O,
GƏLƏCƏKLƏ MƏŞĞULDUR
Bizə həyat verən qan damarları dolana-dolana uzanan
yollara bənzəyir. Əslində həyatdakı bütün
yollar da mütləq damarlarımızda axan qandan, o qanda
daşıdığımız yaddaşdan başlanır.
Prezident olmaq tarixin seçimi və qismətidir.
Azərbaycanın
qiymətli övladlarından olan İlham Əliyev ölkənin
bu ali kürsüsünə yüksəlməsə
belə mütləq Vətənin ən seçkin
simalarından biri olacaqdı. Çünki o elə
şərəfli valideynlərin, elə dəyərli
babaların yetirməsiydi ki, qanı ilə irsən nəsibi
olan keyfiyyətlər onu gec-tez seçdirməliydi.
Bu taledir.
Taledən isə qaçmaq olmur.
Bəxtinə düşmüş vaxt kəsiyi Prezident
İlham Əliyevi nadirdən-nadir dövlətçiyə,
siyasətçiyə və şəxsiyyətə
çevirdi.
Əslində, biz hamımız kimliyimizdən, nəçiliyimizdən
asılı olmayaraq nadir tarixi insanlarıq.
Çünki hamımız İkinci minilliyi yola
salıb Üçüncü minilliyi
qarşılamışıq.
10 əsrdə bir dəfə baş verən hadisə
qismətimizə çıxıb.
Taleyimizə
yazılmış vaxt kəsiyi – bəşəriyyətin
yaşadığı əsrlərin ən sürətlisi,
hadisələrlə doluluğu baxımından ən zəngini,
kəşfləri, ixtiraları nöqteyi-nəzərindən
ən inkişaflısı XX yüzilin bitməsi və əfsanə
kimi təsəvvür edilənlərin həqiqətlərə
çevriləcəyi XXI əsrin başlanmasının sadəcə
şahidi olmaq hər birimizi müstəsnalaşdırıb.
Amma bir var iradəndən asılı olmayaraq elə
vaxtın hökmüylə qeyri-adi tarixi dövrün
şahidinə, Üçüncü minilliyin
başlanğıc yollarını keçən ilk insanlardan
birinə çevrilmək, bir də var bu başlanan yeni
zamanın yaradıcılarından, yönəldicilərindən,
həlledici simalarından biri olmaq.
Bu baxış bucağından nəzər salanda, əlbəttə
ki, Prezident İlham Əliyev alnına nadir müstəsnalıq
yazılmış tarix liderlərindəndir.
O, XXI əsrə,
III minilliyə, ən yeni tarixə müstəqil Azərbaycan
dövlətinin bu yüzillikdə seçilən Birinci
Prezident kimi daxil oldu.
Əlbəttə, sayca İlham Əliyev müstəqil
Azərbaycanın ilk dövlət başçısı
deyil.
1918-ci ildə
istiqlal bayrağımızın ilk dəfə
ucaldığı zamanlarda Məclisi-Məbusan – parlament sədri
seçilən və həmin illərin bir sıra mənbələrində
adı elə “prezident” kimi anılan Əlimərdən bəy
Topçubaşovdan tutmuş müstəqil Azərbaycana 10 il
başçılıq edərək dövlətimizi XX
yüzildən yeni əsrə müstəqilliyi qat-qat güclənmiş
halda çatdıran qüdrətli Heydər Əliyevəcən
ölkəmizin prezidentlik kürsüsünə 4 nəfər
yüksəldi. Bu sayla İlham Əliyev 5-ci Azərbaycan
prezidentidir. Amma XXI əsrin ilk 10 ili bitdi, ikinci onili
başlandı, tarix təqvimində artıq 3-cü minillikdir
və İlham Əliyev təzə əsrdə, yeni minillikdə,
bütün yönləriylə büsbütün yeni olacaq təzə
zamanda xalqın artıq iki dəfə seçdiyi ilk Azərbaycan
Prezidentidir.
Yeni dövrün ilk Azərbaycan Prezidentinin məhz cavan
bir dövlət başçısı olması da, əslində,
təsadüf yox, zamanın təklif etdiyi qanunauyğunluqdur.
Yeni
zamanda Azərbaycan xalqının Prezident seçdiyi İlham
Əliyev qədd-qamətindən, zövqlərindən, mədəni
səviyyəsindən tutmuş bir sıra əcnəbi dilləri
ana dili kimi bilməsinəcən, peşəkar siyasətçi
və siyasətşünas olmasından tutmuş müasir
iqtisadiyyatın həm təcrübəsi, həm nəzəriyyəsiylə
bilavasitə məşğul olmasınacan əsl müasir
dövlət başçısıdır.
Yeni əsrin
sürətlərinə və tələblərinə layiq
dövlət başçısı!
Bu cür dəqiq seçimi etsə-etsə elə Vaxt
edə bilərdi.
lll
2002-ci ilin oktyabrında, müstəqilliyimizin 11-ci
yaşını bayram etməyə
hazırlaşdığımız günlərdə Avropa
Şurasının payız sessiyasından təzəcə
qayıtmış nümayəndə heyətimizi dövlət
başçımız – unudulmaz Heydər Əliyev qəbul
edirdi.
Mətbuatın iştirakı olmadan və sonra
televiziyada gedişi nümayiş etdirilməyən bir
görüş idi.
Ulu öndər 2 ilə çatan müddətdə
Avropa Şurasındakı yolumuzun tutarlı təhlilini verən,
daim yadda saxlanmalı dəyərli tövsiyələrlə
dolu olan təsirli bir çıxış etdi, mühüm məsələlər
ətrafında müzakirələr apardı və sonra bizi də
dinləmək istədi.
O
oktyabrdan bugünəcən sanki çox sular axıb
keçib.
O gün
söylədiyim bir mətləbi bu gün hamı bilsin deyə
yazıya da gətirirəm. Bu da bir tarixdir.
İlham
Əliyevin siyasi həyatda, dövlətçilik mühitimizdə
getdikcə daha artıq ucalan boyunu, gündən-günə
daha qətiyyətlə eşidilən səsini, beynəlxalq
aləmdə durmadan qüvvətlənən, nüfuzunu duyan
və onunla bütün müqayisələrdə hər cəhətdən
geridə qaldıqlarını anlayan siyasi rəqiblər həmin
günlərdə bir sıra qəzetlərdə “varis”
mövzusunu ortaya atmış, bu məsələ ətrafında
bədxah möhtəkirliklər etməyə
başlamışdılar. Qeyzlə hey
yazırdılar ki, Heydər Əliyev oğlunu hakimiyyətə
hazırlayır.
Və mənim o gün söylədiyim söz elə bu
mətləblə bağlı idi.
Həmin günlərdə mən inanır və
ümid edirdim ki, lap yaxındakı prezident seçkilərində
Heydər Əliyev iştirak edəcək, növbəti qələbəsini
çalacaq və İlham Əliyev də bu qələbənin
qazanılmasında bacardığı köməkləri əsirgəməyənlərdən
biri olacaq.
Əslində Prezident Heydər Əliyev də bu
düşüncədə idi.
