Məhəmməd
Əmin Rəsulzadə
Nəşrin
redaktorları:prof. Şamil Vəliyev və elmi işçi
Samir Mirzəyevdir.
Əsərləri Üçüncü cild (1915-1916)
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.
(Əvvəli ötən şənbə saylarımızda)
İran böhranı
İki gündən bəri Tehrandan alınan teleqraflar İran əhvalının müşəvvəş bir dövrə girdigini göstərməkdədirlər.
Müşirəldövlənin istefası İranı böyük bir böhrana döndərmişdir. Əvvəlcə varid olan teleqraflar Müşirəldövlənin istefasını türklərin Girmanşah tərəflərindəki hərəkətləri ilə münasibətdar bir şəkildə təsvir ediyorlardı. Fəqət dünki teleqraflar arasında Petroqraddan gələn bir xəbər istefanın əsl səbəbi ola biləcək bir haldan xəbər verməkdədir. Rusiya xariciyyə nəzarətindən sızan bir xəbərə görə Müşirəldövlənin istefası türk təcavüzündən ziyadə İrandakı rus və ingilis qoşunları ilə əlaqədar imiş.
Anlaşılan ikinci məclis məsələsi, üçüncü məclis dəxi rus və ingilis qoşunlarının İrandan çıxarılması üçün hökuməti istizahlara məruz qılmış və bu istizahlara qarşı vaqe olan izahata isə Müşirəldövlə kabinəsi bu işin – yəni rus və ingilis qoşunlarının İrandan çıxarılmasının qeyri-mümkün olduğunu məclisə anlatmaq istəmişdir. Fəqət vaqe olan izah və iqnailərsə məclisi inandıramıyınca bittəbii istefaya getmişdir.
Bu surətlə vaqe olan istefa həqiqətən də İran üçün böyük və təhlükəli vaqeələr dövri başlıyacağını göstərir. Çünki hal iki şeydən xaric olamaz. Ya məclisə həmrəy olaraq yeni bir kabinə gələcək və arzui-ümuimiyyəyə tabe olaraq rus və ingilis qoşunlarının İrandan çıxmalarını tələb edəcək, yaxud böylə bir tələbin felən icrasından aciz olduğuna qane olan İran hökmdarı məsələyə Müşirəldövlə kabinəsinin nəzəri ilə baxıb da, bu nəzəri hər bir müqavimətə qarşı yeridəcək bir kabinə dəvət edəcək. Hər iki təqdirdə də hər hankı bir taqım keşməkeşlərə müncər olacağı məntiq icabıdır. Birinci təqdirdə şübhəsiz ki, etilaf dövlətləri ilə əlinən vuruşmaq lazım gələcək. İkinci təqdirdə dəxi məclisin fəsxi ilə bir taqım daxili ixtilallara meydan açılacaqdır.
Bu iki “şərr”dən hankı birisini İran hökuməti “ümur” ədd edəcək?
Teleqrafların gətirdigi xəbərlərə nəzərən şah rus səfarət vəkilləri ilə ingilis səfirini hüzuruna qəbul edib də onların tövsiyyəsini dinlədikdən sonra kabinə təşkilini Səidüldövləyə tapşırmışdır.
Səidüldövlənin iş başına gətirilməsi doğru isə və iş başına gətirilən kabinə təşkilinə müvəffəq olarsa, demək olar ki, daxili ixtilafların zühuri etilafi-müsəlləsə qarşı çıxmaya tərcih verilmişdir. Çünki Səidüldövlənin etilaf tərəfdarı olduğu ilə bərabər İran millətpərvərləri nəzərində mərdud bir zat olduğu məşhuri-cəhandır.
Səidüldövlə birinci məclis dövründə məclisin ən fəal, ən müfərrit hürriyyətpərvər vəkillərindən keçinib və xəlq tərəfindən “Əbul-Əmələ” ləqəbinə nail bir xəlq adamı ikən məclisin Məhəmmədəli şah tərəfdən bombardman edildigindən sonra şahın əmri üzərinə məşrutiyyətpərvəran əleyhində bir kabinə təşkilinə razı olduğundan kəndisinə “xaini-millət” şöhrətini qazandırmış və ikinci məclis dövründə şahi-məxluh ilə bərabər İrandan tərd olunan bir sıra müstəbidlər cərgində o da vətəndən qovulmuşdu.
