İstanbulda azərbaycanlı rəssamın
sərgisi açılıb
İstanbulun Vakıfbank qalereyasının sərgi salonunda azərbaycanlı rəssam Ədalət Qaranın fərdi sərgisi açılıb. Sərgidə rəssamın son illərdə yaratdığı yağlı boya tabloları nümayiş etdirilir. Türkiyədə modern rəsmin önəmli nümayəndələrindən biri kimi tanına Ədalət Qaranın sərgisinə ölkənin sənət ictimaiyyəti yaxından maraq göstərib. Ədalət Qara sərgi ilə bağlı APA-ya açıqlama verib: ”Əsərlərimin sənət dilini anlamaq üçün rəssamlıqdakı müasir nəzəriyyələrdən də xəbərdar olmaq lazımdır. Mənim mövzularımın mərkəzində həmişə ana vətənim vardır. Hər sənətçinin mövzuya öz baxış bucağı olduğu kimi, mən də ölkəmin məsələlərinə öz nöqteyi-nəzərimdən baxır və onu öz üslubumda ifadə edirəm. Dünyanın hansı ölkəsində yaşayıb-yaratmasından asılı olmayaraq, doğma vətən mövzusu sənətkarın əsərlərinin ana damarını təşkil etməlidir”.
1950-ci ildə Ağsu rayonunda anadan olan Ədalət Qara Əzim Əzimzadə adına Bakı rəssamlıq məktəbini və Lvov rəssamlıq akademiyasını bitirib. Yaradıcılıq işlərini 1996-cı ildən bəri Türkiyədə davam etdirən sənətkarın dünyanın bəzi ölkələrində fərdi sərgiləri açılıb. Rəssam bir çox qrup sərgilərdə də iştirak edib. İstanbulun 4 sənət emalatxanasında rəsm dərsi keçən Ədalət Qara böyük şirkətlərin sifarişləri ilə divar lövhələri, şüşə və mozaika işlərinə də imza atır.
525-ci qəzet.-
2011.- 21 dekabr.- S.7.