Məhəmməd Əmin Rəsulzadə

 

Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir.

Əsərləri Üçüncü cild  (1915-1916)

Ön söz

Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Məcburi qərardadlar həqqində

 

Rusiyada olan müxtəlif millətləri malik olduqları sifəti-məxsusidən ayıraraq bir qazana tökmək və orada onları qaynadıb da “böyük Rusiya milləti” bişirmək istəyənlər, əlbəttə ki, səhv ediyorlar.

Böylə “böyük bir səhvin” və yaxud “ümidin” nəticəsi olaraq vəzh olunan qanun movcibincə ortodoks məzhəbinin bütün dini bayramları Rusiya təbəələrinin hamısından ötrü ehtirami vacib bir bayram hökmünə qoyuldu. Milləti-hakimənin dinən müttəhic bulunduğu günlərdə bütün məhkum millətlər dəxi öz işi və güclərindən fəraqət etməklə bu günlərin əzəmət və şövkətini artırmalıdırlar, budur məzkur qanuni tətbiq edənlərin fəlsəfəsi. Fəqət dininin etilasi xatiri üçün icra olunan bu mənəvi həqsizlikdən zənn etməyiriz ki, ruhi-İsa şad olsun.

Böylə bir tədbirdən ruhi-İsa əleyhissəlam şad olmadığı kibi, rus millətinin səlim düşünür ədalət gözlər ricalı da məmnun degildirlər.

İmdiki böyük müharibədə rus əfkari-ümumiyyəsini məhəyyuc edən “hürriyyətpərvərlik hissi” də bu ədalətsizligi təsdiq etməmək məcburiyyətindədir. Rusiya aciz və kiçik millətlərin hüquqi-milliyyə və diniyyələri üçün təşhiri-səlah edərkən öz daxilindəki millətləri dinən tanımaq məcburiyyətində bulunmadıqları günlərdə iş və güclərindən avara olmaqla hissi təhqirlərə məruz qalmaq fikrində, əlbəttə ki, israr edəməz.

Fəqət nə isə, xristian olmuyanların yalnız hissiyyatına toxunmaq degil, bu bayramlardan əlavə öz bayramlarını saxlamaq məcburiyyətində bulunduqlarında dövləti iqtisadən dəxi zərərlərini mövcib olan bu qanuna vaxtilə müsəlmanlar ilə bərabər bütün ədalətpərvərlər dəxi etiraz etdilər. Fəqət məsələnin felən həllini öz əllərində bulunduranlarca bu etirazlar nəzərə alınmadı və bu qeyri-təbii müəmma qanun hökmünə girdi.

Məmləkətin qanunlarına tabe olmaq borcdur. Hissiyyati-diniyyələrinə ağır gəlsə də, müsəlmanlar bu borcun altına girdilər.

Fəqət arada rus məzhəb bayramlarından əlavə, yekşənbə-cümə məsələsi də vardı. Bütün Rusiya təbəələri həftə tətili olaraq yekşənbə günlərini saxlamağı qanun hökm ediyordu. Halbuki, müsəlmanların həftə tətilləri cümədir.

Bu məsələ İçəri Rusiya müsəlmanları arasında böyük bir məsələ təşkil etdi. Polisə dükanların yekşənbə günü bağlatdırmaq xüsusunda, müsəlmanlar da əksində israr etdilər. Hətta Kazan müsəlmanları bir ay nümayiş, bir neçə həftə yekşənbələr dükanlarını açdılar və yenidən əleyhlərinə protokol yazılıb məhkəməyə verilməklə otuz rublə cəriməyə məhkum edildilər. Bittəbii nümayiş üçün yapılmış olan bu hərəkəti alış-verişçilər müttəsil dəvam etdirməzdilər. Müvəqqətən bu qərara tabe olub daxiliyyə nəzarətinə ariz oldular və bir çox təşəbbüsdən sonra bu xüsusda dumaca müsəlmanlara aid yeni bir qərar veriləcəginə qədər müsəlmanların həftə tətilini cümələr icra etmələrinə müsaidə verildi (bu xüsusda vaxtilə “İqbal”da təfsilat verilmişdir).

Qafqasiya haqqında bu günə qədər böylə həftə tətili müsəlmanlar üçün cümə günü tətbiq olunmuş. Binaənileyh cümə, yekşənbə davasına meydan qalmamışdı. Fəqət bu kərə nəşr olunan qərardad məsələyə olduqca əcib bir şəkil vermişdir. Müsəlmanlar həftə tətili olmaq üzrə cümə gününi dükan qapamaq məcburiyyətində ikən yekşənbə gününün yarısını da fəda etmək vəzifəsinə tabe tutuluyorlar.

