Abadlıq və quruculuğun yeni
ünvanı: Kəngərli
Naxçıvan Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu ölkə başçısı İlham Əliyevin 2004-cü il 19 mart tarixdə təsdiq etdiyi Qanunla həyata vəsiqə alıb. Əsasən dağlıq və dağətəyi zonada yerləşən, ərazisi 681.9 kvadratkilometr təşkil edən, 27 min nəfərə yaxın sakinin yaşadığı Kəngərli rayonu Qabıllı, Şahtaxtı, Qıvraq, Yurdçu, Qarabağlar, Xok, Yeni Kərki, Böyükdüz, Xıncab, Təzəkənd və Çalxanqala kimi 11 yaşayış məskənini əhatə edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan və ümumi inkişafımızda fundamental baza rolunu oynayan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bu gün rayonun formalaşmasının sürətlənməsinə təsirini göstərməklə, onun sosial-iqtisadi həyatının bütün sahələrinə bir canlanma gətirib. Təkcə bir faktı deyək ki, rayonda yaradılan infrakstruktur sahələri hesabına 1200-dən çox iş yeri açılıb. Təbii ki, bu da bölgədə işsizliyin aradan qaldırılması üçün düşünülmüş və planlı atılmış addımın məntiqi nəticəsi kimi təqdirolunasıdır. Üstəlik bu sahələrdə iş şəraitinin yaxşılaşdırılması məqsədilə aparılan tikinti-quraşdırma, ümumiyyətlə, quruculuq, abadlıq işlərinə də yüzlərlə işçi cəlb olunub ki, bu da məşğulluğun təmin olunmasını tənzimləməyə, rayon əhalisinin həyat şəraitinin yaxşılaşmasına müsbət təsirini göstərməkdədir.
Son illər ərzində regionda aparılan genişmiqyaslı quruculuq və abadlıq tədbirləri nəticəsində bu rayonun da siması tanınmaz dərəcədə dəyişib. Artıq Qıvraq qəsəbəsi yaxınlığında yeni rayon mərkəzi formalaşdırılıb. İlkin mərhələdə isə əsas diqqət yaradılan infrastruktur sahələri üçün ən zəruri obyektlərin tikintisinə yönəldilib. Yol çəkilib, müxtəlif təyinatlı binalar tikilib. Hazırda müasir standartlara uyğun salınan mərkəzi yolun kənarında bir-birindən yaraşıqlı, gözoxşayan müasirtipli inzibati binalar ucalır. Hələ yarandığı ilk illərdə rayonda İcra Hakimiyyəti, Kapital Bankın rayon filialı, qaz istismarı idarəsi, vergilər şöbəsi, məşğulluq və əhalinin sosial müdafiəsi mərkəzləri, Polis şöbəsi, Rayon məhkəməsi, prokurorluğu və bu kimi inzibati binalar üçün nəzərdə tutulan obyektlər istifadəyə verilib. Kəngərlilərin ulu öndərə olan sonsuz hörmət və ehtiramının məntiqi nəticəsi olaraq Qıvraq qəsəbəsində Heydər Əliyevin əzəmətli abidəsi ucaldılıb. İndi isə rayon mədəniyyət evində son tamamlama işləri aparılır. Yeni küçə boyu abadlıq işləri görülür, bir sözlə, Qıvraq qəsəbəsinə şəhər görkəmi verilir.
Təbii ki, digər bölgələrimiz kimi, burada da quruculuq ab-havası təkcə rayon mərkəzi ilə məhdudlaşmayaraq bütün yaşayış məntəqələrində, ən ucqar kəndlərndə belə hiss olunur. Digər bölgələr kimi, bu rayonda da məktəb tikintisi quruculuq tədbirlərinin önündə olması ilə diqqəti çəkir. Belə ki, rayonun Xıncab kəndində 144 şagird yerlik, Təzəkənddə 110 şagird yerlik, Şahtaxtı kəndində Zərifə xanım Əliyeva adına 592 şagird yerlik, Böyükdüz kəndində 185 şagird yerlik, Qıvraq qəsəbəsində 1026 şagird yerlik, Qarabağlar kəndində 522 şagird yerlik 2 nömrəli, Yeni Kərki kəndində 88 şagird yerlik, Qabıllı kəndində 234 şagird yerlik orta məktəb binaları tikilərək istifadəyə verilib. Quruculuq işlərinin sırasında rayonda məskunlaşan qaçqın və məcburi köçkün ailələri üçün fərdi mənzillərin tikintisi də xüsusi vurğulanmalıdır.
Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında olduğu kimi Kəngərli rayonunun kəndlərində də Kənd Mərkəzlərinin tikintisi davam etdirilib. Hazırda rayonun Qıvraq qəsəbəsində, Yeni Kərki, Şahtaxtı, Qarabağlar, Böyükdüz, Xıncab, Təzəkənd və Qabıllı kimi yaşayış məntəqələrində kənd mərkəzlərinin tikilib istifadəyə verilməsi kənddəki infrastrukturun vahid binada fəaliyyəti üçün zəruri şərait yaradıb. Bu cür kənd mərkəzlərində kənd icra nümayəndəliyi, bələdiyyə, kitabxana, klub, həkim ambulatoriyası, rabitə və poçt, polis müfəttişliyi fəaliyyət göstərir.
Aparılan quruculuq işləri çərçivəsində yolların təmiri və bərpası da diqqətdə saxlanılıb. Prezident İlham Əliyevin 2 sentyabr 2011-ci ildə imzaladığı “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında” Sərəncama uyğun olaraq 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan uzunluğu 39,2 km olan 12 min nəfər əhalinin yaşadığı 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı, Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolunun yenidən qurulması üçün 2 milyon manat vəsait ayrılıb. Artıq “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyəti kollektivi tərəfindən eni 10 metr olacaq yolun yenidən qurulması işlərinə start verilib.
Quruculuq və abadlıq tədbirlərinin tərkib hissəsi olaraq ucaldılan hər yeni tikili, inşa olunan məktəblər, inzibati binalar, əlil, qaçqın və köçkün ailələri üçün tikilən evlər, abadlaşdırılan kənd mərkəzləri rayonun gözəllik hüsnünü artırmaqla, neçə-neçə sosial problemin həllini reallaşdırıb. Əhalinin içməli və təsərrüfat suyuna tələbatının ödənilməsi məqsədi ilə son illər rayon ərazisində yeni nasos stansiyaları qurulub, 20-dək yeni subartezian quyusu qazılıb, 15-dən çox kəhriz təmir olunaraq əhalinin istifadəsinə verilib. Qarabağlar və Şahtaxtı kəndlərində yeni su nasos stansiyaları tikilib, Çalxanqala kəndinə içməli su xətti çəkilib, Qabıllı və Xok kəndlərində bulaq-abidə kompleksləri ucaldılıb, Böyükdüz kəndi yaxınlığında isə daha bir bulaq-abidə bərpa olunub. Naxçıvan Muxtar Respublikasının təbii qazla təchizatı isə Kəngərli rayonunda da bütün yaşayış məntəqələrindəki mənzil və inzibati binaların mavi yanacaqla təminatını mümkün edib. Ötən illər ərzində əhaliyə rabitə xidmətinin yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülüb. 9 ATS-in fəaliyyət göstərdiyi Kəngərli rayonunun rabitə idarəsinin kollektivi hazırda 3254 abonentə xidmət göstərir. Bu ilin müvafiq dövrü ərzində də rayonda 101 abonent üçün yeni telefon xətti çəkilib. Rayonda əhalinin sağlamlığının qorunması, səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər də ürəkaçandır. Belə ki, rayon mərkəzində müasirtipli 40 çarpayılıq mərkəzi xəstəxananın yaradılması və onun üçün yeni binanın tikilməsi dövlət qayğısının daha böyük təzahürü olmaqla, əhali tərəfindən də razılıqla qarşılanıb.
