Sona bülbüllər”

 

QƏDİR RÜSTƏMOVUN ƏZİZ XATİRƏSİNƏ

Sona bülbüllər”ə, onun tək, yəni ilkson ifaçısı olan Qədir Rüstəmova ilk dəfə nə vaxt qulaq asdığımı tam xatırlamıram. Bu dinləmə, yəqin ki, 1980-ci illərdə olub. Amma mədəniyyətimizin çox mühüm bir mərhələsi sayıla bilən “Sona bülbüllər”in mədəniyyətimizin özü qədər köklü olduğunu, bizimbu “mahnını” min illərdən bəri dinləməkdə olduğumuzu deyə bilərəm. Bu mahnının Qədirdən əvvəlki ifaçıları da şəxsən mənə məlum deyil, Qədirdən sonrakılar isə – Qədirə ən çox bənzəməyə çalışan Mustafa Mustafayevdaxil (hörmətli Aqil Abbas qüsuruma baxmasın)- başarısız təqlidçilikdən ötəyə gedə bilməyiblər. Sona bülbüllər” Qədirindir və yəqin ki musiqi tariximizdə bir sənət əsəri ilə bu qədər doğmalaşan, özdəşləşən ikinci bir nümunə yoxdur. “Çahargah”ın ölməz “Mənsuriyyə”sini Yaqub əmidən dinləmək xoşdur, amma onu Ağaxan Abdullayevdən, Alim Qasımovdan tutmuş Babək Niftəliyev, Mirələm Mirələmov, Güllü Muradovaya... qədər gözəl ifaçılardan dinləyib feyziyab olmaq mümkündür. “Segahı” Arif Babayev, “Mahuru Alim Qasımov, “Dəşti”ni Əlibaba Məmmədov, Süleyman Abdullayev, Sabir Mirzəyev... gözəl ifa edirlər, “Sona bülbüllər”’i isə Qədirdən başqa heç kimdən dinləmək mümkün deyil. Zalım oğlu bu havanı bir dəfə necə ifa edibsə, bu havaya necə möhür vurubsa, artıq onun özü belə ikinci dəfə o şəkildə oxuya bilməyib... Başqa sənətkarlarımızın repertuarına daSona bülbüllər”in daxil edilməməsi bütün sənətsevər dinləyicilər tərəfindən təbii və böyük məmnuniyətlə qarşılanıb.

Qu quşu Allahın, ona cəmi bircə dəfə oxuma fürsəti verdiyini bildiyindən ömrü boyunca susaraq bütün enerjisini oifaüçün toplayıb o ifanı yerinə yetirdikdən sonra dünyadan köçür. Qədir Rüstəmovun “Sona bülbüllər”i qu quşunun son nəğməsidir...

Böyük şairimiz Vaqif Səmədoğlunun maraqlı və təxminən belə bir fikri var, deyir ki, mən yaxşı musiqiyə qulaq asanda dincəlmir, əksinə yoruluram, çünki yaxşı musiqi beyni yoran ağır bir işdir. Qədirin bu ifası da əslində insanı yoran amma yorduqca da ona güc verən, insanın beynində yeni üfüqlər açan möhtəşəm bir dalğaqırandır... “Sona bülbüllər”i dinləmək üçün həmişə vaxtı olan mənim, bundan sonra da “”Sona bülbüllər” vaxtım” olacaq... Ən azı min dəfə dinlədiyim bu havadan hər dəfə fərqli bir şəkildə “havalandığımı” etiraf edirəm...

Sona bülbüllər”in mənim həyatımda unudulmaz xatirələri də var. Onlardan bəzilərini sizlərlə paylaşmaq istəyirəm. BDU-dakı tələbəlik dönəmimin (1989-1995) ilk illərində Qarabağda ağır savaşlar davam edirdi. Bu savaşlardan birində sol ayağını itirib ön cəbhədən vertolyotla Bakıya gətirilən dayım oğlu Kənan xəstəxanada ağır bir vəziyyətdə yatarkən onun yanında qalır, ona ancaqSona bülbüllər”i dinlədib ağrısını unutdura bilirdik. O illərdə Azərbaycan Radiosunda işləyən dəyərli dostumuz, jurnalist Şərəf Cəlilli mənimlə Sumqayıta – Kənanın yatdığı Təcili Yardım Xəstəxanasına getmiş, musiqini, ədəbiyyatı və təsəvvüfü çox sevən Kənanla çox maraqlı bir radio-reportaj hazırlamış, bu reportajı – radio proqramını “Sona bülbüllər”in fon musiqisi ilə davam etdirib elə onunla da bitirmişdi. Müharibənin dəhşətlərini yaşamış, dostlarını və bir ayağını ön cəbhədə itirən Kənanın, bu proqramın kasetini dinlədikcə yavaş-yavaş sağlığına qovuşduğunu yaxşı xatırlayıram...

