Hamı”nın şeiri?

 

Bir gövrdəyəm ki, nəzm olub xar...

M.Füzuli

 

Yumdum gözlərimi:

Karanlıkta sen varsan,

Karanlıkta sırtüstü yatıyorsun,

Karanlıkta bir altın üç

gendir alnın və biləklərin.

 

Yumulu gözkapaklarımın

içindesin sevdicegim,

Yumulu gözkapaklarının içinde

şarkılar.

Şimdi orda hərşey seninlə başlıyor,

Şimdi orda heç bir şey yok senden öncəmə ait

ve sana ait olmayan.

N.Hikmət.

 

“Mən hamı üçün yazıram... Hamı susur... Axı niyə hamı susur? Axı mən hamı üçün yazıram...”

V.Bəhmənli.

 

Doğrudanmı şeir “hamı” üçündür, yoxsa konkret fərdlər üçün? Və həqiqətənmi “uzunçu”ləqəbi götürən Füzulinin dövründə “nəzm” xar idi, meydanı bu qədər dar idi? Axı yaradıcılığının çiçəkləndiyi çağları Səfəvi imperiyasının zamanına təsadüf edən böyük şairin “şikayətini” anlamaq üçün gərək yarımfüzuli mərtəbəsinə qalxasan. Füzuli sözünün fəlsəfəsinin intellekt qatlarına enəsən. Bu da mümkünsüzdür. Çünki şairin şeirini oxumaq, hələ onun özünü “oxumaq”, tam kəşf etmək demək deyil.

Vaqif Bəhmənlinin çox sevdiyi Nazim Hikmətdən misal çəkdiyim o kiçicik şeiri oxucunun qulağına nələr demir. Görəsən ən diqqətcil, savadlı, duyğulu sözə həssas insan şairin həmin lirik misralarını bütünlüklə anlayırmı, mənimsəyirmi? Dərk edirmi, əyyamın kar qulağına Nazimin pıçıldadığı “hikmət” nədir? Bunu bir Nazim Hikmət bilərdi, bir də Allahı...

Çağdaş poeziyamızın ünlü simalarından sayılan Vaqif Bəhmənlinin nəfis, orijinal tərtibatla çapdan buraxdığı “Hamı” kitabı (“Çağdaş” nəşriyyat-poliqrafiya MMC. Bakı) indi “hamı”nındı. Çünki məsəl var, söz nə qədər ki, ağzındadı, sənindi, dilindən çıxdı, “hamı”nındı. Ancaq mən səmimi surətdə inanmıram, Vaqifin şeiri “hamı”nındı. Lap o, dönə-dönə etiraf eləsə də “axı mən “hamı” üçün yazıram, axı niyə hamı susur?”

Ona görə ki, Vaqif bədii sözün həqiqi mənada peşəkarıdı. “Hamı” peşəkar sözü dərk etmək, onu su kimi içmək gücündə və iqtidarında deyil. Axı, şair özü demişkən “bu zülmət karlıqda, bu daş karlıqda, bu ana, bu bacı-qardaş darlıqda, kar olan karlıqda, bu yox karlıqda” (Yalvarış) hər kəsin, hər bəndəsinin xamırını ulu Tanrı bir ahəngdə yoğurub. “Hamı”nı da günahkar, “düşmən” çıxarmaq olmaz ki, niyə filan mətləbi anlamır, qavramır, yaxud filan obrazlı ifadəni tutmur. Axı bir az kobud desək, həqiqətən, bu, “hamı”nın yemi deyil. Sözlərin pərçim olunduğu, bir-birinə sarmaşıq kimi sarındığı, fikirlərin, gah haçalanıb aralandığı, gah da calaq olub qovuşduğu harmonik mənzərə ayrıca hazırlıq tələb edir. “Qoymadın anamın qarnında ölüm” üsyanı isə Allahın özünə ünvanlanıb:

 

Məni bu darlıqdan qurtar, İlahi!

Məni bu varlıqdan qurtar, İlahi!

