Şəhriyar və
XX əsr İran ədəbi mühiti
YAXUD “İNŞALLAH Kİ, QALİBƏM
MƏN...”
Məhəmmədhüseyn Şəhriyarın poeziyası XX əsr İran ədəbiyyatının inkişaf xüsusiyyətləri ilə sıx surətdə bağlı olmuş, klassik irsin yaradıcı şəkildə mənimsənilməsi ilə yanaşı, çağdaş ədəbi proseslə qarşılıqlı əlaqə və təsir zəminində formalaşmışdır. Həyatının bütün mərhələlərində tərkidünyalıq və guşənişinlik illəri yaşamasına, əski təbirlə desək, “sufi-məşrəb” və “dərviş-məab” olmasına baxmayaraq, Şəhriyar İran ədəbiyyatında, xüsusən poeziyada baş verən hadisə və dəyişiklikləri yaxından izləmiş, zəruri məqamlarda və ən mühüm məsələlər barədə səmimi şəkildə mövqeyini bildirmiş, sözünü söyləmişdir. Odur ki, şairin yaradıcılığının ədəbi-tarixi əhəmiyyəti və müəyyən mənada müstəsna mahiyyəti məhz bu kontekstdə anlaşıla və qiymətləndirilə bilər.
XX əsr İran ədəbiyyatının inkişafı bütövlükdə “ənənəçilərlə” “yenilikçilərin” qızğın mübahisəsi və kəskin mübarizəsi şəraitində baş vermiş, onun ən intensiv mərhələləri 1920-30-cu və 1960-70-ci illərə, yəni Rza şahın modernləşməyə yönəlmiş sosial-mədəni islahatları və Məhəmmədrza Pəhləvinin “ağ inqilabı” dövrünə təsadüf etmişdir. Bu prosesdə Şəhriyar əlahiddə bir yer tutur və biz burada həmin əlahiddəliyin mahiyyəti və səbəblərini açıqlamağa çalışacağıq.
Şəhriyarın ədəbiyyata gəldiyi 1920-ci illər bədii yaradıcılıqda, ilk növbədə poeziyada novatorluq axtarışlarının birinci dalğasının gücləndiyi dövr idi. Şeirdə bu prosesin bayraqdarı olmaq, klassik kanonları sındırmaq missiyasını Mazandarandan olan gənc şair Nima Yuşic (1895-1960) öz üzərinə götürmüşdü. Şəhriyar kimi fransız dilini mükəmməl bilən Nima Qərb ədəbiyyatından təsirlənməklə bir-birinin ardınca yeni poetik forma və üslubda yazdığı əsərlərini nəşr etdirir, ənənə tərəfdarlarının müqaviməti və etirazı ilə üzləşirdi. Etiraz edənlərdən biri də o dövrün nüfuzlu ədiblərindən olan Məlikküş-şüəra Bahar (1887-1951) idi. O Məlikküş-şüəra Bahar ki, Şəhriyarın ilk kitabına – 1931-ci ildə çap olunmuş divanına heyranlıqla dolu ön söz yazmış və Şəhriyarı “təkcə İranın deyil, bütün Şərq aləminin iftixarı” adlandırmışdı; gənc şairin klassik formanı gözləməklə yazdığı yeni ruhlu şeirlər Baharın zövqünü oxşamış və o hətta Şəhriyarın əsərlərindən yaradıcı impuls aldığını etiraf etmişdi.
Baharla yanaşı, Səid Nəfisi və Pejman Bəxtiyari kimi ədiblərdən yüksək qiymət alan Şəhriyar, bununla belə, ədəbi-estetik mübahisələrdə mühafizəkarların səngərində yer almadı və təkcə Nimanın yaradıcılığında deyil, bütövlükdə XX əsr İran poeziyası tarixində yeni səhifə açan “Əfsanə”ni böyük coşqu və həyəcanla qarşıladı. “Əfsanə” poeması Şəhriyara elə güclü təsir bağışlamışdı ki, şahidlərin dediyinə görə, kitabı əlindən yerə qoymur, ondan danışmaqdan doymurmuş.
