Görkəmli mətbuat xadimi Nəsir İmanquliyevin 100 illiyi ilə bağlı elmi konfrans keçirilib

“NƏSİR İMANQULİYEV AZƏRBAYCAN MƏTBUATININ, JURNALİSTİKASININ İNKİŞAFINDA XÜSUSİ ROLU OLAN DƏYƏRLİ TARİXİ ŞƏXSİYYƏTDİR”

 

Dünən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında görkəmli jurnalist, ustad redaktorpedaqoq Nəsir İmanquliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar elmi konfrans təşkil edilib. Konfransı giriş sözü ilə kitabxananın direktoru Kərim Tahirov açaraq, N.İmanquliyevin həyat və fəaliyyətindən danışıb. Bildirib ki, bugünkü Azərbaycan jurnalistikasının formalaşmasında N.İmanquliyevin xidmətləri əvəzsizdir. Onun sözlərinə görə, SSRİ dövründə milli jurnalistika məktəbinin formalaşmasında, gənc jurnalistlərin yetişməsində özünəməxsuz rol oynamış N.İmanquliyev böyük çətinliklər bahasına cəmiyyətin maariflənməsinə, eyni zamanda mətbuatın inkişafına öz töhfələrini verib: “Bu günlər Azərbaycanda çox əlamətdar bir yubiley qeyd olunur. Ömrünü mətbuatımıza fəda eləyən görkəmli jurnalist-alim, həyatda öz yeriizi, məktəbi olan müdrik bir insanın 100 illik yubileyi bayram edilir. Nəsir müəllim gözəl insan, gözəl alim olmaqla bərabər, öz ürəyini məşəl eləyib Azərbaycan jurnalistikası, Azərbaycan mətbuatı yolunda əridən kamil bir şəxsiyyət idi. Sevindirici haldır ki, onun gördüyü işlər, həyata keçirdiyi tədbirlər, yetişdirdiyi ziyalılar bu gün də yaşayır. Bu isə onu deməyə əsas verir ki, Nəsir İmanquliyev öz əməllərilə əbədiyyət qazanıb. Azərbaycan mətbuatının saxlanc yeri, arxiv fondu olan bir müəssisə, elm məbədi sayılan Milli Kitabxana da bu amili nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə belə bir tədbir keçirməyi qərarlaşdırıb. Biz Milli Kitabxana olaraq onun xatirəsinə həsr olunmuş sərgi də təşkil eləmişik. Eyni zamanda görkəmli alimin bütün fəaliyyətini özündə əks etdirən elektron məlumat bazası hazırlamışıq. Burada alimin öz əsərləri ilə yanaşı, onun haqqında yazılan əsərlər, elmi araşdırmalar, görkəmli şəxsiyyətlərin Nəsir İmanquliyev haqqında fikirləri, ədibin ailə şəkillərinin qalereyası, səsinin yazıldığı lentlər, Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Mətbuat fədaisi” verilişi, unudulmaz sənətkara həsr olunmuş silsilə radio verilişləri yerləşdirilib. İnanıram ki, bütün bunlar gənc nəsildə Nəsir İmanquliyev haqqında hərtərəfli fikir formalaşmasına yardımçı olacaq”.

