Bahar Muradova:
“Dağlıq Qarabağın azərbaycanlı İcmasına
dövlət vəsaitinin ayrılması böyük
hadisədir”
Müsahibimiz Milli Məclisin
sədr müavini Bahar
Muradovadır
– Bildiyiniz kimi, dövlətin ali iqtisadi sənədi olaraq 2012-ci ilin dövlət büdcəsi Milli Məclisdə ətraflı şəkildə təhlil olundu. Millət vəkilləri bir sıra məsələlərlə bağlı müəyyən təkliflər irəli sürmüşdülər. Hökumət 10 gün ərzində bu təklifləri öyrənərək müvafiq qərarlar qəbul etdi. Nəticə etibarilə hökumətimiz millət vəkillərinin təkliflərinə diqqətlə yanaşdı. Xüsusilə, sosial sferaya aid olan məsələlər, ayrı-ayrı kateqoriyaları təmsil edən insanların mənafeyinə aid olan məsələlərə xüsusi diqqət göstərildi və dövlət büdcəsi layihəsinə müəyyən dəyişikliklər edildi. Parlamentin dekabrın 6-da keçirilən iclasında hökumət nümayəndələri büdcə layihəsinə edilmiş dəyişikliklərlə bağlı məlumat verdi. Bu da onu göstərir ki, Azərbaycan parlamenti ilə hökuməti dövlət büdcəsinin müzakirə olunması və qarşıdakı il üçün vəzifələrin yerinə yetirilməsi məsələsinə vahid baxış nümayiş etdirdilər. Ümumilikdə, hesab edirəm ki, bu amil vətəndaşların maraqlarının qorunmasına xidmət edir. Qeyd etmək istəyirəm ki, bu müzakirələr kifayət qədər səmərəli və faydalı oldu. Nəticə etibarilə büdcənin həm mədaxil, həm də xərc hissəsi müəyyən qədər artdı. Belə ki, gələn ilin dövlət büdcəsinin xərcləri 17 milyard 72 milyon manat, gəlirlər hissəsi isə 16 milyard 438 milyon manat həcmində nəzərdə tutulub. Bu da onu göstərir ki, müzakirələr nəticəsində Azərbaycan hökuməti müəyyən mənbələrə istinad edərək maliyyə vəsaitlərinin ayrılması haqqında qərar verib. Bunun özü də parlament və hökumət arasında əməkdaşlığının bariz nümunəsidir. Əlbəttə, müzakirələrin gedişində bir çox məsələlər qaldırılmışdı ki, onların büdcə sistemi ilə əlaqəsi yox idi, ayrı-ayrı problemlərin həllinə yönəlmişdi. Amma bununla belə, dövlət başçısının sərəncamları ilə minimum əməkhaqqının, təhsil və səhiyyə işçilərinin əməkhaqlarının artırılmasını nəzərə alsaq, qarşıdakı ildə əlavə büdcə vəsaitlərinin mənbələrinin tapılması işini hökumət yerinə yetirəcək. Bütün bunlar da büdcə layihəsinə edilən dəyişikliklərdə öz əksini tapır. Bütövlükdə, mən başa çatan büdcə müzakirələrini müsbət qiymətləndirirəm və bu sənədi hazırlayıb parlamentdə təqdim edən hökumət nümayəndələrinə minnətdarlığımı bildirirəm. Eyni zamanda, düşünürəm ki, qarşıdakı dövrdə, yəni gələn ilin birinci yarısının sonunda büdcəyə yenidən dəyişikliklər edilməsi prosesində qaldırılan digər məsələlər də öz həllini tapacaq.
– Müzakirələrin nəticəsi olaraq büdcə layihəsində müəyyən dəyişikliklər edildi və müvafiq sahələrə ayrılan vəsaitlərin həcmi artırıldı...
