Zülm ərşə dirənəndə...

 

Allah adildi, qadirdir. O, yer kürəsinə həyat verdi yaratdığı başqa canlılardan fərqli olaraq insana ağıl verdi, şüur verdi, dedi, gedin bir-birinizlə mehriban yaşayın. İlk yaranışda Həvva tamahını saxlaya bilmədi cənnətdən qovuldu. Elə bununla da adamlarda tamah dişi, dünya malına hərislik əmələ gəldi. Mal-mülk üstə əvvəlcə mübahisələr, sonra amansız müharibələr başladı. Əvvəlcə daş müharibələri, sonra dəmir, lap sonralar bir-birini məhv etmək üçün yeni-yeni silahlar icad etməyə başladılar. Allahın insana verdiyi ağlı dünyanın tərəqqisinə yox, onun məhvinə sərf etmək uğrunda yarışa girdilər.

İstedadlı yazıçı Aqil Abbasın “Azərbaycan” jurnalının 10-cu sayında nəşr olunan “Allahı qatil edənlər” romanı bir qandan, bir candan olan insanların bir-biri ilə yola getməməsindən bəhs edir. Əsərin ilk cümlələrindən insan insanı candan, ölümdən zövq ala-ala, ürəyini soyuda-soyuda öldürür. Əziz oxucu romanı oxuyub sonda görəcəksiniz ki, ataların dediyi söz haqlı imişgünah öləndə olar”. Bəlkə də bu qətldən yuxarıdan baxan Allahın da xoşu gəlirdi. Aqil Abbas romanda heç bir obraza ad qoymayıb. Həsən, Hüseyn, Fatmanisə, Gülzar, bu əsərdə belə adlar yoxdur. Sadəcə olaraq Akademik, Ata, Ana, polkovnik, prokuror, kriminalists. Bu, sən də ola bilərsən, mən də, o da, bu da. Yəni hər kəs oxusun nəticə çıxarsın. Bu əsəri oxuyan, müxtəlif hərbi hissələrdə xidmət edən adamlar deyə bilər ki, “gör ha bu hadisə bizim hərbi hissədə olub ki”.

Əsərdə olduqca, hamımızın ağrılı yeri olan, aktual bir məsələyə toxunulur. Hərbi hissələrdə özbaşınalıq var, bəzi komandirlər özlərini balaca padşahlar kimi aparırlar.

Romanın süjet xətti belədir. Aspirant bir oğlan hərbi hissələrin birində xidmət edir. Zabitdən əsgərə kimi hamı ona Akademik deyə müraciət edir. O da həzm edə bilmir ki, obir neçə əsgər yoldaşı Vətəni qorumaq əvəzinə, Komandir Batalyon üçün ev tikirlər. Bu məsələyə etirazını bildirir, həqiqəti yuxarılara yazır. Bunun üstündə dəfələrlə başı ağrıyır, qauvpaxta salınır, orda döydürülür. Haqqı dediyi üçün sındırmaq istəyirlər.

Əslində, elmi işi üçün burda çox gözəl material vardı. Amma daha elmi işionu maraqlandırmırdı. Hər şeydən iyrənmişdi – qırmızı diplomundan da, həvəslə başladığı elmi işdən də, əsgər yoldaşlarından da. Və artıq sevdiyi qıza məktub yazmaqdan da iyrənmişdi, nə yazaydı ona...”

