“Yurd yeri” sorağında

 

Ömrünün 9-cu onilliyini yaşayan Səlim müəllim “Yurd yeri” axtarışına çıxaraq, bu adda kitabını nəşr etdirib. Səlim Əzimov çox müdrik bir el ağsaqqalı olub, 56 il Ağdam rayonunun Novruzlu kənd orta məktəbinin rəhbəri kimi çalışıb. Bu məktəbdə xalqımızın dünya şöhrətli alimləri – Xudu Məmmədov, Rafiq Əliyev kimi adamlar oxuyublar. Məktəb 20 ildir ki, Bakı şəhərində qaçqın həyatı yaşayır və təkcə bu dövrdə Səlim müəllimin dəsti-xəttilə 1000 nəfərə qədər gəncə orta məktəb məzunu kimi həyat vəsiqəsi verilmişdir. Onun əməkdar müəllm adı, çoxsaylı təltifləri öz yerində, təkcə direktor stajına görə bəlkə də Ginnesin rekordlar kitabına düşə bilər.

Bu yaxınlarda Türkiyədən bir televiziya kanalının onun sorağını eşidib gələrək haqqında sənədli film çəkməsi və o böyük ölkədə nümayiş etdirməsi iftixar doğurmalı bir örnəkdir. Heç şübhəsiz, böyük problemlərlə üzləşən müasir təhsilimizin belə direktorların pedoqoqların təcrübəsinin tətbiqinə ciddi ehtiyac olduğunu yaddan çıxarmaq olmaz.

Söhbəti “Yurd yeri”nə döndərirəm. Kitaba bu adın verilməsi də Səlim müəllimin böyük müdrikliyinə dəlalət edir. Nə deməkdir yurd yeri? Əslində bu sualdan da xəcalət duyuram. Çünki iki sözdən ibarət olub böyük fəlsəfi anlayışa, dərindən-dərin çoxsaylı məna çalarlarına malik bu ifadənin mahiyyətini hazırda lazımınca dərk edənlər çox azdır.

Kitaba “Ön söz” yazan Etibar Toğrul onun bəzi məqamlarına toxunur: Yurd yeri – dədə-babalarımızın uyuduğu müqəddəs and yerimiz; Yurd yeri – qoynunda göz açdığımız şirin uşaqlıq xatirələrimizin yadigarı olan vətən; Yurd yeri – on səkkiz il həsrətində olduğumuz inləyən torpaq”.

Səlim müəllim isə yurd yerinin daha neçə-neçə örnəklərindən söhbət açır. Orada ulu babalarımızın alın təri və qanı ilə suvarılmış torpaq vardır. O yerdə bu torpaq uğrunda tarix boyu bəlkə də minlərlə şəhid qanı axıdılmış. O yerdə torpağın hər zərrəsini göz bəbəyi kimi əzizləyən babalarımızın narahat ruhları dolaşır. O yerdə bir-birini əvəz edən minlərlə nəsil nümayəndələrinin ləpir izləri vardır. O yerdə ulu sənətkarlarımızın ruhuna işıq salan neçə-neçə tarixi abidələrimiz dağıdılaraq düşmən tapdağında qalmışdır. O yerdə əsrlərə və nəsillərə örnək olacaq neçə-neçə insanların, igid oğulların millətin qədrini uca tutub ona bütün varlığı ilə xidmət edən adamların ad-sanından bəhs edilir.

“Yurd yeri” Novruzlu kəndinin və onun çoxsaylı məhəllələrinin hər birinin özünəməxsus rəngarəng adamlarının həyat tarixçəsini işıqlandıran bir salnamə kimi bugünkü və gələcək nəsillər üçün böyük ərmağandır.

Yurd yerinin necə bir müqəddəs anlayış olduğunu düşünən hər kəsin xəyalında ömür yolunda təsadüf etdiyi neçə-neçə hadisələrin canlanmasına şübhə ola bilməz, çünki Yurd yeri qan yaddaşıdır. Çəkəcəyim misallar bunun necə bir əsrarəngiz qüvvə olduğuna bir daha dəlalət edəcəkdir. Böyük yazıçımız, ictimai və dövlət xadimi Mirzə İbrahimov pensiyaya çıxıb dövlət işlərindən ayrıldıqdan sonra Ağdam rayon partiya komitəsinin birinci katibi olan mənə zəng edib uşaqları, nəvələri ilə Gülablı kəndində qayınatası məşhur tarzən Qurban Pirimovun yurd yerinə baş çəkmək arzusunda olduğunu bildirir. Bunu eşidib mən də böyük sənətkarın yurd yeri ilə indiyədək niyə maraqlanmadığıma görə özümü qınayıram. Onlar gələnədək kəndə gedib uçulub-dağılan bu yurda baxaraq kəndin və rayonun yerli rəhbərlərini danlayıram. Ertəsi günü ailə dəstəsi ilə gələn Mirzə müəllimin də xəcalət təri tökdüyünün şahidi oluram. Şərqin ən böyük tarzən sənətkarının ruhu sanki qarşımızda dayanıb istehzalı gülüşləri ilə bizi qınayırdı.