Əslində İlham Əliyev də bu qənaətdə
idi.
Prezident
seçkilərinə 1 il qalmış
keçirilən o görüşdə mən canlı klassik
saydığım və son dərəcə dərin ehtiram bəslədiyim
dövlət başçımıza üz tutaraq demişdim
ki, Siz yalnız Azərbaycanı deyil, Azərbaycandan dəfələrlə
böyük dövləti idarə etməyə qadir şəxsiyyətsiniz.
Siz varkən, Siz Azərbaycana başçı
olmağa hazırkən bu meydanda ikinci başqa şəxsə
yer yoxdur. Amma haçansa İlham Əliyevin Azərbaycan
dövlətinin rəhbəri olması zəruriyyəti
yaranacaqsa, onu hakimiyyətin ali kürsüsünə
Heydər Əliyev yox, İlham Əliyevin öz ağlı,
öz istedadı, öz yüksək qabiliyyəti gətirəcək.
1 il keçdi və 2003-cü ilin oktyabrı gəldi.
Oktyabrın lap başlanğıcında, prezident
seçkilərinə 2 həftə qalmış Azərbaycanın
ən ağıllı və ən dəqiq seçməyi
bacaran siyasətçisi Heydər Əliyev ilk səs verən
oldu.
Qürbətdən məktub göndərdi.
Namizədliyini
geri götürdü, ilk Azərbaycan vətəndaşı
olaraq İlham Əliyevi seçdi, “ona özümə
inandığım kimi inanıram” dedi.
Bu səsini verəndə, bu etirafını dilə və
qələmə gətirəndə uzun müddət idi ki,
Prezident Heydər Əliyev Azərbaycandan uzaqlarda, müalicədə
idi.
Seçkilərdə iştirak edən İlham
Əliyevin yanında olub ona yardımçı olmaq imkanı
yox idi.
İlham Əliyev meydanda tək idi.
Bu, İlham Əliyev üçün imtahanlar
imtahanı idi.
Əsas mübarizəni Tək özü
aparırdı.
Hakimiyyət zirvəsinə gedən yolda ona arxa duracaq
qüvvə həmin anacan gördüyü işlər,
biliyi, ağlı, siyasi səriştəsi idi.
Və
dünənəcən “varis planı” deyib boğaz
yırtanlar, “İlham Əliyev Heydər Əliyev deyil”
söyləyərək İlham Əliyevin böyük
gücünü yetərincə dərk etməyənlər,
ona qalib gələ biləcəkləri kimi xam xülyaya
uyanlar neçə ay idi ki, tək İlham Əliyevlə
üzbəüz idilər.
Gücləri çatsaydı, güclərini sübut
etmək üçün fürsətləri də vardı.
Və İlham Əliyev imtahandan Qalib çıxdı.
Onu qalibiyyət kürsüsünə kimsə yox,
özü gətirdi.
Məhz
Bütün Xalq və Özü!
Və əminəm ki, övladının çətin
siyasət meydanında, növbənöv açıq və
qılaflı rəqiblərlə mübarizələrdə mərdi-mərdana
və təkbaşına qazandığı bu misilsiz qələbənin
sorağını Prezident Heydər Əliyev qəhərli
sevinclə qarşılayardı.
Heydər Əliyev kimi möhkəm adamı yalnız belə
möhtəşəm uğurlar qəhərləndirə bilərdi.
1993-cü ilin iyununda fırtınaları adlayıb Azərbaycan
Ali Sovetinə sədr seçilərək xalqı və
dövləti xilas etmək üçün tarixi fürsət
qazandığı anlarda onun eyni riqqətli sevincini
duymuşdum.
1995-ci ilin payız günlərində, Nyu-Yorkda, Birləşmiş
Millətlər Təşkilatının iqamətgahı
qarşısında dünyanın böyük dövlətlərinin
bayraqları ilə yanaşı dalğalanan Azərbaycan
bayrağını iftixarla seyr edərkən oxşar kövrək
hisslərlə yaşadığına şahid olmuşdum.
Səməd
Vurğunun az qala hamımızın əzbər
bildiyi “Azərbaycan” şeirini qəlbinin lap dərinlərindən
gələn sonsuz məhəbbətlə oxuyarkən həmişə
qətiyyətli olan şaqraq səsinin hissiyyatın
gücündən titrədiyi anda Heydər Əliyevin həm
də son dərəcə zərif olan ürəyini görmüşdüm.
Heydər Əliyev Azərbaycanı sevən və Azərbaycan
üçün ölçüyəgəlməz xidmətlər
göstərmiş şəxsiyyət idi.
Müasir müstəqil Azərbaycan onun şah əsəri
və ən əziz balası idi.
O bir
bağbana bənzəyirdi ki, çiçək kimi becərdiyi,
böyütdüyü, qayğısını çəkdiyi,
süslədiyi Vətənin sabahından, əlbəttə
ki, narahat idi.
Əlbəttə
ki, o, bu yurdun, bu dövlətin sükanının sabah hansı əllərdə
olacağının fərqində idi.
Bu hissin nə demək olduğunu daş üstə
daş qoyanlar, ömründə nəsə
qurub-yaratmışlar, qurub-yaratdıqlarının sonrası
haqqında nigarançılıq çəkənlər bilər.
Doğmaca
övladının qəlizdən-qəliz dövlətçilik,
siyasət meydanında təkbaşına mübarizəyə
qatılarkən bir an belə büdrəmədən qətiyyətli
qələbəyə yetməsi Prezident Heydər Əliyevi
yalnız Ata olduğu üçün deyil, ən əvvəl
Azərbaycanın gələcəyinin etibarlı əllərə
qismət olduğuna görə, qurduğu bu sevimli Azərbaycan
mülkünün zavala uğramayacağına
inandığı səbəbindən
duyğulandırmış, xoşbəxtlərin xoşbəxti
etmişdi.
Siyasətin necə pırtlaşıq cəngəllik
olmasını, dövlətin birinci şəxsi vəzifəsinin
ağır yükünü daşımağın nə demək
olduğunu hər halda hər kəsdən daha yaxşı bilən
Heydər Əliyev, bəlkə də, heç istəməzdi
yeganə oğlu da siyasətçi, dövlət
başçısı olsun.
Amma XX əsrin son parçasının təlatümlərindən
salamat çıxarıb XXI yüzilliyə yetirdiyi və
möhkəmləndirdiyi müstəqilliyimizin, ayaq üstə
qoyduğu Azərbaycanın daha da çiçəklənməsini,
bu çiçəklənməni təmin edəcək siyasətinin
yaşamasını da çox istəyirdi.
Əslində, o, tək oğlunu, ömrünün
davamı olan İlhamını Azərbaycana, Azərbaycanın
gələcəyinə ərməğan edib, qurban verib.
Heydər
Əliyev realist adam idi və onun hətta məcazi
kimi təsir buraxan hər deyişinin ardında bir gerçəkçi
məqam aranmalıdır.
