Əsir və itkin düşmüş
vətəndaşlarla əlaqədar Dövlət
Komissiyasının iclası keçirilib
DÖVLƏT
KOMİSSİYASINDA 4046 NƏFƏR İTKİN
DÜŞMÜŞ, 1400 NƏFƏR ƏSİR VƏ
GİROVLUQDAN AZAD OLUNMUŞ ŞƏXS KİMİ
QEYDİYYATDADIR
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 2011-ci ildəki fəaliyyətinin yekunlarına həsr edilmiş iclası keçirilib.
Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Dövlət Komissiyasının sədri Eldar Mahmudov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmaması nəticəsində əsir və girov kimi humanitar problemin davam etməsi ciddi narahatlıq doğurur. Bu baxımdan, Dövlət Komissiyası tərəfindən həyata keçirilən hər bir səmərəli addım ümumi işin xeyrinədir.
Sədr Eldar Mahmudov qeyd edib ki, ötən iclasda Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında “İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə çərçivə sazişi” ilə bağlı qarşıda duran vəzifələr bu təşkilatın nümayəndələri ilə coxsaylı görüşlərdə müzakirə olunub. Yekunda itkin düşmüş şəxslərin yaxın qohumlarından qan nümunələrinin götürülməsi və müvafiq qan bankının yaradılması təklif edilib. Bankın və naməlum sümük qalıqlarının beynəlxalq aləmdə qəbul olunmuş qaydada saxlanması üçün müasir tələblərə uyğun laboratoriyası olan xüsusi mərkəzin yaradılması vacib sayılıb. Məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edilib və dövlət başçısı bununla əlaqədar Nazirlər Kabinetinə göstəriş verib. Yeni mərkəzin Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin bazasında yaradılması planlaşdırılır. Dövlət Komissiyasının işçi qrupu isə öz növbəsində respublika ərazisində mövcud olan naməlum şəhid məzarlarının yerinin müəyyənləşdirilməsi və qeydiyyatının aparılması kimi ciddi bir işə başlanıb.
Sədr Eldar Mahmudov iclasın gündəliyinə dair məlumat verdikdən sonra Dövlət Komissiyasının 2011-ci il ərzindəki fəaliyyəti barədə işçi qrupun rəhbəri Firudin Sadıqov hesabat məruzəsi ilə çıxış edib.
Bildirilib ki, son iclasdan keçən müddət ərzində Dövlət Komissiyasının beynəlxalq əlaqələri daha da genişlənmiş, itkin düşmüş şəxslərlə bağlı aparılan axtarış-araşdırma tədbirləri gücləndirilib. BQXK ilə keçirilmiş çoxsaylı görüşlərdə itkinlərə dair siyahılardakı fərqin aradan qaldırılması, əməkdaşlığın daha da səmərəli qurulması üçün təkliflər müzakirə olunub, eyni zamanda, bu müddətdə əsir və girov götürülmüş azərbaycanlıların və ermənilərin azad olunması istiqamətində danışıqlar aparılıb. 1 dekabr 2011-ci il tarixə olan məlumata görə, Dövlət Komissiyasında qeydiyyatdan 4046 nəfər itkin düşmüş, 1400 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi keçir.
Komissiyada olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 663 nəfər barədə 1053 sorğu göndərilib. 1500-dən artıq itkin barədə toplanmış əlavə məlumat və materiallar onların “axtarış-araşdırma iş”lərinə əlavə olunub. Dövlət Komissiyasında və Beynəlxalq Qızıl Xaç Komitəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 230 nəfərlə bağlı verilmiş sorğulara əsasən daxil olmuş cavablar, əldə olunmuş digər məlumatlar təhlil edilmiş və sistemləşdirilərək müvafiq bazalara əlavə edilib.
İtkin düşmüş 51 vətəndaşın valideynləri tərəfindən prezidentə, Heydər Əliyev Fonduna, Dövlət Komissiyasının sədrinə və digər dövlət orqanlarına ünvanlanmış ərizələrə baxılıb, qaldırılmış məsələlər araşdırılmış, görülmüş işlərlə əlaqədar Prezidentin İcra Aparatına, Heydər Əliyev Fonduna, digər aidiyyəti orqanlara və vətəndaşlara məlumatlar verilib. İtkin düşmüş və əsirlikdən azad olunmuş şəxslərlə bağlı müxtəlif dövlət orqanlarından və beynəlxalq təşkilatlardan daxil olmuş 84 sorğu icra olunub.
Komissiyanın işçi qrupunun rəhbəri Firudin Sadıqov həmçinin “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə çərçivə Sazişi”nin icrası ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə də məlumat verib.
Komissiyanın katibi Şahin Sayılov Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar informasiya mübarizəsində hücum taktikasına dair tövsiyələrinə uyğun olaraq, hesabat dövründə müxtəlif beynəlxalq tədbirlərdə – elmi konfrans, seminar və simpoziumlar, habelə komissiya üzvlərinin gördüyü digər işlərdə problemin həlli ilə bağlı aparılmış müzakirələr, qurum tərəfindən hazırlanmış elmi və elektron nəşrlər barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, Komissiya tərəfindən hazırlanmış materialların xarici ölkələrdə yayılmasına xüsusi diqqət yetirilib, ümumilikdə 1500 nüsxədə Dövlət Komissiyasının materiallar toplusunun, 13 dildə, 24 adda 3 mindən artıq kitab, 12 adda 6 min 500-ə yaxın kitabın, filmlərin və fotofaktların əks olunduğu kompakt diskin, müxtəlif dillərdə erməni terrorunu ifşa edən sənədli flimlərin hazırlanması və yayılması təşkil olunub. Bundan başqa, Dövlət Komissiyasının sədri və komissiya üzvləri xarici səfərləri zamanı, eyni zamanda, Azərbaycana gəlmış dövlət xadimləri, beynəlxalq təşkilatların nümayəndələri, ayrı-ayrı tanınmış nüfuzlu şəxslər, politoloq və konfliktoloqlarla keçirdikləri görüşlərdə Ermənistanın Azərbaycana təcavüzü zamanı törədilmiş cinayətlər, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktlarını onların diqqətinə çatdırıblar.
Hesabat məruzələri ətrafında aparılan müzakirələrdə Komissiyanın üzvləri Xələf Xələfov, Oruc Zalov, Xanlar Vəliyev, Gülər Əhmədova, Yaqub Mahmudov, Bəkir Nəbiyev, İsmayıl Ömərov, eləcə də Milli Təhlükəsizlik Naziri xidmətinin rəhbəri Fərhad Vahabov və başqaları çıxış edərək qurumun fəaliyyətinin qənaətbəxş olduğunu, görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini, cəmiyyətdə rəğbətlə qarşılandığını və beynəlxalq ictimaiyyətdə maraq doğurduğunu bildiriblər. Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın yeganə problemi olması, bununla əlaqədar reallıqların dünya ictimaiyyətinə çatdırılması barədə göstərişləri üzrə fəaliyyətin daha səmərəli və məqsədyönlü həyata keçirilməsi üçün səylərin və koordinasiya işinin gücləndirilməsinin vacibliyi qeyd olunub.
İclasda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
525-ci qəzet.-
2011.- 13 dekabr.- S.3.