Mediada azlıq anlayışı
və multikulturalizm
Müasir Azərbaycan jurnalistikasında
ixtisaslaşmanın zəif
olması, bir çox hallarda isə olmaması ifadəsi həmkarlarımızın
bəzən haqsız
narazılığına səbəb
olur. Bəri başdan qeyd
edim ki, əslində narazılar haqlı deyillər. Əlbəttə, həyatımızın bir çox sahələrindən yazan
və bu istiqamətdə artıq ixtisaslaşan jurnalist kontingentimiz formalaşmaqdadır.
Amma bəzi sahələr də var ki, hər
gün qəzetlərimizi
“boyaması”na baxmayaraq, problemin cəmiyyətə düzgün
çatdırılmasında çatışmazlıqlar çoxdur.
Həmkarlarımız bu
tip mövzulara nə yazıq ki, səthi yanaşır, problemin mahiyyətini subyektiv mülahizələri
ilə əsaslandırmağa
çalışırlar. Bu
mövzulardan biri də mediada azlıq anlayışı
və multikulturalizmdir.
Azlıq anlayışı nədir?
Azərbaycanda kifayət qədər olmasa da, müəyyən
mənada bu məsələyə maraq
və onun izahı yeni problem deyil, müxtəlif vaxtlarda öyrənilib, ayrı-ayrı müəlliflər
tərəfindən araşdırılıb. Lakin son
bir neçə ildə aparılan araşdırmalar göstərdi
ki, cəmiyyətin müxtəlif təbəqələrinin
də “millət”, “xalq”, “etnik azlıq”,
“azsaylı xalq” və “milli azlıqlar” ifadələri
haqqında təsəvvürlərində
qaranlıq nöqtələr
çoxdur.
Bəzən bu terminlər qarışıq salınır,
bəzən düzgün
izah olunur, bəzən isə onların arasında mövcud fərqlərə
heç bir məhəl qoyulmur. Nəticədə milli münasibətlərlə,
milli məsələlərlə
bağlı problemlərə
qeyri-obyektiv mövqedən
yanaşılır, bir
sıra reallıqlar və tarixi gerçəkliklər təhrif
olunur. Belə hallara bir çox KİV-lərdə
tez-tez rast gəlmək olur. Hətta bəzən terminin daşıdığı tarixi,
bioloji, siyasi çalarlardan ehtiyat edən həmkarlarımız
onu dırnaq arasına alaraq göstərirlər. Bu azmış kimi bəzən bu təbəqənin insanlarını
adı və soyadı ilə deyil, etnik kimlikləri
ilə çağırırlar.
Əslində isə vətəndaşlıq
hüququ olan hər bir şəxsin,
mənəviyyatca ona daha yaxın olan hər hansı
milli və ya etnik qrupun
üzvü olmağa subyektiv hüququ var. Azlıq, qrup hüququnun subyektidir.
Belə bir təyinetmə üçün nə şəxsin mənşəyini
bilmək, nə də başqa bir vasitə lazım deyil.
Əlbəttə, “millət”, “xalq”,
“azsaylı xalq”, “milli azlıq”, “etnik azlıq” məfhumları təzə
yaranan terminlər deyil. Öz məna çalarlığı
baxımından nə
dünənin, nə də bu günün
reallığı ilə
izah edilə bilər. Bu terminlər
müxtəlif dövrlərdə
ayrı-ayrı tayfaların
xalq, ayrı-ayrı xalqların tədricən
millət kimi formalaşması prosesi nəticəsində meydana
gəlib. Bütün dünya
ictimaiyyətinin bu terminlər haqqında aydın və dəqiq təsəvvürləri
var.
Mədəni müxtəliflik və
plüralizm
Azlıq anlayışından danışarkən
mədəni müxtəlifliyə
– yəni multikulturalizmə
də toxunmaq lazımdır. Çünki bütün ölkələrdə
bu kateqoriyadan olan insanlara ictimai-siyasi hüquqlardan daha çox, mədəniyyətlə bağlı
məsələlərə də geniş səlahiyyətlər verilir.
Mədəniyyətin isə ən
mühüm şərtlərindən
biri – mədəni müxtəliflik və plüralizmdir. Bu problem etnik, milli və
ümumbəşəri miqyaslarda
mədəni ünsiyyət
və inteqrasiyanın
təhlili üzərində
qurulur. Mədəniyyətin təsiri və
funksiyaları müxtəlif
sivilizasiya tiplərində
müxtəlif cür
özünü göstərir.
Bu da mədəniyyətin
daxili məzmun və strukturunda mövcud olan dəyər oriyentasiyaların
fərqliliyindən irəli
gəlir.
Yaxın zamanlarda geniş yayılmasına baxmayaraq,
bu anlayışın
əslində qədim
tarixi vardır. Multikulturalizm ümumbəşəri varlığın
inkişafının əsaslarından
biridir. Əvvəlki əsrlərlə müqayisədə bu gün “multikulturalizm”
termini bir qədər
fərqli məna daşıyır. Bu gün alimlərin əsas məqsədi cəmiyyətin daha çox ədalət, mərhəmət kimi ümumbəşəri ideyalara
meylliyini artırmağa
nail olmaqdır.
Mədəni bərabərliyin təmin
edilməsi, tolerantlığın
inkişafında mühüm
rol oynayan multikulturalizm sivilizasiyalar arasında dialoqu gücləndirir, ayrı-seçkiliyin
qarşısını alır,
fərqli mədəniyyətləri
təmsil edən xalqların sülh şəraitində birgə
yaşayışına müsbət
təsir göstərir.
Ölkəmizdə müxtəlif dinlərə,
millətlərə, etnik
azlıqlara məxsus xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayır. Dövlət onlara öz adət-ənənələrini, dillərini qoruyub saxlamaq üçün bütün şəraiti
yaradıb.