Xəyalə öylə gəlir ki, bu surətdə iki şey əldə edilmək istənilir. Birisi bu ki, xristianların yovmi tətili ikən, qeyri-xristian ünsürdə bu günə nisbət bir ehtiram olsun. İkincisi də bu ki: madam ki, əsasən yekşənbə günləri tətil etdiriləcək və birdən bu qərarı tətbiq etmək müsəlmanların İçəri Rusiyada olduğu kibi etirazlarına səbəb olacaq, yaxşısı budur ki, cümələrini tətil etməklə bərabər yekşənbə tətilinə də ögrəşərlər və şübhəsiz rəqabət iqtizasi həqqinə də gün yarıma vəqt qeyb etmək istəmiyərək tədricən öz-özlərindən cümədən vaz keçib yekşənbəyi qəbul edərlər.

Fəqət nə kibi politika ilə rəftar edilsə də, bu qərardadi tərtib verənlər böylə bir qərarın müsəlman alış-verişçilərini iqtisadən xəsarət və müşkülatə uğrandığını görməli idilər. Gərək şəhərə və gərək xəzinəyə başqa bir xristian qədər xərc və vergi verən müsəlman alış-verişçisinə həftədə yarım gün olmaq üzrə ildə 26 və xüsusən müsəlman bayramları surətilə də ildə və cəmən 35 gün qonşusu və rəqibi xristiandan artıq tətil etdirmək hissiyyati-milliyyə və diniyyədən başqa, iqtisadən bu son bir ədalətsizlikdən ibarət olduğu heç düşünülmiyormu?

Dumanın salonları və yaxud idarələrin masaları başında oturanlar bu xüsusda düşünməgə ehtiyac görməmişlərsə, digər böyük dövlət adamları bu xüsusə rəayət etmək məcburiyyətindədirlər.

Digər bayram məsələləri ümumi bir vəzi-qanun məsələsi isə də, güman ediyoruz ki, yekşənbə bayram günündən xilas ola bilmək üçün sərih bir rah və çarə yox degildir.

Bu günə qədər müsəlman dükanları ancaq cümə günü bağlanmış və yekşənbənin yarım gününü bilməmişlərdir. Artıq vəzin bu surətlə baqi qalmasını müşküllata düçar edəcək məqamati-aliyyədən nəşət edən yeni bir qərar və əmrin sadir olduğundan isə xəbərimiz yoxdur. Hər aynə bu qərar əvvəlcə mövcud olan qanun mövcibincə tətbiq edilmək istənilirsə, bu günə qədər tətbiq edilmədigi nə kibi bir mülahizə və əsaslara bağlı idisə, o mülahizələrin hala da mövcud ola biləcəginə müftəq haman hökm etməkdədir.

Buna görə də əgər bütün müsəlman alış-verişçiləri söz və əl birligi ilə kəmali-ittihad və vəfaqla hərəkət edib lazım gələn məqamına bu xüsusda ərizə verərlərsə, şübhəsiz ki, sözlərinə etina olunur və nahaq yerə yekşənbə günləri yarım gün dükan bağlamaq kibi maddi və mənəvi bir zərərə qatdaşmazlar.

Böylə bir təşəbbüsdə bulunmaq ticarəti faidələrinə lazım olduğu kibi milli və dini vəzifələrinə dəxi təəllüq edər bir məsələdir.

M.Ə.Rəsulzadə

“İqbal”, 26 aprel 1915, ¹922

 

Məhəyyüc – həyəcanlanma

Təşhir – xalq arasında yayma

Yaponiyanın qələbəsi

 

Avropa dövlətlərinin başını qarışıq görüncə Yaponiya hökuməti fürsəti fövt etmək istəmədi. Haman bir zərbədə Çin torpağı üzərində bəslədigi arzularının hamısına nail oldu. Hətta sair vəqtlərdə ehtimal ki, tədricən olsun xatirinə gətirəmiyəcigi tələblərini belə Yu An Şiqay hökumətinə qəbul etdirdi.

Aprelin 26-da tarixi-aləmin böyük bir vaqeəsi vücuda gəldi. Çin hökuməti Yaponiya tərəfindən kəndisinə verilən tələbatın hamısını qəbul etdi.

