Hüseyn Cavid vəfatının 70-ci ildönümündə anılıb

 

Cəfər Cabbarlı adına Gənclər Kitabxanasında Azərbaycanın görkəmli dramaturqu Hüseyn Cavidin vəfatının 70-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir Məmmədəli Əliyevin ifasında “Kor ərəbin mahnısı” ilə başlayıb. Sonra Hüseyn Cavid haqqında 10 dəqiqəlik sənədli film nümayiş etdirilib.

Tədbirdə 1982-ci ildə uzaq Sibirdən Hüseyn Cavidin nəşini Azərbaycana gətirmiş üç nəfər – Naxçıvanda I katib olmuşCavidin nəşini gətirən nümayəndə heyətinə rəhbərlik etmiş Həmid Cəfərov, Telman Əliyev və Zakir Nəsirov çıxış ediblər. Xalq artisti Ramiz Məlik “İblis” faciəsindən Arifin monoluqunu söyləyib. Şair Vahid Əziz çıxış edərək Hüseyn Cavidə həsr etdiyi şeiri oxuyub. Respublikanın əməkdar müəllimi, fəlsəfə doktoru İsgəndər Orucəliyev Hüseyn Cavidin həyat və yaradıcılığından danışıb.

Tədbir keçirilən zalda Hüseyn Cavidin həyatını əks etdirən, müxtəlif illərdə çəkilən fotosərgi də nümayiş etdirilib.

 

525-ci qəzet.- 2011.- 6 dekabr.- S.7.