Etirafa bənzər söhbətlər...
Özünü dərk edən və bu özünüdərki etiraf etmək istəyən hər kəs deyəsən, elə məktub yazmağa qərar verir. Odur ki, söz içində söz kimi elə məktubdan başlasaq, yerinə düşər. Yusif İldırımzadənin kitabı da belə adlanır: “Məktub”. Təəccüblü görünməməlidir. Əksinə, orijinal və məntiqlidir. Ən səmimi yazılar üçün forma kimi zaman-zaman məktub seçilib, insanlar ən məhrəm duyğularını məktubla ifadə edib. Axı məktublar çox vaxt insanların bir-birinə həm də könül etiraflarıdır. Və təbii ki, məktub kimi nəzərdə tutulmuş bu kitabı oxumadan da səmimiyyəti barədə fikir yürütmək olar.
Müəllif məktublarını ictimaiyyətə, hamıya, özünə dost saydığı insanlara ünvanlayır. Bir adama xəlvəti məktubda səmimiyyətini qorumaq daha sadə və asandır. Geniş kütləylə üz-üzə, göz-gözə söhbətdə məsələ mürəkkəbləşir. Nə yaxşı ki, Y.İldırımzadə ikilikdə nə qədər səmimidirsə, ictimai auditoriya, geniş toplumla da həmin isti, doğma ünsiyyəti qoruyub saxlaya bilir. Kitabın girişində oxucuya “mən bilərəkdən sənə oxucu yox, dost deyə müraciət edirəm”, – söyləyən və oxucunu açıq, səmimi söhbətə dəvət edən müəllif elə bəri başdan öz estetik kredosunu bəyan etmiş olur.
Yusif müəllim həmin ön sözdə həm də məktub anlamının etimologiyasına, məna çalarlarına varır. Bu nəzəri ekskurs da kitabda toplanmış əsərlərin fəlsəfəsini, ədəbi-estetik qayəsini, sosial məntiqini anlamaq vasitəsinə çevrilir. Müəllif qeyd edir: “Demə, məktub ərəbcədən tərcümədə qəzavü-qədər, yazı, alın yazısı anlamındaymış”. Və bu sözün izahını özü üçün xoş müjdə hesab edir. Müjdə sözüylə müəllif həm də məktub sözünün daha dərin məna çalarlarına işarə vurur. Axı məktub sözünün bir mənası da eləcə müjdə deməkdir. Müəllifdən bir seçməni də xatırladaq: “Bəlkə elə insan – biz hamımız yer üzünə göndərilən bir məktubuq: Allahın məktubu”. Sizinlə həmfikir olmamaq çətindir, Yusif müəllim. Maraqlı qənaətdir. Allahın yer üzünə ən böyük müjdəsi və ərmağanı insanlardır. Təsadüfi deyil ki, Tanrı ondan öz sifətlərinin bəzisini də əsirgəməyib. Hansısa hədisdə deyildiyi kimi, insanı yaradan Allah öz kəşfindən məmnun qalıb. Bu mənada kitabın adı həm də ona görə uğurludur ki, bunun özü də bir müjdədir. Sizin əvvəllər bəzi elmi-nəzəri kitablarınız nəşr olunub. “Məktub” sizin ədəbi-bədii, etik-estetik görüşlərinizi əks etdirən, səhv etmirəmsə, ilk kitabınızdır. Müjdəniz yeni müjdələr gətirsin! (Deyəsən, sövq-təbii məktub üslubuna keçdim...)
Yusif İldırımzadə qəlb adamıdır, səmimi insandır, geniş mütaliəyə, dərin məntiqə, əqli-intellektual potensiala malikdir. Bununla yanaşı, qəlbində böyük ilahi eşqi yaşadan iman əhlidir. Təbii ki, fikir və ideyaları da bu keyfiyyətlərin sintezindən formalaşır. Tanıyanlar yaxşı bilir ki, o, narahat, emosional, eyni zamanda çox həssas və poetik ruhludur. Belə insanlar həmişə təmas və ünsiyyət, özünü, öz daxili aləmini, fikir və düşüncələrini bölüşmək üçün can atırlar. Bu isə daim özünüifadə forması axtarışlarını şərtləndirir. Yazılarında bədii-fəlsəfi formalara, esse janrına müraciətində qeyri-təbii bir şey yoxdur. Gur, coşqun hisslər başqa cür necə ifadə edilə bilər?.. Yazıda janr və formanı fikrin, düşüncənin tempi, daxili ehtirasın ahəngi özü diqtə edir. Y.İldırımzadənin coşqun ruhu, ehtiraslı fikirləri adi formalara heç sığa da bilməzdi.
