TQDK-nın “Biologiya” üzrə hazırladığı vəsait
müzakirə və tənqid olunub
“BU
VƏSAİT TƏZƏDƏN İŞLƏNMƏLİ
VƏ YALNIZ SƏHVLƏR ARADAN QALDIRILDIQDAN SONRA
ABİTURİYENTLƏRİN İSTİFADƏSİNƏ
VERİLMƏLİDİR”
“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşları tərəfindən “Biologiya” fənni üzrə vəsait-sorğu kitablarının bitkilərə (Botonikaya) aid olan bölməsi 194 səhifə olmaqla 100-ə yaxın şəkillərlə illüstrativ formada işlənib. İlk baxışdan kitab öz dizaynı, nəşr tərtibatı və yüksək çap keyfiyyəti ilə diqqəti cəlb edir. Ancaq kitabla bir mütəxəssis kimi yaxından tanış olanda səhvlər və anlaşılmazlıqlarla müşahidə edilən böyük çatışmazlıqların şahidi olursan. Kitabı oxuyanda sanki kitabın Azərbaycan şagirdləri üçün yox, başqa millət üçün yazıldığı güman edilir. Çünki kitab başqa dillərdən qeyri-səlis fikir anlayışı doğuran tərcümələr əsasında yazılıb. Misallar isə əsasən Rusiyada və digər ölkələrdə bitən bitkilərə istinad edilir”. Bu fikirləri dünən Bakı Dövlət Universitetinin biologiya fakültəsində keçirilən toplantıda Dövlət Aqrar Universitetinin biologiya kafedrasının müdiri, professor Zaur Hümbətov səsləndirib. Professorun sözlərinə görə, vəsaitin 6-cı səhifəsində müəllifin verdiyi “Giriş” bəhsindəki 6-cı abzasın son cümləsinə “bir qayda olaraq daha hazırlıqlıdı və bilikli abituriyentləri də çaşdırır, hətta müəllimlərin özlərinə belə, xüsusilə dərsliklərdəki məlumatları yegaqə doğru kimi qəbul edənləri tez-tez çətin vəziyyətə salır” hətta gülüş doğurur sözünü əlavə etsək bu cümləni kitaba verilən ümumi rəy kimi qəbul etmək olar: “8-ci səhifədə verilən “müasir üzvi aləmin təsnifatı” sxemində həm Azərbaycan dilində, həm də latın dilində şagird səviyyəsindən də aşağı səhvlər buraxılıb. Əvvəla qeyd etmək istərdim ki, üzvi aləmin klassifikasiyasında latın adlarının yazılışı verilirsə nə üçün aləm (regnum) və yarımaləm (subregnum) sözləri yazılmır. Bakteriyaları müəllif “regnum bakteri” əvəzinə latınca (“Michota” adlandırır. Göbələklər aləmini Fungi əvəzinə “Fungu”, Mucota əvəzinə isə yenə “Michota” qeyd edir. Həmin səhifədə simbiogenez nəzəriyyəsi tamamilə səhv tərcümə edilmişdir. Belə ki, endov ektosimbioz simbiogenezin tiplərdir. Ona görə də simbiogenezdən söhbət gedirsə, onda onun hər iki forması haqda məlumat verilməlidir. 8-ci səhifədəki üçüncü abzas bir-birinə zidd olan cümlələrdən ibarətdir. Birinci cümlədə bitkilər aləmi üç yarımaləmə, ikinci cümlədə isə iki yarımaləmə ayrılması haqda fikirlər qeyd edilir. Bəs şagird bunun hansına inansın? 9-cu səhifə yenə də yarımçıq və anlaşılmayan cümlələrdən ibarət olan müəllif tərəfindən “bitki endokrinologiya” elmi kəşf edilmiş və bu da bitki fiziologiyası elmindən ayrılmışdır. Hörmətli müəlliflər ümumiyyətlə başa düşməlidirlər ki, endokrinologiya elmi heyvanat aləminə aiddir və humoral tənzimdə heyvanlardakı ayrı-ayrı orqanların vəhdəti metabolik sistemin idarə edilməsində üzvi maddələrin əsasən də zülalların katobolizmi baş verir. Bitkilərdə olan hormonlar (auksinlər) fotonsintezdə əmələ gələn qeyri-üzvi maddələrin çevrilməsi nəticəsində özü də müəyyən inkişaf mərhələsində baş verir. Bir neçə tədqiqatçılar tərəfindən əsassız qəbul edilən “bitki endokrinologiyası” termini dərslik və dərs vəsaitlərində istifadə edilə bilməz. Çünki bu diskussiya və polemika doğuran sualdır. Sadəcə olaraq fitohormanların öyrənilməsi və tətbiqi bitki fiziologiyasının bir bölməsidir və onu bitki endokrinologiyası elmi kimi adlandırmaq ən azından savadsızlıqdır”. Z.Hümbətovun dediyinə görə, 10-cu səhifədə kənd təssərrüfatı bitkilərindən söhbət getdiyi halda aqronomiya sözü izah edilmir. Bitki ehtiyatları iqtisadi botanika kimi təqdim edilir. Vavilov və Jukovskinin təklif etdikləri “Mədəni bitkilərin mənşə mərkəzi” (bitki coğrafiyasına aiddir) iqtisadi botanika ilə yanaşı botanikanın tətbiqi sahəsi kimi verilib. 13-cü səhifədə su bitkilərin əvəzinə okean bitkiləri yazılıb. Məgər su bitkiləri yalnız okeanda bitir. Eləcə də narkotik bitki – dərman bitkisi, Rusiyada Uzaq Şərqdə bitən elektrokok da dərman bitkisi kimi verilmişdir. Məgər Azərbaycanda digər dərman bitkiləri bitmir? Bitkilərin istifadəsinə görə ayrı-ayrılıqda məlumat verildiyi halda bal verən (nektarlı) bitkilər haqda heç bir məlumat yoxdur. Baxmayaraq ki, bal verən bitkilərin tanınması və bu haqda uşaqların təsəvvürünün formalaşması çox vacibdir. Elə həmin səhifədə sənaye əhəmiyyətli əsas kauçuklu bitkilər əvəzinə (koksaqqız, tausaqqız, ağcaqayın, yemlik və s.) az kauçuk tərkibli, ikinci-üçüncü dərəcəli kauçuklu bitkilər qeyd edilir. Ayıqulağı əvəzinə dəvəqulağı və sair səhv bitki adları göstərilib. 16-cı səhifədə qılaf divar anlayışının düzgün verilməməsi, guya pektinli maddənin qılaf lövhəsi olması kimi anlayışlar da öz yerini tapıb. Bitki hüceyrəsinin qılafında pektin hemisellüloza və sellülozadan ibarət olan mikrofibrillərinin arasındakı boşluğu doldurur. O sərbəst qılaf lövhəsi əmələ gətirmir. Çox yetişmiş meyvələrdə hüceyrəarası maddə yox, qılaf əlaqəsi matserasiyaya uğrayır. Meyvələrində hüceyrələri aralanan (matserasiya) bitkilərə misal olaraq daha qüvvətli matserasiyaya uğrayan əzgil meyvəsinin əvəzinə digər meyvələr göstərilir. Elə həmən səhifədə sitologiya latınca “sitoz” yox “kitoz”, gealoplazma – hialoplazma adlandırılır: “Daha ciddi səhvlər bitki toxumalarını əks etdirən 19-cu səhifədə öz əksini tapmışdır. Belə ki, dayaq hüceyrələri – “skelet”, ifrazat –”sekretor” kimi adlandırılır. Toxuma bəhsinin davamı olaraq 20-ci səhifədə örtücü toxumanın elementləri dəricik mantar və qabıqcıq adlanır. Halbuki, Azərbaycan dilində klassik bitki anatomiyasında (Tutayuk 1967, 1979; Hümbətov, 2002) örtücü toxuma I və II olmaqla canlı (epidermis) və cansız (mantar) toxumalara ayrılır. Toxuma bəhsinin davamı olaraq 20-ci səhifədə örtücü toxumanın elementləri dəricik mantar və qabıqcıq adlanır. Halbuki, Azərbaycan dilində klassik bitki anatomiyasında (Tutayuk 1967, 1979; Hümbətov, 2002) örtücü toxuma I və II olmaqla canlı (epidermis) və cansız (mantar) toxumalara ayrılır.