Əsgərlik kişilik məktəbidir deyərdilər. Bəzən Vətənə kişi kimi xidmət etməyə gələnləri sındırıb yola salırlar. Alışıb-yanan Vətən sevgisini söndürürlər. Torpaqlarının iyirmi faizi düşmən əsarətində olan millətin ordusu mütəşəkilliklə güclü Vətən, torpaq uğrunda hazırlanmalıdır. Aqil Abbas kimi Vətənini, xalqa, onun azadlığını, firavanlığını ürəkdən istəyən bir yazıçının da ali məqsədi budur. Müəllif hərdən çalışır ki, qəhrəmanı səbrli olsun. “Fəlsəfə müəllimi həmişə ona deyərdi ki, səbr bir dağda, üstünə gəlir, özünü saxlaya bilsən, dağın zirvəsinə qalxacaqsan, amma özünü saxlaya bilməsən, o dağ səni altına alıb əzəcək. Yaratdıqlarının çoxdan boğaza yığdığı Tanrının onlara yazığı gəlib, bəşəriyyəti xilas etmək üçün göndərdiyi sonuncu kitab – “Qurani-Kərim”i də oxumuşdu. Səbr haqqında onlarla hədis də bilirdi, tələbəlik illərində səbrsizlik edən yoldaşlarına da o, səbr və dözüm arzulayırdı”. Böyük şairimiz Məmməd Araz demiş: “Axı həddi olmalıdır bir səbrin də” Bəzən mərdi qova-qova namərd edirlər. Düşdüyü mühit ətrafındakı əclaf insanlar Vətən üçün düşünmədən canından keçməyə hazır olan bir oğlanı canı bir, qanı bir yurddaşlarının qatilinə çevirir. Əsərdə maraqlı obrazlardan biriAta, Ana obrazlarıdır. Əsl azərbaycanlı ailəsidir. Hər ikisi elə-obanı, uşaqlarını sonsuz məhəbbətlə sevirlər. Ata əsgərlikdəki oğlundan olan nigarançılığını büruzə vermir. Ana isə bütün analar kimi hər gün yemək bişirəndə, süfrəyə yemək qoyanda ya aşkar, ya gizli deyir ki, “can bala, görən nə yeyirsən, yerin-yurdun rahatdırmı”.

Aqil Abbas romanda göstərir ki, Komandir Batalyondan fərqli olaraq Qərargah Rəisi bir ata kimi əsgərlərin qayğısına qalır. Onların Vətənə kişi kimi xidmət etməsini istəyir. Elə bunun üstündə də tez-tez Komandir Batalyonla, Qərargah Rəisinin mübahisəsi düşür, hətta bir-birinin üstünə silah da çəkirlər. Qərargah Rəisi Vətəni sevdiyi üçün onun balalarını da sevir. “Bilirsən, dostum, biz bu Vətəni, o görünən dağları, meşələri , o göy üzünü, bu dağların bulaqlarını, quşlarını da əsgərlərə etibar etmişik. Bu dövlət də, bu millət də əsgərlərini bizə etibar edib. Əgər biz bu əsgərləri qoruya bilməsək, deməli, bu Vətəni də, o dağları da, o meşələri də o göy üzünüqoruya bilmirik”.

Bəşəriyyət yaranan gündən xeyirlə, şərin, haqla, nahaqqın mübarizəsi gedir. Deyirlər haqq nəzilər, amma üzülməz.

Əvvəlcə şər nə qədər üstələsə də axırda xeyir qalib gələr. Haqlı haqqına çatar. Bu gün iblisə xidmət edən ermənilər şər qüvvələrin köməyi ilə torpaqlarımızı işğal altında saxlasa da, sonda haqq öz yerini tapacaq, ermənilərə dəstək verənlər bir gün lənət şeytana deyəcəklər.

Əsərdəki işıqlı obrazlardan biri də Müstəntiqdi. O, apardığı cinayət işinin köklərini, onu doğuran səbəbləri araşdımaq, həqiqəti ortaya çıxarmaq istəyir. Ona hər tərəfdən təzyiq göstərirlər, işi yarımçıq bitirməsini tələb edirlər. O isə həqiqət axtarır. Həqiqət axtaran Müstəntiqə polkovnik deyir: “Küçük müstəntiq olub mənə. Səbəb axtarır. Mən sənə səbəbi göstərərəm. Bu dəqiqə əl-ayağını bağlatdırıb tullaram o tərəfə, get həqiqət axtar, dədən də Qırmızı xaçla səni tapmaz. Mən burda gecə-gündüz, yağış bilmirəm, qar bilmirəm, düşmənlə üz-üzəyəm, sən də şəhərdə saunada qızlarla kef edirsən. Köpəyoğlu! Həqiqət axtarır! Ala həqiqət!”

