GÖR ÜRƏYİM NƏ DEYİR

(Zəlimxan Yaqubu düşünərkən)

 

Münasib məclislərdə yaradıcılıqlarından bol-bol söhbət açdığım, bəlkə də dostluğa görə bir az üzgörənlik etdiyim iki gənclik dostum, iki xalq şairi – Sabir Rüstəmxanlı və Zəlimxan Yaqub haqqında indiyə kimi mətbuatda ürək sözümü deməmişəm, sonraya qoymuşam. İnciməzlər, bir gün gələr daha tutarlı söz deyərəm – fikrində olmuşam. Gündəlik qayğılar, həyatın keşməkeşləri başımı o qədər qatıb ki, ömür keçir, gün keçir – ağlıma belə gəlməyib. Nə isə...

Mən bu yazımda təfəkkür və fikir sahibi, gözəl şair, yazıçı, publisist və alim Sabir Rüstəmxanlıdan deyil, həyatda çox imtahanlardan üzüağ çıxmış, ilahidən gələn fitri istedadı ilə seçilən, ömrün qürub çağına tərəf üz tutduğu bir zamanda həyatın amansız imtahanına məruz qalan Zəlimxan Yaqubdan söz açmaq istəyirəm. Gözümün qabağına gənclik illərimiz gəlir. Kaş həm ticarət, həm ziyarət – deyərək Tovuza Zəlimxana “Su daşı” (Təəssüf ki, su daşı da gələcəkdə Zəlimxanın böyrəklərinə yardımçı olmadı) gətirməyə və qardaşım oğlu Şahinin toyunda iştirak etməyə getdiyimiz vaxtlar olaydı. Zəlimxanın toydakı möhtəşəm çıxışı təkrarlanaydı. Kaş Zəlimxanın bədahətən dediyi “Varıymış” şeiri məclisi yenidən təlatümə gətirəydi:

Qonaq oldum Tovuz adlı mahala,

Hər sinədə min bayatı varıymış.

İndi bildim bu torpaqda ellərin,

Nə dövranı, nə həyatı varıymış.

Kaş bu yaxınlarda toyunu etdiyimiz Zəlimxanın Şəhriyar oğlunu doğum evindən çıxardığımız, Zəlimxanın “Mədəni-maarif texnikumu”nda “Altı il Dəclə-Fərat sahillərində” kitabımın təqdimatında odlu-alovlu çıxış etdiyi günlər olaydı. Gündəlik məişət qayğıları bizi boğsa da, arzuların qanadlarında göylərlə əlləşirdik. Möhtəşəm arzular Zəlimxanın pərvazlanmasına böyük təkan verdi. Vaxt keçdi, o, bütöv bir xalqın sevimli şairinə çevrildi. Söz və nüfuz sahibi oldu. İndi Zəlimxandan yazmaq asan deyil. Bir yandan onun haqqında çox görkəmli ədəbiyyatşünas, dilçi və filosof alimlərimizdən Kamal Talıbzadə, Bəkir Nəbiyev, Pənah Xəlilov, Qulu Xəlilov, Yaşar Qarayev, İsa Həbibbəyli, Nizami Cəfərov, İmamverdi Əbilov, Tofiq Hacıyev, Səlahəddin Xəlilov, Yavuz Axundlu, Cəlal Abdullayev, Nizaməddin Şəmsizadə, Qəzənfər Kazımov, yazıçı və şairlərimizdən Osman Sarıvəlli, Mirvarid Dilbazi, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Xəlil Rza, İsa Hüseynov, Elçin və bir çox başqalarının “Zəlimxan Yaqubdan yazanlar” (“Vətən”, 2005, 403 səh.) və ikicildlik “Zəlimxan Yaqub ədəbi düşüncələrdə” (“Vətən”, 2009) kitablarında sanballı məqalələri yer alır. Və şübhəsiz Zəlimxansevərlər bu əsərlərlə tanışdırlar.