“...Mən heç vaxt yazıçılıq iddiasında olmamışam...” – müəllif belə deyir. Çox hörmətli Yusif müəllim, bu sözü deməyin özü yaza bilməyin, yazmaq istəməyin və artıq bu işlə – yazıçılıqla məşğul olmağın etirafıdır. Axı biz yazıçılığı nə üçün mütləq bir peşə kimi anlamalıyıq? Nə üçün biz bu qədər azad bir sənəti dar çərçivəyə müncər etməliyik? Bu özü bir ədəbi-estetik və sosial təfəkkürün məhdudluğu, başqa sözlə, snobizm deyilmi? Yazıçılıq əslində insanın özünü ifadəsinin bir formasıdır. İnsanın inkişaf yolunun, özünüdərkinin, özünütəkmilləşdirmənin məntiqi nəticəsi özünüifadədir. İnsanın özünüdərki və dünya dərki spiralvari və diferensial şəkildədir. Özündə başlayıb özündə də qurtarır. İnsan özünü dərk etdikcə dünyaya, zamana, ətraf mühitə, ictimaiyyətə yönəlik suallarla yüklənir. İlk növbədə bu sualları özünə verir, cavabları öz daxilində arayır. Günlərin bir günündə isə özüylə apardığı söhbətləri, həsb-halları özü-özünə etiraf etdiklərini özgələrlə bölüşmək ehtiyacı duyur. Fikirlər, düşüncələr artıq o həddədir ki, insanın özünə sığmır, vurub içindən çıxır, daha geniş məkan axtarır. Məqam yetişir, bu səmimi etirafları başqalarıyla bölüşmək ehtiyacı yaranır. Yazıçılıq bu ehtiyacdan doğur. Başqalarına söz söyləmək, dünyanın əbədi ağrılarını bölüşmək cəhdindən, bəşəriyyət və insan üçün narahatlıqdan, qayğıdan... Bundan sonra isə yazıçının ictimai missiyası başlayır... Yusif müəllim, sizi narahat edən, qəlbinizi riqqətə gətirən düşüncələri başqaları ilə bölüşməyə, dostlara ünvanlamağa vadar edən də budur.
Ondan müsahibə alan jurnalistlər də bu məqama tez-tez toxunur, ədəbiyyat sevgisini, yazı-pozuya meylini, adətən, görkəmli yazıçı-publisist Əli İldırımoğlunun ailəsində doğulub boya-başa çatmasında axtarırlar. Təbii ki, genetik amilləri və mühiti danmaq çətindir. Əli müəllimin övladlarının hər birində bu və ya digər şəkildə ədəbi istedad, ədəbiyyata sevgi və onu duymaq qabiliyyəti var. Lakin bu da faktdır ki, dünya ədəbi-fəlsəfi və estetik fikrini araşdırma, tədqiqat həddində intensiv mütaliə edən Yusifdir; incəsənətin bütün növləri və sahələri üzrə istənilən peşəkarla mübahisəyə hazır olan Yusifdir; ədəbiyyat və incəsənət xadimlərinin əksəriyyətiylə şəxsi dostluq edən Yusifdir; ən nəhayət, tamam başqa bir peşənin, çoxlarının nəzərində quru və sxematik bir sahə kimi qavranılan hüquq sahəsinin nümayəndəsi olduğu halda düşüncələrini, hiss və duyğularını, fəlsəfi-estetik görüşlərini qələmə ala bilən, özü də peşəkar səviyyədə qələmə ala bilən bu övladlar arasında yenə də Yusifdir. Görünür, elə məqamlar var ki, orada standart və şablondan kənar da nələrisə axtarmaq lazım gəlir.