Multikulturalizmin alternativinin özünütəcrid
olduğunu bəyan edən Prezident İlham Əliyev çıxışlarının birində deyib: “Multikulturalizm başqa xalqın nümayəndəsinə
hörmət, başqa
dinə hörmətdir.
Öz dininə hörmət başqa dinə hörmətdən başlayır.
Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə
bütün xalqları
birləşdirir. Eyni zamanda,
hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır.
Azərbaycanda yaşayan
xalqlar əsrlər boyu multikulturalizm şəraitində yaşayıblar”
Azərbaycanın dünya mədəni irsinə verdiyi töhfələri, tolerantlıq
mühitini beynəlxalq
ictimaiyyət tərəfindən
də yüksək qiymətləndirilir. İnsanlara mənəvi təzyiqlərin
nəticələri daha
ağır olur, ona görə də münaqişələr
tezliklə həllini tapmalı, xalqlar və millətlər mənəvi təzyiqlərdən
xilas olunmalıdırlar.
Media dözümlülük nümayiş
etdirirmi?
Sovet hakimiyyəti illərində
SSRİ-də iki istiqamətdə güclü
iş aparılırdı.
İlk baxışda bu istiqamətlər bir-birinə
əks mövqe təsiri bağışlamasa
da, əslində məzmun etibarı ilə bir-birinə daban-dabana zidd məna kəsb edirdi. Daha doğrusu, o vaxtlar
SSRİ-də yaşayan
bütün xalqların
tədricən bir-biri
ilə qaynayıb-qarışması
nəticəsində zorla
“sovet xalqı” adı altında yeni birliyin yaradılmasına
ciddi-cəhd göstərilirdisə,
digər tərəfdən,
beynəlmiləlçilik bayrağını
əsas tutaraq, “dostluq” və “bərabərlik” şüarlarını
ucalda-ucalda ayrı-ayrı
respublikalardakı (bu baxımdan Azərbaycan SSR
xüsusi yer tuturdu) müxtəlif tayfaları etnik qrup, etnik azlıqları
xalq, hətta bəzən bu və ya başqa
etnik azlığı
və yaxud azsaylı xalqı isə az qala
millət kimi qələmə vermək
cəhdləri olurdu. Çoxmillətlilik və beynəlmiləlçilik
özü də şişirdilmiş səviyyədə,
sanki bu və ya başqa
respublikanın iqtisadi
potensialını göstərən
əsas amil idi.
Bu gün isə
Azərbaycanda milli və dini azlıqlara
münasibətdə ölkənin
yazılı və elektron kütləvi informasiya vasitələri də kifayət qədər dözümlülük
nümayiş etdirir. Milli Televiziya
və Radio Şurası
ölkədə yayımlanan
teleradio yayımçılarına
milli azlıqların hüquqlarına hörmətlə
yanaşmağı tövsiyə
edir, yeni yaranacaq teleradio kanallarından daha çox milli azlıqların dillərindən
istifadəyə meylli
yayımçılara üstünlük
verir.
Hazırda bir ay ərzində
Azərbaycan radiosunda talış, kürd, ləzgi dillərində ayrı-ayrılıqda 1 saat
20 dəqiqə, gürcü
dilində 2 saat 40 dəqiqə, erməni dilində 1 saat 30 dəqiqə, rus dilində isə 15 saat verilişlər yayımlanır.
Azərbaycan dövlət televiziyası
azsaylı xalqlardan olan rus dilində
1 ay ərzində 15 saatdan
çox xəbərlər
proqramı təqdim edir.
Ölkə teleməkanında ilk dəfə
olaraq, məhz İctimai Televiziyada Milli Azlıqlar üçün Verilişlər
Departamenti yaradılıb.
Özəl kanallardan “ANS”, “Lider”,
“Azad Azərbaycan” və
“Space”də rus dilində verilən verilişlərin həcmi
sutka ərzində verilən verilişlərin
25-30%-ni təşkil edir.
Regional telekanallarda (10 regional kanal var) rus
dilindəki verilişlərin
həcmi 25-40% təşkil
edir.
Milli azlıqların kompakt şəkildə yaşadığı
rayonlarda – Xaçmazda
“Xaçmaz TV”, Qubada
“Xəyal TV” və “Qütb TV”, Lənkəranda
“Lənkəran TV”, Zaqatalada
“Aygün TV” adlı yerli telekanallar fəaliyyət göstərir.
Balakən rayonunda yerli
radio ilə azsaylı
xalq olan avar dilində, Xaçmaz rayonunda isə ləzgi və tat dillərində verilişlər yayımlanır.
Avropa Komissiyasının maliyyələşdirdiyi
“Cənubi Qafqaz əlaqələri və vətəndaş həmrəyliyi”
layihəsi (99/0355) çərçivəsində
ölkə mətbuatında
milli azlıqlar haqqında dərc olunan materialların sayı və mahiyyəti ilə bağlı hələ
2002-ci il 1-31 dekabr və 2003-cü il 15 yanvardan 15 fevrala qədər monitorinq aparılıb. Monitorinq zamanı 8 qəzet tədqiq olunub. Aydın olub ki, qəzetlərdə
onların ümumi-nəzəri
və tarixi materialları ilə yanaşı, etnik və dini ümumiliklərinin
müasir vəziyyəti,
ictimai təşkilatların
tədbirləri haqqında
məlumat verilib.
Göründüyü kimi, etnik problem müstəqillikdən sonrakı
dövrlərdə də
Azərbaycan KİV-ləri
üçün prioritet
mövzu olub.
Niyaz NİFTİYEV
525-ci qəzet.- 2011.- 9 dekabr.- S.6.