“Mən həyatımın qalan hissəsini də
xalqıma bağışlayıram” sözlərinin əsl mənası
elə bu imiş.
lll
Heydər Əliyev 1969-cu ildə Azərbaycan
Respublikasının rəhbəri vəzifəsinə irəli
çəkiləndə İlhamın vur-tut 8 yaşı
vardı və üfüqdə onun uşaqlığı,
yeniyetməliyi, gəncliyi gülümsəyirdi.
Təbii, ölkənin birinci şəxsinin, Heydər
Əliyev kimi qüdrətli atanın övladı olmaq, onun tərbiyəsi
ilə böyümək şərəfdir.
Söz yox ki, həm də qayğılardan azad, təmin
olunmuş bir həyat deməkdir.
Lakin
üç onillikdən artıq bir zaman kəsiyində Azərbaycanda
və bütün dünyada tanınan, ən üzdə olan,
həmişə ali dövlət vəzifələri
daşıyan bir atanın övladı olmaq həm də
ağır bir yükdür. Bu, əksər
uşaqlara, əksər yeniyetmələrə, əksər gənclərə
nəsib olan çox azadlıqlara, sərbəstliklərə
tamarzı qalmaq, müəyyən mənada qayğısız
uşaqlıq, yeniyetməlik dövründən məhrum olmaq
deməkdir.
Sən dərsə,
şəhərə gəzməyə, əylənməyə
başqaları kimi azad gedib-gələ bilmirsən,
küçədə, məhəllədə digər
tay-tuşların kimi asudəcə top qova bilmirsən.
Ayrı həmyaşlarından fərqli olaraq, sən lap
erkən çağından danışığına da,
oturuşuna-duruşuna da hədd qoymaq məcburiyyətində
qalırsan.
Uşaqkən, yeniyetməykən, gənc ikən sənin
ən sevmədiyinsə elə cürbəcür məhdudiyyətlər
olur.
Heç kim İlham Əliyevə dövlətin birinci
şəxsinin övladı kimi yaşadığı
uşaqlığa, yeniyetməliyə, gəncliyə görə
həsəd aparmasın.
Heydər Əliyevin oğlu olmağın böyük məsuliyyəti
ömrü boyu onunla yanaşı addımlayıb.
Və hətta
İlham Əliyev özü Prezident olandan sonra da bu məsuliyyətin
dərəcəsi azalmayıb ki, artıb!
Etiraf edək ki, bu, çəkilməsi qətiyyən
asan olmayan ağırdan-ağır yükdür.
Hər halda, ən azı ömrünün son 35-40 ilində,
dünyanı mürəkkəbliyi ilə dərk eləməyə
başladığı ilk vaxtlardan İlham Əliyev daim onun
üçün ucalardan-uca olan bir ismi – “Heydər Əliyev”
adını hər addımı, hər sözü, hər hərəkəti
ilə qorumalı olub.
Deməli, heç vaxt özünün özü üzərində
nəzarəti əskik olmayıb. Demək, hər vaxt məsuliyyət
duyğusu içərisində ayıq-sayıq, sərvaxt
olub.
Odur ki, İlham Əliyev uşaqlığında yeniyetmə,
yeniyetməliyində oturuşmuş bir gənc, gənc ikən
ahıl kimi düşünən, hərəkət edən
bir şəxs olub.
Dünyanı
yaxşısı-yamanı ilə qavradığı əyyamlardan
hər bir əməli, hər bir sözü ilə
atasının və ailəsinin yüksək adını və
ləyaqətini mühafizə etməyi özünə borc
bilmiş, bunu özünün başlıca həyat vərdişinə,
düşüncə, əxlaq tərzinə çevirmiş
İlham Əliyev indi eyni məsuliyyətlə bütöv
ölkənin və bütün millətin şərəf
yükünü daşımaqdadır.
O cür
ömür, o cür tale yaşamayan belə bir yükü
çəkə bilərmi?!
lll
Bakıda,
İstiqlaliyyət küçəsində, indi Elmlər
Akademiyamızın Rəyasət Heyətinin yerləşdiyi
binanın – füsunkar “İsmailiyyə”nin
lap yuxarı hissəsində ərəb əlifbasıyla gendən
naxışa bənzəyən nəfis xətlə orta əsrlər
ərəb filosofunun iki hikməti yazılıbmış.
1920-ci illərdə bolşeviklər Bakını
işğal edəndən az sonra, köhnə
mədəniyyətə qarşı total hücuma girişən
səfeh proletkultçuluq tüğyanları zamanı həmin
yazıların həkk olunduğu kaşı lövhələri
oradan sındırıb qoparırlar.
Hər gün yoldan ötənlərin diqqətini
naxışvari yazısının yaraşığı və
düşündürücü cazibəsi ilə cəlb edən
müdrik nəsihətlərin biri beləymiş ki,
övladlarınızın tərbiyəsini vaxtın
ixtiyarına buraxın. Çünki onlar zamanın
balalarıdır.
Prezident İlham Əliyev böyük Heydər
Əliyevin övladıdır.
Lakin Prezident İlham Əliyev həm də yeni
Zamanın balasıdır.
Hər iki Valideynin çox istedadlı balası
olduğu üçün də bunca güclüdür.
Lakin Prezident İlham Əliyev həm də Azərbaycanın
istiqlal və dövlətçilik irsinin yavrusudur.
1918-ci
ilin baharında, yenicə elan edilmiş istiqlalın bəxtiyarlığının
ürəkləri coşdurduğu əziz günlərdə
müstəqil Azərbaycan Respublikasının ilk Baş
naziri və ilk müstəqillik şəhidlərimizdən
biri Fətəli Xan Xoyski gələcəyə ən
sarsılmaz ümidlərlə söyləmişdi ki, biz
istiqlalın bünövrəsini qoyduq, onun irsini
yaradırıq. Bu müstəqilliyin taleyinin necə
olacağını söyləmək çətindirsə də,
şəksizdir ki, mütləq istiqlalımız gələcək
içərisində yaşayacaq. Çünki irs varsa, hökmən onun varisləri də
olacaq.
Prezident İlham Əliyev övlad olaraq Heydər
Əliyevin varisidir.
Amma
Prezident İlham Əliyev Azərbaycan istiqlalı və
dövlətçiliyinin sadiq balası kimi həm də
Şanlı Müstəqillik yolunun, Şərəfli
İstiqlal İrsinin VARİSİdir!
Bu da bir qanunauyğunluqdur ki, Bakıda müstəqilliyimizin
qurucuları şərəfinə istiqlal abidəsini ucaldan da
Prezident İlham Əliyev oldu.
lll
Dünyada heç bir hadisə təsadüfən
baş vermir.
Hər hadisənin ardında vaxt gərdişinin
qaçılmaz məntiqi var.
Dövlət
başçısı üçün zəruri olan
bütün üstün keyfiyyətlərə malikliyi öz
yerində, amma İlham Əliyevin bir insan olaraq
yaşadığı tərcümeyi-hal və tale də
bütün ayrıntılarıyla açıqca nişan
verir ki, zaman lap kiçik yaşlarından onu elə
bugünkü günə, yeni əsrdə, yeni minillikdə Azərbaycan
dövlətinin sükançısı olmağa
hazırlayırmış.
