Bütöv adam
Qəzetləri nəzərdən keçirirdim. Bir şəkil diqqətimi çəkdi. Baxışları mənə tanış gəldi. Haqqındakı yazını oxudum. Nəsir müəllim idi, İmanquliyev. Xatirələrimin dəftəri vərəqləndi. Qırx il bundan əvvəlki günlərimi yaşadım. Onda Qubadlı rayon qəzeti “Avanqard”ın redaktoru idim. Gənc idim, qələmim püxtələşməmişdi, cilalanmamışdı. Bayağı siyasətlərdən uzaq idim. Onu bilirdim ki, gördüyümü, bildiyimi yazmalıyam. Necə deyərlər, yaxşını yaxşı, pisi pis. Bu da bəzən mənə baha başa gəlirdi. Yuxarıların ab-havasına uyğun olmayan məqalələrimin üstündə başım az ağrı çəkmirdi.
Bir dəfə raykomun birinci katibi mənə iradını bildirdi:
– Bu nədir, ağlına gələni yazırsan?! – dedi. – Bilmirsən ki, qəzet raykomun orqanıdır? Qlavlitə göstəriş vermişəm! Demişəm ki, bizim xəbərimiz, razılığımız olmadan tənqidi məqalələrin getməsinə imkan verməsin! Sluşi, rayon qəzetinə yazdıqların bəs deyil, götürüb başımızın üstündən respublika qəzetlərinə də məqalələr verirsən! Taxıl biçini gecikir! Ticarət qaydaları pozulur!... Yuxarılarda da oxuyub mənə zəng vururlar ki, bu nə biabırçılıqdır?! Raykomun barəsində pis fikir yaradırsan!
Bu cür xoşagəlməz söz-söhbətlərimiz çox olurdu. Lakin qorxutmurdu məni bu hədələr. Necə deyərlər, dəliqanlıydım, geri çəkilmirdim, inadımdan dönmürdüm. Bir gün uzaq kəndlərin birinə getmişdim. İşimi qurtara bilmədiyim üçün gecə qalmalı oldum. Səhər redaksiyaya qayıdanda işçilər arasında çaşqınlıq hiss etdim. Ancaq buna əhəmiyyət vermədim. Qəzetin növbəti nömrəsini planlaşdırdıq, veriləcək məqalələrin həcmini, səhifədəki yerini müəyyənləşdirdik. İşçilər çəkiləndən sonra mətbəənin müdiri təklikdə mənə yanaşıb, həyəcanla soruşdu:
– Xəbəriniz var?!
– Nədən?
– Eşitdiyimə görə, bu gecə raykomun bürosu olub, sizi redaktorluqdan azad ediblər.
Əlbəttə, belə bir xəbər mənim üçün gözlənilməz deyildi. Lakin bu şəkildə yox. Çünki müvafiq qaydaya görə, məsələsi müzakirə olunan şəxsin büro iclasında iştirakı təmin edilməlidir.
Bu barədə yəqinlik hasil etmək, həm də sözümü demək üçün birinci katiblə görüşməli oldum. Kabinetə daxil olanda telefonun dəstəyi onun qulağında idi. Söhbət məndən gedirdi:
– Yoldaş Qasımov, kakraz özü də gəldi. Ətraflı söhbətimiz olub. Etiraz eləmir.
Həmsöhbəti telefonda ona nə dedisə, katib dəstəyi mənə uzatdı və:
– Sekadandır, – dedi. – Əli Qasımovdur, mətbuat bölməsinin müdiri. Nə isə soruşmaq istəyir. Artıq-əskik söz demə.
Əli Qasımovun mənə ilk sualı bu oldu:
– Yaxşı, redaktorluqdan niyə gedirsən?! Qəzetin də pis çıxmır.
– Mənim heç nədən xəbərim yoxdur.
– Bu nə sözdür?! Bəs katibin sizinlə söhbəti olmayıb?! Büroda iştirak etməmisiniz?!
– Xeyr.
– Onda telefonu ver katibə.
