Göyün və yerin
altında yaşanan şair
ömrünün bəhrəsi
RİZVAN
NƏSİBOĞLUNUN YENİ ŞEİRLƏR KİTABI
İŞIQ ÜZÜ GÖRÜB
İstedadlı şair Rizvan Nəsiboğlunun “Ömrümü atmışam göyün altına” adlı kitabı oxuculara təqdim olunub. Kitabda müəllifin son üç ildə qələmə aldığı vətənpərvərlik, Qarabağ dərdi, məhəbbət mövzulu şeir və poemaları yer alıb. Vətən torpağına candan bağlılıq, eşqə sadiqlik, saflıq və bəşəri dərdlərlə qolboyun olmaq bu kitabdakı əsərlərin əsas məziyyətləridir. Kitaba ön söz yazan Azərbaycanın Əməkdar jurnalisti Əli Fərəcov güzəranını yerin altında – metroda çalışmaqla qurmağa çalışan şair Rizvan Nəsiboğlunun yaradıcılığının çiçəklənən dövrünün Azərbaycan poeziyasının “mürgüləyən dövrü”nə təsadüf etdiyini təəssüf hissi ilə önə çəkib: “Ölkədə baş verən siyasi hadisələrin burulğanında ədəbiyyat, poeziya sanki çaşqın qalmışdı. Genişlənən söz meydanında siyasi mövzuların at oynatdığı bir zamanda, dünyanın poetik dərki, xəfif duyğuların vəsfi, ali hisslərin tərənnümü bir növ arxa planda qaldı, əsl poeziya poetik duyğular aləminin qapısı arxasında boynu bükük dayanıb, dünyanın həlləm-qəlləm işlərinin sonunun nə ilə bitəcəyini gözləyirdi”. Ə. Fərəcov şairin həm məhəbbət mövzusunda olan, həm də dövrün, zamanın ictimai hadisələrinə münasibətini əks etdirən şeirlərin zövqə qida verdiyini, orijinallığı ilə seçildiyini diqqətə çatdırıb.
Rizvan Nəsiboğlunun vətən sevgisi, parçalanmış Azərbaycan ağrısı şairin “Vətən” şeirində maraqlı formada öz əksini tapıb:
Ruhumun odusan, ağzımın dadı,
Dəli küləyinə yelkənəm, Vətən!
Canım duyğuların qucağındadır,
Mən sənin söz boyda bölgənəm, Vətən!
Yerdən ayrılmışam, göydən enmişəm,
Qəmdən doğulmuşam,
neydən enmişəm,
Bir damla sevginlə istilənmişəm,
Dərdinə könüllü sürgünəm, Vətən!
Bir daş qəlpəsiyəm, qaya çınqısı
Səngiməz köksümün atəş, yanğısı,
Mən ki doğulandan həsrət qannısı,
Araz, Xudafərin bölgünəm Vətən!
Kitabdakı şeirlər mövzu rəngarəngliyi ilə, poetik mənanın dərinliyi ilə fərqlənir. “Dünyanı”, “Dünya mənim yerim deyil”, “Ömrümü atmışam göyün altına” şeirlərində şairin daxili dünyasındakı təlatümləri, sıxıntılarını, dünyaya bir növ üsyanını görmək mümkündür. “Dünyanı” başlıqlı şeirində şair yazır:
Qurmamışıq, uçuraq da himini,
Sevirik beləcə nəsə dünyanı.
Qəminə bal deyib “barmaq yaladıq”,
Yığışıb salmışıq səsə
dünyanı.
Gecəsi
tərəzi, gündüzü
mizan,
Hicrandır, həsrətdir gözündən
sızan.
Sirrini, sözünü yüz yerə yozan,
Neynəsək, keçirik kəsə dünyanı.
“Dünya mənim yerim deyil” şeirində
şair dünyayla bağlı dərdini, şikayətini təsirli
misralarla ifadə edib:
Yol istədim yol vermədi,
Arzuma sığal vermədi
Sözümə macal vermədi
Dünya
mənim yerim deyil
Müəllifin “Ömrümü atmışam
göyün altına”
başlıqlı şeirindəki
bu misralar şairin daxili dünyasındakı təəssüf
dolu nidaların ifadəsidir:
Dağ kimi əridim dağlar içində,
Min dərə bir
qəmi, ələmi tutmaz.
Neçə yol dərdinə
şərik olmuşam,
Bu dünya bir dəfə əlimi tutmaz.
Qəm var üfürcəkdir,
Qəm var fırtına.
Hər alın qırışı
təzə iş deyil.
Ömrümü atmışam göyün
altına
Təəssüf, hər səhvə düzəliş deyil.
Rizvan Nəsiboğlu
ictimai mühitdəki
neqativ hallara, beynəlxalq aləmdə baş verən hadisələrə, xalqımızın
başına gətirilən
faciələrə də
biganə qalmayıb.
Şair “Sürgünlər” başlıqlı şeirində tikinti meydanlarında bir qarın çörəkpulu üçün qul kimi işləyən fəhlələrin taleyini poeziyaya gətirib:
Bu da çoxqatlı bina,
Bu da təzə göydələn
Qapısı, pəncərəsi-
Kilidsiz, açıq zindan
Canının təpərini
Dincliyini, eşqini
Bir parça çörək üçün
Pula dəyişir insan.
Birinin barmağı yox,
Birinin alnı
çapıq.
Neçə-neçə sinədə
Ehtiyac köhlən
çapır.
“O gecə”, “Fələstin ağrıları” başlıqlı
şeirlərində müəllifin
Fələstində körpə
uşaqların qətlindən
sarsıldığını, Xocalı faciəsinin ağrılarını qəlbində
daşıdığını duymaq olur. “Limon rəngi” adlı şeirində isə şair küçədə
oturub limon
satan qadına:
Limon rəngindədi bəxtin,
taleyin,
Kim deyir, dağlardan duman səngiyir
Açdığın ətəyin, yığdığın əlin,
Küləyin, yağışın limon rəngidi
–
Deyib, onun halına acıdığını
bildirir.
Şairin məhəbbət mövzusunda
yazdığı şeirləri
də axıcılığı
və oxunaqlılığı
ilə seçilir. “Hayıf
məndən”, “Sənə
sevməyi öyrədəcəyəm”,
“Sevgi vaxtı”, “Bəlkə”, “Məni tapşırmısan ayrılıqlara”,
“Tapmadım”, “Çıx
get”, “Həsrət notları”,
“Gedək ruhunu axtaraq”, “Bir sevgiyə, elegiya və sairə bu səpgidə olan şeirləri bu baxımdan dəyərlidir.
Kitaba şairin
“Tək şəkil”,
“Dörd yol” kimi maraqlı poemaları da daxil edilib.
GÜNEL
525-ci qəzet.- 2011.- 8 dekabr.- S.7.