Biz Azərbaycandanıq!
Qürbətdə
olan sərvətim...
Londona gəldiyim gündən
bu şəhərin tarixi
yerlərini, zəngin muzeylərini, böyük
şəxsiyyətlərin dəfn olunduğu
Westminster abbatlığını görməyə
tələsirdim. Ancaq mənim ücün yeni olan mühit, universitet həyatına uyğunlaşma
prosesi, kitabxanalarda kecitdiyim zaman çoxluğu elə bir
gərginlik yaratmışdı ki, Londonu arxayın gəzmək arzum
bir növ arxa plana keçmişdi.
Düzdür, ilk gəldiyim
günlər turist avtobusu
ilə şəhər turuna
cıxmışdım. Məşhur Biq-ben-i, Madam Tüssonun mum fiqurlar muzeyini görmüşdüm.
Hətta,
nə gizlədim, hər bir gənc
qız kimi Regent stritdə yerləşən
mağazalara biqanə
qalmayıb, bir neçə məşhur
ticarət mərkəzində
alış-veriş də
etmişdim. Lakin
elə bu qədər...
“London burada-mən burada”,
fikri ilə razılaşıb tələbə
həyatının qayğıları
ilə yaşamağa
başlamışdım. Birdə Bakı
və doğmalarım
ücün cox darıxdığımdan azacıq
vaxtım olan kimi skype –dan
uzaqlaşmırdım. Ümumiyyətlə, müxtəlif şəhərlərə
səyahət etməyi
çox sevirəm.
Hər şəhərin öz cazibəsi olduğu kimi, Londonun da insanı özünə cəlb edən xüsusiyyətləri
çoxdur. Londonun
cazibəsinə düşənlərin
hər birinin öz məqsədi var: kimi təhsil
dalınca , kimi məşhur
maliyyə mərkəzlərində
iş tapmaq , kimi də Londonu
gəzmək, tarixi yerləri görmək ücün bura gəlir. Çünki London başqa Avropa
şəhərlərinə bənzəmir. O, vaxt
itkisini sevmir. Bəlkə bu baxımdan onu ancaq Nyu-Yorkla
müqayisə etmək
olar. Şərqin şəhərlərində vaxt daha ləng
gedir. Şərqdə “hara tələsirsən”
qərbdə isə “niyə gecikirsən” düşuncəsi ilə
yaşayırsan. Hər
halda, bu, mənim şəxsi fikrimdir...
Yaşadığım evin yaxınlığında
məşhur Britaniya muzeyi yerləşsə də, istəyim ilk olaraq Viktoriya və Albert muzeyini görmək idi. Günlərin birində imkan tapıb, muzeyə getməyim üçün
vaxtı dəqiqləşdirdim.
Muzey haqqında məlumatım
hələ Londona gəlməmişdən əvvəl
var idi. Muzeyin 1852 –ci ildə yarandığını
və yalnız 1899-ci
ildə kralica Viktoriya ilə şahzadə Albert şərəfinə
adlandırıldığını, eksponatlarının sayının
4 milyonu kecdiyini, ingilislərin bu muzeylə xüsusi qürur duyduğunu bilirdim. Dünyanın
min bir yerindən müxtəlif yollarla əldə etdikləri
nadir sənət incilərini
Londona toplayan və onu göz
bəbəyi kimi qoruyan bu insanların
tarixə fərqli münasibəti var...
Bir neçə il
bundan öncə Qahirə muzeyində olarkən bələdçi
təəssüflə, ən
qiymətli sənət
əsərlərinin vaxtilə
Londona aparıldlğını
söyləmişdi. Eyni hadisə
ilə yalnız Qahirədə deyil, indiyə kimi bir neçə başqa şəhərdə
də qarşılaşmışam.
Tarixi əsərləri
öz ölkələrinə
daşımaqda ingilislərə
tay ola
bilməz. Örnək olmağa layiq
haldır. Məni Viktoriya
və Albert muzeyinə
çəkən qüvvə
isə haqqında çox eşitdiyim, çox oxuduğum Şeyx Səfi (Ərdəbil) xalçasının
möcüzəsi idi.
