Elman Abdullayev: “Bu il əldə olunan uğurlar Azərbaycanın 2012-ci ildə xarici siyasəti üçün böyük imkanlar açacaq

 

Müsahibimiz Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevdir.

Elman müəllim, başa çatmaqda olan 2011-ci il Azərbaycanın xarici siyasəti baxımından hansı hadisələrlə yadda qalacaq?

Bu il Azərbaycanın xarici siyasəti, diplomatiyası üçün doğurdan da əlamətdar bir ildir. Çünki Azərbaycan diplomatiyasının 20 il ərzində yorulmadan həyata keçirdiyi fəaliyyətinin artıq bu il bəhrəsini, nəticələrini gördük. Bunlardan ən vacibi şübhəsiz ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir. Çünki ölkəmiz ilk dəfədir belə mötəbər quruma üzv seçilib. Azərbaycan əvvəllər də bir neçə təşkilatda təmsil olunub, amma TŞ-a seçilmək çox əlamətdar bir hadisədir. O baxımdan ki, 193 ölkənin 155-nin səsini almaqla Azərbaycan dünya ictimaiyyətinin rəğbətini qazanmış, özünü etibarlı tərəfdaş kimi göstərmiş oldu. Bu prosesi üç mərhələyə bölmək istərdim. Birincisi, seçkiöncəsi mərhələdir ki, bu, Azərbaycan üçün heçasan mərhələ olmadı. Çünki Azərbaycan diplomatiyasının qarşısında bir sıra çağrışlar var idi, ən önəmlisi isə Azərbaycan Şərqi Avropa qrupundan seçilirdi. Bu qrup digərlərinə nisbətən ən ağır və rəqabətli bir qrup idi. Bizim rəqiblərimiz Sloveniya, Macarıstan Avropa İttifaqının üzvləridir. Aİ təbii ki, öz üzvlərinə dəstək verirdi. Buna misal kimi Fransanın daimi nümayəndəsinin səsvermə zamanı təklif verməsini qeyd etmək istəyirəm. O, Sloveniyanın məğlub olmasını görüb, növbəti turun keçirilməməsini dedi. Bir sıra məsələlər var ki, Azərbaycan artıq fərdi şəkildə dünya ölkələrinin rəğbətini qazanmışdı. Ona görə də böyük səs topladı. Bu seçki öncəsi mərhələyə aiddir.

Seçki isə mürəkkəb bir proses idi. 17 rayondan ibarət olan prosesdə səsçoxluğu ilə rəqiblərini geridə qoyaraq Azərbaycan Təhlükəsizlik Şurasına seçildi. Digər əlamətdar hadisə isə Azərbaycanın UNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə komitənin vitse-prezidenti seçilməsidir. Bu da çox əlamətdar hadisədir. Çünki beynəlxalq təşkilatlarda hər hansı bir rəhbər mövqelərə seçilmək böyük diplomatik səs tələb edir. Burada söhbət dəstəkdən, ayrı-ayrı ölkələrin etimadından gedir. Etimad üçün isə ölkənin müəyyən göstəriciləri olmalıdır. Çox qürur duyulasıdır ki, Azərbaycan artıq bu səsləri qazanıb bizi dəstəkləyən ölkələr var. Bu həm də o deməkdir ki, Azərbaycan özünü təsdiq etmiş ölkədir. Artıq bizim baxışlarımız regional çərçivədən daha geniş çərçivəyə sirayət edib.