Nəhayət, Şəhriyar əsərin müəllifi ilə şəxsən tanış olmaq üçün İranın şimalına – Barfüruşa yollanır. Nima ilə görüşmək Şəhriyara nəsib olmur, əvəzində onun qələmindən farsdilli poeziya üçün tamamilə yeni bir hadisə olan “Do morğe-beheşti” (“İki cənnət quşu”) adlı bir əsər çıxır. Şəhriyarın özünün də etiraf etdiyi kimi, həmin əsər Nimanın təsiri ilə yazılmışdır, lakin bu, Nimanın birbaşa davamçılarında gördüyümüz təsirdən fərqli – yeni poetik formaya deyil, yeni poetik təfəkkürə təkan verən, bədii təxəyyülü qanadlandıran bir təsirdir. Nimanın təsirini Şəhriyarın sonralar yazdığı “Həzyane-del” (“Qəlbin sayıqlaması”) “Ey vay madərəm” (“Vay, anam”), “Mumiyayi” (“Mumiyalanmış adam”) “Pəyam be Eynşteyn”) (“Eynşteynə müraciət”), “Əfsaneye-şəb” (“Gecənin əfsanəsi”) kimi əsərlərində müşahidə etmək mümkünsə də, məhz təsirin qeyd olunan səciyyəsi nəticəsində bunlar Şəhriyarın öz üslubunda olan əsərlər sayılır. Şəhriyar haqqında ən qiymətli araşdırmalardan birinin müəllifi olan Hüseyn Münzəvi (1946-2004) haqlı olaraq yazır: “”İki cənnət quşu” “Əfsanə”nin təsiri altında yazılsa da, insafən, Şəhriyar öz axıcı və lirik dili, canlı və gözəl təbiət təsvirləri, eləcə də dialoqları qurmaq və duyğuları bəyan etmək bacarığı ilə... “Əfsanə”dən irəli getmişdir. Məşhur ifadə ilə desək, “birincilik üstünlüyü” Nimaya məxsus olsa da, “üstünlük birinciliyi” Şəhriyara məxsusdur”.
Adı çəkilən əsərlər İranda yeni şeirin ən dəyərli nümunələri olmaqla, Şəhriyarın ədəbiyyatda ənənə və novatorluğa baxışının özünəməxsusluğunu da ortaya qoyur. Bu özünəməxsusluğu şairin aşağıdakı sözlərində aydın görmək mümkündür:
“Şeirin mayası qeyri-iradi insanın sinirlərində yaranan incə bir titrəyişdir – şairin sinir sistemi onu təbiətdən təhvil alıb bəsləyir və sonra onu şeir şəklində başqalarına təhvil verir. Şeirin vəzni, melodiyası, şeirdə sözlərin uyuşması insanın paltarı kimidir və şeir adətən bu paltarda rəsmən tanınır... Qafiyə şəklin salındığı çərçivə kimi bir şeydir ki, şeiri onunla bağlayırıq..., şeirin şəkli və ya forması onunla müəyyənləşir. Paltarın forması dəyişdikdə insanın mahiyyəti dəyişmədiyi kimi, şəklin dəyişməsi ilə şeirin mahiyyəti də dəyişməz. Şeir şair üçün ideal məqamında olan bir məqsədi izləyir... Poetika elmi şeiri təhlil və dərk etmək üçün yaranıb, şeir yaratmaq üçün yox! Poetika şeirdən törəyib, şeir poetikadan törəməyib... Şair bilməlidir ki, əgər mənzum söz quraşdırma yolu ilə, yaxud qaydalar əsasında yaranarsa, saxta bir sözdür və şeir deyil...”.
Poetik sözün təbiətinə bu cür baxışın nəticəsidir ki, Şəhriyar digər ənənəçilərdən fərqli olaraq, Nima və ardıcıllarının yeniliklərinə dözümlü münasibət sərgiləyir, özü də onlardan istifadə edirdi, eyni zamanda yeniliyi formal parametrlərə müncər edənlərlə razılaşmırdı. Şəhriyar bədii yaradıcılıqda təxəyyülə, fantaziyaya müstəsna əhəmiyyət verirdi və Nimanın poetik şəxsiyyətində ən çox bu cəhəti qiymətləndirirdi. Onun fikrincə, yeni sözü köhnə “paltar”da da söyləmək mümkündür. Çünki şeirdə əsas olan fikirdir, məzmundur. Çox sevdiyi və bəhrələndiyi Saib Təbrizinin dediyi kimi:
Bir ömür yarın zülfündən
söz demək olar,
Elə düşünmə ki, [deyilməmiş]
məzmun qalmayıb!