Prokuror da müstəntiqi tələsdirir ki, işə xitam ver getsin. Müstəntiq dirəniş göstərəndə ona deyir: “Nə boş-boş danışırsan? Xalq kimdi? Mənə xalqın bilmək istədiyi həqiqət yox, rəhbərliyə sərf edən həqiqət lazımdır. Sən hələ bunu anlaya bilmirsənsə, get bazarda kartof sat!”. Çox təəssüf ki, bu, həqiqətdir. Bəzi səlahiyyət sahiblərimiz xalq üçün yox, tabe olduqları rəhbərlik üçün çalışır. Bax bütün faciələrimizin də kökü bundadır.

“Allahı qatil edənlər” romanında ən maraqlı, yaddaqalan, azərbaycanlı qızlara örnək ola biləcək obrazlardan biriAkademikin sevgilisi – kitabxanaçı qızdır. O ülvi, saf bir məhəbbətlə Akademiki sevir. Günlərini sayır ki, oğlan hərbi xidmətini başa vurub kəndə qayıtsın. Başını qatmaq üçün işlədiyi kitabxana oxucu yoxdur deyə bağlanmaması üçün kitabların anketlərini doldurur, ordakı kitabları bir-bir özü oxuyur. Bütün Azərbaycanda olduğu kimi bu kəndə də internet kitabı üstələyib.

Heç kim kitab oxumur. Sən saydığını say gör fələk nə sayır. Qız Akademikin dirisini gözləyərkən kəndə ölüsü gəlir, üstündə də Vətən xaini damğası. Gecələr xəlvətə salıb sevgilisinin qəbrini ziyarət edir. Lal-dinməz gözlərini evlərində xalçanın üstündən asılmış babasından qalma tüfəngə zilləyir. Bir gecə tüfəngi götürüb Akademikin qəbrinin üstündə özünü gülləylə vurur. Güllə səsini eşidən Akademikin atası qəbiristanlıqda atılan güllənin adama dəydiyini duyur. Axı o, köhnə ovçudur. Gəlib oğlunun qəbri üstündə qızı qan içində görür. Alıb qucağına gətirir evlərinə. Böyük oğlu cərrah olduğu üçün tələb edir ki, qızı sağalt. “Oğul, sən necə həkimsən, ölür nədir? Bu uşağı xilas edə bilməsən, səni boğaram!” Bu qız oğlunun qəbri üstündə özünə qəsd etdiyi üçün bu dəqiqə ona canından da, doğma oğlundan da, dünyada hər şeydən ən əziz bir varlıq idi. Hətta bu faciədən özünü itirmiş ata ömründə güldən ağır söz demədiyi arvadına da qəzəblənir: “Nə bacarırsan, ay qancıq? – minillik evliliklərində ilk dəfə xanımını belə təhqir edirdi – Görmürsən hələ sağdı!” Kəndə təcili yardım maşınının gəldiyini görən kənd əhli maşının girdyi həyətə axışır. Onlarla birgə qızın ata, anası da həyətə girir. Ana yaralının öz qızı olduğunu görüncə dizinə döyə-döyə ərini söyür: “Ay it oğlu, sənə demədim ki, tüfəngi ortalıqdan götür? Ay it oğlu sənə demədimmi o tüfəngi gizlət?! Əslində bunların heç biri söyüş, təhqir deyil Azərbaycan kənd kişisinin, qadınının psixologiyasıdır, deyim tərzidir, müraciət formasıdır. Təcili yardım maşını ilə qızı xəstəxanaya aparırlar. Xəstəni yuxarı qaldıranda Akademikin atası oğluna dedi:

Oğul əllərinə qurban olum, qızımı səndən istəyirəm.

