Elçin Hüseynbəylinin 50 yaşı
qeyd olundu
Dünən Azərbaycan Yazıçılar Birliyində yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin 50 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbiri açan AYB-nin sədri, xalq yazıçısı Anar Elçin Hüseynbəylinin son illərdə Azərbaycan ədəbiyyatına tövhələr verən çox istedadlı bir nasir, dramaturq olduğunu bildirib: “Onun həm müasir həyatdan götürərək qələmə aldığı romanları, həm də tarixi romanları son illərin məhsullarıdır”. Sonra xalq yazıçısı yubilyarı təbrik edərək tədbirin idarəsini AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə həvalə edib. Rəşad Məcid də öz növbəsində yubilyarı təbrik edib, onun bugünkü Azərbaycan ədəbiyyatında tanınan bir nasir olduğunu deyib: “Elçin Hüseynbəyli məndən bir neçə yaş böyükdür. Fikirləşdim, görəsən Elçin 50 yaşına çatanda hansı ruhda olacaq. Amma gənclik ruhunun bu gün də Elçini tərk etmədiyini görürəm. Elçinin əsərləri ilə yəqin ki çoxlarınız tanışsınız. Onun bu əsərləri zaman-zaman mübahisələrə, müzakirələrə səbəb olub. Ancaq mən hesab edirəm ki, Elçin Hüseynbəyli bü günkü Azərbaycan ədəbiyyatına qürur gətirən bir nasirdir”. Sonra çıxış üçün söz xalq şairi Fikrət Qocaya verilib. Fikrət Qoca Elçin Hüseynbəylinin yaşına görə çox işlər gördüyünü, Azərbaycan ədəbiyyatına dəyərli tövhələr verdiyini deyib və yazıçının müsbət keyfiyyətlərindən bəhs edib: “ Elçin Hüseynbəylinin iki gözəl keyfiyyəti var ki, bu da mənim çox xoşuma gəlir. Birinci keyfiyyəti odur ki, Elçinin beyni daima fəaliyyətdədir. İkincisi isə odur ki, o insan kimi də bir çox tədqirəlayiq keyfiyyətlərə sahibdir. Təkəbbürdən kənar, sadə, səmimi bir insandır. Mən inanıram ki, gələcəkdə Elçin Hüseynbəylinin bir yazıçı-dramaturq kimi şöhrəti daha da artacaq”.
Yubiley tədbirində iştirak edən xalq yazıçısı Çingiz Abdullayev E.Hüseynbəylinin bu yaşda kifayət qədər tanındığını və sevildiyini bildirib. 60-cı illərdə Azərbaycan ədəbiyyatına böyük bir axının gəldiyini qeyd edən xalq yazıçısı həmin insanların özlərini 30-40 ildə həqiqətən təsdiqlədiklərini, onlardan sonra ədəbiyyata gələn insanların çoxlarının buna nail ola bilmədiklərini, ancaq Elçin Hüseynbəylinin artıq bu yaşında həmin zirvəyə çatdığını deyib: “60-cı illərdə Azərbaycan ədəbiyyatına böyuk bir axın gəldi. Anar, Əkrəm Əylisli, Yusif Səmədoğlu, Elçin, Maqsud və Rüstəm İbrahimbəyovlar. Mən yalnız o insanların adlarını qeyd edirəm ki, onlar özlərini 30-40 ildə həqiqətən təsdiq edə biliblər. Sonra Mövlud Süleymanlı, Afaq Məsud və sairləri”. Çingiz Abdullayev Elçin Hüseynbəylinin əsərlərində yüksək sevinc hisslərinin duyulduğunu və bunun sevindirici bir hal olduğunu bildirib. “Bilirsən sənin kitablarında məni nə sevindirir, insan sənin kitablarını oxuyanda hiss edir ki, sən o əsərləri sevə-sevə yazmısan. Mən hesab edirəm ki, Elçin daha da məhsuldar yaza bilər. Mən Elçinin bir kitabını Moskva nəşriyyatına göndərmişdim və orda kitabı oxuyan peşəkar adamlar əsəri böyük ədəbiyyat kimi qiymətləndirdilər”.
Millət vəkili, filologiya elmləri doktoru Nizami Cəfərov Elçin Hüseynbəylinin istedadlı bir yazıçı olduğunu vurğulayıb: “Elçin həqiqətən də istedadlı bir yazıçıdır. Elə mətnlər var ki, bəlkə həqiqətən də istedadlı mətndir, amma o mətn adama bir ağırlıq gətirir. Bu baxımdan Elçinin yazıları çox şəffafdır. Mən Elçini hər zaman izləyirəm. Qəribədir ki, şairlərdə belə bir xüsusiyyət var. Hardasa 30 yaşlarında Puşkin yazırdı ki, yaşım məni nəsrə çəkir. Amma bu da Allahın xoşbəxtliyidir ki, bizim şairlərimizin istedadı 60-70 hətta 80 yaşlarında daha da kamilləşir. Elçin həm şairdir, həm də nasirdir. Ona görə də onun yaradıcılığı əvvəldən belə çoxşaxəli getdiyinə görə mən əminəm ki, onun nəsri də hələ get-gedə daha da püxtələşəcək, daha samballı bir nasir olacaq”.
AYB-nin katibi Arif Əmrahoğlu da öz çıxışında Elçin Hüseynbəyli haqqında yüksək fikirlər söyləyib. Onun hər zaman sözünü birbaşa deyən, hər zaman olduğu kimi görünən bir insan, etibarlı, sədaqətli bir dost olduğunu diqqətə çatdıran Arif Əmrahoğlu öz növbəsində yubilyarı təbrik edib.
Tədbirdə çıxış edən millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı Elçin Hüseynbəylinin bütün yazılarında bir işıq gördüyünü bildirib və yazıçının parlaq yaradıcılığı ilə bərabər, həm də “Ulduz” jurnalı ilə də gənclərə örnək bir şəxsiyyət olduğunu deyib.
Yubiley tədbirində iştirak edən xalq şairi İlyas Tapdıq, şair Ənvər Əhməd, “Ulduz” jurnalının baş redaktor müavini, şair Qulu Ağsəs və başqaları da Elçin Hüseynbəylini təbrik edib, yubilyarın ünvanına xoş sözlər deyiblər.
GÜNEL
525-ci qəzet.- 2011.- 22 dekabr.- S.6.