Şəhriyar klassik ənənələri dövrünün yenilikləri ilə uğurla birləşdirməyi bacarmış, ənənə və novatorluq arasında düzgün nisbəti, “etidalı”, “qızıl ortanı” tapmağa və yaradıcılığında gerçəkləşdirməyə nail olmuşdur. Bu, XX əsr İran poeziyasında onun əlahiddəliyini şərtləndirən birinci səbəbdir. Təsadüfi deyil ki, Nima Yuşic Şəhriyarı “İranda gördüyüm yeganə şair” adlandırmışdı.
Şəhriyar kimi əsasən klassik formalarda, ilk növbədə, qəzəldə yazıb-yaradan bir şairin Nimaya (və bütövlükdə “yeni şeirə”) verdiyi dəstəyin İran ədəbi mühitində xüsusi əhəmiyyəti və mənası vardı. Bu dəstək iki şair arasında səmimi dostluq münasibətlərinin yaranmasına təkan vermişdi, Tehranda və Təbrizdə görüşən iki şair bir-birinin yaradıcılığı haqqında fikirlərini açıqlamış, bir-birinə şeirlər həsr etmişdi. Yaradıcılıqlarının xarakteri, ictimai-estetik mövqeyi baxımından ciddi şəkildə fərqlənən iki şairin bir-birinə bu münasibəti son dərəcə ibrətamiz və düşündürücü faktdır.
Şəhriyarın “yeni şeir” barədə düşüncələri Nimanın vəfatından sonra onun oğlu Şəragim Yuşicə yazdığı geniş məktubda öz dolğun əksini tapmışdır. Həmin vaxt Ş.Yuşic atasının külliyatını çap etdirmək fikrinə düşmüşdü. Bununla bağlı məsləhətlərini verən Şəhriyar Nimanı “fars ədəbiyyatında xüsusi mövqeyi olan, dəyişiklik körpüsü quran” bir şair kimi səciyyələndirir, eyni zamanda onun bir çox əsərlərinin eksperiment xarakteri daşıdığını vurğulamağı unutmur və Nimanın yaradıcılığı ilə bağlı mühüm bir problemə toxunaraq yazır: “Sənin atan ümumilikdə bir İran-Avropa şairi idi... Atan əvvəllər bu əqidədə idi ki, biz özümüz üçün çox şeir demişik, indi gərək bir qədər də avropalılar üçün şeir yazaq. Yəni elə yazaq ki, onlar asanlıqla başa düşsünlər, biz sənət və ədəbiyyatımızı onlara tanıda bilək. Bu, pis fikir deyildi, amma tezliklə özü bunun problemi ilə üzləşdi: deyirdi ki, əgər belə də etsək, tədricən öz ədəbi simamız aradan gedəcək. Odur ki, o bir müddət avropalıların başa düşə biləcəyi, Avropa dillərinə daha asanlıqla tərcümə ediləcək misralar yazdı, amma sonra bu problemlə qarşılaşdı”.
Burada Şəhriyar XX əsrdə təkcə İran ədəbiyyatının deyil, bütün Şərq ədəbiyyatlarının qarşısında duran bir vəzifəyə – dünya ədəbiyyatına inteqrasiya olmaq məsələsinə toxunur və İranda “yeni şeirin” atası sayılan Nima Yuşicin “Avropaya çıxmaq” problemini necə həll etməyə çalışdığını açıqlayır. Bütövlükdə Qərb ədəbiyyatı XX əsrdə İran ədəbiyyatının xarakterini müəyyənləşdirən təsir amillərindən biri kimi çıxış etmiş, Nimadan sonra da Avropa şeirinə təqlid geniş yayılan bir hal olmuşdur. Rembo, Rilke, Elüar, Apolliner, Lorka, Eliot, Mayakovski kimi şairlər, simvolizm, dadaizm, sürrealizm kimi cərəyanlar İran poeziyasına dərin təsir bağışlamış, “yeni şeirin” bir çox nümayəndələri həm də Qərb modernizmi nümunələrinin fars dilinə tərcüməçiləri olmuşlar. Bu da təbii olaraq, əks reaksiya doğurmuş, “ənənəçilərin” kəskin mənfi münasibəti ilə qarşılaşmışdır. Şəhriyar isə fərqli bir yolla getmiş və bunu sözügedən məktubda belə açıqlamışdır: “Mən də az qalmışdı ki, ifrat yola düşüm, amma dayandım və “İki cənnət quşu”, “Qəlbin sayıqlaması” və eləcə də “Gecənin əfsanəsi” kimi əsərlərimdə avropasayağı yabançı düşüncələri bacardığım qədər iranlılaşdırmağa (orijinalda: İranizə etməyə – M.M.) çalışdım və müəyyən həddə buna nail oldum. Ona görə də məndən sonra gələn Nadirpur, Sayə, Müşiri kimi şairlərin üslubu Nima ilə mənim aramda yerləşən bir şey olmuşdur”.