Sonralar ikinci məclisin fəsx olduğu zamanlarda hər tasasə Səidüldövlə İran hökumətinin əleyhinə məzhər olaraq Tehrana dönə bilmiş, bəzi tərəddüdlər sayəsində kabinə rəyasətinə keçmək belə istəmişsə də, müvəffəq olmamışdı.
Görünüyor ki, Səidüldövlənin Məhəmmədəli şah sədr-əzəmi olmaq kibi bir “zəlləyə” boyun qoyması İran xəlqini o qədər özündən nifrətləndirmişdir ki, bu dəfə dəxi istər Tehran xəlqi və istərsə məclis Səidüldövlənin təşkil edəcəgi kabinəyə təhəmmül edəməyəcəklərini ələnən izhar etməkdədirlər.
Yenə dünki teleqraflardan ögrəniyoruz ki, məclis şahə xəbər göndərərək cəmaət və millətin etimadına məzhər olmayan bir şəxsin təşkil edəcəgi kabinəyə etimad və etibar göstərə bilməyəcəgini şahi-aliyə, sərkara, gələcək zatın millətin etimad etdigi zatlarlardan olduğu lazım gəldigini iblağ etmişdir.
Məclis tərəfindən vaqe olan bu ixtarla bərabər Tehran xəlqində də böyük bir həyəcan və ğələyan mövcud olub bir taqım narəva hallara intizar edildigindən küçələr polis və candarma nəfərati tərəfindən kəsb və kədar olunaraq mühit və asayişi saxlamaq üçün hər növ tədbirlərə təvəssül olunmuşdur. Digər tərəfdən də xəlq həyəcana gələrək təkəbbüranə müraciətlə əllərindəki kağız pulların gümüşə əvəz olunmasını tələb ediyorlar.
Səidüldövlənin təşkil edəcəgi kabinənin etilafi-müsəlləs tərəfində olacağı teleqraflarla gələn bir fəqərədən dəxi aşkar olmaqdadır. Fransa səfiri İran xidmətində bulunan isveçli zabitləri hüzuruna dəvət edərək yeni təşkil edəcək kibinəyə xidmət edib-etməyəcəklərini onlardan ögrənmək istəmiş və İran hökuməti ilə vaqe olan müqavilələrinə müvafiq kabinə təşkil edən hər hankı bir İran hökumətinə xidmət etmək məcburiyyətində olduqlarına aid onlardan müvafiq bir cavab almışdır.
Bu xüsusi nəql etdikdə teleqraf əlavə ediyor ki, İsveç zabitlərinin bu bəyanatdan sonra yeni kabinənin almanpərəstlərlə edəcəgi mübarizə bir az asanlaşmış oluyor.
Demək artıq Səidüldövlə kabinəsinin Almaniya və Türkiyə siyasəti əleyhində olaraq təşəkkül etdiginə şübhə yeri qalmıyor.
Əhval böylə bir şəkil alınca demək ki, bu ixtilaf yalnız məclis ilə hökumətə münhəsir olmuyub, daxili İran məsələsindən ziyadə, Avropa dövlətlərindən iki müharib kütləyə təəllüq edən bir məsələ şəklini almaqdadır.
Bu surətlə ümumi Avropa müharibəsinə bir səhneyi-vaqe dəxi əlavə olunuyor – Tehran.
“Tehran səhneyi hərbində” hər nə qədər hal-hazırda etilafi-müsəlləs tərəfi daha hazır və daha müsəlləh görünüyorsa da, etilafi-müsəlləs tərəfi dəxi ümid etdigi qüvvələrini toplamaq üzrədir. Elə alman səfiri prins Robs ilə Avstriya səfirinin böyük bir təntənə ilə Tehrana vürudları şübhəsiz ki, işə daha da gərmiyət verəcək və hər iki tərəf qəti vəziyyətlərdə bulunacaqlardır.