İkinci bir tərəfdən də, xalq arasında şöhrət qazanan, şeirləri xalqın əzbərində olan şairdən nə yazasan ki, xoşa gəlsin, Zəlimxana layiq olsun. Lakin burada bir üstünlük də vardır. Nə gizlədim, elə qələm sahibləri var ki, haqqında danışanda sözləri ehtiyatla seçirsən, ifrata varmaqdan, oxucu qınağına tuş gəlməkdən çəkinirsən. Zəlimxan Yaqubdan danışanda bu çətinliklə üzləşmirsən. Bilirsən ki, nə desən, ana südü kimi ona halaldır.

Zəlimxan Yaqub poeziyamıza şimşək kimi çaxaraq, dağ çayı kimi kükrəyərək, kürə kimi püskürərək, bulaq kimi qaynayaraq gələn şairdir. Məlumdur ki, qələm sahiblərinin yaradıcılığında qabarmalar-çəkilmələr olur. Əlamətdar haldır ki, yaradıcılığını qırx ildən artıq izlədiyim (həm də mühitdən gələn sevgi ilə izlədiyim) Zəlimxanın yaradıcılığında heç vaxt durğunluğa, çəkilmələrə təsadüf etməmişəm. Şairin keyfiyyəti hər vaxt kəmiyyəti üstələyən qırxdan artıq kitabı deyilənlərə dayaq olur. Fitri istedada malik şairlərimizin, o cümlədən də Zəlimxan Yaqubun poeziyası ilə dərindən tanışlıqdan sonra, “Şairlər xalqın görən gözü, döyünən ürəyi, vuran nəbzidir” kəlamının hədəfə necə dəqiqliklə dəydiyinə şübhə yeri qalmır.

Təsadüfi deyildir ki, Nizami Gəncəvi yazırdı:

 

Ərənlər, ulu kəslər səf çəkərək

düzəlib,

Qabaqda peyğəmbərlər,

sonra şairlər gəlib.

 

Zəlimxan Yaqub şair ömrü yaşayıb. Qədim romalıların kəlamıdır: “Şairlər doğulur, natiqlər yetişir”. Zəlimxan bu müdrik kəlama naxış vurdu. O, həm ürəklər fəth edən şair və hamının dinləmək arzusunda olduğu natiqdir.

Onun nitqi, danışığı o qədər mənalı, cazibədar, o qədər sirayətedici və ovsunlayıcıdır ki, onu dinləməkdən doymursan, xüsusən də o poeziyadan danışanda. Zəlimxan kimi məclis aparanları barmaqla saymaq olar. Onun məclis aparmağı nümunədir, örnəkdir, zövq, səfa, mənəvi qidadır. Zəlimxanın ilahidən gələn bu məharətini aşağıdakı faktorlarla bağlamaq olar ki, Zəlimxan aktyordur, şairdir, həm də natiqdir. Zəlimxan tribunada, apardığı tədbir və görüşlərdə oda, alova dönür. Mən bu xüsusiyyəti yaradıcılığını çox sevdiyim (buna görə də Gülzar İbrahimqızı ilə “Tofiq Bayram – 70” adlı kitab buraxmışam) Tofiq Bayramda görmüşəm. Bir fərq var ki, Tofiq Bayram şeir deyəndə oda-alova dönürdü. Zəlimxan isə həm şeir deyəndə, həm də danışanda.

Xəlil Rza Ulutürk bu münasibətlə yazırdı: “Onun apardığı görüşlər bizim üçün örnəkdir. Zəlimxanı dinləyəndə kiçik salon genişlənir, təlatümə gəlir, ləngər vurur, damarlarda qan coşur, ürək qanadlanır”.