Yaponiya tələblərinin nədən ibarət olduğunu əvvəlcə xəbər verildigi kibi, dünki “İqbal” vasitəsi ilə də nəşr olunmuşdu. Nəşr olunan bu məlumatdan oxucularımız Yaponiya tələbatının nədən ibarət olduğunu görmüşlərdir. Sözün müxtəsəri, Yaponiya Avropa dövlətlərinin baş qarışıqlıqlarından istifadə edərək bütün Avropa qədər təbəəlik bir cəmaət ilə tükənməz bir sərvəti-təbiiyəyə malik qoca Çin məmləkətini bənimsəyir.

Teleqraf Çinin Yaponiya ultimatumunu qəbul etdigini xəbər verdi. Demək bu gündən etibarən Misirin ingilislərə qarşı vəzi nə isə, Çin dövləti-asimaniyəsi də yaponlara qarşı öylə bir vəziyyət aldı.

Yaponiya hökumətinin bu surətlə Çində yerləşməsi Almaniya hökumətinin Çindəki mənafeinə bir zərbə olmaqla bərabər Yaponiya müttəfiqləri olan rus və ingilis dövlətlərinin mənfəətləri nöqteyi-nəzərindən də xoş görünəcək bir hərəkət degildir. Hətta Yu An Şiqay hökuməti əvvəlcə Yaponiya tələblərinə qarşı əhzar etmiş olduğu müqabil layihəsində digər dövlətlərin mənfəətlərinə aid xüsuslarda müsahiləkar davranmış olduğu halda ingilis və rus mənafeinə toxunur xüsuslarda bərk durmuş və güzəşt etmək istəməmişdi. Bununla da şübhəsiz vəqt qazanaraq, bəlkə də bu iki dövlət də Yaponiya üzərinə icrai-nüfuz edərlər deyə mülahizədə bulunmuşdu. Fəqət nərədə. Yaponiya bunların müttəfiqi və ondan əlavə bu iki dövləti-müəzzəmə o qədər Avropadaki baba topraqları ilə məşğul ki, Əqsayi-Şərqdəki asiman məmləkətini düşünəməzlər. Avropa müharibəsinin vücuda gətirdigi “yer” işləri düzəlməyincə məlumdur ki, avropalılar “göy”lərlə məşğul olamazlar. Bu yalnız xoşbəxt Yaponiyadır ki, 25 ilin ərzində biri-digəri ardından vaqe olan üç müvəffəqiyyətli müharibə (Yaponiya – Çin, Yaponiya – rus və Yaponiya – alman) nəticəsində istədigi yerlərin işini bitirib, imdi də asimanə əl atmışdır.

“Kare zəmin ra saxtə, bər asiman pərdaxtə” Avropa dövlətlərinin məşğuliyyəti hər nə qədər Yaponiya üçün bir fürsət təşkil ediyorsa da, yəni başında mövcud Amerika dövlətinin dəxi bu sırada səs çıxarmadığı heyrəti-mucib olmaqdadır. Yaponiyanın ən böyük rəqibi və onun bu surətlə böyüməsini çəkəmiyən ən qüvvətli hərif şübhəsiz Amerikadır. Yaponiyanın imtiyazlar və dəmir yollar həqqində vaqe olan inhisar tələbi isə şübhəsiz ki, Amerika mütəşəbbislərinin mənfəətlərini də bərbad etməkdədir. Şu surətdə nədən Amerika ilə bir ixtilaf çıxmıyor, halbuki, Amerika böyük bir bəhriyyəyə malikdir. İstərsə Yaponiyanın bu hərəkətlərinə təsir icra edə bilər.

Burada iki mülahizə varid xatir oluyor. Ya Amerika dövləti bu sırada Yaponiyaya elani-hərb etmək surətilə etilafi-müsəlləslə arasını pozmaq istəmiyor, yaxud Yaponiyaya Çində sərbəstlik təmin edərək buna qarşılıq olaraq cəzirələrdə bir taqım təvizat bəkliyor.

Məlum olduğu üzrə Çin ilə Yaponiyanın ixtilaf etdikləri məsələlər bilxassə Bəhri-mühiti-kəbirdə vaqe cəzirələrə aid idi. Qitəyə doğru axın edən Yaponiya cahangirligindən intizar etmək olar ki, cəzirələrdən hələlik sərfi-nəzər etmiş olsun. Bu surətdə Amerika ilə uzlaşmaq dəxi qeyri-mümkün degildir.

Çin-Yapon məsələsi müzakirə olunurkən mühüm bir xüsusun gözə çarpmadığını görməmək mümkün degildir. Çin Yaponiyaya müqavimət edə biləcəkmi, bilməyəcəkmi xüsusi təhlil olunurkən bu böyük məmləkətin öz qüvvətindən degil, beynəldüvəl münasibətindən bəhs olunuyor. İştə, ümidini özünə degil, günə və göyün göndərəcəgi, xarici köməgə bağlamış olan Baqdi Xan məmləkətinin əsl faciəsi də buradadır. Qoca bir vücud, böyük bir dövlət, fəqət özünü müdafiədən aciz.