Biz evi qısa müddətdə bərpa edib sənətkarın ev muzeyini yaratdıq. Lakin o da indi mənfur qonşularımızın tapdağı altındadır.

Bəs bu epizodun Səlim müəllimin kitabı ilə əlaqəsi? Kitabın böyük dəyəri də elə bu suala cavabla bağlıdır. Səlim müəllim öz müdrikliyi ilə yurd yeri ilə bağlı qan yaddaşının köklərini vələvürd edib deyir ki, bunsuz vətən məhəbbəti də, torpaq sevgisi də yoxdur.

Daha ibrətamiz başqa bir hadisə. Bir gün mütəfəkkir şairimiz Bəxtiyar Vahabzadə mənə zəng edib Türkiyəli bir dostu ilə rayona gəlmək istədiklərini bildirir. Onun haqqında qısa məlumat da verir. Türkiyəli yazıçı, publisist, ictimai xadim Yavuz Bülənd Bakilərin ulu babalarının ağdamlı olmasını və onun Ağdamdan bir ovuc torpaq aparmaq arzusunu mənə çatdırır. Onları böyük qonaqpərvərlik ilə qarşılayıb Ağdam torpağının bərəkətini, yaradıcı adamların istedadını nümayiş etdirdik və kiçik bir kisə torpaqla yola saldıq. Bu da məlum oldu ki, o bundan əvvəki dəfə Azərbaycanda olmuş, sovet dönəmində Türkiyə ilə olan düşmən münasibətlərə görə bir ovuc torpaq aparmaq cəhdləri baş tutmamışdır.

Yavuz Bülənd torpaq kisəsini sevinc yaşları ilə dönə-dönə öpür, bağrına basır, sonra da Türkiyədən mənə göndərdiyi kitabında Qarabağ, Ağdam haqqında yazdığı geniş yazısında apardığı bu torpağı çimdik-çimdik, babalarının, valideynlərinin məzarlarına səpdiyini, bir ovuc da saxlayıb öz məzarına səpməyi vəsiyyət etdiyini nəql edir. Bax, budur yurd yerinin, torpaq sevgisinin ülviyyəti.

Səlim müəllim öz kitabında məhlə-məhlə, ev-ev gəzib yurd yerini yaddaşlara köçürür, qan yaddaşını unutmamağı tövsiyə edir.

Yenə bir misal. Mən Şəkidə işləyərkən böyük alimimiz akademik Azad Mirzəcanzadə qonağım olmuşdu. Onu Şəkinin axar-baxarlı guşəsi olan Marxal istirahət mərkəzinə aparmış və orada şərəfinə ziyafət süfrəsi açdırmışdım. Süfrə arxasına oturan təki qarşıdakı Kiş çayının köpüklənə-köpüklənə axan sularına baxıb süfrədən pendir-çörək götürərək çayın kənarında oturmaq istədiyini bildirdi və biz belə də etdik. Akademik bir daşın üstündə oturaraq ayaqlarını soyundu, suya salaraq dərindən nəfəs aldı və üzünü mənə tutaraq bunları söylədi: “Sadıq, bilirsən mən necə bədbəxt adamam? Mən bu gözəl respublikamızın, demək olar ki, heç bir yerini görməmişəm. Bu torpaqda böyüyüb adlı-sanlı alim olmuşam, lakin indi duyuram ki, bu torpağa necə də yadam. Görəsən qismət olarmı ki, heç olmasa bundan sonra bu torpağı gəzib dolaşım”.

Bax budur yurd yerinin qədrini vaxtında bilməmək, qan yaddaşına biganəlik göstərməyin ağrı-acısı.

Daha iki görkəmli elm xadimi ilə əlaqədar ana torpaq, yurd yeri ilə bağlı xatirələr yadıma düşür. Dünya şöhrətli seleksiyaçı alim, akademik İmam Mustafayev və təbiətimizin böyük vurğunu akademik Həsən Əliyevlə uzun illər isti münasibətlərdə olmuşam. Respublikanın elə bir rayonu, kənd-kəsəyi yox idi ki, İmam Mustafayevin mükəmməl məlumatı olmasın. Həm də onun hər qarış torpağının özünəməzsus xüsusiyyətlərindən, nemətlərindən danışmaqdan doymazdı. Yaşı doxsanı haqlayanda da dağa-daşa böyük şövq ilə dırmaşmaqdan sanki güc-qüvvət alırdı. Minlərlə bitkinin adı və dəyərinə verdiyi məlumatlarla insanlarda onlara qarşı sevgi təlqin edirdi.

