“Ağdam Çörək Muzeyi” – “Dəyərli yaddaş abidəsi”

 

Vüqar Tofiqlinin yenicə çapdan çıxmış kitabı belə adlanır. İkinci ad isə görkəmli ziyalımız Rəşad Məcidə məxsusdur. Həcmcə kiçik olsa da, kitabın böyük dəyərini çox diqqətəlayiq mövzu ilə yanaşı həm də çoxsaylı başqa məziyyətləri də xeyli artırır.

Əsas məziyyəti ondadır ki, SSRİ adlanan nəhəng bir imperiya ərazisində yaradılan ilk belə muzey kimi onun yaratdığı böyük əks-sədanın mükəmməl təsviri verilmiş, onun timsalında onlarca belə muzeylərin yaradılması öz əksini tapmış, həm də bunun Qarabağın dilbər guşəsi, döyünən ürəyi olan Ağdamın tarixinə dair çox qiymətli faktlar cəlb etmişdir. Kitabda muzeyə gələn qonaqların rəylərinə geniş yer verilməsi də diqqətəlayiqdir.

Muzeyin dəyərini xüsusilə artıran və kitabda öz ifadəsini tapan bəzi faktlara toxunmamaq qeyri-mümkündür. Leninqradın (Sankt-Peterburq) alman-faşist blokadası zamanı açılan məngənəsində çırpınıb, ölüm həddində belə 150 qramlıq çörək normasını yeməyib, gələcək çörək muzeyinə ərməğan olaraq saxlayan rus qadını Qalina Konayeva “İzvestiya” qəzetində bu məlumatı oxuyub sevincdən doğan göz yaşları ilə qarşılamış, yaşına və məhdud imkanına baxmayaraq Ağdama gəlmiş, qara kömür parçasına bənzəyən bu çörəyi muzeyə təqdim etmişdi.

Dünya şöhrətli seleksiyaçı alim, akademik İmam Mustafayev eksponatları ilə zəngin laboratoriyasının ən qiymətlisi olan yeddi minillik daşlaşmış buğda dənələrini və dünya ekspedisiyalarından toplanmış, vəhşi və mədəni buğda sünbüllərinin nümunələri ilə muzeyi zənginləşdirmişdir.

Moskvanın Kosmonavt şəhərciyindən göndərilən və Kosmosu dolanıb gələn çörək nümunələri böyük dəyərə malik idi. Muzeyin ən dəyərli eksponatı kimi bərpa edilib işlək vəziyyətə salınan köhnə dəyirmanı və onu 40 il əvvəl işlədən Astan (kitabda texniki səhv olaraq Aslan getmişdir) kişinin tapılıb dəyirmanın yenə ona verilməsi də maraqlı bir hadisə idi...

Bəs mənfur qonşularımızın ilk mərmiləri bu müqəddəs ocağa endirməsi bir daha onların faşist xislətinə dəlalət etmirmi? Kitabda bu məqam da öz ifadəsini tapmışdı.

Bəli, Çörək muzeyi faşizmin qurbanı olsa da onun bu yaddaş kitabına köçürülməsi ağdamlılar üçün də, elə bütün xalqımız üçün də kitabın bir təbərrük dəyərinə malik olduğuna dəlalət edir. Və bu yerdə bir təəssüfümü bildirməyi vacib bilirəm. Niyə, bu kitab cəmi 500 nüsxə tirajla çap olunub. Axı bu kitab Ağdam nisgilinin bir təbərrükü kimi təxminən 25-30 min olan hər bir ağdamlı ailəsinin evində bir asari-ətidə kimi saxlanılmalıdır. Çox arzu edərdim ki, kitab yenidən və bir qədər də təkmilləşməklə və bəzi texniki səhvlər aradan qaldırılmaqla çap olunsunkiçik bir təşəbbüs qrupu yaradılmaqla, kitabdan hər bir ağdamlı ailəsinə çardırılması təmin olunsun. Bu yolda Ağdam rayon İcra Hakimiyyətinin, onun başçısı Nizami Sadıqovun, kitabda adı çəkilən və mənim çox ləyaqətli kadrlar-hesab etdiyim Çimnaz Əliyevanın, Cəmilə Kazımovanın, Gülyaz Qurbanovanın da xüsusi fədakarlıq göstərəcəklərinə əminəm.

İndi isə bu fürsətdən istifadə edib, kitabda xatırlanan “Ağdamnamə” ideyası ilə əlaqədar bəzi mülahizələrimi söyləmək istəyirəm. Mən uzun illər respublikanın biri-birindən çox fərqli bölgələrində işlədiyimə və eləcə də bütün ölkəyə az-çox bələd olan bir adam kimi deyə bilərəm ki, böyük sənətkarımız Arif Babayev demişkən “Ağdam ayrı bir aləmdir”. Onun torpağı da, suyu da,adamları da çox fərqli və maraqlıdır. Torpağından bəhs etsək bunu qeyd etməmək olmaz ki, respublikanın heç bir rayonu o zaman aparıcı sahələr olan taxılın və pambığın məhsuldarlığında Ağdamı üstələyə bilmirdi. Respublikanın görkəmli pambıq ustası, Sosialist Əməyi Qəhrəmanı salyanlı Qüdrət Səmədov Ağdam pambıqçılarının qonağı olarkən ovcuna torpaq alıb demişdir: “İmkanım olsaydı bu torpaqdan aparıb Salyanda gübrə əvəzinə işlədərdim.”