Qədiri çox sevən, 2003-cü ildə sevdiklərini gənc ikən bir göz qırpımında tərk edən dayım Arif Həsənoğlunun belə bir rübaisi vardı:

Ay gözəl bülbüllər, “Sona bülbüllər”,

Yetməzmi bu həsrət sona, bülbüllər?!

Ağrıyır, sızlayır bağrımın başı

Qədir oxuyandaSona bülbüllər”...

 

Tələbəlik illərimdə fürsət tapdıqca rayona, doğulub-böyüdüyüm kəndə gedər, ailəmi bir-iki gün görüb Bakıya qayıdardım. Bu gedişlərdən birində sərin bir yay gecəsi idi və ailəmiz, qohumlarımızla gecə yarısına qədər balkonda oturub söhbət edirdik. Gecə yarısını keçdikdə kiminsə məni küçədən çağırdığını eşitdim. Səsindən tanıdım, məndən 2-3 yaş böyük olano illərdə çobanlıq edən bir dostumuzdu. Mənim kəndə gəldiyimi dağda bir çoban yoldaşından eşidən dostumuz, dağdakı sürünü çoban yoldaşına tapşırıb Qədir Rüstəmov’un “Sona bülbüllər” mahnısı olan kaseti məndən almaq üçün gecənin qaranlığında 10-15 km yolu piyada kəndə gəlmişdi... Mən Qədirin kasetini böyük bir məmnuniyyət hissi ilə o dostumuza bağışladım. “Sona bülbüllər”ə olan bu səmimi münasibət mənə görə ən təbii, qürurverici bir sevgi idi... Ayrıca zirvələr fəth edən “Sona bülbüllər” yüksək dağlarda, geniş dərələrdə də səslənməyi haqq edirdi və təmiz havalı zəngin dağ zirvələrinin də bu dünyanın adamı olmayan “havalı” Qədirin bu “təmiz və dəli hava”sına ehtiyacı vardı...

Sona bülbüllər”in bir zamanlar kosmosayer üzünü təmsilən- göndərildiyini eşitmişdim. Başqa planetlərdə yaşayan varlıqlara yer üzünün bu möcüzəsini göndərməklə insanoğlunun nələrə qadir olduğunu bildirmək istəyiblər sən demə. Bu gözəl və layiqli seçim təbii ki, bizi ancaq qürurlandıra bilərdi və mən yeri gələn hər yerdə “Sona bülbüllər”in artıq sadəcə bir yer musiqisi olduğunu deyil, çəkisizləşib əbədiləşən bir kosmos musiqisi olduğunu da musiqi zövqü olanlara deyirdim. Bu sözləri eşidən Türk arkadaşlardan biriSona bülbüllər”lə çox maraqlanınca bu parçanı internetlə ona göndərdim və maşın sürərkən dinləməməsini tövsiyə etdim. Bir gün mənə zəng edib “qəza yapdığını” deyən o arkadaş, sən demə, maşınını yolun kənarındakı böyük bir çuxura salandaSona bülbüllər”i dinləyirmiş...

Keçən il dünyasını dəyişən əziz qardaşım Polad vəfatından bir neçə ay əvvəl mənə zəng edəndə mənim “Sona bülbüllər”i dinləmə vaxtım idi. Təxminən 15 ildən bəri cəmi bir neçə dəfə görüşdüyümüz Polad, “sən 20 ildirSona bülbüllər”i dinləyirsən, doymadınmı?” sualını verəndə, “mən öləndə də qəbrim üstə bu havanı çalarsınız, mütləq eşidəcəyəm!” demişdim. Vəfatından bir neçə ay əvvəl görüşdüyüm Polad, “həqiqətən də “Sona bülbüllər”’i dinləməyə dəyərmiş!” demişdi mənə...