 

Tanrı isə öz çarxını fırlatmaqdadı: “çünki qismət şumda yazıdı – fırlan ki fırlanasan”. (Cızıq). Milyon illərdir ki, “insan cüt öküzü”kimi xırmanda bu dairənin ətrafında dolanmaqda, can çəkişməkdədi. Vaqifin fəlsəfəsinə və məntiqinə görə “dairəni irildib, cızıqdan çıxmaq olmaz”. Əslində insan bu cızıqda qalmağa məhkumdur. İrəli qaçsan sirdi, geri dursan, yenə sirdi. Kitabın iyirmi birinci səhifəsindəki “İrəli” şeiri bu fəlsəfi həqiqətə qismən cavab versə də, yenə qaneedici deyil.

 

Fələk çəkir kirkirəni,

dən durur undan irəli.

 

Bu labirintdən çıxmaq, bu girdabdan yaxa qurtarmaq olmur, “çünki qarşı divar, arxa divar”dı. Yalnız sözün ətəyindən tutmaqla, ucalıqlara uçmaqla suçunu yüngünlləşdirib xilasa doğru qismən məsafə qət etmək mümkünatı var.

 

Suca batıb qaçınca

hana öyrən bacından...

İlmə barmaq uçunda;

Kələfi aç, deyirəm

(“Uç”)

 

Vaqif Bəhmənli yeni kitabında topladığı bütün şeirləri doqquz yarımbaşlıq altında cəmləşdirib. Bu yarımbaşlıqların əksəriyyəti əvəzliklərdir. “O”, “Mən”, “Sən”, “Biz”, “Siz”, “Onlar”, “Hamı”, “Söz”,, “Nöqtə”. “O” həm də bir konkret şəxsin deyil, Tanrının adıdır. Elə misal gətirdiyimiz şeir parçaları “O” bölümündəndir. Sərrast, sufiyanə deyim tərzi, dünyanın əzəli “ölüm-qalım” məsələsinə özünəməxsus orijinal sistematik baxış, sözdən vaxtında və yetərincə ustalıqla istifadə, gözlənilməz forma axtarışlarının fonunda tapıntılar bir çağdaş şairin obrazını söz-söz müəyyənləşdirir.

 

Qorxma ifritədən, nə də ki, cindən,

İnsanın ən gerçək məbədinə gir.

Ovxarlı qılınc tək çıx bədənindən,

Təkrarən şığı, öz bədəninə gir!

 

“İç” şeirindən götürdüyümüz bu bircə bənd “Dad”, “Heç”, “Salam”, “Moizə”, “Duz”, “Belə”, “Cin”, “Göyüzü”, “Sabah”, “Azan”, “İmkan” və s. seçmə nəzm nümunələrinin də ümumi ruhunu ifadə edir. Şeirlər elə bil səhifə-səhifə xüsusi ardıcıllıqla düzülüb. Hər ad bir açardır, bir poetik axtarışın qıfılıdır. Birindən digərinə keçmək üçün gərək “nərdivanın pillələrinə” bir-bir ayaq basasan, yoxsa büdrəyib pilləkəndən yıxıla bilərsən. Bu mənada şeirləri bütünlüklə oxumaq gərəkdir.

“Mən” yarımbaşlığı. Əslində bütün suallar “O”-dan yox, “mən”dən başlanır. “Məni məndə sorma, məndə deyiləm” – söyləyirdi dahi Yunis Əmrə. “Ərş ilə fərşu, kafu-nun, məndə bulundu cümlə-çün” deyirdi hürufi İmadəddin Nəsimi. Klassik ədəbiyyatda bütün “mən”lər “O”dur, bütün “O”lar “mən”dir. Bu sələf-xələf yaxınlığı, üzvi bağlılıq söhbət açdığımız kitabda vəhdət şəklində təzahürünü tapır. Konkret detallara keçmək üçün misallar gətirək:

 

Sularda batırıb yer gəmisini,

İsanı çarmıxdan azad eyləyib,

İşığa çıxardıb qaranlıq dini,

Məhəmməd mülkünü abad eyləyib

Mən sizi heyrətə gətirəcəyəm,

Nə heyrət, qeyrətə gətirəcəyəm!

“Heyrət”

 

Eyni olsa da hamı

tərsə çəkir dərs məni.

Anlayıram...

anlamır

bəs niyə hər kəs məni?

“Eyni”

 

İki əsrdə yaşadım

cəminə qardaş adamam –

Günəş döyüb qurumuşam,

bir az da yaş adamam

“Daş”

 

Qanının tərkibi dəyişib çoxdan –

Axar damarımda hansı genim var?