Katib telefonun dəstəyini alıb Əli Qasımovu dilə tutmağa başladı:
– Məsələ elə deyil. Arxayın olun... Burada elə bir anlaşılmazlıq yoxdur. Hansı vəzifəni istəsə.. razı salarıq.
Katib telefon danışığını qurtarıb mənə tərəf yönəldi və heç bir şey olmayıbmış kimi:
– Əslində bu işə qol qoymurdum, – dedi. – Yoldaşlar başdan çıxartdı. Mənə qalsa, bilirsən ki, xətrini istəyirəm. Sonradan özüm də peşman olmuşam. Artıq keçib, qərar qəbul olunub, Sekaynan da razılaşmışıq. Get kağız-kuğuzu təhvil ver təzə yoldaşa. İş barəndə də bir şey fikirləşərik. Özün hansı vəzifəni istəsən...
Müsahibim tutduğu vəzifənin ona dərrakə, müdriklik yox, müvəqqəti səlahiyyət bəxş etdiyini anlamaq fəhmindən xali idi və bu cür diplomatik gedişlərlə ona elə gəlirdi ki, hamını aldatmaqda mahirdir. Ona görə də katibin yumşaldıcı və bayağı sözlərini cavabsız qoyub kabinetini tərk etdim.
Bir neçə gündən sonra Bakıda oldum. Mərkəzi
Komitənin binasının girəcəyində Nəsir
İmanquliyevlə rastlaşdım. Əlbəttə,
bu, bir təsadüf idi. Nəsir müəllim
səliqə ilə geyinmişdi. Əynində
özündən cızıqları olan açıq qəhvəyi
rəngdə kostyum vardı. Mərkəzi
Komitənin təbliğat-təşviqat şöbəsi
müdirinin mətbuat üzrə müavini ilə, rəsmi
şəxs kimi, bir qədər də çəkinə-çəkinə
salamlaşdım. Onunla ilk dəfə redaktorluğa təsdiq
ediləndə tanış olmuşdum. Bu, bizim ikinci görüşümüz idi. Nəsir
müəllim xoş bir təbəssümlə:
– Hə,
gəlmisiniz?! Onsuz da sizi
çağırmalıydıq. Vurduğun
teleqramı da almışıq.
–
Yoldaş İmanquliyev, – dedim. – Bizlərdə məsəl
var: “İlan vuran ocağa qaçar”. Bizim də
ocağımız buradır. Mərkəzi
Komitənin qarşısında dayandığımız əzəmətli
binasına işarə etdim.
Nəsir
müəllim əlini çiynimə qoyub:
–
Yaxşı, çıx yuxarı, Əli Qasımovun
otağında gözlə, mən də beş-on dəqiqəyə
qayıdıram, – deyib, kənarda dayanmış maşına
tərəf yönəldi.
Buraxılış vərəqəsi alıb, lifti
gözləmədən üçüncü mərtəbəyə
qalxdım. Mətbuat bölməsinin yerləşdiyi otağa
daxil olanda həmişəki kimi xoş sifətlə
qarşılanmadım. Bir də ki, raykomun gözündən
düşən adam onların nəyinə
gərəkdir? Axı, aldığım siyasi
“ləkə” yaxın düşənlərin də ətəyini
korlaya bilərdi. Pəncərəyə yaxın
oturmuş nisbətən cavan təlimatçı qiymətli
sözlərini xərcləməyə xəsislik edirmiş
kimi ağzının ucu ilə bir qədər də ədalı
soruşdu:
– Sizin əsl
peşəniz nədir?
– Müəllimlik.
– Deməli,
raykom haçansa yol verdiyi səhvini düzəldib. Gedin müəllim işləyin dəə. Gərək
elə qəzet ola?!
Ona cavab vermədim, susdum. İndi səsimi
qaldıran vaxtım da deyildi. Ancaq hiss etdim ki, bu söz məndən
çox, küncdəki stolun arxasında əyləşmiş
sakit təbiətli, qarayanız
işçiyə toxundu. O, rayon qəzetlərinə baxan
Süleyman Xəlilov idi. Süleyman Xəlilov yuxarıdan gedən
həmkarına:
– Bu nə
sözdür? – dedi. – Neçə ildir müəllimlikdən
aralanıb, məsul katib, redaktor... İndi də
dərəbəylik eləyib atıblar bayıra. Deyirsən, haqqını tələb etməsin?!
