İnsan iradəsinin qələbəsi yaxudAkonkaqua gündəliyi

 

Bəşər tarixində insan iradəsi, insan dözümü barədə çox əsərlər yazılmışdır. Bunlar hər şeyə qadir olan insan dözümünün, insan iradəsinin qələbəsi kimi nəsillərdən – nəsillərə bir ərməğan tək çatdırılmışdır. Bunlar eyni zamanda insan qüdrətinin yenilməzliyinə, sarsılmazlığına dərin ehtiramın təzahürüdür. Kainatla bağlı tədqiqatlar, kosmosa yürüşlər, yeni qalaktikaların kəşfi və s. tarixi yeniliklər artıq insanları təəccübləndirmir.

Bu yaxınlarda maraqla oxuduğumAkonkaqua gündəliyi” (Cənubi Amerikada yerləşən And dağlarının ən yüksək zirvəsinə yürüş) kitabı məndə insan möcüzələrinə, insan marağının qələbəsinə inamı bir daha artırdı. Kitabın müəllifi respublikamızda uzun müddətdən bəri alpinist-dağçılıq idmanı ilə məşğul olan görkəmli ziyali, Ekologiya və Təbii Sərvətlər naziri, dağçılıq üzrə Elmi Ekspedisiyanın rəhbəri Hüseyn Bağırovdur. Kitab ilk Azərbaycan-Cənubi Amerika Elmi Ekspedisiyasının uğurlu səfərindən bəhs edir. (Bakı, “Ziya” nəşriyyatı, 2011; Baş redaktor Əli Həsənov, redaktor Sevda Mikayılqızı)

Kitab Azərbaycan HavaEkstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə dünyanın bir uca nöqtəsinə – And dağının zirvəsinə yüksəlişdən bəhs etməklə, ilk Azərbaycan-Cənubi Amerika Elmi Ekspedisiyasının Akonkaquada əldə etdiyi xarakterik məlumatlarla bərabər, həm də iştirakçıların, ilk növbədə müəllifin maraqlı müşahidə və təəssüratlarını geniş oxucu auditoriyasina çatdırır.

Kitabda ekspedisiya üzvlərinin çəkdikləri maraqlı ekskluziv fotoşəkillərdən geniş istifadə edilmişdir.

Bu səfərin məqsəd və vəzifələrindən bəhs edən müəllif yazır: “Səs-küyə səbəb olmuş AntraktidaErnest Heminqueyin məşhur etdiyi Kilimancoraya ekspedisiyamızdan sonra artıq bizim özümüz üçün də aydın idi ki, bununla bitməyəcək. Bilmirəm, niyə Akonkaqua üzərində dayandıq? Qabaqcıl ölkələrdə getdikcə daha da geniş yayılan dağçılıq (alpinizm) hərəkatının iştirakçıları üçün Akonkaqua çox məşhur dağ hesab edilməyinə baxmayaraq,bu dağın qərb və cənub yarımkürəsinin ən yüksək zirvəsi və dağçılar üçün arzu olunan bir yer olduğunu Azərbaycanda çox az sayda peşəkarlar bilir. Ordan-burdan oxuduqlarımızdan da bu dağın xüsusiyyətləri haqqında demək olar ki, ciddi bir məlumat ala bilməmişdik.

Ekspedisiyamızın təkcə idmanla bağlı olmadığını, həm də elmi-məzmun daşıdığını nəzərə alsaq, Cənubi AmerikaAnd dağlarını kiçikolsa, bir elmi proqramla əhatə etmək, azərbaycanlı mütəxəsislərin ilk dəfə olaraq bu ərazilərdə tədqiqat aparmaqları üçün şərait yaratmaq ideyası seçimdəki tərəddüdlərimizi azaltmışdı!”

Elmi ekspedisiya rəhbəri, dağçı müəllif Hüseyn Bağırov əldə etdiyi təəssüratlar əsasında ekspedisiyanın tərkibini müəyyənləşdirir. Azərbaycan HavaEkstrmal İdman Növləri Federasiyasının fəalı, dağçılıq məktəbinə rəhbərlik edən Aleksandr Nəcəfovu dəstəyə dəvət edir.

Müəllifin qeyd etdiyi kimi,hər bir dağçı-idmançı üçün belə bir ekspedisiyada iştirak etmək, sözsüz ki, unikal bir imkan olduğundan A.Nəcəfov da bu dəvəti böyük məmnuniyyətlə qəbul edərək,hazırlıq prosesinə qoşuldu.Vaxtilə elmi-ekspedisiya mərkəzi ilə sıx əlaqədə olmuş, müəyyən səbəblər üzündən bir müddət kənarda qalmış yaxşı fotoqraf, dağçı Emil Xəlilov da bu ekspedisiyada iştirak etmək üçün dəvət edilir.Dördüncü iştirakçı gənc geoloq Mir Bədəl Mir Həsənli oldu.

Əvvəlki ekspedisiyalarda,xüsusən Antarktida ilə bağlı ekspedisiyada bir sıra qüsurlar, kiçik epizodlar yaddan çıxmasa da, bu cür praktikanın qüsursuz olmadığı diqqətə çatdırılırdı. Tədricən praktikaya çevrilən bu hazırlıq prosesi də,hansısa müşahidəci psixoloq üçün maraqlı ola biləcək məqamlarla dolu idi.

Beləliklə,ciddi hazırlıq prosesi başlayır. Artıq 2009-cu ilin dekabr ayının əvvəllərində bütün ekspedisiya üzvləri lazım olan hər şeylə təmin olunmuşdu.

