“Şərq
qapısı” qəzetinin 90 illik yubileyinə
layiqli töhfə
DOSENT
SURƏ SEYİDİN “ŞƏRQ QAPISI” QƏZETİ VƏ
NAXÇIVANDA ƏDƏBİ MÜHİT” ADLI MONOQRAFİYASI
NƏŞR EDİLİB
Naxçıvan Dövlət Universitetinin “Jurnalistika və dünya ədəbiyyatı” kafedrasının müdiri, dosent Surə Seyidin “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş “Şərq qapısı” qəzeti və “Naxçıvanda ədəbi mühit” adlı monoqrafiyası ötən ay 90 yaşını qeyd edən “Şərq qapısı” qəzetinin tədqiqinə həsr olunmuş ilk tədqiqat əsəridir. Monoqrafiyanın rəyçisi Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi akademik İsa Həbibbəyli, elmi redaktoru isə Azərbaycan Respublikasının əməkdar elm xadimi Hüseyn Həşimlidir. Nəfis tərtibatla nəşr olunan, öz elmi yenilikləri ilə seçilən monoqrafiyada ilk dəfə olaraq Naxçıvanda mətbuatın yaranması tarixi və inkişaf yolu araşdırılıb. Həmçinin Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsində “Şərq qapısı” qəzetinin rolu aydınlaşdırılıb.
Naxçıvanda tənqid və ədəbiyyatşünaslıq elminin formalaşmasında, inkişafında bu qəzetin rolundan geniş bəhs edilib. Nadir tarixi sənədlərin və fotoşəkillərin də öz əksini tapdığı kitabda Azərbaycan Yazıçılar İttifaqının tərkib hissəsi olan Naxçıvan Yazıçılar Birliyinin keçdiyi tarixi inkişaf yolu da ilk dəfə olaraq sistemli şəkildə araşdırılıb. Naxçıvan ədəbi mühitinin sovet dövrü və müstəqillik illərindəki inkişaf yolu ümumiləşdirilib, geniş təhlillər aparılıb, müstəqillik illərində “Şərq qapısı” qəzeti və Naxçıvan ədəbi mühitinin qarşılıqlı inkişaf istiqamətləri nəzərdən keçirilib.
Monoqrafiyaya yazılan “Ön söz”ün müəllifi akademik İsa Həbibbəylidir. Akademik “Regional mətbuatın tədqiqinə elmi maraq” başlıqlı yazısında bu qiymətli tədqiqat əsərinin özünəməxsus tərzdə şərh edib: “Təqdim olunan monoqrafiya həm də mətbuatşünaslıq elmimizdə regionda fəaliyyət göstərən Azərbaycan mətbuatının inkişaf yolu, xidmətləri və ənənələrinin araşdırılıb öyrənilməsinə həsr olunmuş birinci elmi tədqiqat əsəri kimi də mühüm əhəmiyyət kəsb edir. Bu tədqiqat əsəri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda böyük mətbuat ənənələrinin və zəngin ədəbi mühitin mövcudluğunu bir daha təsdiq edir”.
KİTABIN BİRİNCİ FƏSLİ “ŞƏRQ QAPISI” QƏZETİNİN “NƏŞRİ TARİXİ” ADLANIR
Bu fəsildə ““Cavanlar həyatı”, “Füqəra səsi” qəzetləri “Şərq qapısı”nın sələfi kimi”, ““Şərq qapısı” qəzetinin inkişaf mərhələləri”, ““Şərq qapısı” qəzeti Böyük Vətən Müharibəsi dövründə və sonra”, ““Şərq qapısı” qəzetinin tarixində yeni mərhələ”, “Sovetlər dövründə nəşr olunan ilk qəzet”, ““Şərq qapısı” qəzeti Azərbaycanın müstəqilliyi dövründə” başlıqları alında 90 yaşlı salnamənin yaranması və inkişaf yolu mərhələlər üzrə tədqiq edilib, elmi baxımdan əhəmiyyətli nəticələr əldə olunub. Bildirilib ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra yerlərdə mətbu orqanların nəşrinə böyük diqqət göstərilib, bu istiqamətdə geniş tədbirlər həyata keçirilib. Naxçıvan inqilab komitəsinin ilk tədbirlərindən biri mətbu orqanın yaradılması olub: “İnqilabın ilk illərində Naxçıvanda ilk dəfə inqilab komitəsinin orqanı olan “Kommunist” qəzetinin nəşr edilməsi ilə bağlı məlumatlar var. Filologiya elmləri namizədi, dosent Lətif Hüseynzadə qeyd edirdi ki,
QƏZETİN HAZIRLANMASI İŞİNƏ GÖZƏL XƏTTİ OLAN MƏKTƏBLİLƏR VƏ MÜƏLLİMLƏR CƏLB OLUNURDU.