Başda əyləşən
bölmə müdiri Əli Qasımov
qarşısındakı kağızlardan diqqətini
ayıraraq:
– Nu,
xoroşo, burada mübahisə açmağın yeri deyil, –
onlara iradını bildirdi.
Bir nəfər
qapını açıb:
–
Qubadlıdan gələn kimdir? – soruşdu.
– Qəzet redaktoru, yoldaş İmanquliyev gözləyir.
Tez ayağa qalxıb, Nəsir müəllimin
otağına getdim. Mənə əyləşmək
üçün yer göstərdi. Başıma gələnləri
ətraflı danışdım... Axırda da dedim
ki, yoldaş İmanquliyev, bura heç də öz yerimə
qayıtmaq məqsədilə gəlməmişəm. İstəyirəm məni inandırasınız ki,
raykomun haqqımda qəbul etdiyi qərar ədalətlidir.
Onda haqsızlıq əzabından xilas olaram.
Bir də ki, qayıdıb müəllim işləyəndə
ixtisasıma görə Konstitusiya dərsini mən deməliyəm.
Qanunlarımızın müqəddəsliyinə
şübhəm olsa, konstitusiyamızı ürəkdən tədris
edə bilmərəm. Şagirdlərlə
boğazdan yuxarı danışaram. İstəyirəm
sözlərim ürəkdən gəlsin. Dediklərim düşündüklərim kimi olsun.
Nəsir müəllimin təmkinli çöhrəsi
qayğılı ifadə aldı. O, yana burulub
telefonun dəstəyini qaldırdı:
– Mamed Salmanoviç, – ideoloji şöbənin müdiri
ilə danışmağa başladı. – O yoldaş
yanımdadır, Qubadlının redaktoru. Söhbət elədim...
Şöbə
müdiri ona nə cavab verdisə, Nəsir müəllimin
baxışlarındakı mərhəmət
işığı zəifləyən kimi oldu:
– Elə
deyil e, Mamed Salmanoviç, – dedi. – Katib qərarını
müdafiə eləyir, redaktor da haqqını. Hər ikisi də
elə danışır ki... Ona görə də
yaxşı olar ki, onları bir yerdə qəbul edək, katibə
mənim də böyük hörmətim var. Ancaq mətbuat
işçisini on illərlə yetişdirmək olmur. Bu yoldaş da az-çox formalaşıb.
Hiss etdim
ki, şöbə müdirinin cavabı Nəsir müəllimi
qane etmədi. O, dəstəyi yerə qoyub ayağa qalxdı və
mənə:
– Siz tərpənməyin,
– dedi. – Burda əyləşin, beş dəqiqə
gözləyin, gəlirəm.
Nəsir müəllim şöbə müdirinin onun
otağı ilə üzbəüz olan kabinetinə
keçdi. Qayıdanda əhval-ruhiyyəsi durulmuşdu. Məndən
soruşdu:
– Harda
qalırsan?
– “Novaya Yevropa” mehmanxanasında.
–
Neçənci otaqda?
O, dediklərimi
əl boyda kağıza qeyd edə-edə:
–
Pulun-zadın var? Birdən korluq çəkərsən?!
– Narahat
olmayın, elə bir ehtiyacım yoxdur, – cavab verdim.
Nəsir
müəllim diqqətini cəmləşdirib:
– Belə
məsləhət oldu ki, katib də gəlsin, bir yerdə
danışaq, – dedi. – Sabah altıncı gün, birisi gün
bazar, üzümüzə gələn həftənin birinci
günü burada olun, səhər saat 10-da.
