Tam ayrı adam

 

Şifrəli hekayə

 

İnsan da materikdən ayrılmış bir adaya bənzəyərmiş. Eynən onun kimi... Əslində, onu öz aləmi, öz dünyası, özəl xüsusiyyətləri olan bir şəxs saymaq da olar, saymamaq da... Amma, doğrudan da, ayrı adam, ayrılmağı və ayrılığı sevən adamdır... Hamıdan və hər şeydən küsər: ailəsindən və geyimindən, qardaşından və yeməyindən, sevgilisindən və duyğularından, dostundan və keçmişindən, evindən və qonşusundan... Barışmağa da, qətiyyən, meyil eləməz. Hətta üzdə özünü barışıbmış kimi göstərsə də, küsdüyünə qarşı qəlbində körüklədiyi kin-küdurəti, qəzəb-nifrəti sönməyə qoymaz...

Dünyaya indi ermənilərin işğalı altında olan gözəl bir kənddə təşrif buyurub. Başı qarlı dağlarla ilə qabaq-qənşər olan bu kənddə keçirdiyi uşaqlıq dövrünün ab-havası hələ də başındadı. O vaxtdan bu vaxta neçə şəhərdə, qəsəbədə yaşasa da, kəndçi ovqatından, indiki gənclərin dili ilə desək, kəndoşluqdan çıxa bilməyib... Özü də kənd uşağının təkcə saflığını, sadəlövhlüyünü, xeyirxahlığını deyil, həm də bəzən qanmazlıq dərəcəsinə çatan inadkarlığını da canında gəzdirir.

...Mən onunla tanış olanda başındakı gur saçları çiyninə tökülürdü. Əsgərlikdən sonra, elə bil ki, bir neçə il dəllək qayçısı görməmişdi. O vaxtlar məşhur olan “Bitlz” ansamblının solistlərinə özündənrazı qızların vurğunluğu bu arıq kənd uşağında da özünü Con Lennona oxşatmaq həvəsi oyatmışdı. Bu saç məsələsi sonralar onun üçün çox ağrılı bir məsələyə çevriləcəkdi. Həmin uzun, qara saçların bircə qulacına əşhədi-ehtiyacı olacaqdı. Barmaqla sayılacaq qədər tükü qoruyub saxlamaq üçün mənşəyi bilinməyən kimyəvi məhlullarla başının “ekoloji tarazlığı”nı pozmağa məcbur qalacaqdı...

Hər ikimiz ali məktəbdə təhsilimizi yarımçıq qoyub hərbi xidmətə getmiş, oradan qayıtdıqdan sonra ikinci kursda müdavimliyimizi təzələmişdik. Mənim sabiq həmkurslarımla yalnız quruca salam-əleykimim qalsa da, onu keçmiş kursu ilə alovlu bir eşq hekayəti möhkəmcə bağlayırdı. Bu kursdan əsgərliyə gedərkən könül verdiyi qız, əsgərlikdən gələndə ona heç salam da verməmişdi... Təbii ki, hər bir normal adam kimi, bu situasiyada onun dəli olmağa haqqı vardı... Amma iş zır dəliliyə, “psixuşka”da yatmağa qədər gedib çıxmasa da, o qıza qarşı elədiyi dəliliklərin mən dəfələrlə şahidi oldum.... Onun da şahidi oldum ki, vəfasızlığını görüb haqqında yüz cürə hədyan danışdığı, bir neçə konkret şəxslə sevgi əlaqələri olması barədə şayiələr uydurduğu o qızla doxsanıncı illərdə, az qala, evlənəcəkdi. Sadəcə, Allah qismət eləmədi... Amma vəfasız sevgilisini qısqandığı adamları cəzalandırmağa Allahdan rüsxət almağı bacarmışdı... Birinin başına elə oyun açdı ki, yazığın qorxudan ürəyi üzüldü və cavan vaxtında dünyadan köçüb getdi. Amma onu qorxuya salan hadisənin ssenarisini bu zalım və fitnəkar Məcnunun yazdığını rəhmətlik heç vaxt bilmədi...

Başqa bir hadisənin şahidiyəm: geniş ictimaiyyətin iştirak etdiyi rəsmi bir məclisdə müxbir sevgilisinin xarici diplomatla şirin söhbəti etdiyini görəndə elə hay-küy salmışdı ki, dilimizi az-maz bilən o əcnəbi də qısqanc aşiqin hikkəsindən qorxub tezbazar söhbəti bitirmiş, qızdan aralanmışdı...