Bəs suyu? Uzun əsrlər boyu Ağdamın yaşayış mənbəyi onun kəhriz suları olub. Burada 112 kəhriz olmuşdurbir zaman Sov.İKP-nin baş katibi Nikita Xruşşovun torpaq sahələrini hamarlamaq barədəki sərsəm bir sərəncamına əsasən xalqın ağır əməyi əsasında hər biri on illər ərzində başa gələn kəhrizlərin böyük əksəriyyəti həmin hamarlamanın qurbanı olmuşdur. Buna bir təkan da verən keçən əsrin ikinci yarısından başlamış arteziansubartezian quyularının geniş yer verilməsi idi. Kəhriz və artezian sularının müqayisəsinə dair maraqlı bir faktı yada salıram. Ağdamın kəhriz sularında forel (qızıl xallı) balıqçılıq təsərrüfatları yaratmağa başlamışdıq. Həmin balıqlar kəhriz sularında Şəkinin bulaq sularındakına nisbətən dörd dəfə sürətlə böyüyür, artezian sularında isə dərhal ölürdü. Böyük sağlamlıq mənbəyi olan kəhriz suları ilə yerin dərin qatlarından müxtəlif zərərli qazlarla çıxarılan artezian sularının fərqinə dair heç bir maariflənmə aparılmırdı. Yayın qızmar istisində buz kimi artezian suyunu bəh-bəhlə içən kəndlinin ağır mədə-bağırsaq fəsadlarına düçar olduğunun fərqinə varılmırdı. Və bu kəhrizlər barədə bir qədər geniş məlumat vermək istərdim: Muradbəyli, Abdal, Qarvənd və s. kəhrizləri təmizlənib (arıtlanıb) bərpa olunduqdan sonra onların suyu 20-50 dəfə artmışdı. Muradbəyli kəhrizinin uzunluğu 5,5km idi. Birinci quyunun dərinliyi 40 metr olub, hər 25 metrdən bir quyu qazılıb yeraltı tunnellə birləşdirilmişdi. Yeri gəlmişkən, xatırladım ki, Muradbəyli kəhrizini təmizləyərkən orada müxtəlif heyvanbir neçə insan skeleti də tapılmışdı və bu da maraqlı idi ki, hələ təmizlənmədən öncə analiz edilən suyun keyfiyyəti son dərəcə yüksək olub heç bir zərərli mikrob müəyyən edilməmişdi. 40 metr dərinliyindəki kəhriz suyunda 3-4 kq çəkidə çay balıqlarının üzməsi də bir müəmma idi. Çünki heç bir başqa su mənbəyi ilə əlaqəsi olmadan bu balıqlar burada necə yaranmışdı?

Təsəvvür etmək çətin deyildir ki, bu möhtəşəm asarı-ətiqə o zaman külüng və kurəkdən başqa heç bir mexanizmin olmadıgını nəzərə alsaq, onillər ərzində başa gəlmişdi. Və başqa cür maraqlı sual meydana çıxır. Bəs, yenə heç bir cihaz olmadan bu quyuları yerin altında düz xəttlə necə birləşdirmişlər? Dünya şöhrətli görkəmli alimimiz Xudu Məmmədov çox düşünüb, daşınsa da, bunun sirrini tapa bilmədi...

Bunu da yaddan çıxarmaq olmazdı ki, Ağdamın tarixən zəngin bir rayon kimi tanınması da bu kəhrizlərin hesabına olmuşdu. Onun ərazisindən keçən iki çayın – Xaçın və Qarqarın yay aylarında demək olar ki, duruluğunu nəzərə aldıqda burada məhsuldar əkinçiliyi bu kəhrizlərsiz ağla gətirmək belə mümkün deyildir.

İndi isə Ağdamın Çörək muzeyi ilə yanaşı digər birinciləri barədə... Kitabda bunlardan bəzilərinin adı çəkilmiş, lakin elə bilirəm ki, bir çox birincilər barədə (respublikada ilkin olması nəzərdə tutulur) də elə çörək muzeyi sayağı geniş təsvir olunmuş yaddaş kitabı yazmaq olar.