O, öz məqaləsində bu qəzetin 50-60 nüsxə, 2 səhifə həcmində ərəb əlifbası ilə əlyazma şəklində buraxılması haqqında məlumat verirdi. Bu mətbu orqanın nəşrində Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Cümşüd Zülfüqarlı və uzun müddət məsul vəzifələrdə çalışmış Nemət Novruzovun böyük xidmətləri olub. Qəzet hazır olduqdan sonra şəhərin müxtəlif yerlərində divarlardan asılıb. Qısa müddətdən sonra vərəqələr dövrün tələblərinə cavab vermədiyi üçün nəşri dayandırılıb. 1921-ci ildə Naxçıvan inqilab komitəsi Bakıdan ərəb və rus şriftləri olan mətbəə avadanlığı və bu avadanlığı işlətmək üçün iki mütəxəssis gətirib. Görülən ilk tədbirlərdən biri də 1921-ci ildə iki qəzetin nəşrinə başlamaq olub. Bu qəzetlərdən biri inqilab komitəsinin və hərbi hissənin orqanı olan, çətinliklər üzündən qısa müddətdə nəşrini dayandıran “Naxrespublika” qəzeti, ikincisi həmin ilin noyabr ayının birindən, şənbə günü “Cavanlar həyatı” adı ilə nəşr olunan qəzet idi. Qəzetin üz səhifəsində nəşr tarixi 9 noyabr yazılmasına baxmayaraq bütün elmi məqalələrdə qəzetin 1 noyabrdan işıq üzü görməsi haqda məlumatlar öz əksini tapıb. Gənclər İttifaqının orqanı olaraq həyata vəsiqə alan “Cavanlar həyatı”nın qısa müddət ərzində təkmilləşərək daha geniş formatda və məzmunda nəşrini davam etdirməsi siyasi baxımdan daha önəmli olduğundan hakimiyyət “Füqəra səsi”nin davamlılığında maraqlı olub və həmin qəzet
1922-ci İLİN APREL AYINDA “ŞƏRQ QAPISI” ADI ALTINDA BƏRPA EDİLİB.
1923-cü ilin ortalarından varlığını bugünədək qoruyub saxlayan “Şərq qapısı” qəzeti 1930-cu ilədək ərəb, 1930-1940-cı illərdə latın, 1940-cı ildən 2001-ci ilin iyununadək kiril əlifbası ilə çap olunub. Həmin dövrdən indiyədək latın əlifbası ilə nəşr olunur.
Azərbaycan mətbuatının zəngin ənənələrini yaşadan və inkişaf etdirən, insanları maarif işığı ilə nurlandıran, Naxçıvan Muxtar Respublikasının salnaməsini öz səhifələrində tarixə çevirən “Şərq qapısı” qəzetinin tarixdəki böyük xidmətlərindən söhbət açılan bu fəsildə müxtəlif illərdə “Şərq qapısı” qəzetinə redaktorluq edən insanlar, eləcə də burada işləyən jurnalistlər də hörmətlə anılıb: “Qəzetin ilk redaktoru, Naxçıvan xalq maarif komissarı vəzifəsində işləyən Həmid Mahmudov olub.
QƏZETİN 100-cü – YUBİLEY NÖMRƏSİNDƏ
“Qəzetimizin rəhbərləri” başlığı altında Həmid Sultanovun və Əhməd Haşımovun şəkilləri verilib. Qəzetin məsul redaktoru Həmid Mahmudov və onun müavini Abbas Gülməmmədovun, katib Mahmudovun da şəkilləri bu sayda dərc olunub. “Şərq qapısı” qəzetinin ilk müxbirləri sırasında isə Əkbər Abbasov, Məmmədəli Əsədullazadə, Seyid Səbri, Nemət Hüseynov, Lətif Hüseynzadə, Hüseyn Əsədov (Naxçıvan), Həsən Əlizadə, Məmməd Rəsulov, Bağır Qazıbəyov (Şahtaxtı), Rəhim Babayev (Qarabağlar), Qədim Qədimov (Sədərək), İbnyəmin Əlverdiyev, Məmməd Axundovun (Ordubad) imzalarına rast gəlmək olar.
Kitabın birinci fəslində XX əsrin ən dəhşətli müharibəsi sayılan II dünya müharibəsi illərində NMR-in aparıcı mətbu orqanı olan “Şərq qapısı” qəzetində dərc edilən materialların insanlarda faşizm üzərində qələbəyə inamı gücləndirməsindən, onlarda dövlətin gücünə, əyilməzliyinə əminlik hissini artırmasından da geniş söhbət açılıb. Bildirilib ki, ən çətin vaxtlarda, müharibədən dəhşətli xəbərlər gəldiyi anda belə, mətbuat öz nikbin baxışlarını dəyişməyib, yazarlarımız öz qələmilə qələbənin qazanılmasında müstəsna rol oynayıblar. Həmçinin bu fəsildə mətbu orqanın bu günümüzə qədər keçdiyi şərəfli yol oxucuların diqqətinə çatdırılıb: “Böyük Vətən Müharibəsindən sonra mətbuatda əvvəlki illərlə müqayisədə dönüş nöqtəsi yaranıb.
MÜHARİBƏDƏN SONRAKI QURUCULUQ DÖVRÜ MƏTBUATIN İNKİŞAFINI STİMULLAŞDIRAN QÜVVƏYƏ ÇEVRİLİB.
Həmin dövrdə “Şərq qapısı” qəzeti ədəbi mühitlə yanaşı, xalq təsərrüfatının ayrı-ayrı sahələrindən təsirli yazılar verib. Redaksiyanın əsas heyətini fəhlə-kəndli müxbirlər təşkil etsə də, qəzet öz səviyyəsini və operativliyini qoruyub saxlaya bilib. 1970-ci ildən sonra isə “Şərq qapısı” qəzetinin həyatında yeni mərhələ başlayıb. Keçən əsrin 70-80-ci illərində respublikamızın hər bir bölgəsində olduğu kimi, Naxçıvanda da mətbuatın inkişafına xüsusi qayğı və diqqət yetirilib, məhz bu dövrdə mətbuat orqanlarının və işçilərinin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. Ötən əsrin 70-ci illərinin əvvəllərində Naxçıvanda böyük redaksiya-nəşriyyat kompleksi inşa olunub, “Şərq qapısı” qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilib. Bu dövrdə də qəzet adamların sosialist ideologiyası uğrunda tərbiyə olunması ilə bərabər Muxtar Respublikanın ictimai-siyasi, sosial həyatının işıqlandırılmasında, qabaqcıl, yaradıcı və ziyalı adamların portretlərinin yaradılmasında, Naxçıvanın iqtisadi potensialının dirçəlişində və tərənnümündə mühüm rol oynayıb.
BU DÖVRDƏ MİLLİLİK MƏSƏLƏSİ PRİORİTET KİMİ ÖNƏ ÇƏKİLİB,
dil, ədəbiyyat, mədəniyyət və tarixə həsr olunmuş, Azərbaycançılıq ideologiyasına xidmət edən yazılar da dərc edilib. Böyük inkişaf yolu keçən qəzetin tarixində 1980-ci il yeni bir mərhələnin başlanğıcını qoyub. Azərbaycan KP MK-nın 25 sentyabr 1979-cu il tarixli qərarı ilə qəzetə “Sovet Naxçıvanı” adı verilib. 30 oktyabr 1979-cu ildən isə Azərbaycan KP MK-nın 19 nömrəli büro protokoluna əsasən Mərkəzi Komitənin Azərbaycanda və Özbəkistanda çıxan yerli qəzetlərin yanvar ayından rus dilində dublikatının çıxarılması barədə qərarını əsas tutaraq “Sovet Naxçıvanı” qəzetinin rus dilində 5000 tirajla “Sovetskaya Naxiçevan” başlıqlı dublikatı çıxmağa başlayıb.