Bu il ərzində Azərbaycan bir sıra beynəlxalq humanitar missiyalarda iştirak etdi. Burda insani yardımlardan söhbət gedir. Yəni Azərbaycan bir sıra ölkələrin qarşılaşdığı təbii fəlakətlərə, problemlərə biganə qalmadı və həmin ölkələrə humanitar yardımlarını göstərdi. Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 66-cı sessiyası çərçivəsində Afrika buynuzunda yerləşən ölkələrə həsr olunmuş konfransda iştirak etməklə Azərbaycanın həqiqətən də bu missiyada iştirakında qərarlı olduğunu nümayiş etdirdi. Bu o deməkdir ki, Azərbaycan hətta uzaq məsafədə yerləşən, münasibətlərimiz yüksək səviyyədə olmayan ölkələrə belə yardım edir. Yəni artıq məsafədən, əməkdaşlığın səviyyəsindən asılı olmayaraq biz yardım göstəririk. Bu həm də ona işarədir ki, Azərbaycan BMT TŞ-da üzvlüyü müddətində özü ilə bu təşkilata bir sıra məsələlər aparacaq. Bunların içində humanitar aspektlər, tolerantlıq, dinlər və mədəniyyətlərarası dialoq, multikulturalizm məsələsi var. Çünki bilirsiniz ki, Azərbaycan son 4-5 il ərzində bir sıra mühüm təşəbbüslərlə çıxış edib. Bunlar xüsusiylə multikulturalizmin, dinlər və mədəniyyətlərarası dialoqun təşfiqinə, mədəniyyətlətrarası dialoqun aparılmasında qadınların roluna yönəlib. Bu cür təşəbbüslərin həyata keçirilməsi, Azərbaycanın belə beynəlxalq tədbirlərə ev sahibliyi etməsi kimi məqamlar artıq ölkəmizin qlobal məsələlərə yaxınlaşdığını, onlara ciddi maraq göstərdiyini, bu proseslərin tərkib hissəsinə çevrilmək cəhdini nümayiş etdirir.

Digər bir nailiyyət Azərbaycanın Qoşulmama hərəkatına üzvlüyüdür. Bu təşkilatın əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın xarici siyasətində neytrallıq deyilən bir amil var. Əlbəttə ki, bu amil sözügüdən təşkilata üzvlüyümüzdə də özünü göstərdi. Belə ki, biz bu təşkilata qoşulmaqla hesab edirik ki, bu qurum Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında növbəti bir platformadır. Burda münaqişə, regionumuz, ölkəmiz haqqında dünya ictimaiyyətinə yetərincə məlumat verə bilərik. Hesab edirik ki, bu çox münasib bir platformadır. Çünki Qoşulmama hərəkatının 120 üzvü var. Əlbəttə ki, belə beynəlxalq təşkilatlarda Azərbaycanın rolu, iştirakı onun nüfuzunu qaldırır, imicinə müsbət təsir edir.

Bununla yanaşı, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığımız da qeyd olunmalıdır. Bura xüsusi ilə Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı, digər regional qurumlar, GUAM aid edilə bilər. Bu təşkilatlarla aparılan əməkdaşlıq Azərbaycanın milli maraqlarına söykənir.

İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanla bağlı iki istiqaməti var. Birincisi, qurumun işğal edilmiş ərazilərlə bağlı qətnaməsi var ki, bu da hər il yenilənir. Digəri isə Azərbaycana maddi yardımdır. Əlbəttə ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf edən dövlətdir, hətta biz özümüz yardım edirik. Amma bu, İƏT-in Azərbaycana olan diqqətidir. Gələn il GUAM-da Azərbaycanın sədrliyi başlayır, burda da müəyyən istiqamətlərimiz olacaq.

–Dağlıq Qarabağ münaqişəsinin nizamlanması baxımından bu ilə ümidlər daha çox idi. Amma bu il də hər hansı nəticə əldə olunmadı. Siz vəziyyəti necə dəyərləndirirsiniz?