Mən bunun dəfələrlə şahidi olmuşam. Onlardan biri haqda danışmaq yerinə düşərdi. Qarabağdan arzuolunmaz xəbərlər gəldiyi, insanlarımızın qəm-qüssəyə qərq olduğu 80-ci illərin sonu, 90-cı illərin əvvəlləri idi. Abşeron rayon rəhbərliyi Hüseyn Arifi qaçqınlarla, köçkünlərlə, rayonun poeziya həvəskarları ilə görüşə dəvət etmişdi. Tədbiri Zəlimxanın aparacağını onlar əvvəlcədən bildirdilər. Rayonun Mədəniyyət sarayının böyük zalında bir dənə olsun boş yer yox idi. Səhnədə şairin sol əlində Zəlimxan, sağ əlində mən oturmuşdum. Mən Zəlimxanın Hüseyn Arif poeziyasını əzbər bildiyindən xəbərdar idim. Onun Hüseyn Arif yaradıcılığına belə elmi təhlil verəcəyi mənim üçün (bəlkə də zalda əyləşənlərin çoxu üçün) gözlənilməz oldu. Mən də bir çoxları kimi heyrət içində idim. Zal həqiqətən də təlatümə gəlmiş, damarlarda qan coşmuşdu. O an mənə elə gəldi ki, kimsə elan etsəydi, hamı bir nəfər kimi Qarabağa köməyə gedərdi...

Görüş bitəndə zaldakılar ayağa qalxıb aramsız olaraq şairi və Zəlimxanı alqışladılar. Bu, sözün həqiqi mənasında poeziyanın qüdrətindən xəbər verirdi. Qətiyyətlə deyə bilərəm ki, bu, Azərbaycan poeziyasının təntənəsi idi. Burada yeridir deyim ki, poeziyamızı Zəlimxan Yaqub qədər təbliğ edən, başqa şairlərin yaradıcılığına məhəbbətlə yanaşan, məclislərdə onlardan bol-bol nümunə gətirən az şairə rast gəlmək olar. Məncə, bu, bir yandan onun qeyri-adi hafizəsi, digər tərəfdən ürək genişliyi ilə bağlıdır.

Zəlimxan Yaqubun poeziyasını fərqləndirən iki mühüm cəhəti xüsusi vurğulamaq istərdim. Bəzən hiss etmişəm ki, şairin poeziyasında həyat, bir çox bayatılarda olduğu kimi, həqiqətdə olduğundan daha həyatidir. Ən önəmlisi isə odur ki, Zəlimxanın poeziyası milli özünüdərkə, milli oyanışa xidmət edir.

Zəlimxan Yaqubun poeziyasının mayasını şifahi xalq ədəbiyyatına bağlılıqda və folklor qaynaqlarında axtaranlar yanılmırlar. Şair “Saz”, eləcə də Aşıq Ələsgər, Hüseyn Bozalqanlı və Hüseyn Saraçlıya həsr etdiyi dastanları ilə mənəvi dəyərlərimizi it-bat olmaqdan qorumuş, gələcək nəsillərə ərmağan etmişdir.

Bu dastanların hər biri özünəməxsus səciyyəvi xüsusiyyətləri ilə seçilir. Məsələn, “Saz” poemasında şair bütün məlum saz havalarından (Bəxtiyar Vahabzadə “Muğam” poemasında bütün muğamlardan bəhs etdiyi kimi)söz açır, onların məqsəd və qayəsinə, yaranma səbəblərinə aydınlıq gətirir. Aşıq Ələsgər və Hüseyn Bozalqanlıya həsr olunan poemalar tədqiqat xarakterli olub, onlarda bu qüdrətli saz-söz ustalarının sənətkarlıq xüsusiyyətləri açıqlanır. Özü də poeziya dili ilə. Bu, ədəbiyyatımızda yenilikdir. Maraqlıdır ki, şairin aşıq havaları üstündə köklənən şeirləri də yenilik gətirir, köhnəliyə səsləmir.

Folklorumuzun dərin qatlarına nüfuz edən, “Dədə-Qorqud aliliyi”, “Klassik aşıq poeziyasında” “Dünya obrazı” kimi monoqrafiyaların, “Arazam Kürə bəndəm” publisistik əsərin və “Mahmud və Məryəm” romanının müəllifi, xalq yazıçısı Elçinin haqlı olaraq göstərdiyi kimi, Zəlimxan “Hüseyn Saraçlı dastanı” ilə yazılı ədəbiyyatımıza dastan janrını gətirmişdir. Həqiqətən də Zəlimxan klassik dastançılıq ənənələrini tam gözləyərək yazılı ədəbiyyatımıza yenilik gətirmişdir. Ümumiyyətlə, Zəlimxanın poeziyası sazla sözün vəhdətində yaranıb. Zəlimxan Yaqub saza ilahi varlıq kimi baxır, ona sadəcə musiqi aləti kimi yox, düşünən, düşündürən varlıq kimi baxır.