Teleqraflar diyor ki, alman səfirinin 5 alman və o cümlədən məşhur topçu Qaaza müşayət etməkdədir. Qaaza İran ixtilafları əsnasında şöhrət bulmuş bir topçudur. Əslən Bakıda əmələlik etməkdə olan bu adam məşrutiyyətpərvaranin Tehrana hücum etdikləri əsnada topçuluq vəzifəsi ifa etmiş və Tehran fəthində böyük yararlıqları görünmüşdü. Tehran fəthindən sonra dəxi Qaaza İran xidmətində bulunaraq daxili üsyanları yatırmaqda bir çox xidmətlər göstərmiş və mahir topçu olmaqla şöhrətyab olmuşdu. Görünüyor ki, əvvəlcə müvəffər bir əmələ olduğu halda sovqi-talelə İranda bir çox rollar oynamış Qaazayə bu kərə də bir rol oynatmaq istiyorlar ki, kəndisini səfirin məiyyətinə almışlardır.
Daha Səidüldövlənin kabinə təşkil elədigi məlum degildir. Varid olan teleqraflardan birisində Səidüldövlənin təşkil edəcəgi kabinəyə hərbiyyə vəziri sifətilə Bəxtiyari-Səmsamülsəltənə, daxiliyyə vəziri mənsəbilə də Eynüddövlənin daxil olacaqları təxmin edilməkdə isə də, bu xəbərin doğru olduğunu qəbul etmək üçün bir az daha intizar etmək lazım gəlir. Ələlxüsus ki, bu teleqrafdan sonra gələn bir teleqraf Səidüldövlənin hala kabinə təşkil edəmədigini xəbər verməkdə və qüvvətli bir hökumətin yoxluğu sezilməkdə olduğunu söyləməkdədir.
Bu bədbəxt məmləkətin zavallı paytaxtindən teleqrafların daha nə kibi xəbərlər gətirəcəgini yəqinən bilmiyorsaq da, hər halda mühüm bir taqım həvadisatın zühuruna intizar etmək gərək.
Böhranın hankı tərəfin qələbəsilə qurtaracağını məhəlli-vəqəədə olan müxbirlər belə daha təyin edəmməmişlərdir. İran hökuməti qüvvətli və mətin bir hakimiyyətə malik olsaydı, əlbəttə ki, böylə qorxunc bir böhranə tutulmazdı. Məsələni həll edib nə yapılacaqsa, bir an əvvəl yapar və yabançı qüvvələrin işə qarışıb da əhvalı alt-üst etməklərinə imkan verməzdi. Məəttəəssüf böylə bir hökumət mövcud olmadığı vəqai – ayrı bir izah və təfsirə ehtiyac qalmadan – göstərməkdədir. Görünüyor ki, bütün arzu və təlaşlarına rəğmən İran hökuməti də istər-istəməz bu yavaş surətlə ümumi mərəkəyə cəlb olunub, neçə illərdən bəri keçirməkdə olduğu müşkül günlərini, daha müşkül günlərlə təkmil etmək məcburiyyəti-əlimməsində bulunacaqdır.
Hər halda İran mühüm bir taqım vaqeələr axşamındadır. Bakalım sabah nə kibi bir nəticə ilə açılacaq...
M.Ə.Rəsulzadə
“İqbal”, 16 aprel 1915, ¹914
B.T.