Yoxam, varlığım da yaranıb yoxdan,

Ayrı kimsəm yoxdu, mənim, mənim var!

“Cinli adam

 

Şairin “mən”i şeirində toxdu, söz heç bir halda dünya malına gözünün ucuyla da baxmır. Həmin “mən”bilir ki, “tamahdı çevirən çəpə gözləri” (“Bəd”). Hər bir “mən” özü ilə gözəgörünməz Tanrı arasında “pərdə” olduğunu hiss edir. O ədəb, o əxlaq, o mərifət pərdəsi böyüklə kiçik arasında, ata-ana ilə övlad arasında mövcuddur. Lakin “Qurani-Kərim”in surələrinin birində Allahın möcüzəli müraciəti var: “Ey İnsan, mən sənə şah damarın qədər yaxınam”. Deməli, ortada nə boyda “pərdə” olsa da, Allah “hamı”nı – “mən”i, “sən”i, “biz”i, “siz”i görür, elədiklərimiz “O”ndan gizlin deyil. Əsl şair Allahın fitrən vergili şəxsidi, “pərdə”nin hər iki tərəfi əslində ona bəllidi. “Nəsə bir pərdə var Allahla mənim aramda, qoymur açılışmağa...” (“Pərdə”).

Yaxşı şeirin kökündə mütləq mətləb dayanır. Ancaq bu o demək deyil ki, şair irəlicədən qarşısında bir məqsəd qoyur və yaxud bir mətləb qoyur, sonra o haqda başlayır yazmağa. Əslində mətləb poetik sözdən, obrazlı ifadədən doğur. Ovqat bir anın içindəcə nəyəsə köklənir, o haqda şeir yaranır. Bəzən biganə dünyada şair də biganəlik, laqeydlik azarına tutulur. “Hamı”nı, hər şeyi unutmaq gərək –şadiyanə badələri, adiləri, sadələri, zadələri, qadələri, xançal-bıçaq yanlıları, şansızları, şanslıları...” – deyir. Axı, dünya – “hamı”nındı, təkcə söz adamına məxsus deyil. (“Unutmaq”) Elə “Ehmal” şeirinin sonunda şair bu etirafını ortaya qoyur:

 

Can ki var zərdi məndə,

hökm alar nərdi məndən –

qalxdığım nərdivandan

düşərəm ehmal-ehmal.

 

“Şəhər”, “İl”, “Qoca”, “Kor”, “Yatıb”, “Qoşma”, “Yaşamaq”, “Gərək” şeirlərindəki “mən”, “Nə axşam var, nə səhər. Zamandan və məkandan xəbərsiz”dad-fəryad qoparır: “üstümə bir zərrə gün işığı düşmədi ki, süd kimi solğun yarpağım yaşıla çalsın bir az...” Müəllif isə tale payından, ömrün-günün möhlət payından razıdır: “Nə olar... qoy belə bitsin bu ilim, belə bitsin”. Axı, nə edəsən ki, “korolmuş güzgü soxur gözümə təvəllüdümü – yaşımı göstərir”.

“Sən” boy sırası ilə kitabda üçüncü bölmədi. Əsasən sevgi-məhəbbət notları, həyat sıxıntıları, ailə-məişət münasibətləri üstə köklənən şair ilhamı bu istiqamətdə gah dəliqanlı kişnəyən at kimi şahə qalxır, gah da pıçıltı-pıçıltı arzu-istəklərini səhərin xəfif mehinə, bakirə sulara, ulduzlu göylərə söyləyir. Bütün hallarda Vaqif sözə qarşı həssadır, onunla rəftarında səmimidir. Bu silsilə şeirləri oxuyarkən ilk baxışdan ən intellektual oxucuya da elə gəlir ki, onlar çox asanca yazılıb. Lakin “Sən”də toplananları tam həzm etmək, məna-məzmun qatlarına enmək, şairin sözlə davranışının şahidi olmaq üçün gərək əməlli-başlı tər tökməyi bacarasan. Necə deyərlər, “asan” beytlər, misralar üstdə baş sındırmağa imkan tapasan, bu fürsəti isə qaçırmağa dəyməz!

 

Mən

sənin ucalığına qalxa,

Sən

mənim alçaqlığıma

yenə bilmirsən.