O qıza yazdığı şeirlərdən bir neçə misranı diqqətinizə təqdim edəcəyəm:

 

Pəncərən önündə dayanmışam mən,

Sonu görünməyir hələ yağışın...

Səhərdən altında islanmışam mən,

Buludu qurusun belə yağışın!

 

Üst-başım islanıb, olub tamam nəm,

Əlimin, ovcumun istisi gedib...

Özüm su içində, özüm cəhənnəm,

Əynimdə şalvarın ütüsü gedib.

 

O qədər durmuşam həyətinizdə,

Qonşular bəlkə də qınayır məni.

Heykələ dönmüşəm həyətinizdə...

Hətta itiniz də tanıyır məni...

 

Bu misraları 18-19 yaşında qələmə alıb... Adamın irad tutmağa çətinlik çəkdiyi çox səmimi, poetik misralardır. Məncə, hər şeydən, hər kəsdən asanca ayrılmağının bəlkə də bir faydasını görüb. Amma şeirdən və şairlikdən aralı düşməsəydi, indi Yazıçılar Birliyinin rəhbərliyinə iddiaçılar sırasında adı çəkilərdi. Mən belə hesab edirəm...

İlk oxu daşa dəyən, sevgilisinə qovuşa bilməyən və bu səbəbdən də hər addımda yenə bir vəfasızla qarçılacağından ehtiyatlanıb qıza-qadına üz verməyən bəzi idealistlərdən fərqli olaraq, zərif cinsin nümayəndələri ilə onun dərin və geniş əlaqələri var. Ələlxüsus da, “buz üstə” rahat gəzməyi bacaranlara özünün zərif damarını tez tanıdır... Hər gün aclıq və yoxsulluq içərisində yaşadığını aləmə car çəksə də, təsadüfən yolda tanış olduğu, yerini-yurdunu tanımadığı yüngül əxlaqlı bir qadına 500 dollar borc verməkdən çəkinməz. Və ya ilk baxışdanca “alovlu məhəbbət”lə sevdiyi, amma hələ tükünə də toxuna bilmədiyi gənc bir xanımın toruna düşüb, yeddi qıfıl arxasında gizlətdiyi pul kisəsinin ağzını səxavətlə açar, o xanımın “Binə”dən bahalı geyimlər alması üçün kifayət qədər “vəsait” ayırar. Amma dostları, həmkarları ilə çayxanada əyləşəndə, dörd dəsmalla ağlayıb, cibində çörəkpulu olmadığını, bu səbəbdən də səhər evdən çıxıb, hələ də geri qayıda bilmədiyini deyər, ardınca keçmiş iş yoldaşlarından ən kasıbına aşağıdakı məzmunda mesaj göndərər: “Ümidimi üzmə!..

...O, son sıralarında indi yavaşca addımladığı şou-biznes ləşkərinə qoşulmaq niyyətinə yeniyetmə çağlarından düşüb.

Hələ on altı yaşı tamam deyilmiş... Özbaşına bir neçə mahnı çalmağı öyrəndiyi “Kazan” qarmonu ilə qonşuluqdakı yaşlı nağaraçalana qoşulub toy çalmağa gedibmiş. Dəstəyə müğənni ilə gitaraçalan da daxil imiş... Toyun başlanmasına yaxın səsgücləndirici aparatı quraşdımaq istəyiblər. Zəhrimar işləməyib... Toyun yükü hələ barmaqları bərkiməmiş yeniyetmə qarmonçalanın çiyninə düşüb... Özünün söylədiyinə görə, alababat çaldığı “Oyna, gülüm” havası ilə toyu yola verməyə çalışıb. Hətta gəlini də bu havanın sədaları altında gətiriblər. Çünki naşı qarmonçalanın “Vağzalı”sı rusların “Katyuşa”sına oxşayırmış, təcrübəli nağaraçalan onun ritmini heç cür tuta bilmirmiş... Toyun ortasında gitaraçalan da səsgücləndirici aparatı birtəhər sahmanlayıb, “ansambl”a qoşulub. Elə bununla da, necə deyərlər, “toy-toya qarışıb”... Çünki camaatın sümüyünə zorla pərçim etdikləri “Oyna, gülüm”ü hərə bir notda çalırmış və “Avropa-Şərq üçlüyü”nün (qarmon, gitara, nağara) bu əndrəbadi ifası bəyin araqdan vurub, kefi ala buluda qalxan əmisinin sümüyündən keçərək iliyində ilişib qalıb və kişi bir nərə ilə dörd “musiqiçi”dən üçünü dəli inək balasını çığnayırmış kimi salıb şillə-təpiyin altına... Yeniyetmə qarmonçalana çırtma da vurmayıb... Sərxoş əmi onun valideynlərinin qonşu kəndin hörmətli müəllimlərindən olduqlarını nəzərə alıb...

