XIX-XX əsrin əvvəllərində ermənilərin Gürcüstana kütləvi axını

 

 

Qara dəniz ilə Xəzər dənizi arasında yerləşən Gürcüstan Cənubi Qafqazın ən mühüm strateji mövqeyə malik səfalı bölgələrindən biridir. Məlum olduğu kimi, Şimaldan-Cənuba, Şərqdən-Qərbə uzanan mühüm ticarət və komunikasiya yolları üzərində yerləşən Gürcüstan tarixin müxtəlif dönəmlərində buya digər şəkildə yadelli işğalçıların qəsbkar hücumlarına məruz qalıb, ölkənin yeraltı və yerüstü sərvətləri talanıb. İşğalçı qüvvələr bununla kifayətlənməyərək, burada möhkəmlənmək və uzun müddət qalmaq üçün bir sıra addımlar atmaq məcburiyyətində qalıblar. Müxtəlif ərazilərdən bura çoxlu sayda xalqların köçürülməsini daha məqsədəuyğun hesab edən işğalçılar bu mənfur siyasəti XIX-XX əsrlərdə də davam etdiriblər. Belə ki, bir sıra qaynaqlarda müxtəlif vaxtlarda ərəblərin, səlcuq türklərinin, monqolların, rusların, ermənilərin, kazakların bura köçürülməsi ilə bağlı məlumatlara rast gəlmək mümkündür. Qeyd etmək lazımdır ki, bu proses davamlı xarakter alıb və mərhələlərlə həyata keçirilib.