Onlardan ən gözəgəlimlisi və respublikada qısa müddətdə böyük şöhrət tapanı Abdal, Şelli, Şahbulaq, Əhmədalı və Qarvənd kəndlərində yaradılan sağlamlıq istirahət mərkəzləri idi. bunlardan Şelli istisna olmaqla hamısı kəhrizlərin yüksək keyfiyyəti və bol su mənbələri əsasında yaradılmışdı. Hər birində də qızıl xallı balıq təsərrüfatları fəaliyyət göstərirdi. Şellidə isə məşhur Şelli bulağı, Xatın arxı və Qarqar çayı vadisinin sağlam ab-havası var idi.

Natəvan qızlar bayramı da ilk belə tədbir olub respublikada böyük əks-səda doğurmuşdu. Burada gözəl memarlıq abidəsi olan “İmarət” kompleksində və yenə respublikada ilkin olan Muğam-Poeziya teatrının tamaşaları da göstərilirdi. İlk belə tamaşa böyük şairimiz Bəxtiyar Vahabzadənin “Muğam” poeması əsasında yaradılmış və xüsusilə böyük uğur qazanmışdı.

Ağdamın gözəl memarlıq abidələrindən olan Qara bəyin evində yaradılmış və böyük sənətkarımız Xan Şuşinskinin adını daşıyan “Muğam” məktəbi nəinki respublikada, bütün şərqdə ixtisaslaşdırılmış bir məktəb idi. Həmin məktəb bu gün də Bakının Biləcəri qəsəbəsində qaçqın həyatı yaşayaraq fəaliyyət göstərir və təəssüflə qeyd etməliyəm ki, muğam istedadlarının üzə çıxarılmasında böyük xidməti olan bu məktəbə lazımi qayğı göstərilmir. “İmarət”də açıq havada yaradılmış “Daş heykəl”lər muzeyirespublika rayonları içərisində birinci idi. Çox qısa bir zamanda buraya Qarabağın qədim tarixinə məxsus olan onlarca daş heykəl toplanmış və onların hər birisi tarixi keçmişimizin sanki canlı salnaməsinə çevrilmişdi. Yeri gəlmişkən bunu da qeyd etmək yerinə düşər ki, illər boyu mənfur qonşularımız bu daş abidələri də daşıyıb aparmış və yaxud parçalayıb məhv etmişlər. Biganəlik, laqeydlik adlanan çox dəhşətli bir faktor illər boyu tariximizə böyük zərbə vurmuşdur.

Vüqar müəllim, əziz dost! Ağdam rayonunun timsalında bəzi birincilər, onun kənd təsərrüfatı sahəsindəki yeniliklərindən söhbət açsaq, bir qəzetin onlarca səhifəsi bəs etməz.

Təkcə, Ergi epopeyası böyük bir dastan mövzusudur. Minlərlə hektar ilan mələməz Ergi düzündə tayı-bərabəri olmayan bir təsərrüfat kompleksi yaradılmışdı. Ağdam rayon partiya komitəsi yanında yaradılan elmi informasiya mərkəzi, kənd təsərrüfatı yeniliklərinə dair informasiya bankının Moskvadan gələn mötəbər məmurların dediyinə görə, SSRİ-də analoqu yox idi....

Lakin mən söhbəti burada dayandırıb əsas mövzuya qayıdaraq, dəyərli ziyalımız Rəşad Məcidin yazdığı ön sözdə dediyi kimi bu “Dəyərli yaddaş abidəsinə” görə Sizə böyük minnətdarlığımı bildirərək, “Ağdamnamə” ideyasına qoşulub onu axıra çatdırmağı arzu etməklə, sonda Ağdamın ən böyük sərvəti olan ağdamlılar barədə bir neçə söz deməməyi qeyri mümkün bilirəm.

Ağdamlılar külli halında elə yaradıcılıq potensialına malikdir ki, onlarla necə deyərlər, dağı dağ üstünə qoymaq mümkündü və kitabınızda da, bu yazıda da deyilən və deyilməyən bütün yeniliklərin, nailiyyətlərin istinad nöqtəsi bu fədakarlıq idi. Bəs niyə, Ağdam düşmən işğalına məruz qaldı? Ağdam haqqında yazılan yazılarda bu sualın üstündən sükutla keçmək olmaz. Ağdamın adı gələndə həmin mənfur qonşularımız tük salırdılar. Bunun əsas səbəbi 1988-1992-ci illərdə respublika rəhbərliyinin səriştəsiz yanaşması idi....

Heç şübhəsiz, “Ağdamnamə”lər üzərində belə xəyanətləri də saf-çürük etməməyin özü də xəyanət olardı. “Ağdam Çörək Müzeyi” kitabı ilə böyük tədqiqatçılıq səriştənizə güvənərək ümid edirəm ki, Siz də, başqa tədqiqatçılar da Ağdam tarixinin hər bir qaranlığa qərq olmuş, künc-bucağına işıq salacaqsınız. Bu ağdamlılar qarşısında da, bütünlükdə Azərbaycan xalqı qarşısında müqəddəs borcdur.

 

Sadıx MURTUZAYEV

525-ci qəzet.- 2011.- 8 dekabr.- S.4.