Qız atası qızımı səndən istəyirəm sözlərini eşidəndə özünü saxlaya bilmədi, Akademikin atasını qucaqlayıb hönkürdü:

Oyy! Ay qardaş, buişdi başımıza gəldi!”

Aqil Abbasın bir yazıçı kimi böyük sənətkarlığı ondadır ki, o, azərbaycanlı atanın, ananın psixologiyasını çox gözəl bilir. Xalqının mentalitetinə dərindən bələddi. Oğlunun qəbri üstündə özünə qəsd etmiş bu qız ona öz qızından da qat-qat əzizdir, mərhəmdir. Bu an Atadan o qız üçün canını istəsələr tərəddüd etmədən verər.

Əsərin sonunu yazıçı çox böyük ustalıqla tamamlayır. Cinayət olmuşdur, bu tamamlanmalıdır. Kriminalist Müstəntiqin ona verdiyi – materialların əsasında işin izinə düşür. Komandir Batalyona güllə atılmış tüfəngi atanın emalatxanasından götürüb ekspertizaya verir. Zəndində yanılmamışdı. Komandir batalyonu Atanın emalatxanasındakı tüfənglə vurmuşdular. Vəziyyəti Ataya danışır. Aqil Abbas aşağıdakı sözlərlə əsl Türk kişisinin obrazını bir neçə cümlə ilə yaradır. Əslində əsərin bütün qayəsi, məramı, məqsədi də elə budur. “Gəl sən razı olma ki, o boyda oğul dərdi çəkən bir ana bu yaşda həbsxanaya düşsün, həbsxanada ölsun. Sənin üçün nə fərqi, əsas odur ki, qatili tapasan!

Mən etiraf edirəm Polkovniki mən vurmuşam. İkimiz də müsəlmanıq. Bunun bircə yolu var, ya məni həbs edirsən, ya da bu namus məsələsidi, xanımıma atacam, amma həbsxanaya düşməyə qoymayacağam... Əslində, bunu mən etməliydim, kişiliyim çatmadı. O, məndən kişi çıxdı. Əsas odur ki, cinayəti açmısan. Rütbə alacaqsan, bəlkə prokuror da qoyacaqlar. Amma heç vaxt vicdan əzabı çəkməyəcəksən. Özün deyirdin ki, soğan satarsan, vicdanı satmazsan. İndi, nə soğan sat, nə də vicdanını, sadəcə olaraq bir kişilik elə”.

“Allahı qatil edənlər” romanını həyəcansız oxumaq mümkün deyil. Hər sözü, hər cümləsi elə ustalıqla qurulub ki, oxucu istər-istəməz razılaşar ki, bu elə belə də olmalı idi.

Kriminalist qalıb odla su arasında. Tərəzinin bir gözündə rütbə, vəzifə, şan-şöhrət, bir gözündə kişilik. Hansı ağır gələr. Vəzifəni götürsə kişilik əldən gedir, kişiliyi götürsə vəzifə. Tüfəngi çaya tullayıb Atanı oğlunun qəbri üstünə qoyub maşını sürüb gedir. Sən hansını götürərdin əziz oxucu? Aqil Abbas səni bu çətin sual qarşısında qoyub, qatilin Allah olduğunu bax beləcə sübut etdi.

Darvazadan içəri xanımı həyətdə gözləyirdi:

– Hara getmişdin?

Qonağı ötürürdüm.

Yenə nəyə gəlmişdi?

Polkovniki öldürəni tapıb.

Ana əlini atdı üzünə, oturdu stula, təngnəfəs oldu təəccüblə:

Tapılıb?

tapılıb.

–Kim öldürüb?

Xanımın başını sıxdı sinəsinə dedi:

– Allah!

Əsər bu sözlə bitir. Aqil Abbas çox ustalıqla sübut edir ki, günahsız oğlunu, günahkar olmağa məcbur edəndən Ananın aldığı intiqam Allahın intiqamıdır.

 

Surxay ƏLİBƏYLİ

525-ci qəzet.- 2011.- 10 dekabr.- S.22.