Əsas qanunumuz prezident seçiləsi insanlara yuxarı
yaş həddi qoymasa da, aşağı yaş məhdudiyyətini
müəyyən edib.
Və bunun mənası dərindir.
Nə qədər oxusan da, öyrənsən də,
ucu-bucağı görünməyən biliklərə,
istedada sahib olsan da, həyat məktəbinin, ömür təcrübəsinin
yerini heç nə vermir.
Dövlət başçısı seçilmək,
yaşından asılı olmayaraq “millətin atası”
adlandırılmaq haqqına və mərtəbəsinə
yetmək üçün gərək öncələrdən
dünyanın isti-soyuğunu da hiss etmiş olasan,
yaşayışın bərkinə-boşuna da düşəsən.
İlham Əliyev qısa ömrü ərzində həyatın
hər üzüylə rastlaşıb.
Rahat, sıxıntısız həyatı da
görüb, məhrumiyyətləri də.
1980-lərdə, ömrünün Moskva illərində
– atası Heydər Əliyevin nəhəng SSRİ-nin rəhbərlərindən
olduğu çağların ruh yüksəkliyi ilə
aşıb-daşan məsud günlərini yaşayıb
İlham Əliyev.
Və sanki hər şeydən – bütün sevinclərdən
və sabaha gözəl ümidlərdən məhrum
olduğu günləri də olub.
Qəzavü qədər nəfəs dərməyə
macal vermədən sarsıdıcı zərbələrini
bir-birinin ardınca endirib.
İlham Əliyevin ömründə qaradan-qara nəhs
bir zolaq başlanıb.
Hər qayğısına, dərd-sərinə hayan olan
cavan anasını insafsızca erkən itirib.
Qəfildən ağır xəstələnən
atası bütün vəzifələrindən
uzaqlaşdırılıb, təhdid və təqib edilib, Heydər
Əliyevi Moskvada həbs, Azərbaycanda qətlə yetirilmək
qorxusu gözləyib.
Dövranın idbar sifətləriylə ilk dəfə
bütün çılpaqlığı ilə üzləşən
İlham Əliyevi də elə Heydər Əliyevin oğlu
olduğu üçün işlədiyi institutdan kənarlaşdırıblar.
Sanki hər şey itirilib. Sanki hər şey
bitib. Sanki karyerasına birdəfəlik iri
bir nöqtə qoyulub. Sanki həyatın
dadı qaçıb. Sanki
onlarçün bütün qapılar qıfıllanıb,
çıxılmaz dalana dirəniblər.
Kim təsəvvür edərdi ki, Sovet imperiyası
dağıla bilər?!
Amma ruhdan düşməyiblər.
Nə
Heydər Əliyev, nə İlham Heydər oğlu!
İnsan həyatda bircə ləyaqətini itirməklə
hər qazandığını qeyb edə bilər.
İnsan ən müşkül vəziyyətdə belə
şərəfini, mənliyini, qürurunu qorumaqla itirdiyi hər
şeyi bərpa edə bilər.
Onlar ləyaqətlərini ən müdhiş sınaq
anlarında qorumağa güc tapıblar.
Ailənin səksəkəli, qanıqara günlərində
İlham Əliyev atasına da, bütün başqa əzizlərinə
də arxa olub, təsəlli olub, inam yeri olub.
Onların hər birini hər şeyin yaxşı
olacağına inandıra bilib.
Özünü oda-közə vurub,
çalışıb, ailəni dolandırıb, əzizlərini
sınmağa qoymayıb.
Və böhrandan çıxıblar, burulğandan
qurtulublar.
İlham Əliyev ailəsini, ailəsinin ləyaqətini
ömrün məşəqqətli günlərində bu
cür dəyanətlə qoruya bilib.
Bu gün o, bütöv Azərbaycan ailəsinin
başçısıdır.
Bu Ailəni
də həmişə eyni Ləyaqətlə qoruyacaq!
Həyatın şirinini də, acısını da
daddığından millətin xoş halından da,
müşküllərindən də yetərincə
agahdır.
O, həyatın
astarını da, avandını da zəhmətkeş, həssas
əlləriylə duymuş, fərqli ömür məqamlarında
eyni kişilik və dəyanətlə yaşamış bir
insandır.
Onunla hər uzaq yola çıxmaq olar.
O, arxa
olmağı bacarır.
Onunla kəşfiyyata getmək olar.
Millət yeni əsrdə artıq iki dəfə onu intixab
edibsə, pənahını, ümidini ona bağlayıbsa,
onun ardınca getmək qərarına gəlibsə, qətiyyən
yanılmayıb.
Azərbaycanın siyasi mühitini nəzərimdə tam
həcmdə canlandırmağa çalışıram.
Qabiliyyətlərinə,
miqyaslarına, daxili enerjisinə və prezidentlik kimi ali mərtəbəyə yetməkçün
gərək olan layiqli inkişaf yolu keçməsinə
görə İlham Əliyevə tay ola biləcək ikinci
şəxsi görmürəm.
Ona görə də xalqımızın 2003-cü və
2008-ci illərdə nə qədər dürüst seçim
etdiyinə sevinirəm.
Sevinirəm ona görə ki, bu seçimin bəhrələri
göz qabağındadır.
Bu ali seçimin nəticəsi gündən-günə
yüksələn, rövnəqlənən və qüdrətlənən
Azərbaycandır.
lll
Vətənə
və millətə öz doğma ocağı, evi, min bir tellə
bağlı olduğu şəcərəsi kimi
yanaşmaqçün gərək dövlət
başçısının zatında, cövhərində nəcabət
ola, mərhəmət ola, nəbz kimi vuran
insaf, ədalət duyğusu ola.
Bunlar elə hisslərdir ki, o vərdişlər gərək
canda, qanda həmişə dövr edə.
Nəciblik sənin mayanda, varlığındadırsa, həyatın
ən dözülməz sınaqlarının da səni
başqalaşdırmağa, dəyişməyə,
qabalaşdırmağa gücü çatmır.
Bu əhvalatı İlham Əliyev bizə hələ
Prezident olmadığı çağlarda, vətəndən
uzaqlarda – Strasburqda danışmış, həm də kimisə
ifşa etməkçün deyil, müqayisə edərək
sıravi bir milis işçisinin Əliyevlər ailəsi
amansız təqiblərə məruz qalarkən heç nəyə
məhəl qoymadan onlara necə sədaqət nümayiş
etdirdiyini çatdırmaqçün söyləmişdi.
Heydər Əliyevin Qorbaçov Kremli tərəfindən
dörd bir yandan sıxışdırıldığı, mətbuatda
barəsində yüz cür hərzə-hədyanın,
iftiranın yer aldığı nisgilli günlərdən
birində İlham Əliyev Moskvadan Bakıya gələsiymiş.
Təyyarənin salonuna daxil olur.
“Atamın vaxtilə vəzifə verdiyi, irəliləyişlərinə
səxavətlə kömək göstərdiyi, ailəmizi də
yaxşı tanıyan bir məmurla düz
qarşı-qarşıya gəldik, baxışlarımız
rastlaşdı. Yer dar idi, görməzliyə vurmaq mümkün deyildi
və o adam mənimlə salamlaşmamaq,
danışmamaqçün üzünü yana çevirdi”.