Beləliklə, Şəhriyar nə “yenilikçilər” kimi Avropa şeirinə təqlid edir, nə də “ənənəçilər” kimi onu süngü ilə qarşılayır: şair Şərq bədii təcrübəsini Avropa ədəbiyyatının nailiyyətləri ilə birləşdirmək yolunu tutur və bu da onun yaradıcılığının əlahiddəliyini təmin edən ikinci səbəb kimi çıxış edir. Qeyd edək ki, Şəhriyar təkcə ədəbi-estetik baxımdan deyil, ümumi ictimai və kulturoloji planda da bu mövqedə dayanır və Avropa mədəniyyətinə nisbətdə böyük İran yazıçısı Cəlal Ale-Əhmədin məşhur “Qərbzədegi” (“Qərbçilik”) əsərində nümayiş etdirdiyindən fərqli bir yanaşma cərgələyir.
1950-ci illərdə, xüsusən 1953-cü il çevrilişindən sonra “yeni şeir” böhran mərhələsi yaşayır, Şəhriyarın təbirincə desək, “bayağılaşma dönəminə” qədəm qoyur (bu böhran, heç şübhəsiz, həm də ideoloji səbəblərlə bağlı idi). Şəhriyar isə bu dövrdə fars divanının dalbadal çap olunan cildləri bir yana, ana dilində “Heydərbabaya salam” kimi möhtəşəm bir əsər yaradır və az bir zamanda onun şöhrəti İran hüdudlarını aşaraq, keçmiş SSRİ məkanına, Avropa və Amerikaya çatır. “Heydərbaba”nı yazmaqla Şəhriyar orta əsrlərdən gələn ikidillilik (həm farsca, həm türkcə yazmaq) ənənəsində yeni bir səhifə açır, Pəhləvi rejiminin susdurduğu dilin varlığını bütün əzəməti ilə ortaya qoyur. Bu, Şəhriyara İran ədəbi mühitində əlahiddə status qazandıran üçüncü səbəbdir. Şəhriyarın ana dilində yazdığı əsəri təkcə Azərbaycanda və Türkiyədə deyil, İranın farsdilli ədəbi mühitində də böyük maraq doğurur. O qədər ki, fars dilinin qızğın təəssübkeşi, böyük İran yazıçısı Məhəmmədəli Camalzadə “Heydərbaba”nı orijinalda oxumaq üçün Azərbaycan türkcəsini öyrənmək istəyinə düşür.
Şəhriyar ana dilində milli ruhun ifadəsi, milli adət-ənənələrin ensiklopediyası sayılan “Heydərbaba” kimi bir əsər yazmaqla kifayətlənmir, yuxarıda adları keçən şeirləri ilə farsdilli poeziyada gördüyü işi ana dilində də həyata keçirir, tezliklə ədəbi-tarixi və bədii-estetik baxımdan ondan heç də geri qalmayan “Səhəndiyyə”sini qələmə alır. “Səhəndiyyə”, bizim ədəbiyyatşünaslıqda yetərincə diqqət verilməsə də, məzmununa, formasına, ritminə, ahənginə görə nəinki Güney, hətta sovet dönəmi Quzey Azərbaycan ədəbiyyatında da misli-bərabəri olmayan poetik nümunədir, Şəhriyar dühasının əlçatmaz məhsuludur:
Şah
dağım, çal papağım, el dayağım,
şanlı Səhəndim!