Məlum olduğu kimi, XIX əsrin əvvəllərində Çar Rusiyasının xarici siyasəti qarşısında duran ən mühüm məsələlərdən biri Qafqazın ilhaqı ilə bağlı idi. Xüsusilə Qara dəniz hövzəsində möhkəmlənmək üçün Çar Rusiyası ilk növbədə Kartli-Kaxetiya çarlığına son qoymaq niyyətində idi. Bununla bağlı müxtəlif planlar işlənib hazırlandı. Nəhayət, 1783-cü il iyunun 24-də Georgiyevski traktatı ilə (Şimali Qafqaz) Kartli-Kaxetiya çarlığı Rusiya dövlətinin “himayəsini” qəbul etdi. İşğalı davam etdirən rus hökuməti 1801-ci ildə Şərqi Gürcüstanı da ilhaq etdi. Bura general Lazarevin başçılığı altında ilk erməni ailələri köçürülməyə başlandı. Belə ki, 1807-1808-ci illərdə Tbilisinin ətrafına və Havlabar mahalına 338 erməni ailəsi (1906 nəfər) köçürüldü. 1809-1811-ci illərdə Qarabağdan Bolnisiyə 428 erməni ailəsi (2140 nəfər) köçürüldü. Məlumat üçün qeyd etmək lazımdır ki, ermənilərin bura köçürülməsində general Lazarev fəal rol oynayıb. Bəhs olunan dövrdə İran və Osmanlı imperiyasından bir neçə min erməni Şəmşəddilə (Loruya), Abxaziyaya köçürüldü. Köçürülən ermənilərin sosial tərkibi əsasən tacir və sənətkarlardan ibarət idi. Çar Rusiyası erməni tacirlərinə hərtərəfli himayədarlıq edirdi. Çünki Rusiya Asiya xammallarını onların vasitəçiliyi ilə alır, rus məmulatlarını isə İran və Türkiyənin geniş bazarına çıxarırdı. Bundan sonra bölgədə maraqları toqquşan Rusiya, İran və Osmanlı imperiyası arasında münasibətlər daha da gərginləşdi. Bu zaman Rusiyanın əsas vəzifəsi cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək idi. Hökumət bu problemi İran və Türkiyə sərhədləri yaxınlığında “ən sadiq” xalqı məskunlaşdırmaqla həll etmək niyyətində idi. Belə ki, onlar cənub sərhədlərini qorumaqla yanaşı, həmçinin dövlətin sərhədlərini qoruyan ordunu saxlamaq üçün istifadə edilən külli miqdarda xərclərdən azad ediləcəkdilər. General Paskeviç 1827-ci il noyabrın 4-də 80 minmalorus kazakları”nın İran sərhədləri yaxınlığına köçürülməsi ilə bağlı təkliflərini baş qərargaha göndərdi. O, hökuməti inandırmağa çalışırdı ki, kazakların bura köçürülməsi hər bir cəhətdən sərfəlidir. Müntəzəm ordu hissələri yerinə sərhədləri hərbi kazak yaşayış məntəqələri qoruyacaqdı. Onlar yerli əhali arasında rus adət-ənənələrinin, yaşayış tərzinin və təsərrüfatçılığının tətbiq edilməsinə imkan yaradacaqlar ki, bununla da bu əyalətlərin Rusiya ilə birləşdirilməsi mümkün olacaq. Belə ki, 1828-ci ildə rus-türk müharibəsində Çar Rusiyasının qalib gəlməsi hərbi kazak qəsəbələrinin Samtsxe-Cavaxetiyaya köçürülməsinin daha məqsədyünlü olması barəsində hökumət qarşısında məsələ qaldırdı. Lakin 80 minmalorus kazakları”nın bura köçürülməsi bir sıra iqtisadi və digər xarakterli çətinliklərlə əlaqədar idi. Buna görə də çar hökuməti bu böyük plandan imtina etdi. Trialetə və Cavaxetiyaya Türkiyədən ermənilərin köçürülməsinə başlanıldı. Köçürülməni tam təhlükəsiz şəraitdə həyata keçirmək üçün 1829-cu il dekabrın 3-də general Paskeviç tərəfindən Xüsusi Köçürmə Komitəsi yaradıldı. Komitəyə mülki qubernator Zavilyevski sədrlik edirdi. Komitə Köçürmə Əsasnaməsini işləyib hazırladı. Komitənin ilk hesablamalarına görə Qars, Ərzurum və Bəyazid vilayətlərindən Gürcüstana 8 min erməni ailəsi köçürülməli idi. Lakin köçürülmə başlanandan sonra ailələrin miqdarı 14 minə çatdı. Tanınmış gürcü alimi Quram Marxuliyanın fikrincə əvvəlcədən müəyyənləşdirilmiş ərazilərə belə sürətlə ermənilərin köçürülməsi Qafqazda ümumrus işinin əsas prioriteti olub regionun etnik mənzərəsini erməni miqrantları hesabına dəyişdirməkdən ibarət idi. Belə ki, bəhs olunan dövrdən erməni əhalisi yerli gürcü əhalisini üstələməyə başlamışdı. Xüsusilə Çar Rusiyası Türkiyə tərəfdən gələn çoxsaylı erməni ailələrini yerli əhali ilə birlikdə Axalkalaki quberniyasında məskunlaşdırmaqda idi. Ermənilərdən fərqli olaraq yerli gürcü əhalisi daha çox balaca talalarda, kəndlərdə yaşayırdılar. Göründüyü kimi, Çarizmin siyasi məqsədi Gürcüstanda etnik rəngarənglik yaratmaq idi.