–Düşünürəm ki, müxtəlif səviyyələrdə keçirilən görüşlərdə faydalı məqamlar çoxdur. Çünki bu görüşlər görüş xatirinə keçirilmir. Bu görüşlər problemin həllinə tapılmasına yönəlib. Düzdür, bu il ərzində Minsk qrupunun fəaliyyəti nəticə vermədi. Amma bir sıra məqamlar, istiqamətlər müəyyənləşdi. Məsələn, Vilnüsdə ATƏT XİN Şurasının sammitdə 5 ölkə tərəfində müştərək bəyannamə qəbul edildi. Orda ATƏT toplum olaraq bütün ölkələr adından münaqişənin həllinin Minsk qrupu vasitəsiylə bütün ölkələrin iştirakı ilə həyata keçirilməsi vurğulandı. Bu, tək bir ölkənin deyil, Minsk qrupu ölkələrinin fəallığının müşahidə olunması idi. Çünki hər hansı bir ölkə tərəfindən vasitəçiliyin aparılması müsbət haldır. Lakin Azərbaycan burada Minsk qrupunun bütövlükdə fəallığının tərəfdarıdır. Bilirsiniz ki, Minsk qrupu tərəfindən Afinada təklif olunan yenilənmiş Madrid prinsiplərinə dair Azərbaycan öz mövqeyini bildirib, təəssüf ki, Ermənistan hələ də öz mövqeyini bildirməyib. Ermənistan qeyri-konstruktiv addımlar atmaqla daha rahat bir mövqedə olduğunu nümayiş etdirməyə çalışır. Amma artıq Azərbaycanın yanaşması o qədər arqumentləşdirilmiş, aydın və əsaslandırılmış şəkildə dünya ictimaiyyətinə çatdırılır ki, biz ATƏT ölkələri prezidentlərindən, Minsk qrupunun həmsədrlərindən statuskvonin qeyri-məqbul olduğunu daha çox eşitməyə başlayırıq. Statuskvo nə deməkdir? Bu, işğaldır. Mənə elə gəlir ki, dünya ictimaiyyəti çox gözəll dərk edir ki, münaqişə həll edilməyənə kimi Cənubi Qafqazda inkişaf sual altında olacaq. Baxmayaraq ki, Azərbaycan sürətlə inkişaf edir, Gürcüstanın da inkişafına təkan verir, Türkiyə ilə əməkdaşlıq yüksək səviyyədə aparılır, amma ümumi regionun inkişafı əlbəttə ki, ləngiyir. Bu da məlum səbəblərə görədir. Hələ mən Ermənistandakı durumdan danışmıram. Bu ölkədə durum acınacaqlıdır. Ermənistan iqtisadi tənəzzül və demoqrafik böhran yaşayır. Hər il ölkəni 80-90 min nəfər tərk edir. Getdikcə aydın olur ki, Dağlıq Qarabağ regionu Azərbaycansız inkişaf edə bilməz. Çünki Azərbaycan bu gün güclü ölkəyə çevrilməkdədir. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür. Əlbəttə ki, bu vəziyyətdən bir çoxları narahatdır. Amma bu faktdır. Mənə elə gəlir ki, münaqişənin həlli ilə yanaşı Azərbaycanın güclü olmasına da ehtiyac var və Azərbaycan da getdikcə güclənməkdədir.

–2012-ci ildə Azərbaycanın xarici siyasətinin əsas proritetləri nədən ibarət olacaq?

–2012-ci il çox zəngin bir il olacaq. Eyni zamanda bu il əldə olunan uğurlar Azərbaycanın 2012-ci ildə xarici siyasəti üçün böyük imkanlar açacaq. Qeyd edilməlidir ki, yanvar ayından bizim TŞ-da üzvlüyümüz, GUAM da sədrliyimiz başlayır. Eyni zamandaAvroviziyayada hazırlıqlar başlayır. Düzdür, deyilə bilər ki, bunun diplomatiyaya aidiyyatı var. Amma bunun birbaşa diplomatiyaya aidiyyatı var. Çünki konsulluq, viza məsələləri, jurnalistlərin gəlişi- gedişi olacaq. Səfirliklərin fəallığı artacaq. Gələn il bizim bir sıra ölkələrlə ikitərəfli münasibətlərdə canlanma olacaq, Avropa İttıfaqı ilə əməkdaşlıq güclənəcək. Xüsusiylə enerji sahəsində Türkiyə ilə Azərbaycan arasında sənədlər paketinin imzalanması Azərbaycanın Avropa üçün əhəmiyyətini daha da artırdı. Azərbaycanın Avropa enerji təhlükəsizliyinin təmin olunmasında rolu daha da artdı. Bir sıra yüksək səviyyəli bəyanatlarda Azərbaycan Türkiyə arasında imzalanmış qaz alqı- satqısı tranzitlə bağlı sənədlər paketinin imzalanması yüksək dəyərləndirilib. Bu çox vacib məqamdır.