Qədir Rüstəmov televiziya kanallarına çıxanda, onunla bağlı veriliş olanda, ya da televiziya kanallarında “Sona bülbüllər” səslənəndə yaxın qohum və dostlarımdan bir neçəsi mütləq Azərbaycandan zəng edər, “filan kanalı , Qədir oxuyur” – deyə mənə xəbər verərdilər. Qədirin “Sona bülbüllər”i illərdən bəri qürbətdə yaşayan mənimlə bizi sevib-sayan əzizlərimizin görüş yerim olub...

Hörmətli müəllimim professor Kamil Vəli Nərimanoğlunun şahmat üzrə dünya çempionu olmuş Robert Fişer haqqında yazısında belə bir fikri var: “Dünyanın dəngəsi, həyatın özü üçün önəmli olan varlıqlar var: Folkner, Markes, Kastaneda, Borxesin varlığı ədəbiyyat üçün, Üzeyir bəy Hacıbəyli, Dmitri Şostakoviç, Fikrət Əmirov, Qədir Rüstəmov, Alim Qasımov, Barış Manço musiqi üçün nə qədər dəyərlidirlərsə, dünyanın dəngəsi və varlığı üçüno qədər dəyərlidirlər”.

Qədir Rüstəmovun “Sona bülbüllər”i, Qədirin səs tellərinin titrəməsindən deyil, onun ruhunun səsindən yaranıb. Qu quşuna ömrü boyunca bir dəfə “oxuma” haqqı tanıyan Ruh sahibi, insanoğluna da ruhunu bir dəfə səsləndirmə haqqı verib yəqin ki, bu da Qədirin qismətinə düşüb. Əslində Qədir, bu ruhu səsləndirmək üçün seçilmiş birRuh adamı”dır və buifaonun fiziki ömrünü qısaldıb mənəvi ömrünü sonsuzluğa qədər yaşadacaqdır...

Əslində “Sona bülbüllər”’in “mətni” bizim yeddi hecalı bayatılarımızdan mütəşəkkildir:

 

Su atdım yara dəydi, sona bülbüllər,

Əlim divara dəydi, saçı sünbüllər.

Dilim-ağzım qurusun, sona bülbüllər,

dedim yara dəydi, saçı sünbüllər.

 

Elə yar, yar deyirlər, heç məni demirlər,

Ay sona bülbüllər!

Elə bil yar deyiləm, bir məni dindirməz,

Ay saçı sünbüllər!

 

Evləri köndələn yar, sona bülbüllər,

Bizə gül göndərən yar, saçı sünbüllər.

Gülün yarpıza dönsün, sona bülbüllər,

Bizdən üz döndərən yar, saçı sünbüllər.

 

Elə yar, yar deyirlər, heç məni demirlər,

Ay sona bülbüllər!

Elə yar, yar deyirlər, bir məni demirlər,

Ay saçı sünbüllər!

 

Dəryada gəmim qaldı, sona bülbüllər,

Biçmədim zəmim qaldı, saçı sünbüllər.

Çox çəkdim yar cəfasın, sona bülbüllər,

Mənə dərd-qəmim qaldı, saçı sünbüllər....

 

Elə yar, yar deyirlər, heç məni demirlər,

Ay sona bülbüllər!

Elə yar yar deyillər, bir məni demirlər,

Ay saçı sünbüllər!

 

Qədir Rüstəmovun, yeddi hecalı bayatı mətninin ortasına əruzla yazılmış və

 

Olmasaydı qəm-i eşqin dil-i viranımda,

Saxlamazdım onu bu izzət ilə yanımda...”

 

misralarıyla başlayan qəzəli yerləşdirməsi, heca ilə əruzun mükəmməl bir izdivacının ən gözəl nümunələrindən biridir. Yəni Azərbaycan xalq musiqisi ilə sənət musiqisinin birlikdə yer aldığı ən gözəl sənət nümunələrindən biri məhz Qədir Rüstəmovun “Sona bülbüllər”idir.

Qədir Rüstəmovun adına layiq olmayan bu qaralama, rəhmətliyin 14 dekabr 2011 tarixli vəfat günü “qələmə alındı”. 15 dekabrda isə ömrü boyu narahat yaşayan Qədir Rüstəmov əbədi yatağında istirahətə çəkildi. Onun ilahi səsiylə möhürlənmiş “Sona bülbüllər” isə dünyanın sonuna qədər dil-dil ötəcək...

Allah böyük sənətkarımız Qədir Rüstəmova rəhmət eləsin...

 

Nazim MURADOV

14 dekabr 2011, Kuzey Kıbrıs Türk Cümhuriyyəti

525-ci qəzet.- 2011.- 16 dekabr.- S.4.