq. Kəndlilərindən heç kim, hətta nəvə-nəticələri də
öz yurd-yuvasını, qonşusunu tanımayacaq”. Və ən dəhşətlisi də budur ki, “xatirələr
də qalmayacaq. Deməli, keçmiş
olmayacaq”. Allah, sən saxla, keçmiş
olmayacaq – bu, tarix deməkdir. Hər cümlənin
arxasında bir tablo var, bu tablonun da içində bir bayatı
məzmunu, ağı iniltisi var. Biri bu: “Günəş qoca və
əldən düşmüş ilan kimi qüruba tərəf
sürünürdü”. Sual edən tapılar:
işıqlı günəş niyə ilana bənzədilir?
Axı bu həkim özü işıqlı məsləki
ilə qürubdakı niyyətinə sözün müstəqim
mə’nasında taqətdən düşmüş bədəni
ilə sürünür – deməli, təşbeh yerindədir.
İndi onun kövrəlməyə,
için-için göynəməyə halı yoxdur; o, indi
enerjisini dağıda bilməz – kövrəlməyə,
için-için göynəməyə sərf etdiyi
enerjisini toplayıb sürünməyə sərf etməlidir.
O, bütün mə’nəvi yaşanışını fiziki
gücə çevirib sürünməlidir. Elçin dili
şeirin qafiyələri kimi sistemləşdirir, sözün
də, səsin də dəqiq təyinatı var. Bu
için-için göynəmək Məcnun – Füzulinin
ürək odunun qığılcım şəklində
gözündən tökülməsinə bənzəyir: “Ləhzə-ləhzə
könlüm odundan şərərlərdir çıxan, Qətrə-qətrə
göz tökən, sanmın, sirişkim qanıdır”. Həkim ürəyinin odunu
qığılcım-qığılcım gözündən
tökmür, o odu güc kimi içində saxlayıb
atası yatan məzarlığa sürünür.
Hekayənin
ilk və son cümləsi eynidir: “Gözünə gün
düşür”. Başlanğıcda bu cümlədən
sonra həkimin qoyduğu məktubun ilk cəmləsi gəlir:
“Bu nə zamansa baş verməliydi...”. Sonda isə bu cümlədən sonra üç
nöqtə qoyulur. Deməli, üç nöqtənin
yeri həmin məktubun məzmunudur, deməli, ölərkən
onun ağlı başında idi və beləcə arzusuna
çatır: günəşin işığında,
ağlı başında, huşu özündə,
düşünə-düşünə, xəyal içində
romantik bir ölümlə ölür. Mətlə
ilə məqtənin, başlanğıcla finalın, bu uzun təhkiyə
arasının belə əlaqələndirilməsi
böyük ustalıqdır, uca sənətkarlıqdır.
Və bu da odur ki, yazıçı öz süjetini oxucusunun
gözündə bir bütöv kimi canlandırır, bir
bayatı kimi səsləndirir və göstərir:
bayatının birinci və dördüncü
misralarının arası necə görünürsə, bu
hekayə – dastanın da ilk və son cümlələrinin
arası elə görünür.
Bu süjetdə Azərbaycan xalqının etnik
psixologiyası çox tipik şəkildə ifadə
olunmuşdur.
Bu əsər müxtəlif dillərə
çevrilməli, saytlara köçürülməli,
bütün dünyaya çatdırılmalıdır.
Dövlətimizin beynəlxalq siyasəti burada
obrazlarla çox dolğun verilir.
Elçin yaradıcılığı
günümüzün nəsr üslubudur. Nəsrdə
kiçik hekayənin xüsusi yeri var. Oxucunun özü də
kiçik hekayələrə meyillidir. Həmişə
belə olub, bu gün sürət əsrində bu meyil daha da
artıb. Ona görə də Elçin
oxunur, onu hövsələsiz oxucular da oxuyurlar. O
kiçik hekayələrin ustasıdır. Əlbəttə,
söhbət sadəcə həcmdən getmir. Ustalıq azın içində çox söz deyə
bilməkdədir. Onun təhkiyəsində
bədii-estetik cazibə ilə yanaşı, həyat,
mühit, cəmiyyət haqqında müasir bilik, məlumat
verilir. Bu, müasir oxucu zövqünə
cavab vermək deməkdir.
Elçin motivlərində də, dil – ifadə tərzində
də yenilikçidir. Bu fakt bitkin üslub gerçəkliyidir.
Tofiq HACIYEV
525-ci qəzet.-
2011.- 2 dekabr.- S.7.