Dillər
Universitetində yazıçı Afaq Məsudla
görüş keçirilib
Azərbaycan Dillər Universitetində Filologiya fakültəsinin təşkilatçılığı ilə yazıçı-dramaturq Afaq Məsudla görüş olub. Tədbirdə tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev, Filologiya fakültəsinin dekanı, professor Fikrət Cahangirov, Alman dilinin tərcüməsi kafedrasının müəllimi Yusif Savalan sənətşünas elmləri doktoru, teatrşünas Məryəm Əlizadə və Universitetin “Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri Fəridə Səfiyeva iştirak ediblər.
Fakültənin dekanı Fikrət Cahangirov tədbir iştirakçılarına yazıçı-dramaturqun həyat və yaradıcılığı haqda geniş məlumat verib. O deyib ki, Afaq Məsud 20 ildir ki, Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktorudur. Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib. “Üçüncü mərtəbədə” (1976), “Şənbə gecəsi” (1980), “Keçid” (1984), “Tək” (1987), “İzdiham” (1991), “Subbotniy veçer” (Moskva 1984) “Azadlıq” (1997), “Yazı” (2005) kitabları nəşr edilib. “Can üstə”, “O məni sevir”, “Yol üstə” pyeslərinin müəllifidir. Q.Q.Markesin “Patriarxın payızı”, T.Vulfun “Dünyanın hörümçək toru” romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin “Mövcudluq haqqında həqiqət”, Ə.Qəzalinin “Səadət iksiri”, “Oğluma məktub”, “İlahi bilik”, İbn Ərəbinin “Məkkə açıqlamaları” və sair əsərləri Azərbaycan dilinə tərcümə edib. Onun sözlərinə görə, A.Məsudun əsərləri əsasında “Sərçələr” və “Qonaqlıq” televiziya tamaşaları, “Gecə”, “Cəza” filmləri çəkilib. “Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub. 2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığı üzərində doktorluq işi müdafiə edilib (S.Dohan “Avropa şərqşünaslığında qadın yazarlar”). A.Məsud “Humay” Milli Akademiyası mükafatı laureatıdır.
Sonra Afaq Məsudun həyat və yaradıcılığını əks etdirən video-slayd görüş iştirakçılarına təqdim edilib. Tələbələrin ifasında “O məni sevir” pyesindən bir parça göstərilib.
Universitetin “Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri Fəridə Səfiyeva deyib ki, rəhbəri olduğu kafedrada dəfələrlə görkəmli yazıçılarla görüşlər keçirilib: “Azərbaycan ədəbiyyatı kafedrası 2005-ci il noyabr ayından fəaliyyət göstərir. Azərbaycan ədəbiyyatı zəngin tarixə malikdir. Bizim kafedranın işi tələbələri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri və onların bəşəri ideyaları təbliğ edən əsərləri ilə tanış etmək, ədəbiyyatın inkişaf meylləri və istiqamətləri barədə tələbələrdə təsəvvür formalaşdırmaq, ədəbi-bədii əsərləri sistemli və ardıcıl şəkildə öyrətməkdən ibarətdir. Kafedrada tələbələrin məşhur Azərbaycanlı şair və yazıçılarla görüşünə olduqca böyük önəm verilir və mütəmadi olaraq tələbələrin ədiblərlə görüşməsinə, dialoqa girmələrinə şərait yaradır. Bu cür tədbirlər tələbələrin, eyni zamanda onların görüşünə gələn ədiblərin sevinc və marağına səbəb olur. Fikrimcə, Afaq Məsudla bugünkü görüş də yaddaqalan olacaq”. F.Səfiyeva vurğulayıb ki, Dillər Universitetində ədəbiyyatın nüfuzlu nümayəndələri ilə görüşün istər müəllimlər, istərsə də tələbələr