“Məktub”da müəllifin fikir və düşüncələrini müxtəlif rakurslardan işıqlandıran, hər biri özünəxas ədəbi-bədii yük daşıyan “Biganəlik ruhun xərçəngidir”, “Yaratmaq ölümü öldürmək deməkdir”, “Allah adamı”, “Prokuror qayğı göstərən deməkdir”, “Həqiqətin alovu onu aparanın əlini tez-tez yandırır” və başqa yazılar bu nöqtədə – humanizm, əxlaq, bəşəri məhəbbət, insan haqları və azadlıqlarına, demokratik dəyərlərə hörmət müstəvisində birləşir. Bunların bəzisi, daha konkret təsnifatla, esselər onun ədəbi, fəlsəfi və estetik görüşlərini, digərləri isə sırf peşə fəaliyyətini əks etdirir. İndi gəlin bunlar arasında sərhədləri müəyyənləşdirək: peşəkar hüquqşünas Yusif İldırımzadə ilə filosof, ədəbiyyatçı, Yusif İldırımzadəni bir-birindən ayıraq. Sizcə, asan işdirmi? Xeyr, son dərəcədə mürəkkəb və çətindir. Sanki ilğıma gedirsən, göy qurşağının rənglərini çözələyirsən. Nə qədər incələsən də, birinin harda başladığını, digərinin harda qurtardığını tapa bilməyəcəksən. O, sırf peşə araşdırmalarında, nəzəri mülahizələrində, rəqəmlərin diliylə danışanda, statistik ümumiləşdirmələr aparanda da filosof təsiri bağışlayır. Baş verənləri, olmuşları, törədilmiş cinayət faktlarını tam fəlsəfi mövqedən şərh edir, hadisələrə dünyanın qəzavü-qədər anlamından tutmuş, subyektiv və obyektiv qanunlarınadək, onların baş vermə səbəblərinədək hər şeyə dərin və əhatəli qiymət verə bilir. O, adi cinayət faktının şərhçisi qismində də, bəşəri problemlərin araşdırıcısı məqamında da obrazlı təfəkkürdə, poetik ovqatdadır. Hadisə törədən insana o çoxqatlı, çoxplanlı yanaşır. Ən qatı cinayətkarda belə insani keyfiyyətlər arayır. Başqa sözlə zibillikdə belə gözəllik axtarır, inci kəşf etməyə çalışır. Çünki o, insanı çox sevir, insan timsahın göz yaşlarına inanmaq həddində sadəlövh, şeytana papış tikmək qədərincə də hiyləgərdir. Qoy olsun. Onunçün insan yenə də öz təmiz və bakirə simasındadır. Onun Cəlaləddin Rumi, Mahatma Qandi, Roterdamlı Erazm və başqa bu tipli insanları özünə ideal seçməsini bu məntiqdə aramaq lazımdır. Bütün bunları başa düşmədən Y.İldırımzadənin məktublarının əsl estetik dəyərini dərk etmək, onun bəşəri məhəbbətini və ilahi eşqini qiymətləndirmək çətindir.
Onun nəzəri və estetik görüşləri, əsasən “Biganəlik ruhun xərçəngidir” adlı yazıda əks olunur. Janrını müəyyən etmək çətin olan irihəcmli bu esseni estetik povest də adlandırmaq olar. Burada bədiiliklə nəzərilik, estetikliklə fəlsəfilik, “povestvovanie” – nəql etmək məharəti əriş-arxac kimi bir-biriylə qəribə şəkildə sintez təşkil edərək çox orijinal bir forma yaradır. Bu, Y.İldırımzadənin öz yaratdığı formadır. Bu yazını kitabdakı digər məktubların leytmotivi də adlandırmaq olar.