Məqaləmizi qurtardıqdan sonra Tehrandan mühüm bir teleqrafın varid olduğunu gördük. Bu teleqrafda deyiliyor ki:
“Səidüldövlənin kabinə təşkilində gördigi müşkilat davam ediyor. Davam etməkdə olan hökumətsizlik rus və ingilis səfirlərini rahatsız edərək ikinci dəfə şah hüzuruna çıxmış və qüvvətli bir hökumət təşkilinin təxirə uğradılmamasını zati-humayunlarından təvəqqi eləmişlərdir. Şah Tehranın əmniyyət və İranın bitərəfligi həqqindəki iradəsinin layitəxir olduğunu nümayəndələrə qarşı bəyan eləmişdir. Məclis nümayəndələrinin, ruhanilərin və bütün paytaxt əhalisinin Səidüldövlə əleyhinə bəyani-əfkar etdiklərini görərək şah Səidüldövlənin kabinə təşkil edəməyəcəginə qənaət hasil etdigindən iki böyük dövlət nümayəndələrinin razılığı ilə kabinə təşkilini daha məruf və məqbul olan şahzadə Eynüddövləyə təklif eləmişdir. Vaqe olan böhranın izaləsi üçün Eynüddövlə kabinəsi tərəfindən görüləcək tədbirə məclis dəxi etimad edəcəgini bəyan etməkdədir. Eynüddövlə şah dərbarinə dəvət edilmişdir. Şəhər ğələyandadır. Fəqət intizam və asayiş pozulmamışdır. Günorta zamanı saat ikidə Banki-Şahənşahi (ingilis bankı) qapılarını bağladı. Bankın qabağına yığılan xəlq polis tərəfindən saxlanılmaqdadır. Kabinə daha təşkil olunmamışdır. Gecələyən məclisdə məbuslar fövqəladə bir iclas yapmışlardır”.
Səidüldövlənin iş başına gəlməsi ilə vüqua gələcəgi məlhuz olan fövqəladə hadisə bu teleqrafın ehtiva etdigi fəqərələrə nəzərən şiddətindən düşmüş ədd oluna bilərlər.
Şahzadə Eynüddövlə İranın qədim ricalından ədd olunur. Kəndisi hər nə qədər fikri məşrutiyyətilə imtizağ edəcək bir zehniyyətə malik degilsə də, əcnəbi nüfuzu təhtinə girməz vətənpərəstligi ilə məşhurdur. Məsələyə bu nöqteyi-nəzərdən baxılacaq olursa, Eynüddövlənin təşkil edəcəyi müqtədir bir kabinə bəlkə də böhranın önünü ala bilər.
Hər halda Səidüldövlənin geri qalıb da Eynüddövlənin iləri düşməsi ilə məsələ tamamilə həll edilmiş ədd olunmasa da, əhvalın əmniyyətbəxş bir cığıra girdigi təxmin olunur.
Demək, “ikicanlı gecə”nin doğmaq üzrə bulunduğuna şübhə edilməzsə də “növzad”ın nə olduğunu layiqincə anlamaq üçün yenə “səhər” işığını bəsləmək lazım.
M.Ə.R.
İqna – razı etmə
Mərdud – rədd olunmuş
Müfəssir – şərh edən
Zəllə – səhv, nöqsan
Tasə – qərarsızlıq
İblağ – yetişdirmə
Kəsb – ələ keçirmə
Məlhuz – nəzərə çarpmış, təsəvvür olunmuş
Müdhiş rəqəmlər,acı həqiqətlər!
1914-cü ildə şəhər idarəsi tərəfindən şəhərimizin xəlqi sayılıb yazıldı. Məxsus istilahınca şəhərimizin statistikası tutuldu. Bu ehsa işi icra olunduğu zaman şəhər müsəlman xəlqi buna şübhə ilə baxmış və bir çox adamlar avamlıqlarından ailələri əfradini gizlətməgə səy etmişlər idi.
1914-cü ilin ehsaiyyətinə (statistikasına) nəzərən mədən və zavod lokantını çıxdıqdan sonra Bakıda 214.679 can vardır ki, onlardan 120.798-i kişi və 93.881-i arvaddır.
Milliyyət etibarı ilə şəhər əhalisi bu tərtiblə hesab olunuyor: rus 79.229 və yaxud yüzdə 36 (bütün əhalinin bir ikisindən artıq), qafqasiyalı müsəlmanlar 45.972 və yaxud diyoruz da 21,3, ermənilər 41.675 yaxud, yüzdə 19,5, iranlılar 25.097, yaxud yüzdə 11,7, yəhudilər 9,689, yaxud, yüzdə 4,5, gürcülər 4.077 yaxud yüzdə 1,9, nemsələr 3.280 yaxud yüzdə 1.1 və sair millətlər 8.650 yaxud yüzdə 3,7.
