Əsl dost

 

Bütöv bir ölkənin rəhbəri olmaq, onun inkişafı uğrunda gecə-gündüz çalışmaq həqiqətən də çox çətin işdir. Xüsusilə müharibə şəraitində olan Azərbaycanı idarə etmək, ölkənin hər bir vətəndaşının problemi, qayğısı ilə maraqlanmaq, heç kimi diqqətdən kənarda qoymamağın necə ağır olduğunu təsəvvür etməyə belə ehtiyac yoxdur. Bütün bunlarla yanaşı, dostluq keyfiyyətlərini, səmimiyyəti nümayiş etdirmək – bax, bu, nadir insanlara xas olan cəhətdir. Sevindirici haldır ki, dövlətimizin başçısı İlham Əliyev məhz həmin nadir insanların sırasındadır. Bu gün İlham Əliyev təkcə prezident yox, həm də əsl dostdur. İstənilən sahədə çalışanların sadiq dostu. Mən bu yazıda dövlət başçısı İlham Əliyevin idmançılarla dostluğundan bəhs edəcəyəm.

Cənab prezidentlə şəxsi tanışlığım 1997-ci ilə təsadüf edir. Həmin il iyulun 31-də Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilən İlham Əliyevdən adıçəkilən qurumun prezidenti kimi ilk müsahibə götürmək şərəfi mənə nail olub. Yaxşı xatirimdədir ki, müsahibə zamanı İlham Əliyev Azərbaycan idmanının gələcəyi barədə nikbin fikirlər səsləndirmişdi. Bir məqamı isə xüsusi xatırlayıram. MOK prezidentinə “Sizcə, Bakıda dünyanın ən mötəbər idman yarışı sayılan Yay Olimpiya Oyunları keçirmək mümkündür?” sualını ünvanladım və belə bir cavab aldım: “Əlbəttə! Paytaxtımızda olimpiada təşkil etmək xəyal deyil. Bizim əsas məqsədimiz Bakını dünyanın idman mərkəzinə çevirməkdir!”.

Bəli, 1997-ci ildə Azərbaycan idmanında yeni mərhələnin təməli qoyuldu. Birmənalı şəkildə demək olar ki, respublikamızda idmanın inkişafı yalnız və yalnız İlham Əliyevin adı ilə bağlıdır. O, MOK prezidenti seçildikdən sonra bütün bacarığını, biliyini, enerjisini bu sahənin inkişafına sərf etməyə başladı. Təbii ki, yüksək idarəçilik qabiliyyətinə malik olan İlham Əliyevin əməyi tezliklə öz bəhrəsini verməli idi. Elə belə də oldu! Buna ilk bariz nümunə kimi, 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan olimpiya yığmasının imza atdığı möhtəşəm zəfəri göstərmək olar. Bu uğur heç də birdən-birə qazanılmadı. İlham Əliyevin MOK-un prezidenti vəzifəsində fəaliyyətə başladığı ilk gündən etibarən prioritet məsələ idmançılara yüksək şəraitin yaradılması oldu. O vaxta qədər idmançıların məşq etmək üçün belə, yeri yox idi. Hətta bəzi tanınmış idmançılarımız diqqətsizlik, şəraitsizlik ucbatından digər ölkələrə yollanmışdılar. MOK-un yeni rəhbəri bu problemləri tezliklə həll etdi. Azərbaycan idmanının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Bakıda və bölgələrdə olimpiya idman komplekslərinin inşasına başlanıldı. Şübhəsiz ki, qısa müddətdən sonra küskün idmançılarımız artıq Vətənə qayıtmışdılar və yenidən milli komandamızın formasını geyinirdilər.

2000-ci il Sidney Yay Olimpiya Oyunları idman tariximizə qızıl hərflərlə yazıldı. Çünki müstəqil Azərbaycanın olimpiya yığması olimpiadalarda ilk qızıl medalı Sidneydə qazandı. Özüikisini birdən: güləşçi Namiq Abdullayevstend atıcısı Zemfira Meftahəddinovanın timsalında. Üstəlik boksçu Vüqar Ələkbərov da fəxri kürsünün üçüncü pilləsinə qalxdı. MOK prezidenti İlham Əliyevin şəxsən Sidney Olimpiadasına yollanması, orada idmançılarımızın çıxışını böyük həvəslə izləməsi idmançılarımıza əlavə stimul vermişdi. İdmançılarımızın medallar qazanması Azərbaycan nümayəndə heyətinin böyük sevincinə səbəb olmuşdu. Güləşçi Namiq Abdullayevin olimpiadanın finalında ABŞ təmsilçisi ilə gərgin mübarizəsindən sonra görüşü izləyən xarici qonaqların, beynəlxalq təşkilatların nümayəndələrinin, dövlət rəsmilərinin MOK prezidenti İlham Əliyevi təbrik etməsi, onun isə üçrəngli bayrağımızı dalğalandırması, dövlət himnimizi oxuması qürurverici məqamlar idi! Bəli, artıq olimp zirvəsi fəth olunmaqda idi!