Yaxşı ki, belədi –

yoxsa

hər şey bitərdi,

diriykən

bütün

istəklərə çatmaq

ölümdən

betərdi...

“İkihədli”

 

Bu sərbəst forma, bu genişlik, sonsuzluq, aludəçiliyi Vaqifin potensial istedadının tükənməzliyindən poetik ruhunun sərhədsizliyindən, axtarışlarının sərbəstliyindən xəbər verir. İlk baxışdan balaca şeirdə istifadə edilən sözlərə, ustad şairin yonub-yontaladığı, rəndələdiyi “tikinti materiallarına” nəzər yetirək. Bütün sözlər adidi, heç bir qeyri-adi ifadə, kəlmə yoxdu. Bəs mahir ustalıq nədədir? Misraların ard-arda yerləşməsində, “sapa düzülən muncuqların” mirvarisayağı parlaqlığında, məzmuna uyğun pal-paltarın, “geyimin” tapılmasında, “əyin-başın” biçilməsində. Sözsüz, bu möcüzəni yaradan, harmoniyanı, ahəngi təlqin edən güclü şair fəhmi və bənzərsiz şair nəfəsidir. Elə bir özünəməxsus nəfəs ki, “qırx ildi” püxtələşə-püxtələşə, sapra-sapa, özünü tapa-tapa yol gəlir. Bu nəfəs təngiyib, tıncıxıb, əbədiyyət yolunun yolçusu kimi dayanmayıb, sabahlara doğru addımlarını yeyinlədib, bərkidib, indiki səviyyəyə çatıb.

 

Köhnə dərdin adın nağıl qoyuram –

Tutidənmi alıb dili ürəyim?

Qırx ildi başına ağıl qoyuram,

Hayıf, ağıllanmır dəli ürəyim.

“Söz”

 

“Hamı”nın “Biz” və “Siz” yarımbaşlıqları altında gedən yazıları yalnız forma etibarı ilə bir-birindən fərqləndirmək olar: daha doğrusu, müəllif “Biz”də şeirlərini, “Siz”də müxtəlif məsələlər barədə lirik-fəlsəfi düşüncələrini toplayıb. Şeirdə şair köhnə ənənəsinə sadiqdir, əvvəlkilərin bitkin, mükəmməl davamını yaradan müəllif yenə rəngarəng üslubda sözə ilmə vurur, bu “yalan” dünyada “Uşağı dindirəndə dilini əymə, ata! Ötəri həzzə görə uşağa dəymə, ata!” (“Uşaq”) qınağıyla özünü danlayır, gücü özünə çatır.

Vaqif Bəhmənlinin lirik-fəlsəfi fikir və düşüncələri, esseləri (bunların bəziləri bir cümlədən ibarətdir) yığcamlıq, bütövlük baxımından maraqlıdır. “Nəinki yer üzündə yaşayan bütün insanlara, (cümlənin bu hissəsi mübahisəlidir, şairin söylədiyi kimi bütün insanlara yox, ayrı-ayrı seçmə fərdlərə vəhy gələ bilər – A.H.) hətta suya, küləyə, daşa, qarışqaya da vəhy gəlir. Di gəl ki, o ifrat dərəcədə qeyri-idrakıdır. Üstəlik, bitki, su, külək, daş, qarışqa... tərəfindən Onun ifadəsi təkrardır. Çünki vəhy son dəfə Peyğəmbərimiz Məhəmməd tərəfindən kəşf olunub!”

Şərhə ehtiyac yoxdur!

“Allah “ol” deyir, Ana doğur, İnsan özü-özünü yaradır...”

Sərrast, şairanə, filosofyanə deyimdir. Bu cür bitkin ifadə tərzi müəllifin bu bir cümləlik fikirlərini zərb-məsəl, aforizm səviyyəsinə qaldırır...

“Qorxma, gözün kor olunca oxu, ayrı bir gözün açılacaq”.

Və yaxud:

“Başqasının söz bostanına oğurluq girən şairin dili topuq çalar...”