Qafqasiyalı müsəlmanlarla iranlıları bir yerdə hesab eləsək, Bakıdakı müsəlmanların cəmi 71,070 can olur ki, bu yüzdə 33,1 (yəni bütün əhalinin üçdə birini) təşkil edər. Bu hesabla Bakıda müsəlmanlar ruslardan az çıxırlar. Halbuki, təxmin bunun fövqündədir. Və həqiqətən də müsəlmanlardan özlərini gizlədənləri ən azı yüzdə on alsaq, bu 7 minə qərib bir şey edər ki, 71 minin yekuni 78 minə çıxar. Bu da bütün əhalinin yüzdə 33,1 hissəsi degil, yüzdə 37-sini təşkil edərdi ki, ruslarla bərabər və bir az da artıq deməkdir.
Fəqət insan cahil olursa, sayı da
azalırmış. Cahilligimizi görmək üçün
aşağıdakı rəqəmi gözdən keçirəlim:
Şəhərin
üçdə bir hissəsini təşkil edən müsəlman
xəlqinin beş yaşından yuxarıdakıları
arasında oxumaq, yazmaq bilənlər yüzdə 18,3 faiz təşkil ediyor ki, bu beşdə birdən
də azdır.
Halbuki, şəhərin xristian xəlqi ilə yəhudiləri
arasında oxumaq və yazmaq bilənlər baistilah
savadlılar yüzdə 65 faizdir.
Müsəlmanların savadsızlıqlarını
göstərmək üçün statistikanın digər səhifələri
də şəhadət verməkdədir. Məsələn: gəlmələrin
yüzdə 55-i savadlı ikən yerlilərin ancaq yüzdə
30-u savadlıdır. Bunun səbəbi yerlilərin
əksəriyyətlə müsəlman olduqlarıdır.
Bundan əlavə şəhərin məhəllələrinə
görə təsnif olunan statistika rəqəmləri kəza
müsəlmanların cəhalətini göstəriyor. Məsələn: Kərpicxanə,
Naqorni küçələr, Şamaxı yolu və
İçəri şəhər kibi müsəlman məhəllələrinin
savadlıları yüzdə 7 ilə yüzdə 44
arasında gəzişirkən, erməni və rus çox
olan məhlələrdə bu tərəddüd yüzdə
45-lə yüzdə 76 arasında müşahidə
olunmaqdadır.
Demək
ki, xristian məhlələri hesabi-vəsəti ilə
yüzdə 61 savadlı verdigi halda, müsəlman məhlələri
ancaq yüzdə 9,3 savadlı veriyor ki, onda birdən də
azdır.
1902-ci
ilin statistikasına nəzərən Moskva yüzdə 67
savadlı veriyor, Petroqrad isə 1900-ci ildə yüzdə 71,9 faiz vermişdi. Son 1913
ihsasında Riqa şəhri 85 faiz savadlı göstərmişdi.
Halbuki, Bakı degil, bu şəhərlərə, hətta
bütün Avropa Rusiyası şəhərlərinə nisbətlə
də girmədədir. Daha 1897-ci il ehsasına görə Rusiyanın
Avropadakı şəhərləri yazıdan ziyadə
savadlı verdikləri halda, Bakıda beş yaşından
yuxarı, yəni savadlı olmaları icab edən 191.312
adamdan dil fərqi olmadan ancaq 93.986 adamın savadı
varmış ki, bu – yüzdə 49-nu, yarıdan az bir şeyi
təşkil ediyor.
Bakının
bu surətlə məarifcə geri qaldığı səbəbini
arayınca ehsaiyyun haman müsəlmanları
göstəriyorlar. Müsəlmanların,
bilxassə müsəlman arvadlarının məarifə
qarşı göstərdikləri cəhalət
Bakının qeyri şəhərlərdən geri
qaldığına səbəb oluyor. Demək
ki, ictimai və mədəni yaşayışda məarifsizliklə
yalnız özümüzə degil, ümumi və
müştərək işlərin, mədəni həyatın
tərəqqi və iləriləməsinə dəxi bir əngəl
oluyoruz.