Gəlin, həmin əhvalatın davamını qəhrəmanımın öz dilindən eşidək: “Toy bir neçə saatlığa pozuldu. Bəyin əmisi həmkarlarımı döyməklə hirsini soyuda bilməmiş, üstəlik, onları toyxanadan çıxarıb, aparıb salmışdı tövləyə, qapısını da kilidləmişdi. Mən isə toy əhlinin kinayəli baxışları altında çaşıb qalmış, sonra da gedib kəsdirmişdim tövlənin qapısının ağzını... Dəstəmizin başçısı olan yaşlı nağaraçalandan nə etməli olduğumu soruşmaq istəyirdim. O məni görən kimi dedi: “Ə, qorxma, toyda belə şeylər olur, get, bizə bir loxma çörək tap gətir, acından ölürük...” Bu tapşırığı yerinə yetirmək cəsarətində deyildim... Yaxşı ki, bu vaxt bəyin sərxoş əmisi gəlib tövlənin qapısını açdı, nağaraçalanın yaxasından yapışıb bağırdı: “Bu boyda rayonda sən bir-iki babat manıs tapa bilmirsən? Mən hərləmirəm, hardan tapırsan, tap, gətir. Yoxsa, bu alçaqlar gecəni mal-heyvanın yanında, təzəyin içində keçirəcəklər!” Yaşlı nağaraçalan yaxasını adamın əlindən çıxarıb, tez yüyürüb bir maşına mindi... Saatyarımdan sonra arıq bir klarnetçalanla qayıtdı... Onun üfürdüyü havalarla toyu birtəhər bəy tərifinə gətirib çıxardıq... Gecəyarısı məni evimizə gətirən yaşlı nağaraçalan cibimə bir göy üçlük (o vaxt bu pula cəmi bir kilo ət, ya da bir şüşə araq almaq olurdu) basıb, “bala, sən toyluq deyilsən” deyib rayonun el şənliklərinin qapısını həmişəlik üzümə bağladı...”

Yaşlı nağaraçalanın tövsiyəsi ilə düz iyirmi beş il toylara yalnız qonaq kimi gedib. Özünə başqa peşə seçib: uzun illər ciddi yaradıcılıqla məşğul olub, hətta ciddi bir yaradıcılıq təşkilatından çox sanballı bir mükafatı zorən qamarlaya da bilib. Niyə zorən? Çünki təşkilatın mərhum rəhbəri tarixən rusdilli qəzetləri oxuduğundan onun nə imzasını tanıyıb, nə də özünü... Düz iki həftə get-gəldən sonra rəhmətliyi inandırıb ki, çağdaş azərbaycandilli yaradıcılıq aləmində onun öz yeri var... Beləcə, alıb o qəşəng mükafatı. Məndən fərqli olaraq, indi onun adının və imzasının altı boş deyil...

İyirmi beş illik fasilədən sonra qayıtdığı “toy bazarı”nda da bu ad-san dadına çatır. “İndi də mikrofonu veririk filan mükafatın laueratı...” kimi gurultulu təqdimatdan sonra başlanan sürəkli alqışlar altında şəstlə daxil olur ziyafət salonuna...