1973-cü ildə Əbdüllətif Bəndəroğlu Nəsiminin 600 illik yubileyinə gələndə, xalq şairi Osman Sarıvəlli ona saz bağışladı. Bu, ədəbi ictimaiyyətin böyük marağına səbəb oldu. Zəlimxan Yaqubu ilhamlandırdı: “Üç telli durna”adlı böyük bir şeir yazdı. Kiçik bir parçanı oxucuların nəzərinə çatdırıram:

 

Bu uzaq səfərdə uğurlar sənə,

Həsrəti dünyadan itir, ay sazım.

Orda nəğməkarım, şairim yatır.

Müqəddəs məzarı ziyarət üçün,

Bir ovuc torpaq da götür, ay sazım.

Mənim salamımı, mənim sözümü,

Leylini Məcnuna yetirən kimi,

Babam Füzuliyə yetir, ay sazım.

Arazdan deyəndə Xasa çayına,

 

Köksünü dərindən ötür, ay sazım... və s.

Onu da demək lazımdır ki, Zəlimxan sonralar da İraqda yaşayan qardaş-bacılarımızı unutmamış, “Bir kövrək havadır, sazımda Kərkük” adlı poema yazmışdır. Poema azərbaycanca və türkcə çap olunmuşdur.

Şairi parça-parça olan bir-birinə həsrət qalan xalqımızın taleyi həmişə düşündürmüşdür:

 

Həsrət gördü, boyun əydi,

Bu Təbrizdi, bu Kərkükdü.

Bir daşınmaz ağır yükdü,

Daşan selim – mənim dərdim.

 

Zəlimxanın 20-dən artıq poeması vardır. Onlardan ikisi – şairin son illərdə yazdığı “Peyğəmbər” və “Əbədiyyət dastanı” keyfiyyətcə fərqlənir. “Peyğəmbər” Məhəmməd peyğəmbərə, “Əbədiyyət dastanı” isə keçmişin mizan-tərəzisi ilə ölçsək (keçmişdə dövləti ağılla-dərrakə ilə idarə edən hökmdarlar peyğəmbər adlandırılırmış. Yoxsa 124 min peyğəmbər ola bilməzdi) uzaqgörənliyi, təfəkkürü, dünyanın gedişatını öncədən görə bilməyi ilə peyğəmbər timsallı Heydər Əliyevə ithaf olunub. Aydın məsələdir ki, çox məsuliyyət, dərin bilik tələb edən belə mövzuya özündə yaradıcılıq hünəri hiss edən, inkişafın şəriət, təriqət, mərifət, həqiqət kimi mərhələlərindən xəbərdar olan, onlara az-çox vaqif olan şair girişə bilərdi. Bu, Zəlimxan Yaqub idi.

Məlumdur ki, Zəlimxan Yaquba qədər peyğəmbərimizə və öndərimizə neçə-neçə əsərlər həsr olunmuşdur. Zəlimxan “Peyğəmbər” poemasını qələmə alana qədər illərlə şəriətimizə və peyğəmbərimizə dair kitabları tədqiq etmiş, ilahiyyəti dərindən bilən din xadimləri və başqa alimlərlə məsləhətləşmiş, nəticədə uğurlu bir əsər yazmışdır. O ki qaldı “Əbədiyyət dastanı”na, bu əsər ulu öndərimizə dərin məhəbbətin nəticəsidir. Öndərimiz prezident olanda dövlət nümayəndə heyəti tərkibində şairi Çinə, Səudiyyə Ərəbistanına, İran, Türkiyə və başqa ölkələrə aparmış, onunla şəxsi təmasda olmuş, elə ölkə daxilində də Zəlimxana öndərimizlə ara-sıra görüşmək qismət olmuş, istedadlı şair bu görüşlərdən və birgə səyahətlərdən qədərincə bəhrələnmiş, öndərimizə layiq əsər yaza bilmişdir.