– Şübhəsiz, ilk növbədə, bütün bunlar ölkə əhalisinin maraqlarına cavab verir. Fikrimi konkret faktlarla əsaslandırmaq istəyirəm. Məsələn, Azərbaycan hərbçilərinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı nəzərdə tutulan vəsaitin həcmi artırılıb. Eləcə də, qeyri-hökumət təşkilatlarına dövlət qayğısının gücləndirilməsi istiqamətində millət vəkillərinin qaldırdığı təkliflər nəzərə alınaraq Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına il ərzində ayrılan vəsaitin məbləği də 1 milyon manat artırılıb. Bu da ictimai qurumların, vətəndaş cəmiyyətinin Azərbaycandakı mövcud problemlərin həllinə qoşulması prosesini daha da fəallaşdıracaq. Və dövlət-vətəndaş münasibətlərinin təkmilləşməsinə öz töhfəsini verəcək. Eyni zamanda, bu fakt dövlətin QHT-lərin fəaliyyətinin genişləndirilməsində maraqlı olmasının göstəricisi kimi çıxış edir. Bu mənada bu artımı həm millət vəkilləri, həm də vətəndaş cəmiyyəti institutları çox müsbət qarşılayırlar.
Bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, bu da Azərbaycan parlamenti tərəfindən həyata keçirilən məişət zorakılığına qarşı mübarizə proqramı ilə bağlıdır. Bildiyiniz kimi biz Avropa Şurasının həm qadınlara qarşı məişətdə baş verən zorakılıqla mübarizə kampaniyasının, həm də uşaqlara qarşı cinsi zorakılığın aradan qaldırılması ilə bağlı proqramının iştirakçısıyıq. Bu məsələ ilə əlaqədar büdcədən maliyyə vəsaitin ayrılması barədə millət vəkilləri komitələrin iclasında təkliflər irəli sürmüşdülər və artıq məsələ öz müsbət həllini tapıb. Belə ki, parlamentin dekabrın 6-da keçirilən iclasında maliyyə naziri çıxış edərkən bununla bağlı gələn ilin dövlət büdcəsində 100 min manat vəsaitin ayrılması barədə məlumat verdi. Düşünürəm ki, bu vəsait hesabına Azərbaycan parlamenti və bu sahə üzrə koordinator öz fəaliyyətini yüksək səviyyədə qura biləcək. Çünki uşaqlara qarşı ən müxtəlif zorakılıq hallarının aradan qaldırılması üçün bir çox maarifləndirici təbliğat işlərinə ehtiyac var. İctimai təşkilatlar, vətəndaş cəmiyyəti və dövlət qurumları tərəfindən, eləcə də, təhsil müəssisələrində uşaqların özü ilə ən müxtəlif səviyyələrdə işlərin görülməsi nəzərdə tutulur. Düşünürəm ki, parlamentin bu istiqamətdə kampaniyanın aparıcı bir fiquru kimi çıxış etməsi üçün bu vəsaitdən səmərəli istifadə olunacaq. Hesab edirəm ki, Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin strukturunda edilən dəyişikliklər də əhəmiyyətlidir. Belə ki, deputatların təklifləri nəzərə alınaraq, sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahəti üçün ayrılan vəsaitlər 100 min manat artırılaraq 250 min manata çatdırılıb. Bundan başqa, millət vəkillərinin təkliflərinə əsasən, pensiyaçıların təqaüdləri daha rahat alması üçün ölkənin xüsusilə bölgələrində bankomatların sayının artırılması məsələsi də müsbət həllini tapacaq.
– 2012-ci ilin dövlət büdcəsində həm də “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin fəaliyyəti üçün maliyyə vəsaiti ayrıldı. Sizcə, bu amil ictimai birliyin qarşısına hansı vəzifələri qoyur?
– Bu hadisənin əhəmiyyəti kifayət qədər böyükdür. 2012-ci ilin dövlət büdcəsinin layihəsi hələ parlamentin komitələrində müzakirə olunan zaman mən “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin fəaliyyəti üçün də büdcədən vəsaitin ayrılmasını təklif etmişdim. Sonra bu mövzu geniş ictimai müzakirəyə də səbəb olmuşdu. Fikrimcə, Qarabağın azərbaycanlı icmasının öz fəaliyyətini günün tələbləri səviyyəsində qurması üçün dövlət büdcəsindən vəsait ayrılmalıdır. Çünki ictimai əsaslarla fəaliyyət göstərən bu qurumun hədəfləri böyükdür. Həm xalqımızın, o cümlədən, bu icmanın qarşısında dayanan bu hədəflərə çatmaq və müəyyən problemləri həll etmək üçün maliyyə dəstəyi lazımdır. Çox təqdirəlayiq haldır ki, mənim təklifim hökumət təərfindən nəzərə alınıb. Maliyyə naziri parlamentdə çıxışında irəli sürülən bu təşəbbüsə də hökumətin müsbət yanaşdığını bəyan etdi və gələn il üçün büdcədən ictimai birliyə 500 min manatın ayrılması gündəmdədir. Düşünürəm ki, icma bu faktı nəzərə alıb öz fəaliyyətini daha da genişləndirəcək və 2012-ci ildə beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin tanınması istiqamətində öz işini daha fəal şəkildə quracaq.