İlham Əliyevin uzaqgörənliyi, sistemli fəaliyyəti, səmimiyyəti və qətiyyəti onun uğurlarının əsasını təşkil edir. Afina Olimpiadasından əvvəl bir görüşü xatırlayıram. O vaxt Yunanıstan prezidenti Konstantinos Stefanopoulos Bakıya səfərə gəlmişdi. İlham Əliyev və Konstantinos Stefanopoulos arasında Milli Olimpiya Komitəsində keçirilən görüşdən sonra hər iki dövlət başçısından müsahibə götürmək xoşbəxtliyi də mənə nəsib oldu. Yunanıstan prezidenti Azərbaycanda olimpiyaidman hərəkatının inkişafı üçün görülən işlərdən heyran qaldığını gizlətmədi. Şübhəsiz ki, həmin dövrdə çoxlarını İlham Əliyevin Afina Olimpiadasını canlı izləyib-izləməyəcəyi maraqlandırırdı. Mən də prezidentimizə bununla bağlı sual verdim. İlham Əliyev 4 il əvvəl Sidneydə gözəl anlar yaşadığımızı xatırladaraq, bunları bildirdi: “Təbii ki, mən Afina Yay Olimpiya Oyunlarını canlı izləyəcəyəm. Belə mötəbər yarışda idmançılarımızı yalqız buraxa bilmərəm”.

Həqiqətən də İlham Əliyev idmançılara böyük diqqət və qayğı göstərir. Dövlət başçımız olimpiadalara gedərkən hər şeydən əvvəl Olimpiya Kəndində məskunlaşan Azərbaycan yığmasının düşərgəsinə baş çəkir, vəziyyətlə yaxından tanış olur. O, hətta yeməkxanaya da gedər, idmançılarımızın qidalanmasında problem olub-olmadığını öyrənir. Olimpiya Kəndində Azərbaycan nümayəndə heyətinin üzvləri ilə çay süfrəsi ətrafında əyləşərək, onların hər birinin qayğısı ilə dərindən maraqlanır. Azərbaycan idmançıları onun dəstəyini, köməyini, diqqət və qayğısını üzərlərində həmişə hiss edirlər. İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da idmançılara göstərilən diqqət və qayğı azalmadı. Sirr deyil ki, prezident sıx qrafiklə çalışır, səfərlərdə, rəsmi görüşlərdə iştirak edir. Bununla belə, dövlət başçımız idmançılara kifayət qədər vaxt ayırır, mötəbər turnirlərdə yüksək nailiyyətlər qazanan həmyerlilərimizi dərhal qəbul edir, onların əməyini qiymətləndirir. Bax, bütün bu faktlar əsl dostluğun göstəricisidir.

Azərbaycanda beynəlxalq olimpiya hərəkatının inkişafı, idmançılarımızın olimpiadalarda, dünyaAvropa çempionatlarında fəxri kürsünün ən yüksək pillələrinə qalxması, bayrağımızın dünyanın ən ucqar nöqtələrində belə, dalğalanması dövlət başçısı, Milli Olimpiya Komitəsiinin rəhbəri İlham Əliyevin gərgin əməyi sayəsində mümkün olub. Ümummilli lider Heydər Əliyevin dəyərli bir kəlamı var: “İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci vasitə yoxdur!” Fərəhli haldır ki, ümummilli liderin siyasi kursunu davam etdirən İlham Əliyevin liderlik xüsusiyyətləri, uzaqgörənliyi sayəsində müstəqilliyimiz günü-gündən möhkəmlənir, Azərbaycanımızın qüdrəti artır. İndi Azərbaycanı dünyaya təkcə idman deyil, siyasi, iqtisadi, mədəni və digər sahələrdə də qazandığımız nailiyyətlər tanıdır, sevdirir. Fəxr edirəm ki, mənə yaradılan şərait əsasında təxminən 20 illik jurnalistika fəaliyyətim dövründə dünyanın 88 ölkəsinə səfər edib, idmançılarımızın mübarizə apardığı nüfuzlu yarışlara akkreditə olmuş, həmin turnirlərdən maraqlı reportajlar, eksklüziv müsahibələr hazırlamışam.