Başı tufanlı Səhəndim.
Başda
Heydərbaba tək qarla,
qırovla qarışıbsan
Son ipək
telli buludlarla üfüqdə
sarışıbsan,
Savaşırkən
barışıbsan...
Dağlı
Heydərbabanın arxası
hər
yerdə dağ oldu,
Dağa dağlar dayaq oldu.
Arazım
ayna çıraq qoymada
aydın
şəfəq oldu,
O
tayın nəğməsi qovzandı,
ürəklər qulaq oldu.
Yenə
qardaş deyərək qaçmada
başlar
ayaq oldu
Qaçdıq,
üzləşdik Arazda,
yenə
gözlər bulaq oldu,
Yenə qəmlər
qalaq oldu...
Lalə
bitdi, yanaq oldu,
Qönçə
güldü, budaq oldu,
Nə sol
oldu, nə sağ oldu,
Hamısı
bir sayaq oldu...
1960-cı illərdə İranda “yeni şeirin” ikinci
dalğası meydana çıxdı, ədəbi mühitdə
yeni adlar, yeni imzalar göründü, çeşidli estetik
proqramlar, manifestlər irəli sürüldü, bəyanatlar
verildi. “Yeni
dalğa” (“mouce-nou”), “xalis poeziya” (“şere-nab”), “həcm
şeiri” (“şere-həcm”) kimi konsepsiyaların meydana
çıxması, Əhməd Şamlu, Foruğ Fərruxzad,
Bijən İlahi, Mənuçöhr Atəşi, Söhrab
Sipehri, Məhəmmədəli Sepanlu, Yədullah Royayi,
Əhmədrza Əhmədi, Mehdi Əxəvane-Salis və s.
kimi şairlərin məhsuldar yaradıcılıq
axtarışları məhz bu dövrə təsadüf edir.
Əks qütbdə, yəni “ənənəçilər”in
cəbhəsində Əmiri Firzukuhi, Rəhi Müəyyiri,
Əbülhəsən Vərzi kimi şairlər
yazıb-yaratmaqda idi. Heç bir ədəbi
qruplaşmaya qoşulmayan, şöhrətinin zirvəsində
olan Şəhriyar faktoru ilə hər iki cəbhə
hesablaşır, yeri düşdükcə onun
yaradıcılığı barədə fikirlərini
açıqlayırdı. Məsələn, “yeni
şeirin” ünlü nümayəndələrindən Mehdi
Əxəvane-Salis ənənəvi janrlarda, xüsusən qəzəldə
Şəhriyarın poetik qüdrətini etiraf edərək yazırdı:
“Əgər adamın deməyə təzə sözü
varsa, hələ də bu janrda (qəzəldə – M.M.) deyə
bilər. Şəhriyar və Abbas Fərat hər
ikisi qəzəl yazıb, amma onlar arasında nə qədər
fərq var?! O gənc və coşqun ruhlu, fədakar və
nalə çəkən bir aşiq, bu isə, özü
demişkən, hər gecə bir-iki qəzəl deməyə
adət etmiş şəxs! Günah janrlarda deyil, bu janrlardan
necə istifadə edən adamlardadır...”.
Məşhur şairə Foruğ Fərruxzad deyirdi: “Vəzn
və dil bir-birindən ayrı deyil, birlikdə gəlirlər,
onların açarları da özlərindədir. Mən bu zəmində yaranmış əsərlərdən
sizə nümunələr gətirə bilərəm. Bəlli olanlardan keçək, məsələn,
Şəhriyarın “Vay, anam” şeirinə diqqət edin.
Şəhriyar kimi qəzəlxan bir şair
üzləşdiyi məsələ qarşısında daha
qeyri-səmimi olmağı bacarmayanda, görün necə dil
və vəzn öz-özünə bir-birinə
uyğunlaşıb gəlirlər və nəticədə qətiyyən
Şəhriyardan gözlənilməyən bir əsər
yaranır”.
