Üstümüzdəki
Soros ləkəsi
“Demokratik institutlar öz-özünə inkişaf edə bilməz, onların inkişafı bizlərdən asılıdı. Demokratik institutların təkmilləşməsi problemi bu institutların yox, həmişə ayrı-ayrı şəxsiyyətlərin qarşısında duran problemdi”. Bu sözlər Avstriya filosofu Karl Popperə məxsusdu.
Cəmiyyətdə, xalqın taleyində fərdlərin, şəxslərin rolu barədə cildlərlə kitab var, nə qədər istəsən sitat gətirmək olar. Sitatı Popperdən ona görə gətirmədim ki, bu adın deyilişindən xoşum gəlir, qəşəng səslənir. Ona görə seçdim ki, Corc Soros Popperi müəllimi, özünü də onun ideya ardıcılı hesab edir. O Soros ki, daha Bakıdakı ofisi heç kimə qrant verməyəcək...
Soros Fondunun yerli ofisinin qrant verməyəcəyi xəbəri məni ona görə narahat eləmədi ki, ta bu fond qrant verməyəcək. Qrant olacaqsa, onu vermək qərarı bizdə olmayacaq, qrant Nyu-Yorkdan veriləcək, bir sözlə, qrantı qrant sahibləri özləri paylayacaq.
Yadıma qaçqınlıq illərinin ilk dövrləri düşür. Almanların, ərəblərin, türklərin göndərdiyi yardımları ədalətlə bölə bilmədiyimizi görən almanlar, ərəblər, türklər öz yardımlarını özləri paylamalı oldular. Bizim ədalət duyğumuz əcnəbiləri çıldırıb dəli eləmişdi. Bunun nə qədər utancverici olduğunu görməmək üçün gərək adamda ayıb hissi yerli-dibli olmayaydı. Ayıbımız o qədər yekə oldu ki, “Allah da örtə bilmədi”.
Mən korrupsiyanın bizim genimizdə olduğuna inanmaq istəməyənlərdənəm. Sadəcə, korrupsiya virusuna immunitetimiz kövrəkdi, bu da bizim zəif yerimizdi. Səbəbini bilmirəm, fikirləşəndə də ağlıma qlobal iqlim dəyişikliyindən başqa bir şey gəlmir. Zarafat eləmirəm!
Qotur yarası insan bədənində nədisə, korrupsiya da cəmiyyətdə odu. Kiminin başı, kiminin ayağı yoluxur, bizim isə bədənimizin hər əzası yaradı. Doğum evindən qəbrədək yolda, bu dünyaya gəlib o dünyaya getdiyimiz zaman kəsimində bu virus bizimlədi. Ömrümüz qotur içində keçir. Qoturxanadayıq! Bu il Beynəlxalq Şəffaflıq Təşkilatının Korrupsiyanı Qavrama İndeksi siyahısında Azərbaycan 183 ölkə arasında 143-cü sıraya “qalxdı”. Ölkənin adını bu bədnam siyahıya salanlarımız isə qotur qaşımadan xoşhallandığı kimi ali mövqenin ləzzətini çıxarırlar. Yeni kəşf deyil, bunu dünyanın o başında da bilirlər.
Bəs biz, “vətəndaş cəmiyyəti qurucuları”, bizlər necə? Hökuməti yıxıb-sürüməkdə tayı-bərabəri olmayan, müxalifətə “naftalin qoxuduğundan” ağız büzən, cəmiyyətə “savadsız”, “müti” deyib snobvari yuxarıdan baxan, Sorosun hesabına o ölkə sənin, bu konfrans mənim deyib gəzən, “bord” üzvü, komissiya üyəsi kimi fondun hesabına fərman verən, çəyirtkə taxıla oturan təki uzun illər fondun pulunu qrant-qrant gəmirən bizlər bu qərardan xəcalət çəkdikmi?
Xalqın “üzü-qaymağı”, “düşünən beyni”, “vuran qəlbi”, “görən gözü”, “ağrıyan vicdanı” kəslər, daha Soros bizlərə güvənmir! Bizi ədalətli bölücü, səmimi demokrat saymır. Qaçqın yardımını insafla bölməyə qabiliyyəti çatmayanlardanıq. Bu ölkənin “qotur” tutmayan tək salamat yeriydik bəs?! “Şəffaflıq” bağırıb büdcə çapovulçularının ayıbını açırdıq, ayıbımız açılmadımı?
Bir-birinin ayıbını açmaqdan bizim qədər ləzzət alan olmaz. Başqasının ayıbını ona görə açmırıq ki, ayıbdı, belə şey eləməzlər! Onda açırıq ki, ayıb da olsa, bu işdə özümüz iştirak etmirik – iştirakçısı olsaq həvəslə girişərik, ya da ən yaxşı halda “yeyib” susarıq. Mənə çatmırsa, sənə də çatmasın! Xarici fondlarla problem çox ölkədə olur, yaxın qonşularımızda bəlkə bizdən də çoxdu. Amma onlar fərdi “ayıb”ı milli “ayıb”a çevirməməyi bacarırlar. Bu abzasda yazdıqlarım o anlama gəlməsin ki, bizi başaşağı edəcək hərəkətimizi tənbəl arvad zibili palaz altında gizlətdiyi kimi ört-basdır edək. Narahatlığım bütün dünyada vətəndaş cəmiyyətimizin kövrək imicinə zərbə dəyəcəyindən, bu prosesin zəncirvari başqa donorlara da sirayət edəcəyindən, nəticədə ölkədə bu sektorun onsuz da az olan imkanlarının daha da azalacağındandı.
Soros Fondunun bu qərar xəbərindən iki həftə keçib. Bu günlər ərzində illər boyu bu qərara doğru yol açan, birbaşa və ya dolayısıyla təqsirkar olan bizlər ağzımıza su alıb susduq. Amma heç kim yaxasını kənara çəkə bilməz! Burda ləkəsi olmadığını zənn edən “tənha məğrurlar” elə bilməsinlər ki, aydan arı, sudan durudular, yağış hər yanı islatdığı kimi çirkab da hər kəsə bulaşır (heç olmasa sıçrayır).
Unutmayaq, heç də hər yağış hər ləkəni yumur.
Gün işığı lazımdı – hər yanı aydınlatdıran, Popperin dediyi “ayrı-ayrı şəxsiyyətləri” yetişdirən gün işığı!
Vahid QAZİ
525-ci qəzet.-
2011.- 24 dekabr.- S.20