Maraqlıdır ki, Zəlimxanın poeziyasını həm gənclər, həm də yaşlılar sevirlər. Burada bir çox amillər öz işini görür. Hər şeydən əvvəl, bu, Zəlimxanın xalq dilini yazı dilinə qovuşdurmaq məharətində, sinonimlərdən, antonimlərdən, məcazlardan bol-bol istifadə etməsindədir. Məncə, ən əsas məsələ poeziya istedadın məhsuludursa, onun, ümumiyyətlə, bədii ədəbiyyatın hər yaş dövründə bir cür başa düşülməsindədir. Bu isə bədii ədəbiyyatın həmişəyaşar olmasına zəmin yaradır. Bircə misalla fikrimi təsdiqə çalışacağam. Şairin “Füzuli-Sabir” şeiri dediklərimizə örnək olmaq baxımından seçilir:

 

Gözəlliyə, gözələ könlünü bağlayanda,

Füzuli “Heyrət!” – dedi.

Millətinin halına güləndə, ağlayanda,

Sabirim “Qeyrət!” – dedi.

Heyrət ilə Qeyrəti yoğurdular, yapdılar,

Bu ölümlü dünyada bir ölməzlik tapdılar!

Hər biri bu dünyada həyat qədər qalası,

Azərbaycan şeirinin

Biri heyrət qalası!

Biri qeyrət qalası!

 

Zəlimxanın bu şeirini gənc oxucu sevəcək, hətta qürrələnəcəkdir ki, Füzuli və Sabir kimi böyük şairlərimiz olub. Lakin o, yaşa dolduqca, Füzuli və Sabirin poeziyası ilə daha yaxından tanış olmaq imkanı qazandıqca, onları dərindən duyduqca, Zəlimxanın qədir-qiyməti daha da artacaq. Onca sətirlik bu şeirdə, Bəxtiyar Vahabzadənin göstərdiyi kimi, Zəlimxanın iki dahi şairimizin ədəbiyyatımızdakı mövqeyini dəqiq göstərməsi, iki böyük nəhəngimiz haqqında bu klassik tərifi verə bilməsi oxucunun şairə olan hüsn-rəğbətini, məhəbbətini birə on artıracaq.

Zəlimxan Yaqub olduğu kimi görünən, göründüyü kimi olan təbii şairdir, səmimidir. Sənətdə səmimilik və təbiilik oxucunun inamını qazanmaqda yardımçı olur. Hoqqabazlıqdan uzaq, səmimi, təbii və həqiqi poeziya şairi ucaldır.

Bizə iki yüzilliyin və iki minilliyin qovuşağında yaşamaq qismət olub. Bu baxımdan bəxtimiz gətirib. Lakin bizim bəxtimizə iki bir-birinə əks ictimai sistemin əvəzlənməsi də düşüb. Bir çox hallarda mənəvi dəyərlərin ucuzlaşdığı, “şeir yazmağın siqaret çəkməkdən asan olduğu” (Məmməd Araz), “dünyanın nizamının pozulduğu, yağla şorun qiymətinin tənləşdiyi” (Musa Yaqub) zəmanəmizdə bizə qalırsa, əsl poeziya nümunəsi yaratmaq, həm ədəbi ictimaiyyətin, həm də geniş oxucu kütləsinin rəğbətini, məhəbbətini qazanmaq qəhrəmanlıqdır. Orduların, müharibələrin sərkərdələri, qəhrəmanları olduğu kimi, dillərin də qəhrəmanları, sərkərdələri olur. Onlar ümummilli liderimiz Heydər Əliyevin nitq mədəniyyətinin, ədəbi dil normalarının qanunvericiləri adlandırdığı yazıçı və şairlərdir. Onlardan biri də poeziyası ilə əbədilik qazanan Zəlimxan Yaqubdur – desək, həqiqətdən kənar olmaz.

 

Qəzənfər PAŞAYEV,

filologiya üzrə elmlər doktoru, professor

525-ci qəzet.- 2011.- 17 dekabr.- S.19-20.