...Deyilən
vaxt Mərkəzi Komitədə oldum. Süleyman
Xəlilov bu məsələnin həllində səlahiyyətcə
gücsüz olsa da, mənə tərəf idi. Mümkün köməyini əsirgəmirdi. Yeri düşdükcə haqq səsini
qaldırırdı. Bölmənin başqa
işçiləri isə küləyin səmtini hiss edib
artıq mənə yovuşurdular.
Qubadlının birinci katibi yox, ixtisasca zootexnik olan və
ideoloji sahəyə baxan ikinci katibi gəlmişdi. Şöbənin
bütün işçilərinin iştirakı ilə bizi
yuxarı dairədə qəbul etdilər... “Köhnə
rəhbərliklə yaxın olduğuna, qəzetdə kobud səhvlərə
yol verdiyinə görə tutduğu vəzifədən azad
edilsin”. Bircə cümlədən ibarət
olan bu cəfəng qərar Mərkəzi Komitənin ələk-xəlbirindən
keçmədi. Nəsir İmanquliyevin inadlı təkidi
ilə hökmün qərəzli olduğu üzə
çıxdı və ləğv edildi...
Nəsir
müəllim məni ayrılıqda qəbul edərək:
– Sənə
qarşı ədalətsizlik etmək istəyirdilər, buna
yol vermədik. Görürəm, ümidverən
kadrsan, diribaş oğlansan, qələmin də pis deyil.
Ona görə də səni itirmək istəmədik,
qaytardıq yerinə. Ancaq xahiş edirəm
bundan yanlış nəticə çıxarma,
çaşıb özünü raykomun fövqündə
qoyma. Hər halda, necə olsa, katib katibdir.
Çalış, dil tap, mehriban işləmək
lazımdır. Çəkişmə heç kimə
xeyir verməyib, – dedi.
O vaxtlar
birinci katiblər yerlərdə özlərini kiçik
padşahlar kimi aparırdılar və onların kəsdiyi
başın sorğu-sualı yox idi. Ona görə
də mənim təzədən öz vəzifəmə bərpa
olunmağım raykom katiblərinə ağır gəlirdi,
bunu özlərinə heç vəchlə
sığışdıra bilmirdilər. Ona
görə də dolayı yollarla qəzetin işinə mane
olurdular. Redaksiya ögey uşaq vəziyyətinə
düşmüşdü. Nə gizlədim,
yaxın bildiklərim də işimizə pəl vururdular ki,
katiblərin yanında başları uca olsun. Əlbəttə,
belə bir ziddiyyətli şəraitin yaxşı sonluğu ola bilməzdi... Tez-gec ləkələnib
sıradan çıxa bilərdim. Odur ki,
bir neçə aydan sonra yenə Nəsir müəllimə
üz tutmalı oldum. Vəziyyəti
danışdım, xahiş etdim ki, başqa rayona dəyişilməyimə
kömək etsin. Özü də ən
uzaq rayona, ən aşağı mətbuat işinə. Nəsir müəllim əlini çənəsinə
verib üzümə baxa-baxa fikrə getdi. Hiss edirdim ki,
barəmdə nə isə çıxış yolu
düşünür. O, birdən:
– Yaxşı yadıma düşdü, gəlsənə
səni Qazax rayonuna göndərək. Orada redaktor yeri boşdur. Bu dedi-qodudan
da qurtararsan. Qazax da ki, Qubadlıdan
iki-üç dəfə böyükdür.
Etiraz etmədim. Nəsir İmanquliyev yanımdaca Qazaxla telefonla
danışdı:
–
Yoldaş Süleymanov, redaktor məsələsini həll
etmişik, – dedi. – Sizə cavan bir oğlan göndəririk. Təcrübəsi var, hazırda redaktor işləyir.
Göndərirəm yanınıza.
Görüşüb söhbət eləyərsiz, sonra
ümumi bir fikrə gələrək, – dedi.
Nəsir
müəllim üzünü mənə tutaraq:
–
Eşitdin də, – dedi. – Qazaxın birinci katibi Süleymanovdur,
yaxşı da yoldaşdır. Get qatara bilet al, sabah
ol onun yanında.