Akademik Həsən Əliyev Azərbaycan təbiətinin çıraqbanı idi. Bir epizodu unuda bilmirəm. Zaqatalanın Car kəndinin ərazisində bir həyətdə qocaman şabalıd ağacını kəsən kəndlini görüb onun həyətinə girmiş və onu rüsvay etmişdi. Sonra da “belə rayonda qala bilmərəm” sözlərilə çıxıb getmişdi.

Torpaqdan, yurddan ayrı düşməyin, qan yaddaşından məhrum olmağın insana göstərdiyi böyük mənəvi zərbəyə dair saysız-hesabsız misallar vardır. Bu yerdə qədim yunan əsatirində ayağı torpaqdan üzülən əfsanəvi Axillesin faciəsini də yada salmağa dəyər.

Mən böyük bir nisgilimi də demədən ötüşə bilmirəm. Torpaq, yurd məhəbbətindən danışarkən görkəmli yazıçımız Anarın Dədə Qorqud babamızın dili ilə dediyi sözlər yada düşür. Gərək ki, belədir: “Əgər torpağı əkib-becərməsək, onu qorumağa dəyməz”.

Mən bir statistik göstəriciyə təsadüf edib dəhşətə gəldim.

Respublikada yüz iyirmi min hektar suvarılan torpaqdan istifadə olunmur. İstifadəsiz əkinə yararlı dəmyə torpaqların sahəsi isə bundan qat-qat çoxdur. Xalqın ən böyük sərvəti olan torpağa belə münasibətə nə ad vermək olar? Bu torpaqlar neftdən də, qazdan da dəyərli sərvətdir. Neft, qaz qurtaracaqdır, torpaq isə əbədidir.

Səlim müəllimin kitabının ən böyük dəyəri ondadır ki, yüzlərlə kənddaşlarının tarixi yurd yerlərini yada salıb qan yaddaşını insanlara təlqin edir. Buna isə müasir dünyamızda xüsusilə böyük ehtiyac vardır. Bəzi ibrətamiz misallara da müraciət etmək yəqin ki, yerinə düşər.

Almaniyanın Berlin və Ştutqart universitetlərinin professoru, görkəmli riyaziyyatçı alim Məqsud Əfəndiyev otuz ildən çoxdur ki, bu ölkədə yaşayır. Həm də hər il Amerikanın, Yaponiyanın, İngiltərənin, İspaniyanın və başqa ölkələrin məşhur universitetlərində mühazirələr oxuyur. Çox məşhur elmi jurnalların redaktorudur. Mənim həm qohumum, həm də dostumdur. Ancaq mən onun daha çox bir göstəricisindən qürur duyuram. Hər il dəfələrlə doğma vətəninə gəlir, onun daha çox bir göstəricisindən qürur duyuram. Hər il dəfələrlə doğma vətəninə gəlir, övladları ilə yurd yerini, ata-ana qəbrini ziyarət edir. Ana dilində mükəmməl nitqi isə ən yüksək tərifə layiqdir. Hər gəlişində Azərbaycan televiziyasında çıxışlarını, müsahibələrini dinləyirik.

Lakin ürək ağrısı ilə qeyd etməmək olmaz ki, xaricdə yaşayan çoxsaylı ziyalı soydaşlarımız bu təcrübədən uzaqdırlar. Nəinki ata-baba yurdunu, hətta doğma ana dilini də unudanlar çoxdur. Mənə elə gəlir ki, xarici ölkələrdə olan diaspor təşkilatlarının diqqətini buna cəlb etmək yaxşı olardı.

Bir epizodu da yenə ürək ağrısı ilə yada salıram. Keçən əsrin yetmişinci illərində böyük bəstəkarımız Niyazi Fransada yaşayan əmisi oğlu Timuçinlə Şəkidə qonağım idilər. Timuçin Müsavat hökumətinin qurucularından olub Fransada onun təmsilçisi kimi fəaliyyət göstərən Ceyhun bəy Hacıbəylinin oğlu idi. Onun Azərbaycan dilində bir kəlmə də bilməməsindən maestronun necə mənəvi əzab çəkdiyi indi də xəyalımdan getməyir. Üç gün ərzində ünsiyyət üçün nə qədər əl-qol atdıqlarına, bəzən də saatlarla lal-dinməz oturmalarına baxıb sarsılmamaq mümkün deyildi.