Akonkaquanın 7000 m-ə qədər yüksəkliyi olan bir zirvə və Sakit Okeandan cəmi 50-60 km məsafədə olduğunu nəzərə alaraq, ekspedisiya üzvlərindən iqlimə yaxşı uyğunlaşma prosesini keçmək tələb olunurdu. Bunun üçün də fürsət tapıb Qafqaz zirvələrinin birinə yürüş etmək qərara alınır. Bu, eksperiment kimi, Xınalıqdan Şahdüzünə olan məsafə seçilir. Bu təcrübi eksperiment uğurlu olur.

Kitab, ümumiyyətlə, yüksək elmi-təcrübi, dağçılıq peşəkarlığı səviyyəsində yazılmış, geniş müşahidələr, dözümlülük, hər çətinliyə cəsarətlə sinə gərmək baxımından insanlara təlqin ediləsi mərdlik simvolunu daşıyır.

Maraqlı bölmələrlə müxtəlif “macəralara”, daha doğrusu, möcüzəli, canlı həqiqətlərə söykənən hadisələr insan iradəsinin gücünü göstərir. Elə bu baxımdan kitabın “Dağların mistikası”, ”Mərdliyin uyuduğu qəmgin yer”, ”Argentina”, “Dağlara doğru”, “Akonkaqua cığırları ilə”, “Sonuncu rahat düşərgə-Plaza de Mulas”, “İlahi gücün köməyi ilə”, “Kanada düşərgəsi”, “Kondorlar yuvasına doğru”, “Axırıncı aşırımda ayrılıq”, “Varlığın son həddində”, “Aymaranin yeni sürprizi” , “Bura Akonkaquadır” və s. maraqla oxunur və maraqlı illüstrasiyalarla müşaiyət olunur.

“Mərdliyin uyuduğu qəmgin yer” sərlövhəli bölmə müəllifin həssas, qəmli duyğularla təsvir etdiyi, 200-dək dağçının müxtəlif illərdə həlak olduğu, simvolik məzar daşı və qəbirlərin toplandığı bir yerdir. Qəbiristanlığın ortasında 25-30 m hündürlüyündə, forması vulkana bənzəyən bir qaya yüksəlir. Qayanın zirvəsində metrə yarımdan bir az hündür olan, daşdanya betondan düzəldilmiş xaç qurulmuşdur. rəng ilə boyanmış xaçın üstündə son illər Akonkaqua dağına qalxarkən soyuqdan donmuşya qayalara qalxarkən həlak olmuş dağçıların ayaqqabıları asılmışdır. Məzar daşlarına həlak olanların adı, ünvanı, olum-ölüm tarixləri həkk olunmuşdur. Məzarlardan birinin üzərində V.Şekspirin sonetlərindən birindən götürülmüş sözlər həkk edilmişdir: “Əgər sən ölməlisənsə, onda qoy səni xırda tikələrə doğrasınlar, hər bir parçan bir ulduza çevrilsin və gecə səmasından cənnətə aparan yolu insanların qəlbində elə işıqlandırsın ki, onlarda qızmar günəşə sitayiş üçün yer qalmasın!”

Akonkaqua zirvələrinə – 7000 metrliyə qalxmağın çətinliyini,fiziki əzablarını göstərən müəllifin “Zirvədən 900 metr aşağıda” sərlövhəli bölmədən bir parçanı diqqətə çatdırmaq yaxşı olardı: “Buradan, cəmi 900 metrlik qət edərək Akonkaquanın zirvəsinə çatmaq olardı. Bir az istirahət etdikdən sonra düşərgəmizi qurmağa başladıq. Hərəkət etmək çox çətin idi. Bədənimiz elə bil ki, 2-3 dəfə ağırlaşmışdı. Hər addımdan sonra tənginəfəs olurdu insan. Bu yüksəklikdə artıq iqlimə uyğunlaşma, demək olar ki getmir. Burada sadəcə olaraq gecələmək, mümkün qədər tez zirvəyə doğru getmək və 5000 metrdən daha aşağı səviyyəyə düşmək lazım idi.”

Müəllif kitabın sonunda ekspedisiyanın tərkib prinsipləri, geyim və ləvazimatlar, dağ xəstəliyi və s. barədə öz məsləhət və tövsiyyələrini çatdırır. Argentinanın “Aymara” şirkətinin qeyri-məqbul, yarıtmaz, fəndgirlik işlərindən bəhs edir.

Ekspedisiyanın rəhbəri Hüseyn Bağırov sonda yazır: “Akonkaqua ekspedisiyası başa çatıb, üstündən zaman keçdikcə, hadisələrə daha sakit və soyuqqanlı baxmaq imkanı yaranır.

Ekstremal idman növlərinin inkişafı və bu növlərlə məşğul olanların sayının artması təkcə sağlam həyat tərzi deyil, bu həm də xalqın xüsusi bacarıq və xüsusiyyətlər tələb edən mürəkkəb işlərin öhdəsindən gəlmək qabiliyyəti deməkdir. Bu məzlumların, yazıqların işi deyil. Bu həyata da, ölümə də dik baxmağı bacaranların işidir.

İlahinin insanları, insaniyyəti yaradarkən onların qarşısına qoyduğu ən əsas vəzifə – varlığı dərk etmək vəzifəsinin yerinə yetirilməsində öndə getməkdir.”

 

Ağamusa ZEYNALOV,

BDU - jurnalistikanın nəzəriyyəsi və

təcrübəsi kafedrasının baş müəllimi

525-ci qəzet.- 2011.- 20 dekabr.- S.2.