Hesab edirəm ki, bu təşkilatın qarşısında kifayət qədər ciddi məsələlər dayanır. Ən azı ona görə ki, Qarabağın erməni icması özü üçün separatçı rejim formalaşdırıb və dünyada bir rejimi tanıtmağa cəhdlər göstərir. Erməni maraqlarına xidmət edən dairələr də onlara dəstək verirlər. İlk növbədə, bu cəhdlərin qarşısını almaq istiqamətində səylər göstərmək Dağlıq Qarabağın azərbaycanlı icmasının üzərinə düşən vəzifələrdən biridir. Çünki bir sıra xarici dairələrdə belə təsəvvür yaranıb ki, guya Qarabağda yalnız ermənilər yaşayırmış və Azərbaycan hökuməti də onların müstəqilliyini qəbul etmək istəmir. Qarabağın azərbaycanlı icmasının beynəlxalq aləmdə bütün səviyyələrdə fəaliyyətinin genişləndirilməsinin bu stereotipin qırılması üçün çox böyük əhəmiyyəti var. Bundan əlavə, Qarabağda tarixən azərbaycanlıların yaşadığı, amma onların Ermənistan tərəfindən hərbi güc yolu ilə öz torpaqlarından çıxarılması və hər cür mərhumiyyətlərə düçar olması faktı dünyaya daha geniş şəkildə təqdim edilməlidir. Eyni zamanda, həmin insanların o torpaqlara qayıdacaqlarına inamının itmədiyini və bu təcavüzlə barışmayacaqlarını göstərmək üçün geniş fəaliyyət icmanın qarşısında dayanır. Qarabağın azərbaycanlı icması üzvləri erməni yalanlarını ifşa etmək üçün də ciddi fəaliyyət göstərməlidirlər. Əlbəttə ki, bu işlər bütövlükdə Azərbaycan dövləti tərəfindən həyata keçirilir, bununla belə Qarabağın azərbaycanlı icmasının bu prosesdə öz yeri və rolu olmalıdır, dünyada onun səsi eşidilməlidir. Münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını həyata keçirən təşkilatlar, o cümlədən, ATƏT-in Minsk qrupu və onun həmsədrləri Qarabağın azərbaycanlı icmasının bu prosesdə mövqeyini nəzərə almağa məhkumdurlar. İcmanın fəaliyyəti genişləndikcə, onlarla daha çox hesablaşmaq məsələsi meydana çıxacaq. Ona görə də, düşünürəm ki, bütün beynəlxalq təşkilatlar çərçivəsində, ikitərəfli münasibətlərdə, ayrı-ayrı ölkələrlə əməkdaşlığımızda Qarabağın azərbaycanlı icmasının fəaliyyətinə çox böyük ehtiyac var. Ona görə də, beynəlxalq qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarda Qarabağın azərbaycanlı icmasının ən müxtəlif səviyyələrdə tədbirlərinin keçirilməsinə ehtiyac duyulur. Burada tədbirlər mədəniyyət sahələrdən tutmuş siyasi məsələlərə qədər əhatə olunmalıdır. Ən müxtəlif sərgilər, konfranslar, dəyirmi masalar, Qarabağın azərbaycanlı və erməni icmasının nümayəndəlrinin görüşləri təşkil olunmalıdır. Eyni zamanda, icma üzvləri üzləşdikləri məhrumiyyətlər, onlara dəymiş ziyanla bağlı beynəlxalq ictimaiyyətə geniş məlumat vermək istiqamətində fəaliyyətlərini gücləndirməlidir. Doğrudur, son vaxtlar icma fəaliyyətini genişləndirir və hər birimiz onlara dəstək verməliyik. Dövlət büdcəsindən ayrılan vəsaitdən də qeyd etdiyim məqsədlər üçün səmərəli istifadə olunmalıdır.
VAHAB
525-ci qəzet.-
2011.- 13 dekabr.- S.4.