Nə
acı həqiqət!
Keçən sənə – heç yadımdan
çıxmaz – Bakıda elektrik tramvayı çəkmək
məsələsinə aid şura edən fənni bir iclasda
rus incinerlərindən birisi məsələn, demişdi ki,
bu vəqtə qədər Bakıda tramvay yoxsa, bir səbəbi
də müsəlman arvadlarının
çarşabıdır. Bu incinerə görə
tramvaylara ən çox mədaxil verənlər arvadlardır.
Halbuki, şəhərimizin böyük bir hissəsini
təşkil edən müsəlman xanımları
çarşab həyasinə mərbut olduqlarından vaqona
çox nüdrətlə miniyorlar.
Əlbəttə, bir rus incinerinin ehtimal olaraq söylədigi
bu sözün nə qədər saçma olduğu
meydandadır.
Fəqət bu saçma sözdə dəxi bir
hisseyi-həqiqət vardır. Hələ ümumbakı
məarifinin dalda qalmasını izah edərkən müsəlmanların,
bilxassə müsəlman xanımlarının cəhaləti
göstərilirsə, buna kimin nə sözü ola bilər. Bu məəttəəssüf
eyni həqiqətdir. Acı bir həqiqətdir!
Yuxarıdakı rəqəmlərdən bir şey
aşkar oluyor.
Bakıdakı müsəlman xəlqinin digərlərinə
nisbətlə dun bir dərəcəyi-məarifdə
bulunmaları.
Müsəlmanların cəhaləti
başqalarının tərəqqisinə əngəl oluyor.
İştə,
bu rəqəmlərdən sızan böyük bir təhqir! Bu təhqirə təhəmmül edəcək qədər
karlaşdıq, korlaşdıqmı?
Başqalar yüzdə 65 savadlı verirkən, bizimkilər
ancaq yüzdə on savadlı çıxara bilərlər. Həqiqəti
bizim üçün bir məsiheyi-intibah təşkil etməli
və var qüvvəmizlə məarifi-ibtidainin aramızda
yayılmasına çalışmalıyız. Bu xüsusdakı
çalışmalarımızı ona bərabər etməliyiz.
Biz Qafqasiya müsəlmanlarında, məarif və tərəqqimiz
üçün çalışanlarında belə
böyük bir nöqsan vardır. Bizə tərəqqi verdirmək istəyən
pişrovlar məarifi-ibtidaidən ziyadə ali
təhsilə əhəmiyyət verdilər. Bu sayədə
bu gün Qafqasiyada digər Rusiya islamlarına nisbətlə ali təhsil görmüş müsəlmanlar
nisbət götürmiyəcək dərəcədə
çoxdur. Halbuki, məarifi-ibtidaiyyəcə
Qafqasiya islamları bərbad bir haldadırlar. Bakı
kimi Qafqasiya müsəlmanlarının mərkəzi ürəfasını
təşkil edən bir yerdə qafqasiyalı müsəlmanlar
yüzdə 22 savadlı çıxara bilmiyəcəkləri
halda, yenə Bakıda bulunan şimallı tatar
qardaşlarımız yüzdə 33 savadlı veriyorlar. Bakıda bulunan tatarların əksərən əmələligə
gələn, binaənileyh yazısız və savadsız
olması təxmin edilən qismdən olduqları halda, yerli xəlqdən
daha ziyadə məsud olmaları şimal
qardaşlarımızla bizim aramızdaki məarifi-ümumiyyəmiz
fərqini nə istifadəbəxş bir surətdə təsvir
ediyor.
Bakıdakı
müsəlman doktorları, incinerləri və sair ali təhsil görmüş ağaları
saysanız, yüzdən ziyadə edər ki, bu qədər
ali təhsil görmüş müsəlman bəlkə
bütün Tatarıstanda bulunmaz. Fəqət
ibtidai məarifə gəlincə, Bakımız beşdə
bir savadlı verdigi halda Bakıdakı tatar əmələləri
üçdə bir savadlı veriyorlar. Kazan
və Orenburq kibi şəhərlərdə isə
tatarların yüzdə 60 və ya 70-i savadlı verdiklərinə
şübhə yoxdur.