Mədəniyyətimizin nadir incisini görməyə
tələsirdim. Bu xalça
haqqında oxumaq olar, haqqında cəkilmiş filmlərə
baxmaq da olar . Lakin onun gözəlliyini Londonda seyr etmək
insanda tamam başqa hisslər yaradır. Muzeyin böyük “Jameel” salonunda rəngi solmasın deyə , şüşə örtük altında böyük qayğı ilə mühafizə olunan xalçaya baxdıqca istisini , doğmalığını hiss edirsən. Ətrafda olan insanların xalçaya necə heyranlıqla baxdığını
gördükcə, urəyimdən
“bu bizim xalçamızdır, bunu
azərbaycanlı xanımları
toxuyublar, o, mənim mədəniyyətimin nümunəsidir”
demək keçirdi...
Muzeylərin qəribə-xoş bir sükutu olur. Görünür, gözəlliyi sükutda seyr edəndə daha təsirli olur. Düşünürdüm-mənim xalqıma məxsus olan bu sərvətin axı, Londonda nə işi var? Düzdür, Azərbaycan xalçaları dünyanın birçox muzeylərini bəzəyir. Lakin, Şeyx Səfi xalçası tamamilə fərqli bir xalçadır. O, uzun əsrlər boyu Ərdəbil şeyxlərinin sərdabəsinin bəzəyi olub. Xalçanı 1539-cu ildə Sah İsmayıl Xətainin oğlu I Təhmasib babalarının dəfn olunduğu Şeyx Səfi əl-Din məscidi ücün toxutdurub. Xalça üzərində 2-3 il ən peşəkar xalçaçılar calışıb. Neçə-neçə qız-gəlin bu xalça üzərindəki naxışları sevə-sevə toxuyub. Xalçanın bir küncündə olan yazı- ‘’müqəddəs məqbərənin qulu Məqsud Kəşaninin işi- hicri 946” böyük sənətkarın, xalçanın müəllifinin adını bizə catdırır. Həmin dövrdə sarayın baş rəssamı olmuş Soltan Məhəmmədin məqbərənin tavanında və divarlarında olan rəsmlərinin xalça üzərində əks olunması bu sənət əsərində onun da payının olmasından xəbər verir. Xalçanı seyr etdikcə , fikrim uzaqlara gedir. Azərbaycanda hər kəsin evində ən azı 2-3 xalçası var. Yadımdadır, nənəm ən gözəl xalçaları divardan asdırar, nisbətən sadə naxışlılarını isə döşəməyə salardı. Hərdən nənəmə irad tutardıq ki, xalçanı divara vurmaq dəb deyil, indi heç kəs divara xalça vurmur... Nənəmin isə qəti fikri var idi: belə gözəlliyi yerə salmazlar, çunki bu ilmələrdə bunu toxuyanların ruhu toplanıb, onu əzmək olmaz. Nənəmin sözlərinin dəyərini indi bilirəm. Şeyx Səfi xalçası mürəkkəb bir tarixi dövrün, o dövrdə yaşayan insanların-hökmdarlarin, sənətkarların, sadə insanların ruhunu özündə cəm etmişdi. Deyəsən, xalçanın nümayiş etdirildiyi zalda lazım olduğundan cox ləngimişdim. Elə ona gorə muzeyin başqa zallarına da nəzər salmaga başladım. Evə dönən kimi əlahəzrət internetdən xalçanın Londona gətirilməsi ilə bağlı materialları axtarmağa başladım. Məlumatlar çox az idi. Öyrəndiklərim məni qane etməsə də, hələ ki bu məlumatlarla kifayətlənmək qərarına gəldim.