1989-cu il OKTYABRIN 24-də QƏZETİN ƏVVƏLKİ ADI – ”ŞƏRQ QAPISI” ÖZÜNƏ QAYTARILIB.
Maarifçilik, operativlik, insanları bilgiləndirmə kimi nəcib təşəbbüslərə xidmət edən “Şərq qapısı” qəzeti Sovet İttifaqının dağılması ilə öz tarixində yeni və daha böyük mərhələnin başlanğıcını qoyub. Belə ki, 1990-cı ilin əvvəllərindən baş verən qarışıq siyasi hadisələr burulğanı ilin ortalarına doğru daha da güclənməyə başlayıb. Ən çətin gündə xalqı ilə bərabər olmaq istəyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi Moskvadan Naxçıvana gətirib. “Şərq qapısı” qəzeti dahi öndər Heydər Əliyevin müstəqillik illərində Naxçıvandakı həyat və fəaliyyətinin güzgüsü olmaqla yanaşı, ulu rəhbərin müharibə şəraitində Naxçıvanda blokadanın yaratdığı ağır sosial-iqtisadi durumdan yaxa qurtaran tədbirlərini, imzaladığı fərman və sərəncamları, apardığı beynəlxalq səviyyəli danışıqları dolğun əks etdirib”.
Bu fəsildə 1993-cü ildən hazırkı günə kimi “Şərq qapısı”nın fəaliyyətinə də yer ayrılıb. Ötən 18 il ərzində qəzetin nəşr olunmasında əməyi keçən hər bir kəs haqqında elmi, tarixi faktlar toplanıb.
MÜSTƏQİLLİK İLLƏRİNDƏ “ŞƏRQ QAPISI” QƏZETİNƏ GÖSTƏRİLƏN DİQQƏT,
maddi-texniki bazasının gücləndirilməsi, mətbu orqanın 75, 80, 85 və 90 illlik yubileylərinin dövlət səviyyəsində qeyd olunması, ümummilli lider Heydər Əliyevin, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun redaksiyaya ünvanladıqları təbrik məktubları barədə söhbət açılıb. Azərbaycanda milli mətbuatın yaranmasının 130 və 135 illiyində “Şərq qapısı” qəzeti əməkdaşlarının Prezident İlham Əliyev tərəfindən fəxri adlarla təltif olunmasına toxunulub: “Milli Mətbuatın 135 illik yubiley tədbirləri Naxçıvan MR Ali Məclisinin təsdiq etdiyi “Tədbirlər Planı”na uyğun olaraq Naxçıvanda da davam etdirilib və zirvə tədbiri iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin yeni binasının və mətbəənin açılışı ilə qeyd edilib. Yeni mətbəədə Almaniya istehsalı olan birinci çap qülləsindən çevirmə sistemi ilə təchiz edilmiş beşrəngli B2 formatlı ofset çap maşını istifadəyə verilib. Məhsuldarlığı saatda 15 min nüsxəyə çatan bu çap maşını ilə bərabər Almaniya və Yaponiya istehsalı olan müasir kağızdoğrayıcı, kəsici, qatlayıcı, cildləyici, dəstələyici və nömrəvuran avadanlıqlar da quraşdırılıb. Elə həmin gün Ali Məclis sədrinin iştirakı ilə ən müasir texnoloji avadanlıqlarla təmin olunan mətbəədə “Şərq qapısı” qəzetinin ilk rəngli nüsxəsi çap olunub”.