Əvət, yuxarıdakı müdhiş rəqəmlər
cəmaət məarifi üçün xidmət etmək istəyənlərimizi
diksindirməli və kəndilərini ibtidai məktəblərə
fövqəladə əhəmiyyət verməgə sövq
etməlidir.
Fəqət bu ərqəm şəhər idarəsinin
məarif politikasına da təsir etməlidir. Şəhər idarəsi
bilməlidir ki, bir şəhərin bir qismi ancaq o şəhərdə
yaşayan millətlərin mütənasib bir surətdə tərəqqi
etmələri sayəsində faidəli ola
bilər. Məarif və mədəniyyət
işlərində həyati-ictimaiyyə və mədəniyyədə
tənasüb iqdami gözləmək vacib və
lazımdır. Bu təbiətin də
iqtiza elədigi bir əmrdir. Bədənin
səhhətini gözləmək üçün
bütün əzanın mütənasibən tərbiyə və
tərəqqisini gözləmək lazımdır. Yoxsa, münhəsirən əzadan birsini tərbiyə
etmək digər üzvləri fəlc halına yetirib də
işdən salmaq deməkdir ki, bu surətlə bədənin
müzürr olacağı mühəqqəqdir. Bununla bizə maliyyə idarəsi sair millətlərin
məarif və mədəniyyət həyatini
dayandırıb da yalnız müsəlmanlarınkinə pul
versin demiyoruz. Fəqət, bunu tələb
ediyoruz ki, müsəlman xəlqinin məarifə olan əşəddi-ehtiyacı
nəzərə alınaraq bu xüsusə indikindən daha
ziyadə əhəmiyyət verilsin.
Müsəlmanları cahillikdə ittiham etmək qabilsə
də, cahillikdə qalmaq istəməklə artıq ittiham etmək
olamaz. Şəhərimizdə mövcud rus-müsəlman
məktəblərinin hamısında həddindən artıq
şagird olduğu ilə bir çox məktəblərdə
mütəəddid şöbələrin
vücudi-iddiamızı isbat edər – zənnindəyiz.
Xəlq içinə məarif yaymaq üçün təsis
olunan cəmiyyətlərimizin ən müqəddəs, ən
böyük xidmət və vəzifələri məhəllə
əhillərini məktəb istəməgə təşviq
eləmək və bu xüsusda kəndilərinə bələdiyyə
idarəsinə müraciət etmək, ərizə vermək
üçün rəhbərlik etməkdir.
Duma qlasnılarının da borcudur ki, cəmaət tərəfdən
vaqe olan bu kibi tələbləri nəzəri-etinayə
alıb müsəlman xəlqinin məarif haqqındaki tələblərini
iqbal etsinlər.
Bələdiyyə idarəsi şəhərin mənafei-həqiqəsini
nəzərə alar və şəhərin mədəni bir
qisminə tənasüb verdirmək istərsə, şübhəsiz
müsəlman xəlqinin məarifcə geridə
qalmasını və bu gerilikdən şəhərə fayda
gəlməyəcəgini məarif politikasının tətbiqi
əsnasında hər daim nəzərində
bulundurmalıdır.
İştə, müdhiş rəqəmlərlə,
acı həqiqətlərin müsəlmanlarla şəhər
idarəsi öhdəsinə təhəmmül etdigi müqəddəs
vəzifə.
Bu vəzifənin ifasını müsəlmanlar tələb,
şəhər ağaları da qəbul etmək məcburiyyətindədirlər.