1891-ci ildə Ərdəbil məscidinin bəzəyi(eni 5.34m, uzunlugu 10.51m, ümumi sahəsi isə 56.12m) Şeyx Səfi xalçası “yoxa çıxıb”. Bəzi məlumatlara görə, onu ‘’Ziegler & Co.’’ adli xalçaçılıqla məşğul olan bir şirkətə satmışlar. Digər məlumatlarda isə xalçanın satılması ilə əlaqədar danışıqların 1888-ci ildən etibarən başlanıldığı söylənilir. 1892-ci ildə Londonda ‘’Vincent Robinson & Co.’’ şirkəti tərəfindən ticarət evində böyük bir xalça satışa cıxarılır. Bu məhz Şeyf Səfi(Ərdəbil) xalçası idi. Xalçanın satışına o dövr üçün yüksək qiymət qoyulur. Xalçanın şöhrəti tezliklə Viktoria və Albert muzeyinin rəhbərliyinə də çatır. William Morris adli Victoria və Albert muzeyinin dizayneri bu xalçanın möhtəşəm olmasını muzeyin rəhbərliyinə çatdırır və onun mütləq muzeydə olmasının zəruriyyətini bəyan edir. Muzeyin xalçanı almaq üçün lazimi məbləğdə pulu olmadığı üçün muzey rəhbərliyi londonlulara müraciət edir, xalçanın İngiltərədə qalması, muzeyə verilməsi üçün pullar yığılmağa başlanır. Çox qısa müddət ərzində daha dəqiq desək, 1893-cü ildə pul toplanır (2000 funt sterlinq) və xalça həmin dövrdə John Henry Middleton-un (1893-96-cı illərdə muzeyə rəhbərlik edib) rəhbərlik etdiyi Victoria və Albert muzeyinin ən qiymətli eksponatlarından birinə çevrilir.
Şeyx Səfi əl-Din məscidindən ikinci xalça isə amerikalı kolleksiyaçı tərəfindən alınıb 1953-cü ildə Los Angeles County Museum of Art-a verilir. İngilislərin qənaətcil olduğu, bədxərcliliyi sevmədikləri hər kəsə məlum faktdır. Lakin qiymətli sənət əsərinə verdikləri dəyər, yüksək səxavət hörmətə layiqdir.
Bu gün dəyəri milyonlarla ölçülən Şeyf Səfi xalçasının geri qaytarılmaq ehtimalı yoxdur. Sevindirici hal odur ki, 468 ildən sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şeyf Səfi xalçasının eynisi Azərbaycan xalçaçıları tərəfindən toxunub başa çatdırıldı və hazırda Bakıda Müasir Xalçaçılıq Muzeyində sərgilənir. Tarixi xalçaçılıq ənənələrimizin qorunub bu günə qədər çatdırılması Azərbaycan xalçaçılarına bu böyük işi görməyə imkan verdi...
Ötən ilin noyabr ayının
15-i idi. Soyuq bir payiz günündə universitetdən
evə dönərkən
yolumun üstündə
binaların birinin üzərində uzaqdan diqqəti cəlb edən yazı gördüm. Orada “Azərbaycan xalçaları:
uçan xalçalarla
nağıllara doğru”
sözləri yazılmışdı.
Bu, Azərbaycan xalçalarının Ingiltərədə
keçiriləcək sərgisinin
elanı idi. Müxtəlif millətlərin
təmsilçiləri sabah bu sərgiyə gələcək,
Azərbaycan xalçalarının
gözəlliyi qarşısında
heyranlıq yaşayacaqdılar.
Mən buna inanırdim, çünki bu gözəlliklərə laqeyd
olmaq qeyri-mümkün
idi. Azərbaycandan gətirilmiş bu
gözəl xalçalar
nümayiş etdirildikdən
sonra vətənə
geri dönəcəkdi.
Onları burada heç
bir qüvvə saxlaya bilməzdi. Bir anlığa bir necə küçə aralıda Victoria və
Albert muzeyində olan Şeyf Səfi xalçasını düşündüm.
O, bütün gözəlliyi,
möhtəşəmliyi, təkrarolunmazlığı
ilə yanaşı, sərgi bitdikdən sonra vətənə dönəcək xalçaların
ardınca kədər
və həsrətlə
baxacaqdı...
Fəridə
Əliyeva
İngiltərədə
təhsil alan
azərbaycanlı tələbə
525-ci qəzet.-
2011.- 2 dekabr.- S.2.