“Azərbaycan” jurnalının bu il üçün son sayı çapdan çıxıb

 

“Azərbaycan” ədəbi-bədii jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın bu nömrəsində də bir-birindən maraqlı şeirlər, hekayələr, məqalələr yer alıb. “Poeziya” bölməsində Musa Yaqubun, Çingiz Əlioğlunun, Kəmaləddin Qədiminin, Hüseyn İsgəndərin, Kənan Oğanın, İbrahimxəlilin, Oqtay Rzanın, Vaqif Aslanın və Xeybər Göyallının şeirləri dərc edilib. Dramaturq Əli Əmirlinin “İki aktrisa üçün baş rol” ikihissəli komediyası jurnalın “Dramaturgiya” bölümündə öz əksini tapıb. “Nəsr” bölməsində Şirməmməd Nəzərlinin “Çəkilməyən filmpovesti, Nəsib BayramoğlununOvda”, Nizami Əlioğlunun “Bir toy günü”, Bayram İsgəndərlinin “Ölümün gözləyən adam”, “Yaz küləyi”, “Hər ayın sonuncu günü”, Bəhram Basqallının “Qızıl kürə”, “Ülviyyə”, “Səfadakı cəfalar” və “İmtahan” hekayələri var. Tənqidçi Vaqif Yusiflinin yazıçı Elçin Hüseynbəylinin 50 illik yubileyi münasibətilə yazdığı “Salam, Elçin Hüseynbəyli” başlıqlı məqaləsinə də jurnalda yer verilib. Jurnalın “Müzakirə edirik” guşəsində İradə Musayevanın ötən sayda dərc edilən “Yeni romanlar-mənzərə, yoxsa görüntü” başlıqlı yazısının ikinci hissəsi verilib. Qeyd edək ki, yazıda Məqsəd Nurun “Şəhər meri” romanı müzakirə edilib. “Yeni tərcümələr”də bu dəfə rus yazıçısı Vyaçeslav Dyoqtyevin “Cələb” hekayəsi Həmzəli İlyasın tərcüməsində oxuculara təqdim olunub. Tahirə Həsənzadənin “Fərhad Mirzə Qacarın “Səfərnamə” əsərində Azərbaycan ədəbiyyatı” başlıqlı məqaləsi jurnalın “Tənqid və ədəbiyyatşünaslıq” guşəsində yer alıb. Yazıda Fətəli şahın nəvəsi, Azərbaycan hakimi Abbas Mirzə Naibüssəltənənin 15-ci oğlu olan Fərhad Mirzə Qacarın “Səfərnamə”sindən, əsərin ədəbi əhəmiyyətindən bəhs edilib. Jurnalda Gülxani Şükürovanın “Mirzə Fətəli Axundov irsi Cəfər Xəndanın tədqiqatlarında” başlıqlı məqaləsinə də yer ayrılıb. Məqalə M.F.Axundovun 200 illik yubileyinə həsr olunub. Nəşrin sonundaKitab rəfi” və 2011-ci ildə “Azərbaycan” jurnalında dərc olunmuş materialların siyahısı verilib.

 

GÜNEL

525-ci qəzet.- 2011.- 14 dekabr.- S.7.