2008-ci il Pekin Yay Olimpiya Oyunlarında şahidi olduğum bir hadisəni isə İlham Əliyevin timsalında Azərbaycan xalqının siyasi qələbəsi adlandırardım. Pekin Olimpiadasında güləş proqramı üzrə qızğın idman mübarizəsi gedirdi. Yunan-Roma güləşçimiz Rövşən Bayramov yarımfinalda təcavüzkar Ermənistan təmsilçisi Roman Aroyanla üz-üzə gəlirdi. Belə həlledici qarşılaşmada Rövşən bədnam qonşularımızın nümayəndəsinə aman verə bilməzdi. Hər şey gözlənildiyi kimi oldu və Rövşən 11:3 hesabı ilə qələbə qazanıb, finala yüksəldi. Əlbəttə ki, görüşü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də izləyirdi. Dövlət başçımızdan bir qədər kənarda Ermənistan prezidenti Serj Sarkisyan əyləşib, “qürurla güləşə baxırdı. O, elə zənn edirdi ki, onun ölkəsini təmsil edən güləşçi qalib gələcək və o da bu qələbədən “qürrələnəcək”. Lakin Ermənistan prezidenti sözün əsl mənasında, pərt oldu. 3:11 hesablı məğlubiyyətdən sonra Sarkisyan suyu süzülə-süzülə cənab İlham Əliyevə yaxınlaşdı, əl uzadaraq, onu təbrik etdi. Bu mənzərəni görmək nə qədər xoş idisə, bunu eksklüziv olaraq görüntüyə almaq mənim üçün böyük şərəf idi.

...14 il əvvələ qayıdıram. Yaddaşımda cənab İlham Əliyevin səsləndirdiyi fikirlər canlanır: “Paytaxtımızda olimpiada təşkil etmək xəyal deyil. Bizim əsas məqsədimiz Bakını dünyanın idman mərkəzinə çevirməkdir!” Doğrudan da, bu gün Bakı dünyanın idman mərkəzinə çevrilib. Təkcə 2011-ci ildə paytaxtımızda 70-dən çox dünyaAvropa çempionatı, eləcə də nüfuzlu beynəlxalq turnirin təşkili dediklərimizə əyani sübutdur. İdman infrastrukturu baxımından da genişmiqyaslı işlər aparılır. Bakıda və regionlarda inşa olunan Olimpiya İdman Komplekslərinin sayı 34-ə çatıb. Hələ qarşıda neçə-neçə yeni idman kompleksləri, qurğuları, möhtəşəm stadionlar tikilib, idmançılarımızın istifadəsinə veriləcək. Olimpiada isə bizim üçün xəyal deyil. Bakı 2020-ci il Yay OlimpiyaParalimpiya Oyunlarına namizəd şəhərlər arasındadır. İnanırıq ki, bu mötəbər yarışın təşkilatçılıq hüququ məhz Azərbaycanımızın paytaxtına veriləcək. Biz bunu haqq etmişik! Arzularımız isə bitib-tükənməzdir. Dövlət başçısı İlham Əliyevin yürütdüyü məqsədyönlü daxilixarici siyasət nəticəsində tezliklə erməni təcavüzkarlarının işğalı altında olan torpaqlarımızın azad olunacağına, Şuşa, Kəlbəcər, Laçın, Qubadlı, Xocavənd, Xankəndi, Xocalı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdamın tamamilə Azərbaycana qaytarılacağına, ölkəmizin ərazi bütövlüyünün bərqərar ediləcəyinə inanırıq. Həmin gün çox tez bir zamanda gələcək və doğma Qarabağımızda üçrəngli bayrağımız dalğalanacaq, beynəlxalq yarışlar məhz orada təşkil olunacaq. Buna heç kimin şübhəsi olmasın. Çünki bizim İlham Əliyev kimi əsl prezidentimiz, lider və ƏSL DOSTumuz var!

 

Elnur Əşrəfoğlu

Milli Olimpiya Komitəsinin üzvü

525-ci qəzet.- 2011.- 23 dekabr.- S.8.