Bu acizin etirafı ilə Yu An Şiqay hökuməti Çin dövləti asimanında öz hökumətindən başqa Yaponiya günəşinin tüluinədə razı oluyor. Etimal ki, bu günəş Çin nəbatati-siyasiyə və mədəniyyəsinin nəşvü-nümasinə səbəb olur. Fəqət şübhə yoxdur ki, Baqdi Xandan tövrat edən Çin hökuməti olsa-olsa artıq məmləkətin yeganə mənbəi-həyat olan bir günəşini degil, digər bir günəşdən nur və feyz alan anını təşkil edər.

Yenə Çinin xoşbəxtligindəndir ki, kəndisinə “feyz və nur” bəxş edəcək bu yeni “nur” ruh və mənəviyyətcə qan və ürfəcə o qədər də kəndisinə yabançı bir qüvvə degildir.

Burası bəlkə də Çin üçün o qədər bir yadlığı mucib olmaz.

Fəqət Yu An Şiqay hökuməti hər nə mülahizə ilə olsa da, Yapon tələbatına sərfiru etmişkən əcəba Çin inqilabçıları və Çindən müstəqil və müəzzəm bir dövləti-asimani görmək amalında bulunan hətta milliyyətpərvərləri dəxi bu tələblərə baş əgəcəklərmi?

Ehtimal ki, daxildə bir taqım ixtilallar və üsyanlar zühur edər: Fəqət bu kibi naməmnunları təskin etmək Yaponiyanın əlində müşkül bir əmr degildir.

M.Ə.

“Yeni İqbal”, 28 aprel 1915, ¹1

 

Xəlic – körfəz

Vəzi – təyin etmə, üzərinə qoyma

Sərfiru – başı aşağı

Müsahilə – barışma, sülh

 

Bəstəkarımızın benefisi

 

Hər hankı millətin tərəqqi və təməddünündən bəhs edənlər o millət arasında rəvac bulan sənayei-nəfisəyə diqqət edər və məzkur xəlqin nə kibi bir bədiələr vücudə gətirdiklərilə hesablaşarlar.

Sənayei-nəfisə növündən başlıca üç şey vardır: şeir və ədəbiyyat, musiqi və nəqqaşlıq.

Şeir ilə ədəbiyyatın əhəmiyyət və qiyməti bizdə, biz müsəlman millətlərində az-çox təqdir edildigi halda, musiqi ilə nəqqaşlıq gözdən salınmışdır. Fəqət uzun bir dövr inhitat keçirdikdən sonra bizə tərəf əsməkdə olan intibah və həyat nəsimi bu iki xüsusun da düşünülməkdə olduğunu göstərdi. İstanbulda rəsm və heykəltaraşlığa məxsus sənayei-nəfisə məktəbi açıldığı kibi son zamanlar teatr və musiqi sənəti təsim üçün bir taqım faidəli təşəbbüslər görülməkdə idi. İranda dəxi bu xüsusə İran şəraitinin verdigi imkan və ölçü daxilində əhəmiyyət verilmiş və məşhur İran rəssamı Kəmalülmülk rəyasəti ilə bir sənayei-müstzarifə məktəbi açıldığı kibi, digər bir İran bəstəkarının rəyasətilə xüsusi surətdə bir musiqi heyət və məktəbi tərtib edilmişdir.

Fəqət musiqi tərtibatının Avropa şəkli olan ədəbi opera və operetta xüsusunda məmaliki-islamiyyədən heç birisi daha qafqasiyalılar qədər iləriləməmişdir. Bu xüsusda biz İstanbulu da, Tehranı da keçmişiz. Şübhəsiz ki, türk sənayei-nəfisə tarixini yazacaq olan müvərrix musiqi bəhsinə gəlincə, Qafqasiya türklərinə bir çox səhifələr ayırmalı və bu səhifələrin başında arkadaşımız Üzeyir bəy Hacıbəyov cənablarının fotoqrafını qoymalıdır.

Fəqət bizə (Üzeyir bəyin biz müasirlərinə) bir bu qədər ruhani və bədii qizalar bəxş edən, lətif və zərif əsərləri ilə könüllərimizi açan, ümidlərimizi güldürən, bəzən də düşüncələrə sövq etdirən ilk bəstəkarımızı yalnız müvərrixlərmi təqdir etsin?