K.Tahirov çıxışını başa vurduqdan sonra konfransı idarə etmək üçün Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə söz verib. R.Məcid görkəmli ictimai xadim, jurnalistikamızın patriarxı N.İmanquliyevin 100 illik yubiley tədbirlərinin keçirilməsi ilə bağlı sərəncam imzaladığına görə Prezident İlham Əliyevə minnətdarlığını ünvanlayıb və belə bir sanballı tədbirin aparıcılığını ona həvalə etdikləri üçün konfransın təşkilatçılarına təşəkkürünü bidirib. Onun fikrincə, prezidentin bu sərəncamı jurnalistikamıza, mətbuatımıza, onun tarixinə verilən yüksək dəyərin daha bir təzahürüdür. Sonra R.Məcid N.İmanquliyevin ömür və fəaliyyət yolu barədə geniş məlumat verib: “Nəsrulla Əsəd oğlu İmanquliyev 22 dekabr 1911-ci ildə Bakıda sadə bir ailədə anadan olub. Onun mətbuatdakı ilk çıxışları tələbəlik illərinə təsadüf edib. Balaxanı Sabunçu Mədənində usta köməkçisi işlədiyi və Neft Texnikumunda oxuduğu vaxtlardaKommunist”, “Yeni yol”, “Gənc işçi” qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. 1942-ci ildə siyasi işçi kimi Böyük Vətən Müharibəsinin Krım cəbhəsinə göndərilib. Burada o, “Döyüşən Krım” qəzetində məsul katib və hərbi hissədə tərcüməçi kimi fəaliyyət göstərib. Bir il sonra arxa cəbhəyə göndərilərək “Kommunist” qəzetində məsul katib işləyib və vətənpərvər ruhlu çoxsaylı yazılarla çıxış edib. 1947-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb, eyni zamanda universitetin filologiya fakültəsində təhsilini davam etdirib. Təxminən 50 ildən artıq bir müddətdə Azərbaycanda jurnalist kadrların yetişdirilməsinə böyük əmək sərf edib. Tale elə gətirib ki, mən də onun tələbəsi olmuşam və indiyədək onun ağayana, təmkinli davranışları, əsl müəllim obrazı gözlərimin önündən getmir. Nəsir İmanquliyev ötən əsrin 60-90-cı illərində mətbuat tarixində böyük rol oynamış “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı və 30 ildən artıq baş redaktoru olub. Ustad jurnalistin bu nəşrə gətirdiyi yeniliklərlə Azərbaycanda azad sözə, sərbəst fikrə daha çox yer ayırıb və oxucuları daim yeni informasiyalarla təmin edib. Qəzetin səhifələrində paytaxtın gözəlliyi, yenilikləri ilə yanaşı, şəhərdə həlli vacib məsələlər də geniş şəkildə işıqlandırılıb. Bu qəzetdə yaradıcı insanlara geniş meydan verilib. Qəzetin həmmüəllifləri simasında Azərbaycanın bütün sahələrində fəaliyyət göstərən korifeylər çıxış ediblər. O illərdə axşam qəzeti olan “Bakı” gənc ədiblərin yazılarını dərc etməsi və milli ruhlu ədəbiyyatın inkişafına təkan verməsi baxımından digər qəzetlərdən fərqlənib. İndi tanıdığımız bir çox görkəmli yazıçılar öz gənclik dövrlərinin məhsullarını “Bakı” qəzetində dərc etdiriblər. Bu mətbuat orqanının səhifələrində bir neçə ədəbi nəslin tanınmış nümayəndələri öz yazıları ilə çıxış ediblər. “Bakı” qəzetinin fəaliyyətindən biz də nümunə götürürükbu mənada hesab edirəm ki, qəzetin ənənələri indi də yaşamaqdadır”.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, maraqlı və mənalı həyat yolu keçən N.İmanquliyev ömrü boyu qarşısına ülvi məqsədlər qoyubonlara böyük əzmlə nail olub: “Görkəmli alimin çoxsaylı xidmətlərindən biri də Azərbaycanda böyük jurnalistika məktəbi yaratmasıdır. Nəsir İmanquliyev Azərbaycan Dövlət Universitetində jurnalistikadan dərs dediyi illərdə qəzetçilik sahəsindəki şəxsi təcrübəsini bölüşüb, informasiyanın operativ, dəqiq və lakonik şəkildə çatdırılması yollarını tələbələrinə məharətlə öyrədib. İstedadlı, yaradıcılıq qabiliyyətinə malik jurnalist tələbələrin “Bakı” qəzetində işlə təmin olunmasına köməklik göstərib. O dövrdə Nəsir İmanquliyevin rəhbərlik etdiyi qəzetləri köşklərdə tapmaq olduqca çətin idi, çünki informasiyanın çatdırılması baxımından irəlidə gedən, müxtəlif yenilikləri özündə əks etdirən, ziyalıların tribunasına çevrilən bu qəzet hamı tərəfindən sevildiyinə görə çox tez alınırdı. Nəsir müəllim peşəkar jurnalist kadrları ilə yanaşı, əsl Azərbaycan vətəndaşları da yetişdirirdi. Bunu onunla çiyin-çiyinə çalışan insanlar, eləcə də tələbələri bu gün də təsdiqləyə bilərlər”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar gənclik illərində “Bakı” və “Baku” qəzetlərində silsilə yazılarının dərc olunduğunu xatırladaraq, N.