Bu sözlərdə tərifli məqamlarla
yanaşı, Şəhriyara soyuq münasibəti də
(özü də daha çox qəzəl yazdığına
görə!) sezməmək mümkün deyil, hətta
Foruğ Fərruxzad dolayısı ilə Şəhriyarın
şeirlərində qeyri-səmimi olduğuna da eyham vurur. Şəhriyarın bu
şairlər haqqında fikirləri ilə tanış
olsaq, həmin soyuqluğun qarşılıqlı olduğunu
görərik. Məftun Əmini bu məsələdən
danışarkən yazır: “Ümumiyyətlə, demək
lazımdır ki, Şəhriyar özünün şəhriyarlıq
səltənətində təqribən başqa heç bir
müasir şairi ustad səviyyəsində qəbul etmirdi.
Əlbəttə, Nima və Bahara hörmət bəsləyirdi...
Qəribə burasıdır ki, Mehdi Əxəvanı
cavanlıqda yazdığı bir neçə qəsidəsinə
görə qəbul edirdi. Şamlu, Foruğ, Sipehri, Atəşi
və digər bu kimi şairlər barədə
danışmırdı... Özünə və şeirinə
maraq göstərdiyi yeganə şair Huşəng Ebhtehac idi,
hərdən də Müşirinin, Nadirpurun və dini
mövzularda yazan bir-iki yerli şairin adını çəkərdi...”.
Şəhriyarla
“yenilikçilər” arasında illərlə sürən
soyuq münasibətlər 1972-ci ildə Şəhriyarın sədrliyi
ilə Təbrizdə ümumiran şeir konqresinin keçirilməsi
ilə kəskin xarakter aldı: “yenilikçilərin” bir qrupu
konqresi boykot elədi. Konqresin elanı verilən kimi
boykotçulardan və İranda modernist ədəbiyyatın
ideoloqlarından biri olan Rza Bərahəni sərt bir
açıqlama ilə çıxış etdi: “Mən bu xəbəri
eşitdim, oxudum və bərk heyrətləndim: Bu neçə
konqresdir ki, onun başında Şəhriyar dayanır? ... Əgər bu, bütün müasir yaxşı
şairlərin iştirak edəcəyi bir
yığıncaqdırsa, görəsən, Şəhriyar
kifayət qədər ictimai, mədəni və ədəbi
şüura malikdirmi ki, belə bir konqresin sədrliyinə
seçilsin? Biz deyirik: Şəhriyar əbədilik
keçmişdə qalıb, çünki Şəhriyar
yalnız yaxşı bir qəzəlxandır və qəzəlin
dövranı həmişəlik bitib... Odur ki, bir qəzəlxan,
nə qədər zahirdə arif və dərviş kimi
görünsə də, bu günkü fars
şeirinə həsr olunmuş konqresin başında dayana
bilməz... Bu gün həqiqətən
yaşayan və öz axtarışları ilə həyatına
davam edən yeganə müasir şair – “yeni şeir”dir və
Şəhriyarın Nimanı təqlid edərək, onun
yoluyla gedərək söylədiyi şeirlər ən
aşağı poetik səviyyədədir. Əgər
Şəhriyar həqiqi dərvişdirsə və ruhani irfana
inanırsa..., yaxşı olar ki, ... belə
bir konqresə sədrlikdən kənara çəkilsin”.
Əlbəttə,
“İran ədəbi tənqidinin atası” kimi məşhur
olan Rza Bərahəni vaxtilə böyük fars
şairi Söhrab Sipehriyə münasibəti kimi, Şəhriyar
barədə bu fikirlərinin də
yanlışlığını sonralar anlamış və
peşmançılıq keçirmişdi. Amma
bu sözlər həmin dövrdə bir sıra yenilikçilərin
Şəhriyara yanaşmasını göstərmək
baxımından səciyyəvidir. Özü
də bu münasibət sırf ədəbi-estetik səbəblərlə
deyil, həm də ictimai-siyasi amillərlə bağlı idi.
Məsələ burasındadır ki, “yeni
şeirin” əksər tanınmış nümayəndələri
sol ideologiyanın tərəfdarı idi və Şəhriyarın
ictimai mövqeyi ilə razılaşmırdı. Şəhriyarsa, özü demişkən, “nə
sol idi, nə sağ”, heç bir ideologiyaya, siyasi axına
bağlı deyildi, onların fövqündə dayanır,
ümumbəşəri prinsiplərə söykənirdi.
Eyni zamanda Bərahəninin ironiyasına rəğmən, həqiqətən
irfana inanırdı, nəinki inanırdı, onun ən ali məqamına yüksələ bilmişdi.