Fəqət yanılmıram ki, tarixcə təqdir olunacaq şəxslər müasirlərindən ədəmi-təqdir görürlərsə, bu müasirlər həqqində veriləcək hökm tarix müvaxizələri olur.

Fəqət Üzeyir bəy öylə xoşbəxt sənətkarlarımızdandır ki, nümayiş etdirdigi tamaşaların boş keçdigi görülməmişdir. Tamaşaya gələnlər də məsələnin hər tərəfini düşünmüş təqdirkar az olduğunu iddia edənlər bulunsa da, bizcə “gəlmək” özü bir əsəri-təqdirdir.

İştə, bu hər daim cəmaətimizin sevgilisi olan Üzeyir bəy bu cümə gecəsi öz benefisini icra ediyor və cəmaətimizin təqdirini görüyor, sənətkarlar nə qədər məharətli olsalar da, daima möhtaci-təqdir və təşviqdirlər. İştə, biz də bunu nəzərə alaraq öz möhtərəm sənətkarımıza bu şövqi əsirgəməyəlim.

Üzeyir bəy öz benefisləri olmaq üzrə qərib bir şeyi düşünmüşlərdir, benefis opera mövsimini tamam edəcək. Bundan sonra artıq opera tamaşası olmayacaq. Fəqət bunun əvəzində demək olar ki, Üzeyir bəyin əksər asari bu gecə göstəriləcəkdir. Birdən-birə dörd oyun oynanacaq. Elanda göstərildigi kibi bu dörd oyunun hamısı bilatəqsiman olub, özü də saət 8-də başlayıb 12-də qurtaracaqdır.

Bu da bir sirr.

Fəqət Üzeyir bəy diyor ki, teatroya gəlməyən bu sirrin nədən ibarət olduğunu bilməz. “Yeməyən bilməz” reklamına bənzəyən bu elan bir az zövqümə müvafiq gəlmədi. Binaənileyh bu sirri ögrənmək üçün bu günki opera tamaşasına gedəcəgiz tövsiyəsində bulunmaq da istərəm. Böylə bir tövsiyə zatən Üzeyir bəy sənətkarlığını təqdir nöqteyi-nəzərindən də müvafiq gəlməzdi.

cümə gecəsi mütləq Tağıyevin teatrosuna getməli və hər bir hissədən əvvəl dəgərli bir musiqarımızı təqdir etmək niyyətilə yola çıxmalı! Sirr ögrənməgə degil.

M.Ə.Rəsulzadə

“Yeni İqbal”, 30 aprel 1915, ¹3

 

“İqbal” idarəsi tərəfindən

(İdarəyə məktub)

 

Müdiri-möhtərəm!

“İqbal” qəzetəsi idareyi-əskəriyyə rəisi general Volskinin əmri mucibincə tətil edildigindən Kars müsəlman hərbzədələri faidəsinə açmış olduğu ianə cədvəlini qapamaq, binaənileyhə artıq ianə qəbul etməmək məcburiyyətində bulundu. Bu vəqtə qədər toplanan ianənin bir vücəati-hesabını qəzetəmiz vasitəsilə elan etməklə bərabər aşağıdakı ixtarının da möhtərəm oxucularınıza bildirmənizi rica edər:

“İqbal” qapandığı günə qədər idarəsinə gəlmişdi: 24.109 manat 73 qəpik.

Qəzetə qapandıqdan sonra gəlmiş: Kazandan möhtərəm “Quyaş” idarəsi vasitəsilə Çayaqar uyezdi Qariş qəryəsi əhli-islamiyyəsindən yığılmış 5 manat 50 qəpik və Kazan quberniyası Çistay şəhəri müsəlmanlarından Həbibulla Cabbarov və oğlanları ticarətxanəsi tərəfindən toplanmış 157 manat 50 qəpik, cəmən 162 manat 50 qəpik.

Sibiryada Barnaul şəhər imamı Nəcib bin Məhəmməd tərəfindən Məhəmmədşərif Əliyev cənabları vasitəsilə 28 manat 10 qəpik.

Naməlum bir şəxs tərəfindən 13 manat.

Teymurxanşuradan Məhəmməd Hacı Hüseynov vasitəsilə 581 manat 50 qəpik.

Məcmui 24.954 manat 38 qəpik.

Bu iyirmi dörd min doqquz yüz əlli dörd manat otuz səkkiz qəpik müxtəlif vəqtlərdə cəmiyyəti-xeyriyyə idarəsinə tapşırılmışdı.