İmanquliyevin hər bir gəncin müraciət edə biləcəyi xeyirxah bir insan, sözün əsl mənasında ağsaqqal olduğunu vurğulayıb: “Nəsir İmanquliyev mənim atamla cəbhə dostu olub. Hər ikisi Krım cəbhəsində ordu qəzetində çalışıblar. O zaman ordu qəzetinin Azərbaycan bölməsinə bizim məşhur teatrşünas, ədəbiyyat tənqidçisi Cəfər Cəfərov rəhbərlik edirmiş. Əməkdaşları isə Rəsul Rza, Nəsir İmanquliyev, Abbas Zamanov, Əli Vəliyev və İbrahim Novruzov olublar. Bu adamların cəbhə dostluğu barədə xoş xatirələr var. Çox illər sonra Cəfər Cəfərova çox çirkin bir böhtan atmışdılar. Guya o, həmin illərdə ordudan yayınmaq, fərarilik eləmək istəyib. Halbuki Krımdan bizim qoşunlar çıxanda o, axıradək dayanıb, sonuncu adama kimi öz işçilərinin geri qayıtmasını təşkil edib . Cəfər Cəfərova iftira atılan zaman onun müdafiəsi məqsədilə birgə çalışdığı adamlar müxtəlif yazılarla çıxış edirdilər. Həmin yazılara ilk imza atanlardan biri də Nəsir İmanquliyev idi. Bu faktın mənim üçün çox böyük əhəmiyyəti var. Çünki yaxşı günün dostları çox olsa da, pis gündə kiməsə arxa durmaq, kimisə müdafiə edib onun haqq işinə dəstək vermək xeyli çətindir, hər insanın işi deyil. Nəsir müəllimlə qiyabi surətdə çoxdan tanış olsam da, onunla münasibətlərim “Bakı” qəzetində işləyərkən yarandı. Hər zaman onun qayğıkeş münasibətini görmüşəm, “Bakı” qəzetində bir çox yazım işıq üzü görüb. Nəsir müəllimin bir redaktor kimi şəxsən mənim həyatımda oynadığı rol birbundan ibarət olub ki, redaksiyaya göndərdiyim yazıların heç birinə hər hansı müdaxilə və əlavə etməyib. Nəsir müəllim, yaşından asılı olmayaraq, yaradıcı insanların özünə və yazısına hörmət edirdi. Məhz buna görə də “Bakı” qəzeti həmin dövrdə digər mətbuat orqanlarından fərqli imicə malik idi. Şübhəsiz, bu, Nəsir müəllimin əməyinin nəticəsi idi. Onunla son görüşümüz kədərli notlarla bağlıdır. Axırıncı dəfə Nəsir müəllimi küçədə gedərkən gördüm. Həmin vaxt onun həyatının çox ağır dövrü idi. Mən ondan hal-əhval tutub vəziyyətini soruşduqda, “qocalıq pis şeydir” – deyə cavab verdi. Onun bu sözləri hələ də qulaqlarımdadır. Bu sözləri mən indi daha tez-tez yada salıram. Çünki artıq özümo yaşa çatmışam”.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov N.İmanquliyevin elmi-pedaqoji, həmçinin bir qəzet redaktoru kimi fəaliyyətindən danışaraq, onun öz dövrünün bir çox jurnalistləri üçün yüksək nümunə olduğunu söyləyib. Ə.Amaşov N.İmanquliyev nümunəsinin bu gün də yaşadığını vurğulayaraq, bildirib ki, gənc jurnalistlər bu irsi öyrənməli və yaşatmalıdırlar: “Nəsir İmanquliyev Azərbaycan jurnalistikasının inkişafında xüsusi rolu olan dəyərli tarixi şəxsiyyətdir. Nəsir müəllimin yaratdığı və uzun müddət rəhbərlik etdiyi “Bakı” və “Baku” qəzetləri nəinki Azərbaycanda, eləcə də bütün sovetlər məkanında diqqət mərkəzində olan mətbuat orqanlarından biri sayılıb. Bu qəzetlər istər hadisələrə baxış bucağı, operativ yanaşma baxımından, istərsə də dizayna görə hər zaman digər mətbuat orqanlarına örnək olub. O zaman Moskvada ali təhsil alırdım. Mənim üçün fərəhli məqam ondan ibarət idi ki, bizim dərslərdə, oxunan mühazirələrdə bu qəzetlərin fəaliyyəti ilə bağlı məqamlar da yer alırdı. Nəsir müəllim həmin qəzetlərlə özünün jurnalistika məktəbini yaratmışdı. O həm jurnalistika fakültəsində dəsr deyirdi, həm də bu qəzetlərə baş redaktorluq edirdi. Bu qəzetlər onun ikinci məktəbi idi. O, jurnalistika fakültəsinin istedadlı, yaradıcılığa meyli olan tələbələrini “Bakı” qəzeti ilə əməkdaşlığa dəvət edirdi. Nəsir müəllim sözün əsl mənasında ziyalı idi”.

Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev N.İmanquliyevin BDU-nun fəxrlə xatırlanan pedaqoqlarından biri olduğunu bildirib. Qeyd edib ki, Nəsir müəllim öz tələbələrinin həm nəzəri, həm də praktik cəhətdən inkişaf etməsinə diqqət yetirib, onlara tələbkarlıq və qayğıkeşliklə yanaşıb.

Millət vəkili Elmira Axundova hazırda “Bakı” qəzetinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən maliyyələşdirildiyini, lakin bu qəzetin ziyalıların dəstəyinə ehtiyacı olduğunu diqqətə çatdıraraq deyib ki, RusiyadaLiteraturnaya qazeta” 200 il yaşadıldığı kimi, “Bakı”nın da daim diqqət mərkəzində qalması üçün addımlar atılmalı, həmçinin “Bakı”nın ilk səhifəsində qəzetin təsisçisi N.İmanquliyevin profili də əks olunmalıdır. Onun sözlərinə görə, N.İmanquliyevin rəhbərlik etdiyi “Bakı” qəzeti o dövrün gəncləri tərəfindən ən çox oxunan və izlənən 2-3 qəzetdən biri olubbu qəzet ciddi məsuliyyətlə, yüksək peşəkarlıqla nəşr edilib.

N.İmanquliyevin tələbəsi olmuş və 17 ilə yaxın onun rəhbərliyi altında çalışmış jurnalist Zemfira Məhərrəmli ustadı ilə bağlı xatirələrini bölüşüb. O bildirib ki, N.İmanquliyev rəhbərlik etdiyi “Bakı və “Baku” qəzetlərinin əməkdaşları ilə yaxın dostluq münasibəti qurur, onların püxtələşməsi üçün əlindən gələni edirdi.

Konfransda millət vəkilləri, professor Nizami Cəfərov, xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Dövlət Teleqraf Agentliyinin baş direktoru Aslan Aslanov, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov və başqaları da çıxış edərək, görkəmli jurnalist, ustad redaktorpedaqoq Nəsrulla İmanquliyevin fəaliyyəti barədə fikirlərini bölüşüblər.

Konfransın sonunda Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev çıxış edərək, Prezident İlham Əliyevin sərəncamı ilə N.İmanquliyevin yubileyinin dövlət səviyyəsində qeyd olunmasını çox əlamətdar hadisə kimi qiymətləndirib. O, konfransın təşkilatçılarına və görkəmli alim barədə çıxış edənlərə minnətdarlığını bildirib, N.İmanquliyevlə bağlı xatirələrini bölüşüb. Arif Paşayevin fikrincə, bu tədbir bir daha sübut edir ki, Azərbaycan xalqı öz keçmişini, tarixi şəxsiyyətlərini unutmur, ömrünü xalqına, ölkəsinə həsr etmiş insanları daim ehtiramla yada salır: “Mən çox sevinirəm ki, bu gün yeni nəslin nümayəndələri də Nəsir İmanquliyevin xidmətlərini dəyərləndirir və onun fəaliyyətini mümkün qədər dərindən öyrənib nəticələr çıxarmağa çalışır”.

 

Rufik İSMAYILOV

 525-ci qəzet.- 2011.- 21 dekabr.- S.6.