“Təhsil və səhiyyə işçilərinin əməkhaqlarının artırılması daim gündəmdə olan məsələdir”  

Müsahibimiz siyasi elmlər doktoru, parlamentin  Sosial-siyasət komitəsinin sədri Hadi Rəcəblidir

 

– Azərbaycan sosial rifah dövləti quruculuğu yolunda inamla irəliləyir. Xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan mərhələlərlə və səmərəli istifadə edilir.Mərhum Heydər Əliyev dühasının başladığı ağrılı, bütün dövrlər üçün çətin olan sosial islahatlar uğurla, sistemli şəkildə həyata keçirilir və populizmdən uzaq real imkanlara söykənən artımlarla müşahidə olunur. Sosial müdafiənin modernləşmiş möhtərəm prezidentimiz İlham Əliyev modeli artıq onlarla dünya dövləti üçün örnək olmuşbu təcrübə maraqla öyrənilir.

Bütövlükdə, dövlət büdcəsinin 28 faizini sosial xərclər təşkil edir. Ümumilikdə isə, növbəti ilin büdcəsi sosialyönümlü, investisiya tutumlu və ehtiyatlı büdcədir. Əlbəttə ki, burada büdcənin ehtiyatlı olması da önəmlidir. Çünki bəzən elə proqramlar nəzərdə tutulur ki, onlar bu gün üçün vacibdir. Nəzərə alsaq ki, Azərbaycanın dövlət büdcəsi son 10 ildə ardıcıl olaraq 20-25 faiz civarında artıb, onda inkişafın nə dərəcədə böyük olduğunu aydın şəkildə görürük. Təxminən 20 il əvvəl 1 milyard dollarlıq büdcə ilə 28 faiz sosial məqsədlərə ayrılırdısa, onun həcmi indiki ilə müqayisədə xeyli azdır. Bu gün 20 milyard dollarlıq büdcə ilə 28 faizlik vəsaitin nə demək olduğu hər birimizə aydındır. Ehtiyatlı büdcə məsələsini həm də o baxımdan deyirəm ki, biz bir vaxtlar sosial məqsədlərə xidmət edən investisiya ayırmalarını daha böyük həcmdə edirdiksə, indi o sürət lazım deyil. Yəni məktəblərin, tibb ocaqlarının və s. əvvəlki sürətlə tikintisinə ehtiyac yoxdur. Çünki ötən illər ərzində bu işlər sürətlə həyata keçirilib. Bütövlükdə isə hesab edirəm ki, dövlət büdcəsinin baş məqsədi insanlara xidmət etməkdir.

– Ümumiyyətlə, büdcədə sosialyönümlü xərcləri necə səciyyələndirirsiniz?

– Azərbaycanın 2012-ci il büdcəsinin 10,1 faizi bilavasitə sosial müdafiəyə ayrılıb. Yəni, buraya əlillərə, o cümlədən Qarabağ əlillərinə müavinətlərin verilməsi, sosial reabilitasiya məsələləri, ünvanlı sosial yardımın verilməsi və digər məsələlər daxildir ki, bu da büdcənin böyük hissəsini özündə ehtiva edir. Azərbaycanda 488 min əlil var ki, bunun da təxminən 55 mini uşaqlardır. Bütün qrup əllillərə də sosial müavinətlər verilir. Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, büdcədə gələn il üçün 800 milyon manat yalnız əməkhaqlarının artırılmasına ayrılıb. Məsələn, təhsil və səhiyyə işçilərinin əməkhaqlarının artırılması daim gündəmdə olan məsələdir. Gələn ilin büdcəsində səhiyyəyə ayrılmış vəsait 600 milyon manatdır. Bu da cari ilin göstəricisindən təxminən 55 milyon manat (10 faiz) çoxdur. Həmçinin, sosial müdafiə, sosial təminat xərclərinə ayrılan vəsait təxminən 1 milyard 800 milyon manatdır. Halbuki, cari ildə bu göstərici 1 milyard 300 milyon manat təşkil edir. Bədən tərbiyəsi idmana ayrılan vəsait bu il 26 milyon manat idisə, gələn il bu göstərici 57 milyon manat olacaq. Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bu il ilə müqayisədə gələn il 46 faiz çox vəsaitin ayrılması nəzərdə tutulur. Bütün bunlar çox böyük artımlardan xəbər verir. Bu da çox önəmli sevindirici haldır.

– Son illər ölkəmizdə pensiya islahatları həyata keçirilməkdədir. Bu islahatlar onun nəticələri Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsində hansı formada öz əksini tapır?

– 2012-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 2 milyard 454 milyon 300 min manatdır. Bunun da çox böyük hissəsi, təxminən 1 milyard 44 milyon 300 min manatı dövlət büdcəsindən transfertdir. Dövlət büdcəsi ona görə bu vəsaiti ayırır ki, bizim Sosial Müdafiə Fondunun formalaşmasından əvvəlki insanlarımız da pensiya almalıdırlar. Bildiyiniz kimi ötən il pensiya islahatları həyata keçirildi, 800 min insanın pensiyası təxminən iki dəfə artdı. Bunun üçün büdcədən 400 milyon manat vəsait tələb olunur. Eyni zamanda, iki rəqəmi xüsusi vurğulamaq istəyirəm. Birincisi, dediyim kimi pensiya ödənişlərinin artımıdır. İkincisi isə, sığorta olunanların sanator-kurort xərclərinə ayırmaların həcmi gələn il 15,660 milyon manat nəzərdə tutulub ki, bu da son üç illə müqayisədə iki dəfə yarım, əvvəlki illə müqayisədə isə 2,5 milyon manat çoxdur.

 

VAHAB

525-ci qəzet.- 2011.- 2 dekabr.- S.5.