Bilirsiniz ki, Azərbaycanın xarici siyasəti ən vacib proritet ErmənistanAzərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə həll edilənə qədər bu əsas prioritet olaraq qalacaq. Digər prioritetlər sırasında isə beynəlxalq qurumlarla, xarici dövlətlərlə əalaqələrin gücləndirilməsidir. Bu aspektdə ölkəmizə artıq qlobal səhnəyə iddialı olan ölkə prizmasından baxmaq lazımdır. Təhlükəsizlik Şurasında üzvlük Azərbaycan diplomatiyası üçün yeni bir səhifə açacaq. Heç vaxt bu qurumda təmsil olunmamışıq. Təsəvvür edin ki, dünyanın siyasi mənzərəsini müəyyən edən TŞ-da 15 ölkədən biri cəmi 20 yaşı olan Azərbaycandır vacib qərarların qəbul olunmasında nəhəng ölkələrlə bərabər Azərbaycan da iştirak edəcək.

Azərbaycan iki dəfə bu qurumda sədrlik edəcək. Bu çox məsuliyyətli vəzifədir. Sədrlik o deməkdir ki, TŞ –nın gündəliyini müəyyən edirsən. Burda bir sıra məqamlar olacaq ki, Azərbaycan onları digər üzv ölkələrlə razılaşdırmalıdır. Yəni bu asan məsələ deyil. Bununla yanaşı TŞ-da komitələr var bu qurumun üzvləri həmin komitələrə sədr seçilirlər. Burda sədrlik edərkən istiqamətverici bir qüvvəyə çevrilirsin. Bu çox önəmlidir. Çünki Azərbaycan öz fikirlərini, ideyalarını TŞ-da reallaşdırıb, ölkənin imicinə öz töhfəsini verəcək. Ən önəmlisi isə gedən proseslərə töhfə verməkdir ki, bu da üzvlük xatirinə deyil.

 –Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri gələn il qurumun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə daha aktiv dəstək verəcəyini bəyan edib. Sizcə bu dəstək münaqişənin həllinə necə təsir edə bilər?

– Aİ- nin bu prosesdə yaxından iştirakının vaxtı çoxdan çatıb. Aİ-nin Ali nümayəndəsi Ketron Eştonon səfəri buna gözəl nümunə idi. Amma münaqişənin həllində maraqlı olmaq tək sözdə deyil, əməldə olmalıdır. Ermənistan xoş niyyətli olmağa vadar edilməlidir. Çünki münaqişənin həlli məhz Ermənistanın qeyri-konstuktivliyi ucbatından dalana dirənib. Azərbaycan dəfələrlə etimad təşəbbüslərini dəstəkləyib, tək sözdə deyil, əməldə münaqişənin sülh yolu ilə həllinin istədiyini göstərib. Avropa QHT-lərinin icmalar arasında görüşlə bağlı təşəbbüslərinə dair rəsmi İrəvanın mövqeyini hər kəs gördü. Buna qarşı çıxmaq o deməkdir ki, erməni tərəfi insanlar arasında təmasların aparılmasının tərəfdarı deyil. Ümidvarıq ki, Aİ bunları nəzərə alıb rəsmi İrəvana sözünü deyəcək. Aİ-nin Ermənistanın münaqişə ilə bağlı xoşniyyətli olması məsələsində rolu böyük ola bilər. Çünki Ermənistanın indiki mövqeyi münaqişənin sülh yolu ilə həllinə heç vəd etmir. Bu, destruktiv yanaşmadır. Ona görə bu məsələdə Aİ-nin mövqeyi çox önəmlidir. Münaqişənin həlli bütün region inkişafı üçün vacibdir. dərk edir ki, etimad tədbirləri necə aparıla bilər ki, orada işğalçı qüvvələr yerləşib. Düşünürük ki, 2012-ci ildə Aİ Ermənistana konkret mesajlar verməlidir.

 

PƏRVANƏ

525-ci qəzet.- 2011.- 20 dekabr.- S.5.