XIX əsrin 30-cu illərində Çar Rusiyasının Gürcüstanda həyata keçirdiyi etnik-milli təmizləmə siyasəti heç bir maneəyə rast gəlmədən davamlı şəkildə həyata keçirilirdi. İran və Osmanlı imperiyasının müxtəlif şəhərlərindən Gürcüstanın şəhər və qəsəbələrinə köçürülən erməni ailələri dinc şəraitdə məskunlaşmaqda idilər. Bununla yanaşı Gürcüstandakı müsəlman gürcülərin gələcək taleyisual altına düşmüşdü. Belə ki, ölkənin Samtsxe-Cavaxetiya, Axalsıx və Axalkalaki bölgələrində yaşayan müsəlman gürcülərin öz yurd-yuvalarından departasiyası planı da işlənib hazırlandı. Bununla əlaqədar olaraq yerli əhalini buna hazırlayan gizli xəfiyyə qrupları da yaradılmaqda idi. Onlar yerlərdə müvafiq təbliğat işi aparır, guya yaxın vaxtlarda müsəlman gürcülərin zor gücünə xristianlaşdırılacağı haqqında hökumətin yanlış tapşırıqlarını yerinə yetirirdilər. Müsəlman gürcülərin Osmanlı imperiyasına köçürülməsi üçün dövlət büdcəsindən külli miqdarda vəsait də ayrılmışdı. 1829-1830-cu illərdə Samtsxe-Cavaxetiyadan 35 min müsəlman gürcü Osmanlıya köçürüldü. Nəticədə Axalsıx müsəlman gürcülərdən tamamilə təmizləndi. Köçürülən gürcülərin yerinə müxtəlif ölkələrdə yaşayan erməni ailələri köçürülürdü. Məlumat üçün qeyd etmək lazımdır ki, 1828-1830-cu illərdə Cavaxetiyanın əsas sakinlərinin 90%-ni gürcülər təşkil edirdi. Bu illər ərzində Rusiya imperiyası Türkiyədən öz məkirli əməllərinə görə qovulmuş erməniləri Gürcüstan torpaqlarında yerləşdirdi. Həmin illərdə bölgəyə 40 mindən artıq erməni ailəsi köçürüldü. Bundan sonra ermənilərin sayı nahiyədə, zorla çıxarılmış gürcülərin sayını üstələdi. Tanınmış gürcü alimi Bondo Arveladzenin gikrincə belə davranışın alt qatında siyasi baxışlar dururdu: ilk növbədə Cavaxetiyada yaşayan yerli aborigen xalqları-gürcüləri və türkləri (burada azərbaycan türkləri nəzərdə tutulur-T. C) sıxışdırıb bu bölgədən çıxarmaq, ermənilərin nahiyədə sayını artırmaq.

XIX əsrin I yarısnda Osmanlı imperiyasından Gürcüstana köçürülən katolik ermənilərin əksəriyyəti daha çox Axalkalak, Axalsıx, Azqur, Xertvis və digər yerlərdə məskunlaşdırıldı. Bu illərdə Axalkalak və Axalsıx əhalisinin əksəriyyətini ermənilər təşkil edirdilər. Bununla yanaşı Samtsxe-Cavaxetiya bölgəsi digər ərazilərə nisbətən sürətlə erməniləşməkdə idi. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, 1800-cü ildə ermənilərin Gürcüstanda sayı 47 min, Samtsxe-Cavaxetiyada 37 min, 1832-ci ildə Gürcüstanda 84 min, Samtsxe-Cavaxetiyada 65 min, 1865-ci ildə Gürcüstanda 122 min 600, Samtsxe-Cavaxetiyada 86 min, 1886-cı ildə Gürcüstanda 172 min 900, Samtsxe-Cavaxetiyada 122 min 600, 1897-ci ildə Gürcüstanda 197 min, Samtsxe-Cavaxetiyada 141 min 500 nəfər idi. Ümumilikdə Gürcüstanda ermənilərin sayının sürətlə artmasını ərazinin əlverişli coğrafi mövqeyi ilə yanaşı bölgənin Qara dənizin sahillərində yerləşməsi ilə də əlaqələndirmək olar. Qaçqın ermənilərin daha çox Qara dəniz sahilboyu ərazilərində məskunlaşdırılması və Samtsxe-Cavaxetiya bölgəsinin xüsusilə Ermənistandan Qara dənizə açılan dəhliz rolunu oynaması bütövlükdə Çar Rusiyasının məqsədyönlü və gələcəyə hesablanmış mühüm strateji planı idi.

XIX əsrin 80-90-cı illərində Çarizminin Gürcüstana demoqrafiq eksponsiyası daha da gücləndi. Məlum olduğu kimi, 1877-1878-ci illər rus-türk müharibəsi nəticəsində məğlub olmuş Osmanlı hökuməti ermənilərə güzəştə getməyə başladı. Bundan lazımınca faydalanan ermənilər yeni müharibə ocağının alovlanmasından ehtiyat edərək onların qonşu Gürcüstana köçürülməsi ilə bağlı çara mürtaciət ünvanladılar. Nəticədə hökumət 1897-1902-ci illərdə Gürcüstana təxminən 55 min ermənini köçürməyə müvəffəq oldu. Bununla Tiflisdə ermənilərin sayı 47,6 mindən 124,9 minə qədər çoxaldı ki, bunların da təqribən 68 mini yeni gələnlər idi.