Bundan sonra ianə göndərəcəklərə tövsiyə olunur ki, müstəqilən cəmiyyəti-xeyriyyə idarəsinə müraciət etsinlər.

Əvvəlki ehtiyac üzrə bizə gələcək olacaq ianələri də “İqbal” haman cəmiyyəti-xeyriyyəyə təhvil verəcək ki, təfsili məzkur cəmiyyət tərəfindən “Yeni İqbal” vasitəsilə nəşr olunacaqdır.

Tovqifdə bulunan “İqbal” naminə

M.Ə.Rəsulzadə

“Yeni İqbal”, 1 may 1915, ¹4

 

Duma intixabları

 

Şəhər dumasının keçənki iclasında duma intixablarına aid şəhər idarəsi tərəfindən hazırlanan layihə müzakirə olunaraq təsdiq və tədil olunmalı idi.

Fəqət müzakirənin nəticəsində degil, daha ibtidasında ikən layihə təsdiq də degil, tədil də degil, intizar olunmadığı bir halda təxir edildi.

Gözlənilmədigi bir halda təxir məsələsi çıxaran qlasnı Taqianosov olmuşdur. Taqianosovca intixab bir çox zehn və fikirləri, məsələ və qüvvətləri alır bir məsələdir. Böylə bir zamanda (ki hər kəs bacardığı qədər öz şəxsi qüvvəsini müdam vətən işinə sərf etməkdə və bu böyük işin meydana gətirdigi zəruriyyat ilə mübarizə etməkdədir) intixab məsələsi ilə məşğul olmağa gəlməz imiş.

Binaənileyh intixab xüsusunun tədiyəsi ilə 46-cı maddənin (müsəlmanların hüququnu təhdid edən maddə) Bakıya tətbiq olunmaması üçün hökumətdən rica etmək xüsusunda göz örtülüb əvəzində düma qlasnıları intixabın gecikdirilməsi üçün hökumətdən müsaidə istəməlidirlər. İstənilən bu müsaidata müharibə qurtaranadək qlasnılara qlasnılıqlarında qalmaq imkanını verəcək və bu müddətdə uprava duma qərardadının əsasən tədili xüsusunda mülahizə olunması lazım olan məvadi toplamaqla məşğul olacaqdır.

Bütün uprava heyətilə qlasnılardan Qasım Qasımov cənabları hər nə qədər itixabın gecikdirilməsi əleyhində bulunmuşlarsa da, fayda verməmiş və iki qlasnıya qarşı tam bir əksəriyyətlə intixabların təxirini istəməgə qərar verilmişdir.

İntixabların gecikdirilməsinə bu surətlə qərar verildikdən sonra dümanın uprava layihəsi haqqındakı əsasi nəzərləri də bittəbii örtülü və müsəlman cəmaətini olduqca maraqlandıran 46-cı maddə xüsusu da naməlum bir halda qalmışdır.

İntixabların gecikdirilməsi əleyhinə olaraq bələdiyyə rəisi demiş ki, Batum düması böylə bir tələbdə bulunmuşsa da, hökumət vaqe olan tələbi rədd etmişdir. Qasım Qasımov cənabları da söyləmişlər ki, qlasnıların öz səlahiyyətlərini qanun xaricində və bu surətlə artırmağa heç bir mənəvi həqləri yoxdur. Çünki işin həqiqətinə baxdıqda bu şəhər intixabçılarının hüquqi əsasilərinə qarşı bir təcavüzdür. Xəlq hər dörd ildə bir dəfə şəhər dümasına qlasnı göndəmək həqqinə caiz ikən qlasnılar bir taqım qeyri-varid mülahizələrlə onları bu hüquqdan məhrum etmək istiyorlar.

Qasımovun bu xüsusda həqqi vardır və qlasnı Taqianosov bu günə irada qlasnılar əhalinin hüququnu silib degil, yalnız bu huquqlarının vəqti-zühurini təxir etdiriyorlar deməsində bir həqiqət varsa da, bu həqiqəti tətbiqə belə duma özünü səlahiyyətdar görməməlidir. Xəlqi bir hüquqdan məhrum etmək səlahiyyətinə malik olmayan bir heyət şübhəsiz ki, haman səlahiyyətsizligi ilə onu (yəni xəlqi) o hyququn izhari üçün təmin olunan vəqti-müəyyəndən də məhrum qılamaz. Yoxsa yerlərini isti görmüş olan qlasnılar hər vəqt bir bəhanə bulub da “Yenidən seçki intixabları keçirmək” istəməzlər və yaxud bir vəqti kəndi mülahizələrincə “seçkiyi-namüvafiq” gördükdə təxirə qərar verər və müvafiq bir əhval gözləməgi canlarına minnət bilərlər.