üçün vacibdir. A.Məsudun “Duyğular imperiyası” əsəri haqqında söz açan F.Səfiyeva bildirib ki, qısa esselərin, hekayə və aforizmlərin toplandığı “Duyğular imperiyası” bütövlükdə vahid süjet – insan mahiyyətinin gizli qatlarını açan duyğu süjeti üzərində qurulub: “Duyğular imperiyası”nda yazıçı, insanın şüuraltı dünyasına enir və onun, öz şüuruyla yaratdıqlarından daha yuxarıda olan bir aləmi – ruhi aləmi anlamaq iqtidarında olduğunu isbat edir, dünyanın heç də yüksək vəzifəli şəxslər tərəfindən yox, Tanrının yazdığı qanunlarla idarə olunduğunu ön plana çəkir”. F.Səfiyeva Afaq Məsudun yaradıcılığı ilə yaxından tanış olan hər kəsin Azərbaycan qadınının əzminə, qüdrətinə heyran olduğunu deyib: “Mən Afaq Məsudun yaradıcılığına dərindən bələd olduqdan sonra gözlərim önündə əsl Azərbaycan qadınının siması canlandı. Boynuna düşən ən mühüm missiya – analıqla bərabər, məişət problemlərinə qərq olan ictimai yüklü Azərbaycan qadını çox güclü və mətindir. Afaq Məsud sübut edir ki, sadaladıqlarımla yanaşı Azərbaycan qadını həm də dünya miqyasında dəyər veriləcək yüksək səviyyəli əsərlər yazmağa qabildir”.
O, A.Məsudun yaradıcılığına müxtəlif vaxtlarda Avropada müraciət olunduğunu, ancaq ölkəmizdə onun əsərlərinin ilk dəfə olaraq geniş tədqiqata cəlb edildiyini qeyd edib: “İndiyədək Afaq Məsudun ayrı-ayrı əsərləri haqqında mətbuatımızda məqalələr dərc olunsa da, yazıçının yaradıcılığı geniş anlamda təhlil edilməyib. Ancaq müxtəlif vaxtlarda Avropada- Qərbi Berlində və Vyanada onun əsərlərinə elmi tədqiqat aspektindən müraciət olunub.
Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev bildirib ki, Afaq Məsud ədəbiyyata yeni nəfəs, yeni yol gətirən qələm sahiblərindəndir: “Afaq Məsud şüuraltı prosesləri, sətiraltı mənaları o qədər dəqiqliklə verir ki, buna heyran olmamaq mümkün deyil. Tələbələrimiz onun mürəkkəb əsərlərini anlayırlarsa, buna yalnız sevinmək lazımdır”.
Alman dilinin tərcüməsi kafedrasının müəllimi Yusif Savalan Afaq Məsudun öz yaradıcılığı ilə Nobel mükafatına layiq yazıçı olduğunu qeyd edib. Əsərlərinin tərcümə edilib beynəlxalq aləmdə yayılmasının vacibliyini vurğulayıb.
Sənətşünaslıq elmləri doktoru, teatrşünas Məryəm Əlizadə qeyd edib ki, onun əsərləri haqqında yozumlar çoxdur və müxtəlifdir: “Afaq Məsudun əsərlərini yalnız tənqidçilər, ədəbiyyatşünaslar yox, həm də psixoloqlar təhlil etməlidir. Çünki buna ehtiyac var”. O, qeyd edib ki, Azərbaycan Dillər Universitetinin tələbələri dəyərli əsərləri xarici dillərə çevirməkdə maraqlı olmalıdırlar.
Afaq Məsud çıxışında qeyd edib ki, Azərbaycan Dillər Universitetində yazıçılarla, şairlərlə görüşlərin keçirilməsi, dram əsərlərinin səhnəyə qoyulması təqdirəlayiq haldır: “Belə görüşlərə digər ali məktəblərdə nadir hallarda rast gəlinir. Dünya ali məktəblərində isə bu, ənənəvi haldır”. Sonda A.Məsud onunla görüşü təşkil etdiklərinə görə universitet rəhbərliyinə, Filologiya fakültəsinə, Azərbaycan ədəbiyyatı kafedrasına təşəkkürünü bildirib, sualları cavablandırıb.
S.QARAYEVA
525-ci qəzet.- 2011.- 10 dekabr.- S.19.