Ağrılı suallarla dolu bir roman
...Bir
roman oxudum. Elə bir mövzu qoyulub ki, sadəcə
oxuyub keçmək mümkün deyil. Başdan-ayağa
sualdı bizim üçün. Məncə,
romanı oxuyarkən bu suallar qəlbində əks-səda
verməyən oxucu- vətəndaş yəqin ki, onu
oxumağa davam edə bilməz. Nədən
ki, bu bir məcəra, adi bir mövzu deyil, bizim yaralı
yerimizdi. Düşmən tapdağında
tapdanan yurd yerlərimiz kimi ağrılı məsələdi.
Düşmən sadəcə
çölümüzdə deyil, içimizdə o qədər
yeddibaşlı əjdahaya bənzər düşmənlərimiz
var ki, onlar hər cür alçaqlıqla millətimizi
içindən parçalamağa, didməyə
çalışır. Özü də bu “ doğma” düşmən zəhərli
gülləsini qəlbimizin ən incə nöqtəsinə
elə tuşlayıb ki, daha belə cinayətləri sirr kimi
saxlamaq, onu nəyəsə görə gizlətmək bizim
ziyanımızadı. Bir də hərbi hissələrdə
əsgərin ölümü, özbaşınalıq, hərc-mərclik
halları belə kütləvi bir hal alırsa onda buna göz
yummağın özü həm də bir haqsızlıq, ədalətsizlikdi.
Axı xalqı nə qədər “əsgərin
nişanlısının onu atmasına görə
havalanması” kimi mənasız uydurmalara inandırmaq olar?...
Elə qələmin
də vəzifələrindən biri haqqı-həqiqəti
söyləməkdi və o qələm də öz sahibinin əlində
olanda o yazı sözün həqiqi mənasında dəyərli
bir yazı olur...
Bəli, söhbət Vətənə dayaq olan əsgərlərimizin
həyatından, onların həyatına qəsd olan bəzi
hərbi hissələrimizdən gedir. Göründüyü
kimi yazıya elə başladım ki, sanki söhbət bir əsərdən
deyil, elə həyatın özündən, konkret faciəmizdən
gedir. Beləliklə, “Azərbaycan”
jurnalının 11-ci sayında özünə, sözünə
böyük hörmət bəslədiyim
yazıçı-publisist Aqil Abbasın “Allahı qatil edənlər”
romanını belə bir həyəcanla oxudum.
Əsərdə bir hərbi hissədə baş verən
dəhşətli hadisələrdən söhbət
açılır. Təkcə 6-7 ay ərzində bu hərbi
hissədə üç ağır cinayət hadisəsi
baş verib. Analar ağlar qalıb,
ümumiyyətlə insanların ürəyində çoxlu
suallar yaranıb. Ancaq bu cinayətləri
törədən rütbəlilər kimlərəsə, nəyəsə
görə cəzasız qalıb. Çox
cəsarətlə həqiqəti söyləyən və məsələnin
kökünü açmağa çalışan müəllif
bu romanla hərbi hissələrimizdə hələ bu olanlardan
da dəhşətli hadisələrin baş verdiyindən xəbər
verir. Yəqin dilə, sözə gitirilməsi utanc olan
müsibətlər də var. Hələ biz polkovnikin əsgəri
necə təhqir etməsindən belə təsirlənirik...
...Çox
ağrılı məsələdi. Bir yandan
torpaqlarımız igid oğullarını gözləyir, o
biri yandan bu yolları bağlayan milli ruhu olmayan rütbə
sahibləri vətənpərvər oğulların
qarşısını kəsir, onları sındırır,
müti olmağa sövq edir. Bir yandan da
analarımızın ürəyinə oğul dağı
çəkilir Özü də necə ağır bir
dağ. Ana heç vaxt özünü
inandıra bilmir ki, onun övladı Vətən xaini olar.