Digər bir məktubu – “Allah adamı”nda Y.İldırımzadə öz humanizminin ən uca zirvəsindədir. İnsana və insanlığa sonsuz məhəbbət, bəşəri sevginin ifadə forması necə olmalıdır? “Allah adamı”nı ədəbi hadisə hesab etmək olar. Həm hisslərin ifadə əlvanlığı, dil faktoru, həm də mənəvi-əxlaqi yaşantıların təbiiliyi bizdə bu qənaəti daha da möhkəmləndirir. Y.İldırımzadənin Roterdamlı Erazma sevgisini, onun həyat və fəlsəfəsini, dünyagörüşünü, əxlaqını tam qəbul etdiyini qeyd etdik. O, mərhum ilahiyyatçı alim Əhmədağa Əhmədovla tanış olduqda sanki canlı Erazmı tapmışdı. Bu onu çox məmnun etmiş, həyatında böyuk bir yenilik və çevriliş yaratmışdı. Bütün bu hisslər səmimi ahənglə, obrazlı və poetik üslubda təqdim olunur... Məktubdan bəzi sitatlar gətirmək istəyirəm. Zənnimcə, yazının estetik qayəsi barədə bu ifadələr kifayət qədər anlam verəcək: “Bizlər bu dünyaya bir-birimizlə görüşməkdən daha çox, bəlkə bir-birimizlə vidalaşmaqdan ötrü gəlirik”, “Özümə sual etmək istəyirəm: doğrudanmı, mən onu gec tapıb, tez də itirdim? Xeyr, mən onu hələ dünyaya gəlməzdən əvvəl tanımışam və əziz xatirəsi həmişə mənimlə olacaq”, “Əslində bu gün, indiki zaman dediyimiz ilğımdan başqa bir şey deyil, insan ömrü büsbütün keçmişdən qopub gəlir, yaddaş yalnız dünəni tanıyır”, “O elə bil ilahi güzgü idi, lakin onunla təmasda olduqca zahirini yox, batinini bütün cizgilərinəcən tam aydınlığı ilə görürdüm”, “Demə, hisslərin, xatirələrin də rəngi varmış: məhəbbətin öz rəngi, nifrətin öz rəngi, şirin xatirənin öz rəngi, acı xatirənin öz rəngi. Amma ondan ötrü nifrət də məhəbbət rəngində, acı xatirə də şirin xatirə rəngində idi. Çünki o, dünyanı birrəngli görmək istəyirdi. Məhəbbətlə nifrət, yoxsulla kasıb, əlillə sağlam arasında olan sərhədin görünməz olmasını arzulayırdı”, “Nə sirri-xudasıyla, hər dəfə onu görəndə elə bil babam İldırımı görürdüm, göz yaşlarımı saxlaya bilmirdim. Onun ürəyində kök salmış, rişə atmış o Allah sevgisi elə çəkisiz, məsafəsiz bir sevgi idi ki, onun nurundan, işığından hamıya çatırdı”, “O nə dəfn mərasimidi, İlahi? Minlərcə insan səni son mənzilə çiyinləri yox, əlləri üstə yola salırdı. Görünür, bircə bunu bacarmamışdın, ömrün boyu kimliyini gizlətməyə çalışsan da, alınmamışdı”. Və sair və ilaxır... Aforizm səviyyəli sözlərdir, deyilmi?..
Kitabın girişindəki “Atama və anama ithaf edirəm” epiqrafı toplunun qayəsini öz-özlüyündə bəyan edir. Ata-anaya məhəbbət hər kəs üçün müqəddəs hissdir. Bəlkə də məhkumluq həddində bir duyğudur. Amma ata-ananı kaş hamı Yusif kimi sevəydi – sözdə də, əməldə də. Atası Əli İldırımoğlunun şəxsiyyəti və ədəbi dünyası haqqında yazdığı “Yaratmaq ölümü öldürmək deməkdir” essesində də bu müqəddəs məhəbbət bütün əzəməti və bakirəliyi ilə görünür. Bəzilərinə qəribə gələr: oğul ata haqqında yazır. Yusif müəllim bu yazıyla bir daha sübut elədi ki, ata haqqında, onun uca mərtəbəsi barədə ən səmimi sözləri oğul qədər heç kim aydın və dəqiq söyləyə bilməz. Y.İldırımzadə yazıçı-publisist Əli İldırımoğlu haqqında ictimai rəyə öz rəyini əlavə etməklə onun ədəbi-ictimai portretini daha da dolğunlaşdırmış, daha da mükəmməlləşdirmişdir. Yazıda oxuyuruq: “...Əli müəllimin yaratdığı və oxucuya təqdim etdiyi qəhrəmanların hamısı onun özüdür, başqa sözlə, onun özünün ayrı-ayrı mənəvi-əxlaqi dəyərlərini, ictimai cizgilərini yaşadan insan toplumudur. Buna da təsadüf kimi baxmayaq ki, Əli müəllimin obrazları arasında rəzil, alçaq, ləyaqətsiz, simasız adam tapmaq olmaz. Mənfi özü də bitkindir, tamdır, öz hərəkəti, düşüncəsi, həyata baxışı ilə haqlıdır. Belədə onlara da pis demək olmur. Çünki onlar humanist, mərd, ağayana bir yazıçının qəhrəmanlarıdır. Onların üstündə Əli İldırımoğlunun qalın yazıçı kölgəsi, isti hənirtisi var. Onları hifz eləyən, qoruyan da budur”. Bu dəqiq, obrazlı təhlilə nə əlavə eləyəsən?...