M.Ə.Rəsulzadə
“İqbal”,
20 aprel 1915, ¹917
Ehsa –
hesaba alma
Ərqəm
– rəqəmlər
Mütəəddid
– çoxlu, müxtəlif
Vəsət-orta
hesabla
Nüdrət-nadir,
az-az
Məcburi qərardadlar həqqində
Bazar və dükan alış-verişi ilə ticarətxanə və sənaətxanələrin açılıb-bağlanması xüsusunda şəhər duması tərəfindən 1906-cı ilin yanvarının 15-də və 1907-ci ilin sentyabrın 12-də çıxan qanunlar mövcibincə dövrü qərardad qorodonaçalnik tərəfindən elan edilmişdir.
Elan olunan bu qərardad şəhərimizin ticarət və sənaət həyatına daha müntəzəm bir qaidə qoymuşdu və ticarətxanələrdə çalışan əmələlər üçün lazımi bir istirahət görməkdədir.
Bu nöqteyi-nəzərdən qərardadi təqdir etməkdən başqa bir deyəcək ola bilməz.
Fəqət bu qərardadın müsəlmanlar öhdəsinə yüklətdigi vəzifə xüsusunda bir çox söz söyləmək caiz, həm yalnız caiz degil, lazımdır.
Qərardad mövcibincə müsəlmanlar bütün ortodoks olmayan millətlərlə bərabər, ortodoks dini bayramlarını tətil etmək məcburiyyətində olduqlarından əlavə, cüməni tətil etmək məcburiyyətində ikən yekşənbə günlərini daha günortaya qədər tətil etmək məcburiyyətində qalıyorlar.
Demək ki, bir xristian bilxassə, bir ortodoks xristian ildə həftə tətilindən başqa nə nə qədər tətil edərsə, bu tətildə bir müsəlman, bir erməni, bir yəhudi dəxi onunla şərikdir, əlavə olaraq ildə doqquz gün müsəlman, dörd gün də erməni öz bayramlarını saxlayacaq.
Bu azmış kibi müsəlmanlar hələ həftə tətilindən də başqa bir ədalətsizligə düçar oluyorlar. Müsəlmanlar yalnız cümə tətili ilə işin içindən çıxamıyıb, yekşənbə gününü də yarı gün başlamaq məcburiyyətində qalıyorlar. Demək ki, sair alış-verişçi yoldaşları həftədə bir gün məəttəl qaldıqları halda, müsəlman alış-verişçiləri gün yarım tətil etmək məcburiyyətində qalacaqlardır.
Yanvarın əvvəli olan sənə pas bayramı, fevralın 19-u kəndlilərin azad edildigi günün xanədan səltənətinə məxsus padşahlıq dövlətinə aid olan ali günləri, əlbəttə ki, bilafərq millət və məzhəb bütün Rusiya vətəndaşları ayrı-seçgi gözləmədən müttəfiqən bir bayram saxlamaq və bu surətlə bir vətənin övladları olduqlarını hiss etdirmək və bu bayramlar vasitəsilə müştərək bir vətənə mərbut bulunduqlarını göstərmək məcburiyyətindədirlər. Buna heç bir ünsürün, heç bir millətin, əlbəttə ki, deyəcəgi olamaz. Fəqət ortodoks məzhəbinə məxsus olan bir taqım sırf dini və milli bayramları başqalarına da döndərmək və onun ortodokslara verdigi dini hissiyyatla, məsələn, müsəlmanları da mütəhəssis etdirmək şübhəsiz ki, ədalətdən uzaq qaldığı kibi, Rusiya milliyyətləri arasına küdurət və münafirətdən başqa faydalı bir xəta salmağa da yaramaz.
Rus milləti öz hakimiyyətini Rusiyada yaşayan sair millətlərin vicdanı üzərinə icra elədigi təzyiqatı ilə degil, hər kəsə kəndi hüquqi-bəşəriyyəsini təmin etmək və hər bir millətin hissiyyati-milliyyə və diniyyəsinə ehtiram eləmək və onların konlünü ələ almaq surəti ilə təmin edə bilər...
M.Ə.Rəsulzadə
“İqbal”, 26 aprel 1915, ¹922
Məhəyyüc – həyəcanlanma
Təşhir – xalq arasında yayma
Şirməmməd
Hüseynov
525-ci qəzet.-
2011.- 3 dekabr.- S.26-27.