Ötürücü toxuma elementlərinin izahında ələkvari – “ələyəbənzər”, ksilem əvəzinə “ksilema”, floem əvəzinə “floema”, parenxim – “parenxima”, kollenxim – “kollenxima”, “sklerenxima” və s. rus leksikonuna aid səhvlər var. Qətran yolları – “qətran çıxışları”, vəzli “vəzi”, efir yağları ifraz edən yerliklər – “efir kanalları” və s. adlanır. Müəllif başa düşə bilmir ki, – efir yağlarının axdığı yollardır. Yerlik isə efir yağların toplanıb buxarlandığı yerdir. Bəzi efir yağlı bitkilərdə efir yağları nəql edilən boşluqlar olmur. Sadəcə olaraq efir yağları hər hansı bir boşluğa toplanır. Belə xarakterli efir yerliklərinə botanikada lizogen yerlik deyilir. Sxizogen isə xüsusi damarlarla efir yağlara axaraq hər hansı bir yerdə toplanır.
Qeyd etmək istərdim ki, Azərbaycan dilində sözlərin hallandırılmasında qadın və kişi cinsləri olmadığı üçün rus dilindən transfer edilən terminlərin axırında “a” hərfi Azərbaycan dilində yazılmır, məsələn, plazmalemma yox plazmalem, ksilema-ksilem, floema-floem və sair. Ümumiyyətlə, ölkəmizdə buraxılan bütün dərsliklərdə terminologiya yeganə formada olmalıdır ki, bu şagirdlər və ümumən tələbələr arasında çaşqınlıq yaratmasın.
20-ci səhifədə digər ciddi səhvlərdən biri də müəllif tərəfindən sklereid toxumasının sərbəst toxuma kimi təqdim edilməsidir. Sklereid cansız toxuma olub, sklerenximin bir formasıdır. Ona son 20 ildəki ədəbiyyatlarda sərbəst toxuma kimi baxılmır. Eyni və digər anlaşılmayan səhvlər bütün kitab boyu davam edir. Məsələn, 22-ci səhifədə “örtülütoxumlu qovluqlu bitkisinin kökü olmur”. Bu cümlə mütəxəssislər tərəfindən anlanılmır, bəs şagird nə etsin? 23-cü səhifədə dartılma əvəzinə “gərilmə”, kökün zonalarının verildiyi şəkildə su boruları – oduncaq, iki cürə tumurcuğun çiçək və zoğ olması. 14-cü şəkildə və ümumən yarpaq bəhsində kutikulanın dəricik adlandırılması, elə həmin şəkildə ksilemin “borucuqlar”, mərcimək ağızcığının eləcə “mərcimək” adlandırılması və sair. Çox kobud səhv olaraq çiçək bəhsində ikiqat mayalanmanı əks etdirən şəkil verilməyib. Kitabın sistematika bölməsində fəsillərin düzgün adlandırılmaması, qoruqlar, milli parklar, bəzək bağçılığı, yaşıllığın qorunması, otaq bitkiləri və onlara qulluq və sair bu kimi normal insan formalaşmasında böyük rolu olan faktorlar haqqında heç bir məlumatın olmaması kitabın istifadəyə tamamilə yararsız olmasına gətirib çıxarır. Kitabda bəzi lazım olmayan sahələrə xırdalıqda diqqət verildiyi halda bitkilərin əhəmiyyətli bitkilərin haqqında heç bir məlumat verilmir. Azərbaycanın endem bitkiləri, relikt anlayışı və sair bu kimi vacib məsələlərin üzərindən vaz keçilib. Miçurin, Fleminq, Serebryakov haqqında məlumat verildiyi halda Azərbaycanın və ümumən dünyada botanika sahəsində özünəməxsus yer tutan alimlərimiz Həsən Əliyev, Validə Tutayuk, İmam Mustafayev, Cəlal