“Söz də bir nemətdir” yazır Vaif Bəhmənli. “Onlar” silsiləsinin lap başlanğıcında və bu fəlsəfəsini “fikrin ağ ununda boz kəpək yoxdu” bədii detalı ilə gücləndirir. (“Var”). Şeirdə klassik aşıq ədəbiyyatının oynaq qoşma janrından istifadə olunsa da, “Var” qoşma, deyil. Müəllif yalnız formanı yaradıcılıqla dəyişdirib, özünəməxsus şəkildə “əl gəzdirib”. Bu parçalama əməliyyatı qətiyyən süni xarakter daşımır. Ona görə bəndlər məzmuna uyğun düzgün biçilib, hər biri həm diləyatımlı, oynaqdır, həm də fikirlər tutumlu və rəngarəngdir. Bu bənd isə şah misralardan ibarətdir:

 

Haqq yolu yaxşıya tanış küçədi,

Mənzildən mənzilə məsafə yoxdu.

Baxır içindəki hava necədi,

Vallah, bu dünyada pis hava yoxdu.

 

Əlbəttə, “Haqq yolu” möminə, yalnız o yolu qət etməyi qarşısında məqsəd qoyana “tanış küçədi”, şairin işlətdiyi “içindəki hava” ifadəsi ən uğurlu tapıntıdır, insan ovqatını, insan əhvalını gözümüzün önündə canlandıran bütöv lövhədir. Hər bir halal qələm sahibinin öz içində havası var, o hava bircə andaca dəyişib tufan da qopara bilər, narın yağış da, soyuq qar da yağdıra bilər. Göründüyü kimi ikicə kəlmənin yaratdığı böyük assosiasiya olduqca əhatəlidir, xəritəsi genişdir.

“Mən bilirəm; qocaman keçmişi var indinin” (“Qiyamət”) deyən şair “Balıq”, “Şüşə”, “Təzad”, “Xəyanət”, “Hədd”, “İkiüzlü”, “Sanama” (şair təxəyyülünün tapmacası) kimi sərbəst yazılarında məntiqini xeyli gücləndirir. “Okean balığının aşdığı su prospekti ilə getməyi xoşlayıram mən”, çünki “Şəhərmi, bu guşə – şübhələnirəm, ya meşə şəhərdir, ya şəhər meşə. Gün düşüb meşəyə, alışıb meşə, gün düşüb şüşəyə, alışıb şüşə”. Əbu Dabi təəssüratının doğurduğu “Şüşə” şeiri həqiqətən öncə kövrək şüşəni xatırladır. Elə bilirsən indicə əlindən düşüb çilik-çilik olacaq. Şair ustalıqla “ş” samitindən istifadə edib, bütün sözlər gözəgörünməz “naqil kimi” adını çəkdiyimiz samitlə yüklənir, tarıma çəkilir. “Onlar”ın yaratdığı ahəng, musiqi sayəsində “Şüşə” birbaşa kövrək yaddaşa hopur. “Qara bürüngəkçi ərəb qadını qara torpağın rəmzidir” (“Təzad”) yeni, obrazlı deyim tərzi də avanqard şairin yaratdığı yüzlərlə metaforanın seçilmiş nümunələrindəndir və bu təzə-tər ifadələr insan ruhunu dirildir, hissiyyatı artırır, sövq-təbii zəngin məcraya yönəldir.

“Hamı” insanın əslində cəm obrazıdır: Bəs nədəndir şairin insanı sorğu-suala tutması, ondan ən böyük tələbi və istəyi?

 

... Nə madmazel, canım,

canım, nə madam;

adam de:

adam,

adam,

adam...

Dodağı püstə,

gözləri badam –

elə bir adam ki,

dünyanın

sökülən şalvarını

tikib-gözəyir;

başının üstündə

əbədi bir dam!

 

Vaxtilə Şeyx Nizami insanı dünyanın əşrəfi adandırırdı. Lakin insanla əks qütbdə dayanan bir məxluq da mövcuddur: yəni “şeytan”. (eyniadlı nümunə). Bu mücərrəd obraz hər kəsin öz içindədir. Ümumiyyətlə götürdükdə, istər klassik ədəbiyyatda, istərsə də çağdaş şeirdə kifayət qədər şeytana yer verilib. Bu mənada Vaqif də dünya və qədim Şərq poeziya ənənələrinə söykənə-söykənə şeytanın – insan xislətinə bu yad, şər qüvvənin iç üzünü misra-misra açır. “İnsan” şeiri insanlığa, aliliyə, xeyirxahlığa doğmalığa çağırışdı.

