Ramiz Abutalıbovun Moskvada yeni kitabı nəşr edilib

 

Həmyerlimiz, son illər Moskvada yaşayan tanınmış diplomat Ramiz Abutalıbovun bugünlərdə Rusiya paytaxtında yeni kitabı nəşr edilib. “Məhəmmədəmin Rəsulzadə və Qafqaz Konfederasiyası” adlanan bu əsər “Sosialno-politiçeskaya MISL” nəşriyyatında “Akademfarmasevtika” şirkətinin baş direktoru Şaiq Məmmədovun maliyyə dəstəyi ilə işıq üzü görüb.

Həcmcə çox da böyük olmayan, geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu elmi nəşrdə müəllif zəngin faktik material əsasında yaxın keçmişimizin parlaq səhifələrindən biri – Qafqaz Konfederasiyası haqqında danışır, bu Konfederasiyanı yaratmaq düşüncəsi ətrafında gedən ideya və siyasi mübarizənin dramatik gedişindən söz açır. Bu mübarizədə Azərbaycanın XX yüzilin ilk yarısında ən görkəmli siyasi xadimi olan Məhəmmədəmin Rəsulzadənin rolu və mövqeyi müəllifin ayrıca diqqət mərkəzindədir. Özü bu haqda yazır: “Bu qeydlərin məqsədi Azərbaycanın XX yüzilin başlanğıcındakı tarixindən hamıya bəlli olan faktları, süjetləri çevir tatı vur tatı edərək təkrarlamaq, eləcə də Rəsulzadənin artıq yetərincə təsvir edilmiş tərcümeyi-halını daha ətraflı təsvir etmək deyil. Mənim kiçicik, mütəvazi vəzifəm Qafqaz Konfederasiyası konsepsiyasının işlənib hazırlanmasında onun hansı rol oynadığına diqqəti yönəltməkdir”.

İnanırıq ki, bu maraqlı əsər tezliklə Azərbaycan elmi ictimaiyyətinin diqqətini çəkəcəkdir.

 

HÜSNİYYƏ

525-ci qəzet.- 2011.- 13 dekabr.- S.7.