O vaxt
söz-sözü çəkmişdi, ona görə bu
acı xatirə yada düşmüşdü və qəlbimi
çox incitmişdi.
Belə insan çürüklüyü və
dönüklüyü məni həmişə daxilən
üzür.
Amma nə gözəl ki, belə ürək göynədən
həyat sancmaları və namərdliklər bu böyük
ürəkli insanı daxilən qəddarlaşdıra, qəlbində
zərrəcə də mənfi iz qoya bilməyib.
Allah bilir, bəlkə sonralar, artıq ixtiyarında
geniş səlahiyyətlər olanda, Prezidentliyə
başlayandan sonra həyat yenə onları
qarşılaşdırıb.
Və inanıram ki, Prezident İlham Əliyev ona həmin
şəxsin göstərmiş olduğu nacins münasibətin
əvəzini çıxıb – mütləq diqqət
göstərib, mütləq yaxşılıq edib, mütləq
həmin şəxsin qanıb-qanmayacağını gözləmədən
nəcibliyini edib.
Bunu arxayın inamla ona görə yazıram ki, Prezident
İlham Əliyevin oxşar kübar münasibətinin, əfv
etmək böyüklüyünün, kiminsə
keçmiş naqisliklərini üzə vurmamaq alicənablığının,
yamanlığa yaxşılıq məramına sadiqliyinin
sıra-sıra örnəklərinə bələdəm.
Bircəsini
yada salsam yetər – ölüm yatağında olan atası
haqqında düşməncəsinə ən insanayaraşmaz
ifadələri işlətmiş şəxsə
qayğılarını əsirgəmədi, yüksəlişinə
dəstək verdi, bircə dəfə
müraciət edincə şəhərin ən arzulanan yerində
mənzillə təmin etdi.
Millətin,
Ölkənin Rəhbəri olmağın qızıl
açarı bu boyda Ürəkdir!
Dövlətin yaxşı rəhbərisənsə, bu
Vətəndə səninçün pis yurddaş yoxdur.
Bu xalq yaxşısı və yamanıyla sənindir.
Aqili də, cahili də sənin qayğına
möhtacdır, səndən kömək umur.
Cinayət törədərək həbsxanada yatan məhbusundan
da, bu yurd üçün ən böyük fədakarlıqlar
edən qəhrəmanından da nəvazişini əsirgəməməlisən.
Prezident İlham
Əliyev bu nəcibliyi də ən başlıca əxlaq
ülgüsü kimi gündəlik işində və
varlığında hər an
daşıdığı üçün qiymətlidir, məhəbbətə
və sayğıya layiqdir!
lll
2003-cü
ilin 13 oktyabrında, qatıldığı ilk prezident
seçkilərinin baş tutmasından 2 gün öncə
İlham Əliyev Azərbaycan ziyalıları ilə
görüşürdu və “Məni seçsəniz, sizi
peşman etməyəcəyəm” dedi.
Bu, xalqını, dövlətini sevən və onun bəxtiyar
sabahları üçün hər mübarizəyə
hazır bir Övladın verə biləcəyi vədlərin
ən təvazölüsü idi.
Vicdan və düşüncə tariximizin inciləri cərgəsindəki
dəyərli mizah toplusu “Molla Nəsrəddin”i
yaradıb-yaşatmış Mirzə Cəlili jurnalın
yubileylərindən birində son söz demək
üçün səhnəyə dəvət etmişdilər.
Cəlil
Məmmədquluzadə kürsüyə çıxana qədər
o çağın onlarla seçkin şəxsiyyəti
çıxış edərək bu dərgiyə və onun
redaktorunun ünvanına ən yüksək tərifləri
dilə gətirmiş, ən ali qiymətlərini
ifadə etmişdilər. Mirzə Cəlil alqışlara
bürünən cavab nitqində ikicə kəlmə
demişdi: “Görürsüz də!”
Və
indi sizlər də görürsünüz, əziz
yurddaşlarım!
Bütün
Azərbaycan da, dünya da Prezident İlham Əliyevin ölkəmizə
rəhbər olduğu illər ərzində
yaratdıqlarını, nail
olduqlarını seyr edir.
2011-ci ili başa vurub 2012-ci ilə qədəm atan Azərbaycan
2003-cü ilin Azərbaycanı deyil.
1990-cı illərin başlanğıcından mən
ardıcıl olaraq tez-tez xarici ölkələrə ezamiyyətlərə
uçuram. Təbii ki, hər dəfə şəhərdən
hava limanına yollanır, qayıdanda da yenə Binədən
həmin yolla paytaxta dönürəm. Bəlkə
də çoxlarının yadından çıxıb ki,
indi sürətlə şütüdüyümüz rahat,
dünyanın bir çox irəli getmiş ölkələrindəkindən
də üstün olan bu yolun yerində hansı yol vardı.
İndikiylə qətiyyən müqayisəyə
gəlməyən o köhnə yolun necəliyinin
unudulması təəccüblü deyil. İnsan
yaxşıya tez alışır və bir müddət sonra
ona elə gəlir ki, elə həmişə belə olub.
Amma həndir-hamar, çala-çuxurlu, göz
yoran, sağı-solu işıqsız, ağacsız,
yaşıllıqsız, yastı-yapalaq bəsit tikililərlə
dolu köhnə yolu indi də yaxşı xatırlayıram.
Mənə o köhnə yolu unutmağa imkan
verməyən əcnəbilərdir.
“Teatr asılqandan başlanır” deyiblər.
Azərbaycana, Bakıya təşrif gətirənlər
üçün də ölkə hava limanından, oradan
şəhərə aparan yoldan başlanır. Və həmin
şüşə kimi hamar yolla Bakıya gələn, yol boyu
sıralanan bir-birindən zövqlü, bir-birindən gözəl
tikililəri görən qonaqda Azərbaycan haqqında ilk
heyran düşüncələr, yurdumuza, xalqımıza
hörmət duyğusu yaranır. Belə
etiraflarını dəfələrlə eşitmişəm,
qürrələnmişəm və içərimdə istər-istəməz
bir minnətdarlıq duyğusu oyanıb.
Uzaq olmayan dünənlə bu gün arasındakı bu
gözəllik və üstünlük fərqi bütün
yurd boyu o qədər qabarıqdır ki, onu görməmək
və etiraf etməmək mümkünsüzdür.
Damarında
əsl vətəndaş, azərbaycanlı qanı dövran
edirsə, buna şadlanmamaq, qürurlanmamaq mümkün deyil!
Bu xidmətlər təmənnasız xidmətlərdir.
Bu, Prezident İlham Əliyevin düşüncə,
özünüifadə tərzi, yolu, üslubudur.
Biz “sağ ol!” desək də, deməsək də, o,
yolunu, xeyirxah xəttini davam etdirəcək, əməlpərvərliyində
ardıcıl, dönməz olacaq.
