“Azərbaycan gənclərinin idarəçilik işlərinə cəlb olunması çox vacibdir

 

NİK NVOLİSA: “BAMF UNİCEF-in DƏSTƏYİ İLƏ AĞDAM, AĞCABƏDİ, BƏRDƏ, BEYLƏQAN, GORANBOY, TƏRTƏR VƏ YEVLAX RAYONLARINI ƏHATƏ EDƏN LAYİHƏ HƏYATA KEÇİRİR”

Xəbər verildiyi kimi, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin Uşaq Fondunun (UNİCEF) dəstəyi ilə “Azərbaycan gənclərinin müdafiəsi proqramı” adlı yeni layihənin icrasına başlayıb. UNİCEF-in Azərbaycan nümayəndəsi cənab Mark Herarvard və BAMF-ın sədri Umud Rəhimoğlu tərəfindən UNİCEF-in Bakı ofisində bununla bağlı əməkdaşlıq sazişi imzalanıb. Sözügedən layihənin ideyasının yaranması, məqsəd və vəzifələri, görüləcək işlərlə bağlı BAMF-ın beynəlxalq əlaqələr və proqramların inkişafı departamentinin

rəhbəri Nik Nvolisa ilə söhbət etdik.

 

Bu layihənin ideyası əslində Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyəti nəticəsində meydana gəldi. Fondumuz əsasən media və vətəndaş cəmiyyətinin inkişafı; sülhməramlı aksiyalar, konfliktologiya və böhranın idarə olunması; qaçqınlar və məcburi köçkünlərin problemləri; icmanın inkişafı istiqamətlərində fəaliyyət göstərir. Beynəlxalq və yerli qurumlarla əməkdaşlıq çərçivəsində bu istiqamətlərdə xeyli layihələr həyat keçirmişik. Təşkilatımız BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) xüsusi məşvərətçi statuslu üzvüdür. BMT-nin müxtəlif təşkilatları ilə yaxından əməkdaşlıq edirik. Bununla yanaşı dünyanın aparıcı beynəlxalq qurumlarını üzvüya tərəfdaşıyıq. Dünyanın müxtəlif ölkələrindən gələn yüzlərlə gənc könüllü kimi BAMF-da çalışıblar, təcrübə keçiblər. BAMF-ın təşəbbüsü və dəstəyi ilə yaradılan Bakı Beynəlxalq Tələbə klubunun bütün layihələrində onlara yaxından köməklik etmişik. Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda məcburi köçkün gənclərin dəstəklənməsi” proqramı çərçivəsində “Ortaq məktəblərdə yerli və məcburi köçkün şagirdlər arasında qarşılıqlı sosial əlaqələrin inkişaf etdirilməsi və stimullaşdırılması” layihəsini (9 yanvar 2009 – 30 dekabr 2011) həyata keçiririk. Yəni fəaliyyətimiz zamanı gənclərlə xeyli işləmişik, bu sahədə kifayət qədər bilik və bacarıqlara, təcrübəyə yiyələnmişik. İnanıram ki, UNİCEF-in dəstəyi ilə həyata keçirdiyimiz “Azərbaycan gənclərinin müdafiəsi proqramı” layihəsi də uğurlu nəticələrlə başa çatacaqregion gənclərinin idarəçilik işlərinə cəlb olunmasında müstəsna rol oynayacaq.

– Layihənin əsas məqsəd və vəzifələri nədən ibarətdir?

Bu, BMT-nin Minilliyin İnkişaf məqsədlərinə xidmət edən bir layihədir. Layihənin əsas məqsədi gənclərin idarəçiliyə daha yaxından cəlb olunmaları istiqamətində onları təlimləndirməkdən, bununla da gəncləri ətraflarında baş verən hadisələrə daha fəal diqqət yetirməyə həvəsləndirməkdən ibarətdir. Layihənin icrası prosesində prioritet vəzifə olaraq narkomaniya ilə mübarizə, ətraf mühitin mühafizəsi, erkən evlilik, iqtisadisosial həyatda iştirak, zəif və təcrid olunmuş insanların cəmiyyətə reinteqrasiyası məsələləri ilə əlaqədar təbliğat və maarifləndirmə işləri aparılması nəzərdə tutulub. Bu məqsədlə milli müzakirələrə qoşulmaq üçün kənd rayonlarından olan gənclərə bilik və bacarıqlar aşılanacaq, bütün səviyyələrdə – yerli, regional və ölkə səviyyəli toplantılarda bu məsələlər əsas mövzu kimi müzakirə predmetinə çevriləcək. Kənd rayonlarında gənclərin xüsusi problemlərinə müraciət etmək üçün yüksək səviyyəli toplantılar təşkil ediləcək, gənclərin idarəçilik işlərinə cəlb olunması istiqamətində ümumi inkişafı üzrə platforma yaradılmasına nail olunacaq. Vebsayt hazırlanacaq, köhnə və yeni media haqqında materiallar vebsaytda yerləşdiriləcək.