KİTABIN İKİNCİ FƏSLİ “ŞƏRQ QAPISI” QƏZETİ VƏ “NAXÇIVANDA ƏDƏBİ MÜHİT” ADLANIR.
Bu fəsildə müəllif “Naxçıvanda Yazıçılar Birliyinin yaranması və inkişafı məsələləri “Şərq qapısı” qəzeti səhifələrində”, ““Şərq qapısı” qəzeti və Naxçıvanda XX əsrin 20-30-cu illərində ədəbi proses”, “Əli Vəliyev və Mirzə İbrahimov Naxçıvanda mətbuat və ədəbi inkişafın təkanverici qüvvəsi kimi”, “Naxçıvanda yeni dövr ədəbi mühitin formalaşmasında son mərhələ”, “Böyük Vətən Müharibəsi dövründə bədii ədəbiyyat “Şərq qapısı” müstəvisində”, “Böyük Vətən Müharibəsindən sonra “Şərq qapısı” qəzetində ədəbiyyatın əsas inkişaf meyilləri”, “Naxçıvanda ədəbi mühit 1961-1971-ci illərdə”, “Müstəqillik illərində Naxçıvanda ədəbi inkişaf “Şərq qapısı” qəzetində”, ““Şərq qapısı” qəzetində ədəbi birliklər” başlığı altında gedən yazılarda Naxçıvanda Yazıçılar Təşkilatının yaranması və formalaşmasını, bu qəzetin müxtəlif dövrlərdə ədəbi proseslərə təsirini, ədəbi mühitin yaradıcı qüvvələrin təkamülü prosesindəki rolu məsələlərini elmi tədqiqatın predmetinə çevirib.
Monoqrafiyanın “Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsində “Şərq qapısı” qəzetinin rolu” adlanan sonuncu fəslində isə “Şərq qapısı” qəzeti səhifələrində Naxçıvan ədəbi mühitinə elmi qiymət”, “Tənqid və ədəbiyyatşünaslıq “Şərq qapısı” qəzeti haqqında”,
“ŞƏRQ QAPISI” QƏZETİNİN “ƏDƏBİ-TARİXİ ƏHƏMİYYƏTİ”
başlığı altında müəllifin bu istiqamətdə apardığı tədqiqatlar oxucuların diqqətinə çatdırılıb. Monoqrafiyanın “Nəticə” hissəsində isə gənc alimin apardığı tədqiqatdan gəldiyi qənaət öz əksini tapıb.
Bunlarla yanaşı, monoqrafiyada gənc alim Surə Seyidin yeni tədqiqat əsəri ilə bağlı professorlar İslam Ağayevin “Yeni dövrün təfəkkür sahibinin açıq-aydın mövqeyindən yazılan əsər”, Cahangir Məmmədlinin “Naxçıvan mətbuatı və ədəbi mühitinə dair qiymətli araşdırma”, Rudolf İvanovun “Literaturno-istoriçeskoe znaçenie qazetı “Şarq qapısı”, filologiya elmləri doktoru Kamran Əliyevin “Qəzetin əmtəə xarakterini ortaya qoyan mövzu”, filologiya elmləri namizədi Allahverdi Məmmədlinin “Milli jurnalistika və ədəbiyyatı tarixi üçün qiymətli töhfə”, Naxçıvan Mətbuat Şurasının sədri Fərəc Fərəcovun “Mətbuat tarixini Azərbaycançılıq ideologiyası əsasında öyrənən əsər”, Naxçıvan MR Yazıçılar Birliyinin sədri Asim Yadigarın “Naxçıvan ədəbi mühitinin dolğun mənzərəsi” adlı yazıları da yer alıb.
İnanırıq ki, bütövlükdə Azərbaycanda, o cümlədən, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali təhsil ocaqlarının tələbələri, eləcə də mətbuatşünaslar, tarixçilər, ədəbiyyatşünaslar üçün qiymətli elmi mənbə, tədris vəsaiti sayılan bu monoqrafiya regional mətbuatın gələcək tədqiqinə elmi marağı daha da artıracaq.
Rufik İSMAYILOV
525-ci qəzet.- 2011.- 14 dekabr.- S.6.