Haqq itirməmək, nankor olmamaq, yaxşını
görmək qabiliyyəti iman kamilliyindən, tərbiyə
dürüstlüyündən nişanədir.
Qədirbilən olaq, İlhamımızı daha
böyük zəfər və tərəqqilərə qəlbdən
gələn səmimi “sağ ol!”larımızla ilhamlandıraq!..
lll
Salnaməçi Xandəmir xəbər verir ki, 1501-ci
ildə Şah İsmayıl Xətai ruhun bədənə
daxil olduğu kimi paytaxt Təbrizə girdi, öz vücudu ilə
hakimiyyət taxtını bəzədi.
XVI yüzilin əvvəlində misilsiz dövlətçi
Şah İsmayıl bu əməliylə “ölkə
paytaxtdan başlanır” həqiqətini hər kəsə
anlatdı və məmləkətinin tərəqqisinin təməl
kərpiclərini ilk olaraq səltənətinin baş şəhərində
düzməyi qət etdi.
XXI
yüzilliyin girəcəyində, artıq yeni zamanda Azərbaycan
dövlətinin öndəri olan Prezident İlham Əliyev isə
öz mütərəqqi fəaliyyətləri ilə
başqa model təklif etmiş oldu: “Ölkə yalnız
paytaxtdan deyil, bölgələrdən, yurdun dörd
bucağından başlanır!”
Prezident
İlham Əliyev bölgələrin sosial və iqtisadi
inkişafı haqqında dövlət proqramı qəbul
etdi, qətiyyətli ardıcıllıqla onun həlli yolunda
çalışmalara təkan verdi.
Və Azərbaycan
paytaxtı, elə təməlindən göyçək olan
Bakı günbəgün dəyişərək, qəşəngləşərək
insanı məftun edən yeni cazibədarlığa
çatdıqca kəndlərimiz, qəsəbələrimiz,
rayonlarımız da həmin sürətlə
hüsnünü dəyişməyə,
sıçrayışlı tərəqqiyə, müasirləşməyə,
daha yaşamalı və işləməli olmağa
başladı.
Avropa və Amerika filmlərində görüb qibtə
etdiyimiz müəssisələrin, sarayların, məktəblərin,
səhiyyə ocaqlarının, yolların, körpülərin,
xiyabanların onlardan da üstünləri
regionlarımızı bəzəməyə başladı.
İş dalınca rayonlardan şəhərə
axışanlar şəhərdən kəndlərə
yönəldilər.
Müasir müstəqil Azərbaycan dahi Heydər
Əliyevin şah əsəridirsə, müasir firavan,
güclü, sabaha inamlı Azərbaycan da Prezident İlham
Əliyevin şah əsəridir.
lll
Lap
astanasında dayandığımız 2012-ci ilin yanvar günlərində
Azərbaycanın Avropa Evinə daxil olmasının, demokratiya
məktəbi sayılan Avropa Şurasına həqiqi
üzvlüyə qəbul edilməsinin 11 ili
tamamlanacaq.
Bu 11 illik yol Azərbaycanın dövlətçilik və
demokratiya tarixindəki ən əlamətdar mərhələlərindəndir
və həmin ildönümünü biz alın
açıqlığı, aşkar qürur hissi ilə
qarşılayırıqsa, bunda Prezident İlham Əliyevin
xüsusi vurğulanmalı birbaşa əməyi var.
Dövlət
həyatında və böyük siyasətdə olduğu son
10 ildən artıq müddətdə İlham Əliyev bu
qısa tarix parçasına sığmayacaq qədər nəhəng
və mahiyyəti etibarı ilə hamısı yaxın və
uzaq perspektivdə millətəxeyir siqlət daşıyan
bolluca işlər görüb!
Artıq ciddi faydalarından bəhrələndiyimiz və
qarşıdakı illərdə mənfəətini
bütün xalqımızın il-il artan bir sürətlə
duyacağı neft müqavilələrinin bağlanması, Azərbaycan
iqtisadiyyatının yüksəlişini təmin edən və
müstəqilliyimizin qorunmasının ən sarsılmaz
zirehlərindən olan neft siyasətinin məharətlə
aparılması İlham Əliyevin ən mühüm dövlətçi
şücaətlərindəndir.
Yeni əsrin
lap başlanğıcında dünyanın ən mötəbər
təşkilatlarından olan Avropa Şurasında İlham
Əliyevin təşəbbüsü və bilavasitə
iştirakı ilə Azərbaycanın vacib maraqlarını
və məramlarını ifadə edən sənədlərin
hazırlanması, Ermənistanın ölkəmizə təcavüzünin
ifşası və Azərbaycan əleyhinə informasiya (və
dezinformasiya) blokadasının tam yarılması səmtində
səyləri, Strasburqda, Avropa Şurasının
tribunasından dövlətimizə və millətimizə qənim
kəsilmiş Ermənistanı ifşa edən bir-birindən
kəskin çıxışları ən yüksək təqdirlərə
və əhsənlərə layiqdir.
Yer kürəsinin hər səmtinə səpələnmiş,
xərçəng mərəzi kimi köklərini dərinlərə
işlədərək qol-budaq atmış, təşkilatlanmış
erməniçilik XX əsrin son çərəyində Azərbaycanı
informasiya müharibəsində udmuşdu – özü də
saxta, yalan təbliğatla.
İlham
Əliyevin millətimizə və dövlətimizə ən əhəmiyyətli
xidmətlərindən biri də məhz həmin informasiya
blokadasını sözün birbaşa mənasında
darmadağın etməsi, bütün Avropaya və dünyaya
Ermənistanın və ermənilərin iç
üzünü eybəcər çılpaqlığı ilə
göstərməsi oldu.
Bu son dərəcə önəmli işi İlham
Əliyev Strasburqda, Avropa Şurasında Azərbaycan nümayəndə
heyətinin rəhbəri olarkən bilavasitə özü
başladı və ölkə Prezidenti seçiləndən
sonra həmin siyasəti bütün istiqamətlərdə təşkil
edərək sistemli və davamlı şəkildə həyata
keçirilməsi üçün tədbirlər
tökdü.
İlham Əliyev əvvəlcə AŞPA-da
Avropanın siyasi elitasının ən seçkin şəxsiyyətləri
ilə mütəmadi dialoqlarında onların beynini dəyişdi,
onların gözlərini əsl həqiqətlərə
açdı.
Tədricən 40-dan çox Avropa ölkəsinin
parlamentarları qarşılarındakı güclü şəxsiyyətin
cazibəsilə ölkəmizə də İlham Əliyevin
Azərbaycanı kimi yanaşaraq daha ehtiramlı münasibət
bəsləməyə başladılar.
Və onlar İlham Əliyevi bizdən öncə
seçdilər.
2003-ün yanvarında İlham Əliyev Avropa
Şurası Parlament Assambleyasının vitse-prezidenti oldu.
Heç bir dünya təşkilatında indiyədək
heç bir azərbaycanlı bunca yüksək mərtəbəyə
ucalmamışdı.