Doğrudan da ali təhsilli,
hüquqşünas, aspirant, həm də Vətəni sevən,
qeyrətli bir oğul heç nədən necə ağır
bir cinayət törədə bilər? Ana suallar içində
qovrulur və onu yandıran odur ki, oğlu düşmənlə
üz-üzə vuruşub şəhid olmaq əvəzinə
“doğmalar” əlində üstündə də bir damğa
həlak olub...Amma onun övladı həqiqi bir qəhrəmandır
və ana bunu qəlbinin dərinliklərində hiss edir...
Əsərdə rütbəsi olsa da təsadüfi,
öz yerində olmayan adamlar çoxluq təşkil etsə də
arada vətənpərvər hərbçilərə də
rast gəlmək olur. Müəllifin özü də sanki bu
adamlar arasındadı və biz onun səsini duyur, söylədiklərini
eşidirik. Onun arzuları, törpaq həsrəti
və haqq-ədalət uğrunda mübarizəsi elə Qərargah
rəisinin söylədiklərindən də məlum olur.
... “Qərargah
rəisi qalxdı ayağa, pəncərəni açdı, həyətdə
təlim keçən əsgərlərə xeyli baxdı,
dağlara baxdı, bu dağların o üzündə
doğulduğu, indi isə həsrətində
qaldığı kəndlərini xatırladı, bir siqaret
yandırdı:
– Bilirsən,
dostum, biz bu Vətəni, o görünən dağları,
meşələri, göy üzünü, bu dağların
bulaqlarını, quşlarını da əsgərlərə
etibar etmişik. Bu dövlət də, bu millət
də əsgərləri bizə etibar edib. Əgər biz bu əsgərləri qoruya bilmiriksə,
deməli bu Vətəni də, o dağları, o meşələri,
o göy üzünü də qoruya bilmirik. Yəqin bilirsən son altı-yeddi, nə bilim, səkkiz
ayda bu hərbi hissədə neçə ölüm hadisəsi
baş verib. Bunlara görə ən
azı Komandir vəzifədən götürülməliydi,
mən də cəzalanmalıydım. Nə
oldu? Kim cəzalandı? Taqım komandiri, batalyon komandiri, uşaq-muşaq.
Bu hadisələr elə-belə baş verməmişdi
ha. Hamıya ruhi xəstə diaqnozu qoyub
işləri bağlayıb atdılar arxivə. Çox cəsarətli bir müstəntiq vardı,
arada o yazıq yandı, orqandan xaric etdilər. Mən o uşaqların dəfnində iştirak eləmişəm.
Mən o valideynlərin gözlərinə baxa
bilməmişəm. Onlar
övladlarını mənə etibar etmişdilər. Mən onların övladlarını qoruya bilmədim!”
Əsərin baş qəhrəmanı, ağlı, zəkasıyla
“Akademik” adını qazanmış milli qürurla hərbi
xidmətə yollanan gənc aspirantdır. Böyük arzularla hərbi
xidmətə başlayan “Akademik” tezliklə hərbi hissədə
baş verən hadisələrdən, əsgərlərə
xoşagəlməz münasibətdən, hərbçilərə
villa, ev, tualet tikməkdən bezir və
lazımi orqanlara şikayət edir. Artıq vəziyyət
o həddə çatır ki, o öz fikirlərini əsgərlər
arasında açıq-aşkar heç kimdən çəkinmədən
söyləyir və bu da onun tez-tez cəzalanmasına səbəb
olur. Ancaq o, nə hərbi hissəyə gələn
yalançı komissiyalardan, nə də çəkdiyi cəzalardan
usanır. Elə dediyini deyir: “ Qardaşlar,
biz bura Vətəni qorumağa gəlmişik, komandirə fəhləlik
eləyib gün keçirməyə yox! Evə
dönəndə sevdiyiniz qızlara, analarınıza, balaca
bacı-qardaşlarınıza nə deyəcəksiz? Nə ilə lovğalanacaqsız? Sement qarışdırmağınızla, daş
daşımağınızla?! Yoxsa
axşamlar ucuz araqlardan içib şellənməyinizlə?
Sizi bilmirəm, mən daha heç kimə
nökərçilik edən deyiləm. Sizə də məsləhət
bilmirəm...” Beləcə komandirlə əsgər
arasında olan münasibətlər getdikcə gərginləşir.