...Onunla əsgərlikdən sonra tanış olduğumu demişdim yuxarıda. Məncə, əsgərlik şücaətləri uzaq Rusiya meşələrində təpik döyüb qayıtmış biz nəsil insanların gənclik xatirələrinin ən şirinidir: belə vurdum, belə tutdum, komandirin arvadıyla yatdım, generalın qızıyla gəzdim... Çox az adam tapılar ki, orada başına gələnlərin və gətirilənlərin orijinalını danışsın. Bu, həmin o aztapılanlardandır. Moskvanın göbəyində düz iki il əsgərlik yox, zülüm çəkib. Üstündən otuz il keçib, amma əlindən dad çəkdiyi dodağıçapıq pəzəvəng Abramyan indi də hərdən yuxusuna girir... Alçaq onu harda görürmüş – kazarmada, yeməkxanada, yolda-rizdə – qoparağını götürürmüş... Bir dəfə hərbi hissədə bizim millətin “vur-igid”i olan bərdəli gənc onun və digər gözüqıpıq soydaşlarımızın canından erməni xofunu çıxarmaq üçün yekə bir dava təşkil edib. Deyib ki, kim davadan qaçsa, məndən inciməsin... Bizim qəhrəmanımız da bu hədədən sonra özünü toxdadıb və davada fəal iştirak edib. Amma qarışıqlıqda Abramyanın deyil, ona həmişə loyal, hətta özü demiş, ilıq münasibəti olan gövdəsiz Udinyanın üstünə cumub. “Dostu”ndan belə hünəri gözləməyən erməni gədəsi anlaşılan təəccüblə yediyi bir neçə şillə-təpiyin əvəzini axşam kazarmanın “suşilka”sında artıqlaması ilə çıxıb. “Bizimkilər gəlib yetişməsəydilər, köpəyoğlu əhdimi kəsəcəkdi. Əvvəlcədən də millətə xəbərdarlıq etmişdim ki, həmin axşam məni tək buraxmasınlar. Amma bizdə birlik, təəssübkeşlik var?..” Bax belə nəql edir özü... Mən Qarabağ müharibəsindəki müvəqqəti məğlubiyyəti onun əsgərlikdə canına hopan erməni xofunun ayağına yazmaq istəməzdim. Həmişə and-aman edir ki, bərdəli əsgərlik dostu yanında olsa, elə günü bugün də cəbhə xəttini adlayıb, heç olmasa, bir-iki cılız ermənini məhv etməyə gücü çatar...

Yuxarıda demişdim axı, çox inadkardır. Bu xüsusiyyəti ona ziyan da gətirir, xeyir də... Düz on il əvvəl hətta paytaxtın adlı-sanlı həkimlərinin də əl üzdüyü atasınının yaxasını amansız əcəldən məhz bu inadkarlığı sayəsində xilas edə bildi. Savadı və təcrübəsi ilə tanınan bir həkim ciddi müayinədən sonra kişinin cəmi iki-üç aylıq ömrü qaldığını bildirmiş, ona iynə-dərmanla artıq əziyyət verməməyi məsləhət görmüşdü. Başqası olsaydı, həkimə inanar və həmin möhləti də kişini o dünyaya urvatlı yola salmaq məsələsinin həllinə sərf edərdi. Ancaq o, misilsiz bir inadkarlıqla, hətta səhiyyə nazirinin diqqətini sadə və ahıl kənd müəlliminin səhhətindəki problemlərə cəlb etməyi bacardı. Nazirin tapşırığı ilə yığılmış həkimlərin konsiliumu son addım kimi kişinin cərrahiyyə əməliyyatına götürülməsi barədə qərar qəbul etdi. Əməliyyat ilk cəhddə uğursuz, ikinci cəhddə uğurlu alındı. Əzrayılın əli boşda qaldı. Hazırda kişi sağ-salamat ömrünün səkkizinci onilliyini yaşayır...

Yeri gəlmişkən, qəhrəmanımızın özünün, qarğa kimi, yüz əlli ilə qədər yaşamaq barədə gizli planı da var... Ona görə gizli deyirəm ki, bu məsələni heç vaxt aşkar söyləmir. Amma özünüz nəticə çıxarın: ömrü boyu nə araq içib, nə siqaret çəkib. Adicə pivənin dadını bilmir. Bədən orqanlarından isə yalnız ikisi sözünə baxmır: bir saçı – amansızcasına tökülür, bir də prostatı – dəqiqəbaşı soyuqlayır... Bu iki xırda mərəzə çarəni indi dünyanın hər yerində axtarır. Tapsa, yüzəlliyə qədər gedəcəyinə şübhə yoxdur...

Mən yüz əlli illin bəlkə də yarısınadək onun maraqlı və təzadlı ömür yolunun yaxın izləyicilərindən biri olacaqdım. Amma hər şeydən və hər kəsdən çox asanca ayrıla bilmək xasiyyəti ilə məni bu yoldan kənarlaşdırdı... Niyə, necə, nə vaxt – bu da bir ayrı hekayətdir...

İndi mən ayrı adamam, o da tamam ayrı adam...

 

Elşən ƏLİYEV

525-ci qəzet.- 2011.- 3 dekabr.- S.31.