Üzüm öyrəşdiyi “Novaya Yevropa”
mehmanxanasında otaq tutmuşdum. Bakı-Tbilisi
qatarının yola düşməsinə bir saat
qalmış həvəslə yır-yığış eləməyə
başladım. Bu heyndə tanış
xidmətçi otağın qapısını açıb
dedi ki, bayaqdan bəri mehmanxananın müdiri Patiaşvili sizi
axtarır...
Birinci mərtəbəyə endim. Patiaşvilinin
kabinetinə daxil oldum. O, mənə bidirdi ki, Sekadan zəng
vurmuşdular. Dedilər ki, Qubadlının
redaktoru orada qalır. Ona çatdırın ki, heç
yerə getməsin, sabah Nəsir
İmanquliyevin yanında olsun.
Ovqatım korlandı. Yəqin işim
baş tutmadı, – öz-özümə
düşündüm. Nigarançılıq, cürbəcür
şübhələr... Fikrim yüz yerə
şaxələndi. Həmin gecə yuxum ərşə
çəkildi. Səhər yenə də
Mərkəzi Komitədə oldum. Buraxılış məntəqəsində
nə qədər şikayətçi vardı, ilahi!
Əlindən vəzifəsi çıxan,
iş istəyən, haqsızlığın girdabında
boğulan, partiyadan xaric edilən... Müxtəlif
yaşlı, müxtəlif dərd-sərli insanlar. Divardan asılmış telefonlara yaxın
düşmək olmurdu. Başlarını
aşağı salan daş qəlbli polis işçiləri,
insafları yoxmuş kimi onları necə də
soyuqqanlılıqla qarşılayırdılar... Bu mənzərənin şahidi olduqca,
qayğılarımın üstünə biri də gəlir,
fikir yükümü daha da
ağırlaşdırırdı.
Buraxılış vərəqəmi alıb yuxarı mərtəbəyə
qalxdım. Nəsir
İmanquliyev məni qəbul edərək:
– Dünən
sizdən sonra Xasay Vəzirov gəlmişdi bura, “Kommunist”in
redaktoru, – dedi. – Sizi imzanızdan tanıyır. Götür-qoy
elədik ki, Qazax sizin üçün çətin olar.
Elə “Kommunist”ə göndərək. Orda xüsusi müxbir yeri boşdur. Vəzirov da razılaşdı. Ancaq
bu şərtlə ki, Naxçıvan zonasına gedəsən.
Ora bir az uzaqdır. Bəzi
çətinlikləri də var. Ona görə də
münasib kadr tapa bilmirik. Zona neçə aydır
boş qalıb...
Razılaşdım. Nəsir müəllim
jurnalist peşəsinin xüsusiyyətləri,
daşıyacağım yeni vəzifənin tələbləri,
Naxçıvanın siyasi ab-havası barədə mənimlə
xeyli söhbət etdi. Ağıllı məsləhətlər
verdi, öz təcrübəsindən
danışdı. Sonra ayağa qalxıb əlimi sıxaraq:
– Sizə
müvəffəqiyyətlər! – dedi. – Nəzərə
alın ki, Sekanın kadrısınız. Bu
etimadı doğrultmaq üçün gərək çox
ciddi çalışasınız.
Respublika mətbuatında başa vurduğum 40 illik
yaradıcılıq yolum, bax, buradanca başladı. Xeyirxah əməlləri
xoş xatirələrdə yaşayan və bu gün 85 illik
yubileyi qeyd olunan Nəsir müəllimin xeyir-dua verdiyi
kiçik kabinetdən...
Hərdən qibləgahım olan rəncbər atama
başıma gələnlərdən, keşməkeşli həyat
yolumda rastlaşdığım xeyirdən, şərdən,
nəciblərdən, nanəciblərdən
danışırdım. Nəsir müəllimin haqq-sayını dilimə gətirəndə
atam məmnun olub minnətdarlıqla deyərdi:
–
Oğul, o yəqin bütöv adamdır.
1997-ci il
Əli
İLDIRIMOĞLU
525-ci qəzet.-
2011.- 9 dekabr.- S.4.