Layihənin həyata keçirildiyi regionlarda təqdimetmə toplantıları keçirilməsi və bu toplantılarda layihənin məqsəd və vəzifələrinin izah olunması ilə yanaşı müşahidələr aparmaqla fəal gənclərin müəyyən edilməsi əsas vəzifələrdən biri kimi qarşıda durur. Bu layihənin sonrakı mərhələsində hər rayondan fəal gəncin seçilməsi işinin təşkili üçün vacibdir. Çünki layihənin həyata keçirildiyi rayonların hər birində təbliğat qrupları formalaşdırmaq üçün 20 fəal gənc çeçiləcək, onlara müvafiq istiqamətlər üzrə təlimlər keçiləcək və bu gənclər layihənin bütün icrası prosesində iştirak edəcəklər. Ümumilikdə layihədə birbaşa 15-24 yaş arasında 140 gənc iştirak edəcək. Təbliğat qrupunun üzvləri özləri təlimçi kimi yetişəcəklər və onlar regionda kiçik qruplar vasitəsilə kəndlərdə və rayon mərkəzlərində daha kiçik qruplar yaratmaqla digər gəncləri də əhatə edəcəklər. Başqa cür desək, təbliğat qruplarının hər bir üzvü 10 nəfər gənci prosesə cəlb etməklə layihənin əhatə etdiyi gənclərin şəbəkəsinin genişləndirilməsinə təminat yaradacaq. Beləliklə, 2012-ci ilin sonuna qədər davam edəcək bu layihədə böyük bir gənclər ordusu təmsil olunacaq.

– Layihə Azərbaycanın hansı rayonlarında həyata keçirilir?

– Layihə Azərbaycanın 7 rayonunu- Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Tərtər, Yevlax rayonlarını əhatə edir. Bu rayonların bəziləri- Ağdam, Tərtər, Ağcabədi və Goranboy Ermənistanın işğalçılıq müharibəsinin təsirinə birbaşa məruz qalmış regionlardır. Cəbhə bölgəsində yerləşən regionlar müharibə nəticəsində yaranmış çoxsaylı problemlərlə üzləşib. Digər rayonlar – Bərdə, Beyləqan və Yevlax isə təsirə məruz qalmış rayonların yaxınlığında yerləşirlər.

– Dövlət qurumları tərəfindən layihə dəstəklənirmi?

– Əvvəlcədən nəzərdə tutulduğu kimi, layihənin icrasında müvafiq dövlət qurumları ilə yaxından əməkdaşlıq edirik. Bu layihə ilə bağlı UNİCEF-lə BAMF arasında əməkdaşlıq haqqında saziş imzalandıqdan dərhal sonra Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasına məktubla müraciət etdikregion gənclərinin həyatında xüsusi önəm daşıdığını nəzərə alaraq layihənin uğurla həyata keçirilməsi məqsədilə müvafiq icra strukturlarının məlumatlandırılması üçün lazımi göstəriş verməsini komissiyanın sədri cənab Əli Həsənovdan xahiş elədik. Müraciətimiz müsbət qarşılandı və Gənclər və İdman Nazirliyinə, layihəyə cəlb olunan rayonların icra hakimiyyətlərinə lazımi göstəriş verildi. Bu gün Gənclər və İdman Nazirliyi, müvafiq rayonların icra strukturları, yerlərdəki gənclər və idman idarələri layihənin icrasına dəstək verirlər.

Ümumiyyətlə layihənin işində Azərbaycanda fəaliyyət göstərən BMT agentliklərinin, həm yerli, həm də mərkəz səviyyəsində hökumət məmurlarının, regiondan olan parlament üzvlərinin, vətəndaş cəmiyyəti təşkilatlarının, gənclər təşkilatlarının, KİV nümayəndələrinin, icma fəallarının iştirakı planlaşdırılıb.

– Hazırda layihə çərçivəsində hansı işlər görülür?

– Layihənin icra planına uyğun olaraq nəzərdə tutulan işlər uğurla həyata keçirilir. Əvvəlcə yeddi rayonun hamısına ayrı-ayrılıqda səfər etmişik. Rayon İcra Hakimiyyətləri, yerli gənclər və idman idarələrində görüşlərimiz olub. Bu görüşləridə biz onları layihə ilə bağlı məlumatlandırmışıq. Növbəti mərhələdə isə hər rayonda gənclər arasında layihə haqqında maarifləndirmə içləri aparmaq, layihənin məqsəd və vəzifələrini təqdim etmək üçün dayaq toplantıları keçirilməsinə başlanıb. Toplantılar ilkin olaraq Tərtər, Bərdə, AğdamYevlax rayonlarında keçirilib. Tərtər rayonunda 4, qalan rayonların hər birində 3 inzibati ərazi vahidində bütövlükdə 13 toplantı keçirilibbu toplantıların hər birində 15-24 yaş arasında olan 25 gənc (cəmi 325 nəfər) iştirak edib. Görüşlərdə iştirakçılara “Azərbaycan gənclərinin müdafiəsi proqramı” layihəsinin məqsəd və vəzifələri barədə ətraflı məlumat verilib, onlara layihə haqqında qısa xülasəni özündə əks etdirən vərəqələr paylanıb. Hazırda bu proses uğurla davam edir. Toplantı-görüşlər zamanı layihənin ümumi ideyasına fəal münasibət bəsləyən və onun həyata keçirilməsi prosesində iştirak etməkdə maraqlı olan gənclər diqqətə alınır. Rayonların icra strukturları, gənclər və idman idarələri, yerli özünüidarəetmə orqanları toplantı-görüşlərin təşkilinə böyük dəstək veriblər.

 

BƏXTİYAR

525-ci qəzet.- 2011.- 14 dekabr.- S.4.