Bütün bunlara rəğmən rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etdiyindən, əhalinin əsas məşğuluq sahəsi, gəlir mənbəyi də bilavasitə bu sahə ilə bağlıdır. Odur ki, rayonda aqrar bölmənin inkişafına xüsusi diqqət yetirilir, bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Əkinçilikdə vacib amillərin başlıcası olan təsərrüfat suyu problemi, demək olar ki, həllini tapır, torpaq mülkiyyətçilərinin texnika ilə təminatı, məhsuldarlığın yüksəldilməsi, ümumiyyətlə, torpaqlardan səmərəli istifadə olunması üçün aqrolizinq, aqrotexniki xidmət sarıdan da hərtərəfli köməklik göstərilir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayonunda yaradılmış bazası isə bölgədə kənd təsərrüfatının inkişafını daha da sürətləndirməyə şərait yaradıb, torpaq mülkiyyətçilərinin əl əməyini xeyli yüngülləşdirib. Qeyd edək ki, “Naxçıvan Aqrolizinq” ASC-nin rayon bazası Yurdçu kəndinin ərazisində yerləşib. Bazanın tabeçiliyində 10 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası var ki, bunun nəticəsində də rayonda kənd təsərrüfatının inkişafı ilbəil artım tempi ilə səciyyələnir, böyük uğurlara imza atılır. Son bir neçə ildə fiziki şəxslərə lizinq yolu ilə 15-dən çox müxtəlif kənd təsərrüfatı texnikalarının satılması da bu uğurların əldə olunmasında böyük rol oynayıb.
Kəngərli rayonunun torpaq sahələrinin 36,5 faizi, yəni 24931 hektarı kənd təsərrüfatına yararlı, bunun da 8799 hektarı suvarılan ərazilərdir. Rayonda taxılçılığa maraq daha çox diqqəti çəkir. Bunu son illər əldə olunmuş uğurların göstəricisi olan statistik rəqəmlər də təsdiqləyir. Məsələn, 2010-cu ilin payız və bu ilin yaz aylarında rayonda 3883 hektar sahədə əkin keçirilib və 10885 ton keyfiyyətli taxıl məhsulu əldə olunub. Taxılçılığın bu artımı rayonda təcrübəli sahibkarlar, fermerlər təbəqəsinin formalaşmasına da təsirini göstərib. Onlar bu sahədə daha böyük uğurlar əldə edirlər. Rayonun Qarabağlar kəndindən Nurəddin Babayev, Yurdçu kəndindən Əbülfəz Əliyev, Xok kəndindən Xaləddin Zeynalov, Qabıllı kəndindən Rəhim Cəfərov, Qıvraq qəsəbəsindən Yusif Əlimərdanov və neçə-neçə torpaq mülkiyyətçiləri bu il hektardan 33-35 sentner məhsul əldə ediblər. Təbii ki, bu sahədə də qazanılan uğurların başlıca səbəbi bu strateji ərzaq məhsulunun inkişafına göstərilən dövlət qayğısı, məhsulun realizə edilməsi üçün yaradılan şəraitdir. Qarabağlar kəndində tikilib istifadəyə verilən dəyirman da bu istiqamətdə qeyd olunası mühüm amillərdəndir. Taxılçılıqla yanaşı, digər sahələrdə qazanılan nəticələr də uğurlu olub. Əkilmiş 210 hektar sahədən 2789 ton kartof, 281 hektar sahədən 3381 ton tərəvəz, 172 hektar sahədən 2088 ton bostan məhsulları tədarük edilib. Həmçinin bar verən üzüm bağlarından 460 ton, meyvə bağlarından isə 4425 ton məhsul toplanıb. Növbəti ildə əldə olunan nailiyyətləri yaxşılaşdırmaq üçün qollarını çirmələyən əkinçilər cari ilin 11 ayı ərzində 3060 hektar sahədə şum qaldırıb, 2130 hektarı buğda, 570 hektarı arpa olmaqla, 2700 hektar sahədə səpin aparıb və 1040 hektarın suvarılmasını təmin ediblər.
Ölkəmizdə azad bazar iqtisadiyyatının təşəkkül tapması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər də bəhrəsini verməkdədir. Kəngərli rayonunu Qarabağlar kəndində yerləşən “Asnı” Qızılxallı Alabalıq (forel) Yetişdirmə Təsərrüfatı da muxtar respublikanın ərzaq bazarına yüksək keyfiyyətli məhsul çıxarır. 2008-ci ildə yaradılan və hazırda illik istehsal gücü 120 tona çatan balıqyetişdirmə təsərrüfatı nəinki Kəngərli rayonunun, eləcə də muxtar respublikanın balıq məhsullarına olan tələbatını ödəmək üçün bazarda təzə forel balığının satışını təşkil edir. Bundan əlavə, forel balığının konservləşdirilib ticarət şəbəkələrinə göndərilməsini də təşkil edir. Bu balığın 200 qramlıq qablarda tomatlı və zeytun yağlı konservləri də satışa çıxarılır. Hazırda konserv sexinin istehsal gücü ayda 10 min qutudur.
