Yeni dövrün yeni Naxçıvanı

 

Bu gün müstəqil Azərbaycan dövləti dünyanın sosial-iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkələri sırasına daxil olub. 42 milyarddan artıq vəsaiti olan Azərbaycan dünyanın qabaqcıl hüquqidemokratik dövlətlərindən birinə çevrilib. Beynəlxalq aləmdə qazandığı hörmət və nüfuzu sayəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Xalqımızın əldə etdiyi dövlət müstəqilliyi öz uğurlu nəticələrini verməyə başlayıb. Ölkəmizdə həyatımızın bütün sahələrində mədəni dünya dəyərlərinə sürətlə inteqrasiya göz qabağındadır.

Bu inkişaf və tərəqqi Azərbaycanın bütün bölgələrində, o cümlədən qədim Naxçıvan torpağında da açıq şəkildə müşahidə olunmaqdadır. Bu gün bu bölgə istər sosial-siyasi sahədə, istər iqtisadi və mədəni sahədə olsun sürətlə inkişaf edir, çiçəklənir. