Qənirə Paşayeva “Onun Sevgi məktubları”nı
Yazıçılar Birliyində imzaladı
Dünən
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda
millət vəkili, yazıçı-publisist Qənirə
Paşayevanın “Onun Sevgi məktubları” kitabı
üçün imza günü keçirilib. Mərasimi Azərbaycan
Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş
redaktoru Rəşad Məcid açaraq, müəllifin ictimai
və ədəbi fəaliyyətindən, onun ədəbiyyata
və sözə dərin məhəbbətindən,
bağlılığından bəhs edib. Qənirə
Paşayevanın yeni əsəri haqqında fikirlərini
bölüşən Rəşad Məcid bu kitabın müəllifin
yaradıcılığının yeni cəhətlərinin
üzə çıxması baxımından da maraqlı
olduğunu vurğulayıb.
Qənirə
Paşayeva imza gününün keçirilməsinə təşəbbüs
göstərənlərə və tədbirin təşkilində
əməyi olanlara minnətdarlıq edib: “Bu təşəbbüsə
görə, Anar müəllim başda olmaqla,
Yazıçılar Birliyinin rəhbərliyinə, həmçinin
Rəşad müəllimə təşəkkürümü
bildirirəm. Bu təşəbbüsün
Yazıçılar Birliyindən gəlməsini mən
özümə olan böyük bir diqqətin təzahürü
hesab edirəm və bu diqqətə görə minnətdaram.
Rəşad Məcid Yazıçılar Birliyində əsasən
gənclərlə bağlı fəaliyyət göstərir
və məni də gənclər sırasına daxil etdiyi
üçün ikiqat şadam”.
Müəllif
“Onun sevgi məktubları” kitabının müəyyən qədər
təəccübə səbəb olduğunu dilə gətirib:
“Mənim indiyə qədər yazdıqlarım tarixi şəxsiyyətlərlə
bağlı, Azərbaycan həqiqətlərindən bəhs
edən kitablar olub. Amma sevgi üzərində qurulan roman
janrına indiyədək müraciət etməmişdim. Niyə
mən bu mövzuya və bu janra müraciət etdim? Bunun bir
neçə səbəbi var. Mən bu fikirdəyəm ki,
indi biz gərgin bir dünyada yaşayırıq.
Dünyanın hər yerində müharibələr, münaqişələr,
təbii fəlakətlər böyük bir gərginlik
yaradıb və bu gərginliklər hamımızın həyatına
müdaxilə edir. Mənim fikrimcə, həmin gərginliklərin
səbəblərindən biri də insanların içərisində
sevginin əskilməsidir. Düşünürəm ki, içərisində sevgi
olan birisi pis insan ola bilməz. Ona görə də hesab edirəm ki, bu gün
mümkün qədər
sevgidən yazmaq lazımdır. Bu kitabda mən sevginin insanı necə ucaltdığını
göstərmək istəmişəm.
Çox
istərdim ki, gənclər bu kitabı iki insanın bir-birinə olan sevgisi kimi
yox, onun içərisindəki daha
dərin mənaları
kəşf edərək
oxusunlar”.
Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov Qənirə Paşayevaya qurumun rəhbəri Anarın adından təbriklərini
çatdırıb və
gül dəstəsi təqdim edib.
Daha sonra gənc yazar Pərvin, professor Qəzənfər Paşayev,
kulturoloq Aydın Xan və digər
qonaqlar kitab haqqında fikirlərini bölüşüb, müəllifi
uğurlu əsərə
görə təbrik ediblər.
Tədbirin sonunda Qənirə Paşayeva kitabının
nüsxələrini oxucular
üçün imzalayıb.
GÜNEL
525-ci qəzet.- 2011.- 21 dekabr.- S.7.