Rayonda təhsilin səviyyəsinin ildən-ilə yüksəldilməsi də daim diqqətdə saxlanılır. Bu səbəbdən rayon məktəblərində ali məktəblərə qəbul göstəricisi ilbəil yüksəlir. Təkcə 2010-2011-ci tədris ilində rayonun ümumtəhsil məktəblərini bitirən 275 məzundan 119 nəfəri (72,9 faiz) ali və orta ixtisas məktəblərinə qəbul olunmaq üçün sənəd verib, onların 80 nəfəri tələbə adını qazanıb. Bu tələbələrdən 4 nəfəri 600-700, 12 nəfəri 500-600 arası bal toplayıb, 2 nəfəri Prezident təqaüdünə layiq görülüb. Belə hal onu deməyə əsas verir ki, Kəngərli rayonunun ümumtəhsil məktəblərində də tədrisin keyfiyyəti yüksəlib. Həmçinin məktəblilərin hərbi-vətənpərvərlik səviyyəsinin yüksəldilməsinə, fiziki hazırlıqlarına da diqqət artırılıb. Son illər rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkili sahəsində də bir canlanma yaranıb. Xüsusən də idmanın müxtəlif növləri üzrə keçirilən yarışların sayı və səviyyəsi xeyli artıb.
Rayonun mədəniyyət sahəsində görülən işlər mədəni-mənəvi səviyyənin yüksəlişinə də təkan verib. Rayon mədəniyyət evinin “Gülüm, hey” yallı kollektivi, musiqi ansamblı yaradılıb, Qıvraq qəsəbəsində 240 şagirdin təhsil ala biləcəyi musiqi məktəbi tikilib istifadəyə verilib. Burada kamança, qarmon, tar, nağara və sair musqi alətləri kəngərlili məktəblilərə öyrədilir. Musiqi məktəbində xor kollektivi, nəfəs alətləri orkestri də fəaliyyət göstərir. Bundan əlavə rayonda Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması, muzey üçün yeni binanın istifadəyə verilməsi də rayonda mədəniyyətin inkişafına hesablanıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 fevral 2010-cu il tarixdə imzaladığı “Şahtaxtiniskilər muzeyinin yaradılması haqqında” Sərəncamı ilə rayonun Şahtaxtı kəndində muzey üçün yeni bina tikilib istifadəyə verilib. Hazırda muzeydəki 285-dən çox eksponat buraya gələnlərə dilçi, şərqşünas, əlifba islahatçısı Məhəmməd ağa Şahtaxtinski, Moskva və Qars müqavilələrinin bağlanmasında müstəsna xidmətləri olan, ictimai xadim Behbud ağa Şahtaxtinski, AXC dövlət xadimlərindən Həmid ağa Şahtaxtinski, ziyalı-jurnalist İsasultan Şahtaxtinski və digər Şahtaxtinskilər haqqında kifayət qədər məlumat verir.
Ümumiyyətlə, Kəngərlidə iqtisadi, sosial, mədəni yüksəlişin, tikinti-quruculuq işlərinin geniş miqyasda vüsəti rayon əhalisinə qol-qanad verir, onların qurub-yaratmaq əzmini, daha xoş, firavan sabahlara nikbin inamlarını artırır. Hər birimiz kimi onlar da yaxşı dərk edirlər ki, təməli ümummilli liderimiz tərəfindən qoyulan quruculuq siyasəti məmləkətimizin hər bir bölgəsi kimi, Kəngərliyə də hələ çox uğurlar, yeniliklər, xoş yaşayış gətirəcək. Elə bu səbəbdən Kəngərlidə də insanlar ulu öndərin kursunun layiqli davamçısı olan ölkə başçısının ətrafında sıx birləşərək bu siyasi xətti, sosial-iqtisadi inkişaf strategiyasını birmənalı dəstəkləyirlər.
Elxan MƏMMƏDOV
525-ci qəzet.-
2011.- 14 dekabr.- S.4.