Qlasnılardan Əliağa Həsənov cənablarının seçki təxiri xüsusunda gətirdigi dəlillər də kəza bu təxiri həqli göstərə bilməz. Əliağa duma seçiciləri arasında bir çox zapasnoylar varmış ki, onların doğma şəhər işlərində iştiraklarını gözləməli imiş. Fəqət zənn olunuyor ki, çox yüksək bir ləyaqəti-maliyyəyi iltizam edən hazırki duma intixabnaməsi mucibincə zapasnoylar arasında şəhər intixabçılarından etina olunur dərəcədə qlasnılar mövcud olsun. Bizim bildigimizə görə indiki qanun mucibincə şəhər miqdaratına hakim olan qism əhali arasında müdafiəyi-vətənə getmək məcburiyyətində bulunanlar o qədər degildirlər ki, onlardan ötrü intixablar təxir olunsun. Məlum olduğu üzrə müharibə meydanına gedənlər əksəriyyətlə cavanlardır. Halbuki, Bakı intixabları daimən mülkdarlar və buna görə də əksəriyyətlə atalar – demək ki, bir dərəcəyədək sinləri ötmüş ağsaqqallar əlindədir. Və həqiqətən böylə mülahizə varid olsaydı, şübhəsiz ki, bu dəlildən Əliağadan əvvəl zapasnoylarla daha ziyadə əlaqədar olmaları icab edən qlasnılar istifadə edərlər idi.

Hər halda görünüyor ki, Taqianosovun “Həzərat, bir az daha oturalım, yerimiz xoşdur” məsələsinə uyan təklifi bütün qlasnılarımızın ən zəif nöqtəsinə toxunmuşdur ki, haman bir yıldırım təsiri icra edərək duma heyətini başdan-ayağa təsxir eləmişdir.

Fəqət madam ki, duma qərardadi imdiki hal ilə baqidir və madam ki, duma seçkilərinə əhalinin əksəriyyəti buraxılmayır, hələ bir çox zaman dəxi dumamızın böylə təsxir olunur bir hal keçirmək məcburiyyətində qalacağını gözləməlidir.

Dumanı bu azardan xilas etmək və kəndisinə daha müvafiq bir ruh və can vermək üçün intixab üsulinin tədili ilə xəlqin duma seçkilərinə vase bir surətdə iştirakını təmin etməlidir.

Bu xüsusda qlasnı İlyuşkinin təklifini təqdir etməmək əldə degildir.

Qlasnı İlyuşkin təklif etmiş ki, duma naminə uprava hökuməti füruş ərz-halda bulunub mövcud şəhər qərardadının tərəqqi etmiş, böyümüş şəhər ilə işıqlanmış əhalisinin ehtiyacını rəf edəmmədigindən dolayı məzkur qərardadın təbdilini istəsin və əhali əksəriyətinin duma seçkilərinə daha vase bir surətdə iştirakının təminini istəsin.

İlyuşkin vaqe olan təklifində misal olaraq Lehistanı göstəriyor. Şübhəsiz ki, Lehistan bələdiyyəsinə təmin olunan əsaslara bu gün Rusiyanın hər hankı bir şəhəri ilə, hər hankı bir əyalətini alsanız, müstəxdir. Hələ Qafqasiyanın bu xüsusdaki ehtiyacı gün kibi aşkardır. İlyuşkin Lehistani əksəriyyət əhalinin duma işlərinə iştirakı nöqteyi-nəzərindən misal alarlarsa, biz bunu dumalardakı məhəlli – Lehistanın istemalı ilə dumalara məhəl xəlqinin mənəvi və maddi bir mərbutiyyət lüzumunu göstərmək üçün də ala biləriz.

Bu yolda sair Rusiya bələdiyyələri tərəfindən dəxi ərzihallar verilmişdir. Zatən bu imdi degil, Rusiya şəhərləri tərəfindən çoxdan bəri tələb olunan, gələn bir məsələdir. Həm də çətin və mühüm bir məsələdir. Dumaların bu kibi dövlət işlərinə qarışmağa səlahiyyətləri olmadığını söyləyənlər əlbəttə ki, fəzlə ehtiyyat ediyorlar və böylə bir ərzi-halda bulunmağın kimsəyə heç bir zərəri olamaz, faidələri isə aşkardır.