İş o həddə çatır ki,
polkovnik də məsələyə qarışır. Akademiki bu yoldan qaytarmağa çalışır.
Amma onu nə qədər döysələr də,
qauptvaxta salsalar da, yenə öz bildiyini edir. “Məni sındıra bilməyəcəksiz.
Döysəniz də, söysəniz də, həftədə
bir dəfə bura salsanız da sındıra bilməyəcəksiz...”
Amma hər şey başqa cür olur, onu öldürsəydilər,
bundan yaxşıydı...
“Ayıldı, amma xeyli vaxt özünə gələ
bilmədi. Nə etməli? Qarşıda
düşmən, onu öldürə biləcək,
anasını, sevgilisini gözüyaşlı qoya biləcək
bir düşmən. Arxada da onu təhqir edən, onu
alçaldan, öldürüb daha xoşbəxt edə biləcəyi
halda üzünə işəyən əmisioğlu, dayısıoğlu,
qardaşı...
Özünü öldürmək istədi,
özünü öldürmək onun
düşündüyü qədər də asan
deyilmiş...Bəlkə cəbhə xəttini keçsin, onu
vursunlar. Amma
vurmaya da bilərdilər, onu əsir götürə bilərdilər...”
Onu elə
bir həddə çatdırdılar ki, batalyon komandirini,
üç əsgər yoldaşını və
özünü bir anın içində öldürdü...
və beləcə hərbi hissənin adına
daha ağır bir cinayət yazıldı, bir igid oğul
itirdik, bir ana ağlar qaldı, bir qız sevgisinə sadiq
qalıb özünü vurdu...Məgər o oğul bizim
ovladımız, o ana bizim anamız deyilmi?
...Kriminalistin
“fikirləşməkdən başı şişmişdi,
bundan da ağır cinayətləri araşdıranda bu qədər
çətinə düşməmişdi.
Ortada Polkovnikdən intiqam almaq istəyən insanlar
vardı, at vardı, iki güllə, bir giliz vardı. Hərbi hissədən
meşə yolu ilə bir saatlıq məsafədə bir kənd
və bu kənddə polkovnikdən intiqam almaq
üçün alışıb-yanan Akademikin ailəsi
vardı, quşu gözündən vuran atası,
desantçı qardaşı, dişi aslana dönmüş
anası, bir də sevgisi, sevinci ürəyində qalan, gecələr
məzar üstündə ağlayan bir qız...Və
naşı bir qatil...”
...Əsər o qədər real və təsirlidir ki,
ondan sonra nəsə deməyə çətinlik çəkirsən
və yenə də müəllifin fikirləri sənin
köməyinə gəlir. “...Ölmək onun üçün
dəhşətli bir şey deyildi, bir gün doğulan bir
gün də...beş il tez, on beş il
gec, heç nə dəyişmirdi. Şirəli
Müslümov 167 il
yaşamışdı, Cəmil Əhmədov 18...Biri cəmi
18 ilə adını tarixə millətin qəhrəmanı
kimi yazdırmışdı, biri çoxyaşayan kimi... Mənasız insanların sevgisi ilə çox
yaşamaqdansa, Tanrının sevimlisinə çevrilib cavan
ölməyi üstün tutan tək-tək insanlardan idi.”
Məncə, nə qədər içimizdən,
çölümüzdən onu vurmağa
çalışsalar da, qəhrəmanlıq bu xalqın
ruhundadı, elə yaşadığımız Qarabağ
müharibəsində “Akademik” kimi qəhrəman
oğullarımız azmı olub? Odur ki,
torpaqlarımız uğrunda mübarizəyə,
döyüşə hazır olan belə oğulları
qoruyaq. Hərbi xidmətin köləlik deyil, bir
kişilik məktəbi olduğunu unutmayaq! Elə Aqil Abbas
“Allahı qatil edənlər” romanında bunu deyir, özü
də təkcə eşidənlərə yox, rəhmətlik
Mirzə Cəlil demiş, həm də eşitməyənlərə...
Mina RƏŞİD
525-ci qəzet.-
2011.- 21 dekabr.- S.7.