Bu isə Şəhriyarın poetik şəxsiyyətinin
əlahiddə mahiyyətini şərtləndirən
dördüncü səbəbdir.
Maraqlıdır
ki, “yeni şeirin” bir çox nümayəndələri
sonradan məhz Şəhriyarın yoluna üz tutmuş, sufi ədəbiyyatı ənənələrindən
bəhrələnməyə çalışmışlar
(1979-cu il inqilabdan sonra bu meyl daha aşkar və sistemli bir səciyyə
kəsb etmişdir). Bununla belə, onlar Şəhriyardan
faydalandıqlarını hər vəchlə ört-basdır
etməyə səy göstərmişlər.
Çağdaş İran şeirinin görkəmli nümayəndələrindən
olan Nüsrət Rəhmani (1929-2000) bu barədə
yaxşı yazır: “Mənim fikrimcə, Şəhriyar dilə
mükəmməl sahibliyi sayəsində xalq kütlələri
arasında qəribə bir populyarlıq qazanmış yeganə
şairdir. Və mən zəmanəmizin görkəmli
şairləri içərisində çox az
adam tanıyıram ki, bu kişinin əsərlərindən bəhrələnməmiş
olsun. Təkcə xalq arasında deyil,
dövründəki azsaylı səriştəlilər
arasında da onun mövqeyi belə idi. Çox
vaxt Şəhriyarı bilə-bilə unudur və ya qəsdən
haqqında susurlar. Bu “Nima, Nima” deyənlər,
az bir qismi istisna olmaqla, tamamən o kəslərdir ki,
böyük bir məsələdən başları
çıxmayanda, “Əxfəşin keçisi” kimi
başlarını tərpədirlər. Onlar
Nimanı tərifləyirlər, çünki
tanımırlar. Əgər Nimanı
tanısalar, Nimanın əsərlərinin səviyyəsi və
dəyərində böyük bir dəyişiklik yaranar.
Və Şəhriyardan danışmırlar, çünki
qorxurlar... Mənim Şəhriyar barədə
söz deməyimə lüzum yoxdur. O, bizim qəzəlçiliyin
son nöqtəsidir. Mən Şəhriyarın qəzəllərindən
sonra, bir-iki haldan başqa, daha qəzəl oxumamışam...
Amma Şəhriyarın əzəməti təkcə
yaxşı qəzəl yazmasında deyil... Onun
əzəməti büllur və pak dilindədir. Onun əzəməti sətirlərinin arasında
gizlənib. Onun şeirləri səmimiyyət,
mərhəmət və fədakarlıqla doludur. Sanki o
dünyaya əsrlər boyu həssas ürəklərə
hakim kəsilən ən pak nəğmələri üzə
çıxarmaq üçün gəlib...”.
Nüsrət Rəhmaninin toxunduğu populyarlıq məsələsinə
gəlincə, deməliyik ki, İranda nə yenilikçilərin,
nə də ənənəçilərin heç bir
nümayəndəsi istər farsdilli, istərsə də
türkdilli oxucular arasında Şəhriyar qədər
şöhrət qazana bilməmişdir. Bunun səbəbləri
barədə şəhriyarşünaslar müxtəlif fikirlər
irəli sürmüş, kimi bunu şairin dili və
üslubu, kimi səmimiyyəti və şəxsi təcrübəsini
qələmə alması, kimi güclü təxəyyülü
və poetik məharəti, kimi də şeirlərinin irfani və
ictimai məzmunu ilə izah etmişdir. Bunlar hamısı
doğrudur, lakin İran alimi Məhəmmədrza Rasipur “Şəhriyar
ənənə və modernləşmənin
yolayrıcında” adlı kiçik, lakin dəyərli məqaləsində,
fikrimizcə, Şəhriyarın geniş kütlələr
arasında sevilməsinin çox mühüm bir səbəbini
qabartmışdır. Tədqiqatçı
haqlı olaraq qeyd edir ki, İran tarixində heç bir zaman kəsiyi
Şəhriyarın ədəbi fəaliyyətlə məşğul
olduğu illər qədər böhran və reformasiyaya məruz
qalmamışdır. İran kimi ənənəvi cəmiyyətdə,
əhalinin savadsızlığı, ümumi mədəni səviyyənin