M.Ə.Rəsulzadə

“Yeni İqbal”, 1 may 1915, ¹4

 

Məcburi qərardadlar həqqində

 

Şəhər duması tərəfindən hazırlanıb və hökuməti-məhəliyyə tərəfindən təsdiq olunduqdan sonra ticarətxanə və dükanlarda çalışan xidmətkarların istirahətinə aid elan olunan məcburi qərardadların müsəlmanlar həqqində göstərdigi ədalətsizliklərdən keçən dəfə müfəssəl surətdə bəhs etmiş idik.

Görünüyor ki, yekşənbə və bayramlara aid olan hüquqi xüsuslardan əlavə bazardakı səbzəvat və meyvə satan müsəlman alış-verişçilərinin alış-verişləri iqtizası olan şərtlər də gözədilməmişdir. Səbzə satanlar şəhər idarəsinə verdikləri ərizələrində diyorlar ki, yeni qərardadlara əməl etmək onlar üçün yalnız zərərli olmaqla qalmayıb həddi-zatində qeyri mümkündür belə. Çünki qabağı yay gəliyor. Səbzəvat kəndlərdən gətirilir, kəndli üçün müəyyən vəqt təyin etmək qabil degildir. Bir də alınan tazə meyvə və səbzəvatı haman sağ-çürük etmək və rahlamaq lazımdır. Yoxsa yarısı ələ gəlməz.

Bundan əlavə eşitdigimizə görə müsəlman bazar alış-verişçiləri qərardadın kəndilərinə cümədən başqa yekşənbə günləri də bayram günü əlavə olaraq dükan bağlatdırmaq istənildigini protesto ediyorlar. Digərləri ilə bərabər vergi verdikləri halda onlar həftədə bir gün dükan bağlamaq məcburiyyətində ikən bunların günyarım tətil etmək məcburiyyətində qalacaqlarının aşkar bir ədalətsizlik olduğunu və bu ədalətsizligin haman dəgişdirilməsini istiyorlar.

Görünüyor ki, şəhər idarəsi müsəlman alış-verişçiləri tərəfindən vaqe olan bu şikayətləri həqli görmüş və bu xüsusda yeni duma məclisinə bəzi təkliflər daxil etmişdir. Bu təkliflər sabahkı duma iclasında müzakirə olunacaqdır.

Sabahkı iclasda duma qlasnıları yalnız ədalətin təminini istəməkdən ibarət olan bu tələbləri qəbul etmək degil, bu tələblərin qəbulu ilə bərabər rəva görmüş olduqları xətanın təshihi ilə də vəzifədardırlar.

Bazar səbzə satanlarının əhvali-xüsusiyyəsindən bazarlıqlarla o qədər üns və ülfətləri olamıyan xristian qlasnılar qafil olmasalar da, müsəlman qlasnılar bundan qəflət etməməli idilər. Çünki “dalda qara göstərməgə” ehtiyac hiss etdikləri zaman “bazar”a yügürüyor, oradan istimdad ediyorlar.

Fəqət eyibdir ki, “böhranlı” zamanlar keçdikdən sonra üç kəlmə ilə də olsa bazar əhlinə mənafeyini müdafiə etmək zəhmətinə əgilmiyorlar.

Fəqət yekşənbə məsələsinə gəldikdə, hər nə qədər yenə günahın böyügü müsəlman qlasnıları öhdəsinə gəlirsə də, bu xüsusda xristian qlasnılar da qəbahətsiz degildirlər. Bütün qlasnı heyəti bilməlidir ki, həftədə bir gün tətil etməklə günyarım tətil etməkdə fərq vardır. Əcəba, qlasnılarımız bir ilə biryarımın fərqini anlamıyacaq dərəcədə elmi-hesabdan məhrumdurlarmı?

Fəqət müsəlman qlasnılarının bu xüsusda ağızlarına su almalarını hesab bilmədiklərindən əlavə, dini və milli xüsuslarda dəxi kahil olduqlarını göstəriyor. Təəccüb olunur ki, bir müsəlman alış-verişçisini həm cümə, həm də yekşənbə günü dükan bağlamağa məcbur etmək istərlər ki, müsəlman qlasnı nə cür olur da bu qərarı bilaetiraz qəbul edib duruyor. Hər nə isə məcburi qərardadların elanı ilə müsəlman alış-verişçiləri həqqində rəva görülən həqsizliklər təshihə möhtacdır və sabahkı duma bunu mütləqa təshih etməlidir.

M.Ə.Rəsulzadə

“Yeni İqbal”, 4 may 1915, ¹6

(Ardı var)

 

Şirməmməd Hüseynov

525-ci qəzet.- 10 dekabr.- S.26-27.