Bir müşahidəmi də bölüşürəm
sizinlə — Strasburqa yeni gəldiyimiz vaxtlarda Avropalı
parlamentarlar öz aləmlərində irəlicədən
hazır olan rəyə əsasən İlham Əliyevin şəxsində
bir Prezident oğlunu görürdülər. Lakin asta-asta onu
tanıdıqca, istedadına, intellektinə, siyasi iradəsinə,
mədəniyyətinə bələd olduqca təsəvvürləri
büsbütün dəyişdi, İlham Əliyevdə Şəxsiyyəti
gördülər!
Onlar elə Azərbaycanda da İlham Əliyevi bir
Prezident kimi görür və onun gəlişini
arzulayırdılar.
Çünki sezirdilər ki, varlığında Qərb
və Şərq dəyərlərini birləşdirən, ən
müasir çevik siyasi təfəkkürə malik, demokratik
dəyərlərə sadiq olan güclü bir insanla üzbəüzdürlər.
Avropa Şurası o yerdir ki, adətən orada tərif
seyrək səslənir. Tənqidsə gen-bol. Həmin təşkilatın
qurucusu olan, Avropa Şurasında 1949-cu ildən bəri
aparıcı mövqe tutan Fransa da, Belçika da, İngiltərə
də və onlar kimi qocaman demokratiya ənənəsi olan digər
ölkələr də bu gün belə tənqiddən
sığortalanmayıblar, vaxtaşırı məhşər
ayağına çəkilirlər. Onda qalmış Azərbaycan
kimi yeni müstəqillik qazanmış, qapalı sovet rejimindən
təzəcə qurtulmuş ölkə ola.
Heydər Əliyev çox uzaqgörən, çox dərin
idi.
İlham Əliyevin Avropa Şurasındakı Azərbaycan
nümayəndə heyətinin rəhbəri olmasına
razılıq verəndə o anlayırdı ki, nəyə
gedir.
O qədərincə
yaxşı agah idi ki, Avropa Şurası qaynar qazandır.
Yaxşı dərk eləyirdi İlham Əliyevi də,
Azərbaycan nümayəndə heyətini də orada heç
vəchlə sadə olmayan mübarizələr,
haqlı-haqsız həmlələr gözləyir.
Və həmin
qarşıdurmalar meydanında İlham Əliyev 3 il ərzində bir neçə 3 ilə
sığacaq qədər sürətli inkişaf yolu
keçdi.
Mübarizələrdə bərkidi, püxtələşdi,
mətinləşdi.
Həm Azərbaycanın
bir çox haqlarının etiraf edilməsinə nail oldu, həm
Azərbaycanı bir bölük ədalətsiz hücumlardan
və mümkün ziyanlardan hifz elədi.
Və həm də bir siyasətçi və dövlətçi
olaraq özünü ən sanballı Avropa siyasətçilərinin
nəzərində tam təsdiqlədə bildi.
...Zəka
işığı, təfəkkür enerjisi, bilik, məntiq,
nitq gözəlliyi elə sərvətlərdir ki, onları
gizlətmək mümkün deyil.
Yanaşı dururlar və danışırlar.
Dünyanın irili-xırdalı ölkələrinin
liderləri və Azərbaycan Prezidenti İlham Əliyev.
Siz də hər biriniz müşahidə edirsiniz.
Amma tək biz yox, dünya da görür və
müqayisə edir.
Kimin kim olduğu aydınca sezilir.
Və
Heydər Əliyevlə olduğu kimi, İlham Əliyevlə
də Azərbaycan əslində olduğundan daha böyük
görünür!
lll
...Əzəmətli
cazibədarlığı ilə ucalan həmin “İsmailiyyə”nin zirvəsində, dəndanələrin
aşağısında nəqş olunmuş və mərdimazar
Şura hökumətinin gələn kimi tələf etdiyi
hikmət dolu ikinci cümlə belə imiş:
“Dünyanın qatışıqlığı təəccüblü
deyil, təəccüblü olan insanın bu
qatışıqlıqdan necə baş
çıxarmasıdır”.
Ən müxtəlif qibtə və maraqların hədəfi
olan, qitələrin və toqquşan siyasətlərin kəsişməsində
yerləşən Azərbaycan kimi bir ölkənin
başçısı olaraq bu mürəkkəbdən-mürəkkəb
müasir dünyada baş çıxarmaq sadəsə
çətin deyil.
Çətindən
çətindir!
Bir dəfə rəhmətlik Heydər Əliyev Azərbaycanın
siyasət labirintlərindəki yolunu Qıl
körpüsünə bənzətdi. “Bu, Sirat
körpüsü kimi incədən-incə elə bir yoldur ki,
sağa, ya sola bircə yanlış addımla uçuruma
yuvarlana bilərsən”.
Heydər Əliyev həmin mürəkkəblik içərisində
varolma və irəliləmənin ideal düsturunu müəyyənləşdirdi.
Prezident İlham Əliyev o ülgünü, o mükəmməl
çizgini dəyişən şəraitlərdə bir qədər
də cilalayaraq inkişaf etdirdi.
Azərbaycan elə bir dövlət kimi ucaldı ki, onun
rəhbəri cavan yaşı ilə bölgənin,
bütövlükdə türk dünyasının liderlərindən
birinə çevrildi, ən böyük dövlətlər
regionunun siyasi taleyi ilə bağlı ən həlli çətin
məsələlərdə Prezident İlham Əliyevə məsləhətçün
üz tutdular.
Və keçən sözü, hesablaşılan
nüfuzu, sahmanlı, nizamlı siyasəti ilə Prezident
İlham Əliyev Azərbaycanı çox bəlalardan salamat
çıxara bildi.
...XXI əsrin
birinci onilinin qurtaracağında dünyanı silkələyən
əcaib hadisələr baş verdi.
Dövlətlərin elə məxfi sirləri, elə
qapalı danışıqlarının təfərrüatları
bir an içində hər kəsə faş oldu ki,
bunları ən cəsarətli fantast yazıçı da
ağlına sığışdıra bilməzdi.
Həmin gizlindən-gizlin yazışmaların,
danışıqların və çəkişmələrin
bizə aid soraqları arasında dövlətimizin
başçısının Azərbaycanın ümdə
maraqları uğrunda bağlı qapılar arxasında necə
mətanətlə, qətiyyətlə, cəsarətlə
mübarizələr apardığını, ölkəmizi və
millətimizi hansı bəlalardan hifz etdiyini duyduq.
Belə Rəhbər və belə Oğulla necə fəxr
etməyəsən?!
Bu sözləri mən vaxtilə unudulmaz Heydər
Əliyevə də Avropa Şurasındakı nümayəndə
heyətimizi Strasburq səfərlərimizdən birindən
sonra qəbul edərkən söyləmişdim. Demişdim ki,
İlham Əliyev Sizin oğlunuzdur, aydın məsələdir
ki, onu hamımızdan yaxşı tanıyırsınız.