aşağılığı, kütləvi informasiya vasitələrinin
ictimai rəyə təsir edib onu yönəltmək
gücünün olmaması, ziyalı təbəqəsinin
yoxluğu və ya zəifliyi şəraitində həyata
keçirilən modernləşmə toplumda kimlik
böhranına və dəyərlərin “sürüşməsi”nə,
son nəticədə geniş kütlələrin dəyişikliklərə
emosional reaksiya verməsinə səbəb olur – Şəhriyar
şeiri də bu emosional reaksiyanı ifadə etdiyindən
xalqın müxtəlif təbəqələrinin rəğbətini
qazanmışdır: “Şəhriyar bu dəyişiklik prosesi
ilə addımbaaddım bərabər getmiş, nə ənənəçilər
kimi geridə qalmış, nə də novatorlar kimi qabağa
düşmüşdür, ona görə də sənətkar
həyatının bütün mərhələlərində
cəmiyyət tərəfindən doğmalıq və həmdərdlik
hissi ilə qarşılanmışdır”. Başqa
sözlə, Şəhriyar
yaradıcılığının bütün dövrlərində
insanların ürəyindən xəbər verən sözləri
qələmə almış və bu üzdən ümumxalq
sevgisi ilə əhatə olunmuşdur. Bu,
Şəhriyara XX əsr İran poeziyasında müstəsna
mövqe qazandıran beşinci səbəbdir.
Şəhriyar poeziyasındakı nostalji ruhu, uşaqlıq illərinə (keçmişə) qayıdış meyli də qeyd olunan emosional reaksiyanın nəticəsidir, kövrəklik, nisgil, itirilmiş dünya həsrəti məhz bunun təzahürüdür. Siyavuş Kəsrayi əbəs yerə demirdi ki, Şəhriyarın hər kəlməsinin arxasında altmış illik xatirə dayanır. Fəridun Müşiri isə Şəhriyara həsr etdiyi şeirdə onu “dövranın gözündə yuvarlanmış yaş” adlandırırdı.
Qeyd edək ki, modernləşmənin doğurduğu böhran, sosial-mədəni islahatçıların paradoksları, texnoloji dəyişikliklərin fəsadları Şəhriyarın farsdilli şeirlərində olduğu kimi, ana dilində yazdığı əsərlərdə kifayət qədər parlaq ifadəsini tapmışdır və bu baxımdan onun “Getdi” rədifli qəzəli səciyyəvidir:
Yığdı xeyrü-bərəkət süfrəsin
ehsan ilə getdi,
Əmn-amanlıq da yükün bağladı,
iman ilə getdi...
Silo dair olalı hər nə dəyirman yığışıldı,
Amma
xalis-təmiz unlar da
dəyirman ilə getdi.
Müstəbid
sultanı saldıq ki,
ola xəlqimiz
azad
Sonra
baxdıq ki, azadlıq da
o sultan
ilə getdi...
Dedi
insanımız azdı,
hamı
insan gərək olsun,
Amma
insanlığımız da
o az
insan ilə getdi...
İstədik
qanla yuyaq ölkəmizin
ləkkəsin, amma
Ölkəmiz
xalis özü ləkkə olub
qan ilə
getdi...
Hazırkı qloballaşma şəraitində modernləşmənin
yeni mərhələsi ilə üzləşən Şərq
aləmi, o cümlədən, İran və Azərbaycan
mühiti üçün Şəhriyar yenə də
aktualdır. Yəni bir çox müasirlərindən və
poetik rəqiblərindən fərqli olaraq, öz sözü
ilə XXI əsrə adlaya bilmişdir, onun poeziyası
zamanın sınağından və ədəbi
döyüşlərdən qabiliyyətlə
çıxmışdır.
“İnşallah ki, qalibəm mən!” – deyirdi
böyük Füzuli. Bu söz Şəhriyara
da aiddir. Əgər bu gün ona İranın milli
şairi statusu verilibsə, onun vəfat günü milli
şeir günü kimi qeyd olunursa, doğma yurdunun Güneyində
və Quzeyində misraları dillər əzbəridirsə,
Şəhriyar, həqiqətən də, qalibdir.
Məsiağa MƏHƏMMƏDİ
525-ci qəzet.-
2011.- 3 dekabr.- S.24-25.