Əgər “Vətənim” şeirində “Nə suyam, nə dənəm, bilmirəm nədənəm?” sualını müəllif həm özünə, həm də oxucusuna ünvanlayırsa, axırda “ən uzun tarixəm, ən qədim türbətəm, ən yaxın, qürbətəm! Əlyetən qürbətəm, dilyetən qürbətəm” cavabı ilə yenə özünü ovundurur, oxucusunu arxayın salır. “Bayraq”, “Marş” (M.Ə.Sabirə xitabən), “Qurban”, “Pis”, “Öküz”, “Həyət”, “Külək”, “Plan”, “Guya”, “İmtiyaz”, “Ad”, “Dirilmə”, “Dil” nümunələri bu və ya başqa mənada “Vətənim”lə səsləşir. “Pis” sərbəst şeirində yenə müəllif “İnsan”a aşkar sədaqətini nümayiş etdirir: “mənə görə ən pis insan mənasını kəsb eləyən, özü öz canına qəsd eləyən insandı” anlamını təkrarlayır. “Görürəm ki, bir gövdədən ayrılan on budaq varsa, onu da qılınc çəkib bir-birinin üstünə” (“Külək”) fəlsəfəsindən bir daha bəllidir: “beş barmağın beşi də eyni deyil”. Əslində yaranışın da fəlsəfi mahiyyəti budur: biri yaranmasa, digəri məhv olmaz, biri əzilib sıradan çıxmasa, digəri həyatda yaşamaz...

 

... Ağla, şair,

Böyükşora yox,

dəryalara dönsün göz yaşların.

Daha

bir kimsə sənə əmr edə bilməz əsla

cümlə yazdıqlarını yerə yaz, göyə yaz –

Qələmi göz yaşlarına batır, şair,

yazdıqlarını suya yaz!

“Gözyaşı”

 

“Yazılar içində qan yazısını sevirəm. Qanınla yaz: görərsən ki, qan ruhdur” (Fridrix Nitşe. “Zərdüşt belə dedi” kitabından). Müqəddəs qələm əldə təkcə texniki bir vasitə deyil, onu şair demişkən, göz yaşına batırıb yazmaq da olar, ürək qanına batırıb yazmaq da. Təki içində vulkan püskürsün, qəlbində söz bulağı qaynasın. Təki ilhamın həmişə coşub kükrəyən, kişnəyən dəli-dolu kəhərin belindən düşməsin. Və mərdi-mərdanə oxucuna üz tutub deyə biləsən: “Bərə tutub dayanıram, söz dalınca yüz söz gəlir” “Şükran”.

Vaqif Bəhmənlinin poeziyası çağdaş, insanı düşünməyə vadar edən, “yaxasından tutub silkələyən”, hiss və duyğularından təkrar-təkrar keçən, onu ən ali mərtəbəyə qaldıran, görüş dairəsinin xəritəsini genişləndirən, ürəyini təlatümə gətirib təzələyən, zənginləşdirən poeziyadır. Bu poeziya həqiqətən müasir dünya şeir təcrübəsinə əcaslanan, ona söykənən, klassik Azərbaycan Oğuz şeirinin çoxəsrlik, çoxşaxəli ənənələrindən yaradıcılıqla qidalanan, qaynaqlanan, faydalanan poeziyadır. Bütün bunlara görə mən bir daha geri boylanıb bu qeydlərimin başlanğıcında şairdən gətirdiyim bir sitatı təkrarən nəzər-diqqətə çatdırır və müəllifə haqq qazandırıram: “Mən hamı üçün yazıram... Hamı susur... Axı niyə hamı susur? Axı mən hamı üçün yazıram”.

Xoşbəxtlikdən bu laqeydlik, bu biganəlik və soyuqluq da şairi kökdən salmır, o, böyük, “Söz”ün ətəyindən səbrlə bərk yapışıb, “Nöqtə” qoymağa tələsmir. Daxilində saxladığı ehtiyat “İşıq” “Hamı”ya yetirmi, nəsə pıçıldayırmı?:

Əslində, mən

balaca bir adamam,

amma çox nəhəngdi kölgəm,

çünki kürəyimi

işığa söykəmişəm.

Nigarançılığa dəyməz, şair! Şeirin ... “Hamı”nın şeiridir.

 

Ağacəfər HƏSƏNLİ

525-ci qəzet.- 2011.- 10 dekabr.- S.20.