Əjdər Fərzəlinin “Salam, Layısqı dağları” kitabının təqdimatı olub

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda dəyərli alim, unudulmaz yazıçı-publisisit Əjdər Fərzəlinin “Salam, Layısqı dağları” kitabının təqdimat mərasimi keçirilib. Əsərdə qədim oğuz yurdu, türk məskəni olan Layısqının tarixindən, bu kəndin adının etimologiyasından, məşhur şəxsiyyətlərindən – şifahi xalq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Cümənin, Aşıq Siracın yaradıcılığından, tanınmış maarif xadimi Əhməd Salman oğlunun həyat yolundan bəhs edilir. Kitabın ideya müəllifi Abdulla Yusifli, elmi redaktoruön söz müəllifi Asif Rüstəmlidir.

Tədbiri giriş sözü ilə açan filologiya üzrə fəlsəfə doktoru, dosent Asif Rüstəmli Əjdər Fərzəlinin həyat və yaradıclığından bəhs edibonun Azərbaycan mədəniyyətinin, ədəbiyyatının qızıl xəttini əlində tutan şəxsiyyətlərdən olduğunu deyib. Yazıçı Şəmistan Nəzirli çıxışında gələcəkdə Əjdər Fərzəlinin özü, yaradıcılığı haqqında da ayrıca bir kitabın nəşrinin vacibliyini vurğulayıb: “Əjdər xalq üçün, vətən üçün, ədəbiyyatımız, mədəniyyətimiz üçün ömrünü çıraq edən bir şəxs idi. O, bu dünyaya saf gəldi, saf da getdi. Ömrünü ləyaqətlə başa vurdu. Bu kitab gələcək nəsillərə Əjdər Fərzəlinin dəyərli bir töhfəsidir”. Daha sonra Əjdər Fərzəlinin illər öncə ona yazdığı bir məktubu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Şair Şöhlət Əfşar da mərhum yazıçının şəxsiyyəti haqqında yüksək fikirlər söyləyib və tədbirin təşkilində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib, onunla bağlı xatirələrini bölüşüb. O:“Mən əminəm bu gün Əjdər müəllimin ruhu şaddır” – deyən şair özünün “Ürək dostlarım” adlı şerini səsləndirib.

Xalq qəzeti”nin baş redaktor muavini Tahir Aydınoğlu da çıxış edərək Əjdər Fərzəlinin gözəl qəlbə, təmiz xarakterə malik bir insan olduğunu vurğulayıb: “Əjdər Fərzəli heç vaxt ucuz şöhrət arxasınca qaçan, öz mənfəətini güdən insan olmayıb. O ömrünü elmə həsr edən, əsl alim idi. Mən çox şadam ki, Əjdər Fərzəlinin yetirməsi olmuşam”.

Tədbirdə iştirak edən digər ziyalılar, qələm sahibləri də Əjdər Fərzəli və onun kitabı haqqında fikirlərini bölüşüblər.

 

GÜNEL

525-ci qəzet.- 2011.- 9 dekabr.- S.7.