Ancaq orada, Avropa Şurasında biz İlham
Əliyevi mübarizə meydanında, ən mürəkkəb
siyasi mübahisə və mücadilələrin axarında
lap yaxın məsafədən müşahidə edirik. Hər dəfə onun yeni-yeni çox parlaq keyfiyyətlərini
izləyirik. Hər şeydən əvvəl
vətəndaş, ziyalı olaraq bir azərbaycanlı
balasının belə qadir, belə ötkəm, belə fərasətli
olmasından ürəyimiz dağa dönür. Və əlavə
etmişdim: “Bunları ona görə deyirəm ki, Siz bir ata
kimi övladınızla fəxr edə bilərsiniz!”.
Təsirlənmişdi...
lll
Üzdən baxanda İlham Əliyev çox səbirli,
təmkinli görünür. Hiss edirsən ki, yüz
ölçüb, bir biçməmiş addım atmaz.
Lakin məqamı düşəndə, gərək
olanda risk etməyi bacarmaq da bişkin siyasətçilərə
xas olan məziyyətdir.
Yeri düşəndə fəhmin, intuisiyanın,
altıncı duyğunun pıçıltısına da qulaq
asmaq zəruriyyəti doğur.
Və bir dəfə də olsun Prezident İlham
Əliyevi siyasi intuisiyasında yanılan görmədik.
Riskləri də hər zaman özünü
doğruldub, faydasını verib.
Ağıllı adamın riski də, əslində, onun
içərisində cərəyan edən düşüncələrin
davamıdır.
O, dayaz
adamlardır ki, siyasətin böyük şahmat olduğunu
unudaraq nərdçi düşüncəsi ilə ümidini
xoş təsadüf zərlərinə bağlayaraq “ya bəxt,
nə olar-olar” deyə riskə gedirlər.
Çiyinlərinə millətin rəhbəri olmaq
yükünü daşımaq səlahiyyətini və məsuliyyətini
götürən lider yeri düşəndə riskə də
getməli olur.
Biz etdiyi risklərin millətin, ölkənin, dövlətin
başına hansı küllər tökəcəyi,
hansı fəsadlar doğura biləcəyini anlamadan, elə
qarasına hərəkət etmiş, bununla da
acısını hamımızın daddığımız
bəlalara bais olmuş başsöz başçıları
da yaxın tariximizdə görmüşük.
Liderin riskində də hazırlıq, araşdırma,
elm olmalıdır.
Əsl
öndər risk edəndə də nəticəni irəlicədən
təsəvvür edə bilməlidir.
Şükür ki, alnına qarşıdakı illərdə
dövlətimizi və xalqımızı idarə etmək
yazılmış İlham Əliyev risklərində də bəsirətlidir
və bunu dəfələrlə əl çatacaq qədər
yaxın məsafədən görüb müsbət nəticələrinin
məmnun seyrçisi olmuşuq.
Bu cəhətdən də Prezidentimiz bel
bağlanılası, əminliklə tale etibar ediləsi
Başçıdır.
Və
onun arsenalında hər halda bir vacibdən-vacib risk
günü də növbədədir.
İllərdir
ki, gücünü, qüdrətini artıra-artıra Azərbaycanı
qələbəylə bitəcək həmin risk gününə
hazırlayır!
lll
Prezident İlham Əliyevin bir gücü və
dayağı da ailəsi, doğmalarıdır.
Ən
yaxın silahdaşı olan, mədəniyyətimiz, maarifimiz,
gəncliyimiz, deməli sabahımız üçün
sanballı işlər görən, milləti bütün
dünyaya uca göstərən, qiymətli layihələri həyata
keçirən, azərbaycanlının və
bütövlükdə Vətənin şöhrətini,
hörmətini artırmağı bacaran həyat
yoldaşı Mehriban xanım, eyni yolun yolçuları olan
qızları.
Heydər Əliyevin oğlu olan İlham Əliyevin
oğlu da Heydər Əliyevdir.
Və ulu öndər üçün
daşıdığı ad sadəcə ad deyildi, həm də
bir yadigar, yaddaş idi.
Bu adı onun dayısı daşımışdı.
Azərbaycanlıların qanına susamış ermənilərin həlak etdiyi şəhid qardaşının şərəfinə anası İzzət xanım ona bu adı vermişdi.
Böyük dövlət adamı Heydər Əliyev daşıdığı adın onunçün həm də bir rəmz olduğunu, Vətənin bütövlüyünü, toxunulmazlığını qorumağa çağırış olduğunu heç vaxt unutmadı.
Bu həqiqəti Prezident İlham Əliyev də bir göz qırpımı belə unutmaz!
Bu ad Prezident İlham Əliyev üçün ikiqat müqəddəs, ikiqat rəmzidir.
Vətən və dövlət qarşısındakı böyük borcundan əlavə atasının və övladının daşıdıqları adın yaşatdığı yaddaşın həqiqəti Baş komandan İlham Əliyevi həyatının ən umulan qələbəsinə mütləq çatdıracaq!
lll
...Tarixin çox sınaqlarından adlamış bu xalqın və bu yurdun sevinmək, firavanlıq içində, bayramlar qoynunda yaşamaq haqqı var.
Gərək bu millətin təqvimində bayram rənginə boyanmış günlər çox ola.
Hələ təqvimimizdə olmayan daha bir qırmızı yarpağın, hələ təntənəsini yaşamadığımız ən əziz bir bayramın sorağındayıq.
Zəfər bayramının!
Gələn il və sonra hər il Şuşada atəşfəşanlıqla başlanacaq bayramın!
Dünya boyu bütün azərbaycanlıları riqqətə gətirəcək həmin mübarək günü də Azərbaycana Prezident İlham Əliyev bağışlayacaq!
Bu gün Ona – Prezidentimizə və Millətə – hamımıza bir ülvidən-ülvi arzum var – könül istər ki, həmin əziz millət bayramına imzanı Prezident İlham Əliyev öz həyatının yeni başlanan ikinci yarım əsrinin birinci ilində, hamımızın ömrünün təzə başlanacaq növbəti ilində atsın!
lll
XX əsrin əvvəllərində görkəmli Azərbaycan şairi Məhəmməd Hadi millətlərin müasir tarixə atdığı imzalar arasında bizim millətin seçilən imzasının gözə dəyməməsinə qəlbən acıyırdı.
XXI əsrin ilk onillərini yaşayan, günbəgün yüksələn Azərbaycanın imzası indi böyük dövlətlərin, böyük millətlərin imzaları içində ön cərgələrdədir.
Bunca zirvələrə yetişməyimizdə ən çox haqqı olanların birincisi elə Prezident İlham Əliyevdir.
Biz şanlı tarixin axarındayıq.
Baş verənlərə, xarüqələrə o qədər yaxınıq ki, möhtəşəm İmzamızın əsl qiymətini vermək, gerçək miqyaslarını təsəvvür etmək də çətindir.
Həmin yüksəlişlərin memarı Prezident İlham Əliyevinsə fəth edilən zirvələrlə, qazanılan zəfərlərlə öyünməyə vaxtı yoxdur.
Qətiyyətli, inamlı addımlarıyla irəli tələsir.
Yol davam edir.
O, Gələcəklə məşğuldur.
Rafael HÜSEYNOV
525-ciqəzet.-
2011.-24 dekabr.- S.14-15.