O, Əli İldırımoğlunu təkcə bir ata, şəxsiyyət və yazıçı kimi sevmir. Əli İldırımoğlu onun üçün ona görə uca və əvəzsizdir ki, o həm də “...namaz qılan, oruc tutan, ömründə heç vaxt hökumət paltarı geyməyən, hökumət çörəyi yeməyən, dilinə yalan gətirməyən Məşədi Paşanın, Övliyyə Məmmədbağırın nəvəsi, dünyadan nakam köçmüş Firəngizin və özünün də dönə-dönə qeyd etdiyi kimi, müqəddəs ruhu qarşısında baş əyib yoxluğuna sığındığı halallıq ehramının memarı rəncbər İldırımın oğludur...”
Bu sözlər eyni zamanda Y.İldırımzadənin nəsil-nəcabətə, kökə hədsiz bağlılığını ifadə edir. O, bu müqəddəs missiyanı təkcə ifadə etmir, həm də bir haray kimi bugünkü yaddaşsız, şüursuz, nəsil-nəcabət bir yana, hətta ata-anasını tanımayan manqurtlara yönəlik bir ittiham aktı kimi səsləndirir.
Bəşəriyyət var olan gündən insan onu düşündürən suallarla üz-üzədir. Dünyanın yaranışı, həyatın, kainatın təşəkkülü, tərəqqi və tənəzzül, kosmik aləmin sirləri, insanın formalaşması, inkişafı, daxili təbəddülatları bizim həllinə çalışdığımız, mahiyyətini araşdırdığımız suallardır. Dünya idarə olunurmu?.. Olunursa, necə?.. Bizim təfəkkürümüzün sərhədlərindən kənarda nələr mövcuddur, biz dünyanı hansı həddə qavrayırıq, insan şüurunun sərhədlərindən sonra nələr başlayır?.. Bioloji varlıq, ictimai faktor kimi insan kimdir, missiyası nədir, hansı mənəvi-əxlaqi yükü daşıyır?.. Yusif müəllim öz məktublarında bütün bunları – sadaladığımız və sadalamadığımız bu bəşəri, qlobal problemləri araşdırır, özü demişkən, “olumdan ölümə gedən yolda” insanın üzləşdiyi nəsnələrə işıq salır. Araşdırdığı fəlsəfi-estetik problemləri müdrikcəsinə incələyir, dünyadərkin müəyyən məqamlarına yanaşma tərzində oxucunu öz aurasına cəlb edib onunla həmahəng düşünə bilir. O, qənaətlərində ötkəm və inamlıdır. Lakin bunları kiməsə diqtə etməkdən də uzaqdır. O, öz qənaətlərini, estetik formullarını isti, səmimi sözlərlə, bəzən hətta çox vaxt alışmadığımız, qeyri-ənənəvi linqvistik bir üslubla, təravətli ahənglə bizim, dostlarının qulağına pıçıldayır. Qəlbimizə doğma, məhrəm bir hissin axdığını da elə bu dəm hiss edirik. Bizim qəlbimizdə isə isti, məhrəm duyğuya çevrilmiş bu sözlər, bu fikirlər və məntiqi postulatlar üçün, demə, artıq çoxdan bir yuva varmış...
Yusif müəllimin məktublarının hər sözünü, ifadəsini, cümləsini məmnuniyyətlə təhlilə cəlb etmək, onların üslub, məna çalarları barədə oxucunu yormadan uzun-uzadı fikir yürütmək olar. Buna ehtiyacın olmadığına da inanıram. Çünki hər kəs, bu kitabı oxuyan hər bir insan özü-özlüyündə müəlliflə məmnuniyyətlə həmsöhbətə çevriləcək. Kitabdakı fikirlər, ideyalar, estetik görüşlər hər bir adamın içində yaranacaq yeni dünyaya bir işıq saçacaq. Məhrəm və əbədi bir işıq... Bu yazılar, bu fikirlər inanırıq ki, insanların içində duyğular selini gücləndirəcək, başqa sözlə, məşhur şeirdə deyildiyi kimi, insanda insan oyadacaq...
GÜNDÜZ
525-ci qəzet.-
2011.- 3 dekabr.- S.28-29.