Əliyev və başqa alimlər haqqında heç bir məlumat verilmir. Qeyd etmək istərdim ki, Miçurinin tərbiyə metodları keçmiş SSRİ-də sitogenetika elminin qəbul edilməməsinə gətirib çıxarmışdır. Bu isə SSRİ-də genetika, seleksiya, biotexnologiya, gen mühəndisliyi kimi biologiya elminin digər fundamental sahələrinin inkişafını 20-30 il geriyə salmışdır. Heç bir ciddi və sanballı xarici biologiya kitablarında Miçurinin, Lisenkonun, Lepeşinskayanın kommunist ideyasına əsaslanan tədqiqatlarına istinad edilmir”. Professor bildirib ki, bütün yuxarıda qeyd edilən və digər qeyd edilməyən səhvləri nəzərə alaraq kitabın satışdan yığılması və təzədən işlənməsini vacib hesab edir: “Bu kitab sadəcə kommersiya xarakteri daşıyır. O, şagirdlərdə və ümumən oxucular arasında səhv anlayış formalaşdırmaqdan başqa bir əhəmiyyət kəsb etmir. Bizim belə səhv və düşünülməmiş yazılan “dərsliklərin” inkişafda olan gələcək nəslin əqidəsinin yanlış biliklər əsasında formalaşmasına yol verməyə haqqımız yoxdur”.
BDU-nun professoru, biologiya elmlər doktoru, Təhsil Nazirliyinin elmi-metodiki şurasının biologiya bölməsinin sədri Məcnun Babayev bildirib ki, elmi-metodiki Şura Təhsil Nazirliyinin məşvərətçi ictimai qurumudur. Şuranın əsas məqsədi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün təhsil müəssisələrində təlim, tərbiyə prosesinin keyfiyyətinin artırılmasına dair təkliflər hazırlanmaq və elmi-tədqiqat işlərinin, dərslik, proqram, elmi-metodik ədəbiyyatın müasir tələblərə uyğun olmasını təmin etməkdən ibarətdir. Şuranın fəaliyyəti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün təhsil müəssisələrində təhsilin məzmununun keyfiyyətcə yaxşılaşdırılmasına xidmət edir. M.Babayev qeyd edib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yeni nəşr olunan Biologiya fənni üzrə vəsaiti şurasının biologiya bölməsi tərəfindən diqqətlə oxunub: “Bizi bu vəsait qətiyyən qane etmir. Burada kifayət qədər səhvlər var, elmi səhvlər yoxdur, mən buna başımla cavabdehəm. Təhsil Nazirliyinin dərs vəsaitlərinin tənqid olunması şagirdlər, müəllimlər arasında çox böyük ajiotaj yaradıb. Komissiya öz missiyasını yerinə yetirmək əvəzinə, təhsil siyasətini həyata keçirən Təhsil Nazirliyinin dərsliklərini qoyub kənara həmin dərsliklərin əsasında vəsaitlər hazırlayıb abituriyentlərə təqdim edir. Şagirdə lazım olan bütün məlumatlar kitablarda var. Əlbəttə, şagirdlər də dərs vəsaiti kimi onları oxumalıdırlar”.
Tibb Universitetinin genetika və tibbi biologiya kafedrasının müdiri Canbaxış Nəcəfov isə qeyd edib ki, vəsaitdə bir sıra ciddi səhvlərə yol verilib: “Fikrimcə, komissiya vəsaitlərdə yol verilən bu səhvləri aradan qaldırmaq üçün müvafiq tədbirlər görməlidir. Bu vəsaitlər təzədən işlənməli və yalnız səhvlər aradan qaldırıldıqdan sonra abituriyentlərin istifadəsinə verilməlidir”.
Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının sözlərinə görə, Komissiya hazırladığı kitabın müəyyən hissəsini Nazirliyə göndərir. Dünyanın hər bir yerində əlavə vəsaitlər, resurslar var. Amma fikirləşirik ki, bu resurslar Təhsil Nazirliyinin müvafiq şura və bölmələrindən keçsin: “Əlavə vəsait kimi abituriyentlər bunlardan istifadə edir. Amma biz də istəyirik ki, burada dəqiqlik olsun. Dərslik bütövlükdə məktəbli, eyni zamanda, ali məktəbə hazırlaşan abituriyent üçündür. Ali məktəbə hazırlaşan abituriyentlər dərslikləri, kitabları kənara qoymur. İstər dərslik, istərsə də əlavə vəsaitlər proqram əsasında yazılır. Amma bütün hallarda imtahanlarda, qəbul imtahanı zamanı dərslikdə olan materiallar əsasında testlər hazırlanır. Bəzən qısaldılmış, testə uyğunlaşmış yığcam materiallar hazırlanır. Amma onların hər biri proqrama uyğun olur. Təbii ki, dərsliyi yazan adamlar mütəxəssisdir. Müəyyən nöqsanların olması kiminsə, nöqteyi-nəzərdən doğrudur. Amma müəllifin fikrincə, bu doğru deyil. Amma hər halda bütün hallarda çalışırıq ki, dərsliklərimiz sanballı olsun və günün tələblərinə cavab versin. Bunun məsuliyyətini bilir və hər gün çalışırıq ki, bu işlərimizi davam etdirək”. F.Şahbazlı qeyd edib ki, dünyanın heç bir ölkəsində ideal dərslik yoxdur. Dərsliklərdə müəyyən çatışmazlıqların olması təbiidir. Bu məsələdə ideallıq gözləmək doğru deyil: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası əgər belə çatışmazlıqların olduğunu görürsə, onu yazılı şəkildə nazirliyə və müəlliflərə təqdim edə bilər. Bu daha doğru olar, ümumi işə xeyir verər. Ölkəmizdə dərslik siyasətini Təhsil Nazirliyi həyata keçirir. Dərsliklərin yazılması tender yolu ilə olur, ölkənin nüfuzlu alimləri, müəllimləri və ictimai xadimlərinin daxil olduğu Dərslikləri Qiymətləndirmə Şurası və ekspertlər tərəfindən anonim şəkildə qiymətləndirilir, sonra təsdiq edilərək çap edilir. Təhsil Nazirliyi müntəzəm olaraq dərsliklər üzərində təkmilləşdirmə işini aparır, çatışmazlıqlar islah olunur. İş olan yerdə nöqsan da olacaq. Əsas odur ki, bu gün bizim övladlarımız məktəblərə milli dərsliklərimizlə gedirlər”.
Dərslik müəllifi, əməkdar müəllim Almaz Həsrət isə vurğulayıb ki, o, komissiyanın nəşr etdiyi vəsaitləri diqqətlə oxuyub: “Kitabları oxuduqdan sonra və onlara 100 səhifədən çox rəy yazdım. Hamısı da mənfi rəy. Bu vəsait bu vəziyyətdə çap oluna bilməzdi. Necə olur bu, kitabdakı bu qədər nöqsanlara və mənim mənfi rəy yazmağıma baxmayaraq, onlar çap olunub. Nəyə əsaslanaraq vəsait bu səhvləri düzəltmədən nəşr olunub və Təhsil Nazirliyinin razılığı olmadan mən orada rəyçi kimi təqdim edilmişəm”.
S.QARAYEVA
525-ci qəzet.-
2011.- 23 dekabr.- S.6.