Xaricdə yaşayıb ana dilini yadırğayan soydaşlarımız bilməlidirlər ki, yurd, vətən, torpaq məhəbbəti elə əsrarəngiz bir qüvvədir ki, bu sevgi nə vaxtsa onların genində alovlanacaq, həmin Timuçin sayağı çəkib vətənə gətirəcəkdir. Bu zaman onların özlərinin də, doğmalarının da belə sarsıntılara düçar olacağını unutmamalıdırlar.

Yurd, vətən, torpaq məhəbbətini yaşadan ən ali göstərici ana dilidir, bu dildə olan sevgidir. Rus dilində təhsil alan, Moskvada universitet bitirən və 20 ildən çox arada yaşayan nəvəm Anara olan böyük məhəbbətimin və qürurumun bir götəricisi də ana dilini mənim qədər bilib danışmasıdır. Orada rus dilində təhsil alan övladları, yəni mənim nəticələrimin də bu ənənəni qoruyub saxlamasına nail olur.

Digər bir nəvəm Günar ingilis, alman, rus dillərini mükəmməl bilir və indi də böyük uğurla ərəb dilini öyrənir. “Quran”ı ərəb dilində təmiz oxuyur və Azərbaycan dilində izahını verir. Lakin daha sevindirici odur ki, ana dilimizdə kamil danışır, nitqində bir kəlmə də başqa sözə təsadüf olunmur.

Bir çox ziyalılarımızın, dövlət məmurlarının ana dilinə yad münasibətlərini görüb qəlbimizdən qara qadınlar keçirsək də, təəssüf ki, bütün bunlara laqeydliklə dözürük. Müasir cəmiyyətimizdə xüsusilə ingilis dilini öyrənmək dəbə düşüb. Bunun yaxşı bir göstərici olduğunu inkar etmək olmaz, lakin ana dilinin təbliği yaddan çıxır. Mən inana bilmirəm ki, ana dilində danışa bilməyən bir adamda yurd, vətən, torpaq sevgisi lazımi səviyyədə ola bilər. Yurd yeri anlayışını vərəvürd edərkən bir epizod da yadıma düşdü. Yaxın bir dostumun görüşünə getmişdim. Bir memar dostu onun ata-baba yurdunun yenidən qurulmasına dair bir layihə ilə yanına gəldi. Dostum bunun icrası üçün kifayət qədər imkanlı adam idi. Layihəyə baxaraq memara dedi ki, hər şey yaxşıdır, lakin nəzərə al ki, bu yurdda ata-anamın, ulu babalarımın ruhu yaşayır. Bu yurda toxunsam, onların ruhları məni qınayar.

Yaşlı nəslin ən müqəddəs borcu gənc nəslə yurd, vətən, torpaq məhəbbətini təlqin etməkdir. Buna isə o zaman nail olmaq olar ki, gərək həm də yaxşı övladlar tərbiyə edib yetişdirəsən. Səlim müəllimin bir böyük uğuru da ondadır ki, rəhbərlik etdiyi məktəbin yüzlərlə məzunu ilə yanaşı, həm də hamıya örnək olacaq yaxşı övladlar yetişdirib. Kitabda övladlarının, nəvələrinin ona olan böyük məhəbbətinin ifadəsini görüb bundan nümunə götürməmək mümkün deyildir. Kitabda Səlim müəllimin fövqəladə yaddaş göstəricisinə görə yüzlərlə adamın adı çəkilir, onlara münasibət bildirir, dəyərli cəhətlərini təlqin edib ruhlarına işıq salır.

Onun çoxlu publisistik mətbu yazıları da bu kitabda özünə yer tapmışdır və onların da hər biri haqqında geniş söhbət açmaq olardı. Səlim müəllimin böyük xoşbəxtliyi bir də ondadır ki, gözəl qələm sahibidir və bu da onu pensiyaçılığında tənhalıqdan xilas edəcək bir vacib göstəricidir. O, elə bir zəngin həyat yaşamışdır ki, yəqin ki, xatirələri neçə-neçə belə kitablar yazmağa imkan verəcəkdir.

Səlim müəllim coşğun həyat eşqiylə yaşayan bir adamdır. Belə adamlar üçün yaş senzi yoxdur. Buna fəal həyat tərzi də qoşulduqda insan ömrünü uzadan qüdrətli bir stimul yaranır.

Bəli, Səlim müəllim, Sizin dediyiniz kimi Ağdamda – Novruzluda görüşmək arzusu ilə!

 

Sadıq MURTUZAYEV,

filologiya üzrə fəlsəfə doktoru,

“Qızıl qələm” mükafatı laureatı

525-ci qəzet.- 2011.- 20 dekabr.- S.4.