XIX əsrdən fərqli olaraq XX əsrin əvvəllərində Çar Rusiyasının ermənilərə olan münasibəti tamamilə dəyişməkdə idi. Belə ki, bəhs olunan dövrdə Rusiya imperiyasının müxtəlif yerlərində inqilabi şəraitin baş verməsi və bundan da öz maraqları üçün istifadə etməyə çalışan ermənilər daha çox qərbə meyilli siyasət yeritməyə başladılar. “Erməni məsələsi”ni qabartmağa çalışan qərb hakim dairələri bu minvalla ermənilərə bir sıra şirnikləndirici vədlər verməkdə idilər. Məhz qərbin bu siyasətini həzm etməkdə çətinlik çəkən Çar Rusiyası erməniləri cəzalandırmağa başladı. İlk dəfə olaraq 1903-cü il iyunun 12-də Rusiyada dövlət müəssisələrinin ixtiyarında olan erməni-qriqoryan kilsəsi əmlakının idarə olunması haqqında imperatorun sərəncamı dərc olundu. Məlum sərəncama uyğun olaraq erməni-qriqoryan kilsəsindən kilsə əmlakı alındı. Onun özünü idarəetmə üsulu məhdudlaşdırıldı.

XIX əsrin sonu-XX əsrin əvvəllərində isə Gürcüstanda artıq mövqeləri güclənməkdə olan varlı erməni ailələri meydana gəlməkdə idi. Onlar daha çox gürcü torpaqlarını dəyər-dəyməzinə alır və bura İrandan, Rusiyadan və Türkiyədən çoxlu sayda erməni ailələrini köçürürdülər. Bu barədə V. L. Veliçko yazırdı: “Gürcü torpaqları son dərəcə tezliklə əriyir. Ayrı-ayrı Mantaşevlər, Aramyantslar, Arafelovlar, Makaryantslarbaşqa erməni varlıları gürcü torpaqlarını dəyər-dəyməzinə alırlar və Türkiyə mühacirlərini orda yerləşdirirlər. Bütün kilsələr ermənilərin əlindədir”. Göründüyü kimi, ermənilərin gürçü torpaqlarına köçürülməsi iki mərhələdə həyata keçirilməkdə idi. Əsrin əvvəllərində bu işi yüksək çinli rus generalları həyata keçirirdilərsə, əsrin sonlarında artıq burada möhkəmlənmiş və yenicə yaranmış varlı erməni maqnatları bu işin öhdəsindən lazımınca gələ bilirdilər.

Qeyd etmək lazımdır ki, gürcülərin əlindən dəyər-dəyməzinə alınan torpaqların rəsmiləşdirilməsi prosesi gizli şəkildə həyata keçirilirdi. Belə ki, burada tayfalararası münaqişənin alavlanacağından ehtiyatlanan ermənilər prosesin tədricən aradan qalxacağına ümid bəsləyirdilər. Bu haqda V. L. Veliçko yazırdı: “ermənilər özlərinin bütün sənədlərini açıq-aşkar göstərməyə və torpaq sahəsində özlərinin tayfalararası məsələlərini aradan qaldırmağa hələ də cəsarət etmirlər. Onlar gürcü ictimaiyyəti arasında ümidsizlik partlayışından qorxurlargüman edirlər ki, rus hökuməti kəskin böhran nəticəsində Qafqaz işlərinə daha yaxından, diqqətlə baxacaqlar”.

Uzun müddət gürcü torpaqlarında olduqca ehtiyatla davranan ermənilər bu dövrdə demək olar ki, çoxlu sayda problemlərin həllinə müvəffəq oldular. Məhz bəhs olunan dövrdə Gürcüstan ərazilərinə 200 mindən artıq erməninin köçürülməsi və dinc şəraitdə məskunlaşdırılması dediklərimizi bir daha təsdiq edir. Daha çox Qara dənizin sahilboyu ərazilərində məskunlaşan ermənilərin müəyyən bir qisminin yerli şəraitdən asılı olaraq varlanması və bu zümrənin yoxsul erməni ailələrinə vaxtaşırı yardımları sayəsində burada qısa bir müddətdə erməni diasporunun ilkin rüşeymləri yaranmağa başladı.

 

Taleh CƏFƏROV  

525-ci qəzet.- 2011.- 2 dekabr.- S.6.