Akademik Zahid Xəlilovun 100 illik yubileyi qeyd olunub

 

“Borçalı” İctimai Cəmiyyətinin təşkilatçılığı ilə görkəmli elm xadimi, riyaziyyatçı alim, akademik Zahid Xəlilovun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasim keçirilib. Mərasimdən öncə akademik Z.Xəlilovun fəxri Xiyabandakı abidəsi ziyarət olunub. Sonra tədbir Xəzər Universitetində davam etdirilib. Rəsmi və bədii hissədən ibarət tədbirdə elm xadimləri, incəsənət nümayəndələri, GürcüstandanGüney Azərbaycandan təşrif buyurmuş ziyalılar və media mənsubları iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Ramiz Məmmədov Z.Xəlilovun dünya şöhrətli alimçox intellektual bir şəxsiyyət olduğunu diqqətə çatdırıb. O, bu il Azərbaycan elmində Z.Xəlilov ili elan olunduğunu diqqətə çatdırıb.

Fizika-riyaziyyat elmləri doktoru, professor Əkbər Əliyev geniş məruzə ilə çıxış edərək akademik Z.Xəlilovun həyat və yaradıcılığından danışıb. Bildirib ki, 14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Ekatrinenfeld nahiyəsinin (indiki Bolnisi rayonu) Saraçlı kəndində anadan olan Zahid Xəlilov sovet və Azərbaycan riyaziyyatçısı kimi bütün dünyada tanınıb.

Əkbər Əliyevin çıxışının ardından akademik Z.Xəlilov haqqında sənədli film nümayiş olunub.

Professor Hamlet İsaxanlı akademik Z.Xəlilov haqqında öz ürək sözlərini və xatirələrini danışaraq qeyd edib ki, görkəmli alim hər zaman birincilər sırasında dayanan insanlardan olub. O, akademik Z.Xəlilovun elmi nailiyyətlərindən geniş söhbət açıb.

Akademik Cəlal Allahverdiyev alim yoldaşı ilə bağlı xatirələrini dilə gətirərək, Z.Xəlilovun insani keyfiyyətlərindən, elmə verdiyi tövhələrdən danışıb.

Tədbirdə alimlərdən Maqsud Əliyev, Bala İsgəndərov, Əmirxan Babaşov, Məmməd Bayramoğlu, şair Abbas Abdulla, Osman Dərviş və başqaları da çıxış edərək, akademik Z.Xəlilov haqqında fikirlərini bölüşüblər.

“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli rəhbərlik etdiyi qurum tərəfindən Azərbaycana və onun elminə fayda vermiş ziyalıların xatirəsinin hər zaman uca tutulduğunu dilə gətirib: “Bu gün ruhani bir tədbirdir və biz bu gün elmin işığına yığışmışıq. Elm yolunda olub əxlaqı, mənəviyyatı, mədəniyyəti, ruhcismin vəhdətini özündə təcəssüm edən bir şəxsiyyətin işığına yığışmışıq. Düşündük ki, Zahid Xəlilovun timsalında gerçək ziyalı işığına tapınmaq, irsini öyrənmək, əvəzsiz əsərlərini yenidən nəşr etdirmək, alimin ruhunun himayəsinə sığınmaq, onu anmaq və dərk etmək nəticəsində mürəkkəb labirintdə nəinki dəryada damla, tam mənada dəryanın özü yarana bilər. Odur ki, çətin, məsuliyyətli və şərəfli bir işə imza atdıq. İstədik ki, Z.Xəlilovun 100 illiyini yüksək səviyyədə qeyd edək, öz dəyərlərimizə sahiblənək, onu göz bəbəyi kimi qoruyaq”.

“Borçalı” Cəmiyyətinin İdarə Heyətinin qərarı ilə Azərbaycan elminin inkişafında göstərdiyi xidmətlərə görə akademik Zahid Xəlilov ölümündən sonra “Millətin Fəxri” diplomuna layiq görülüb.

Sonra tədbir bədii proqramla davam etdirilib. Xalq artisti Flora Kərimova, Aşıq Cahangir, Aşıq Əşrəf, Təbrizdən gəlmiş Aşıq Məhbub, Aşıq Çingiz Şuşa Birlik Cəmiyyəti”nin muğam ifaçılarının ifasında müxtəlif mahnılar səsləndirilib.

 

Rufik İSMAYILOV

525-ci qəzet.- 2011.- 22 dekabr.- S.6.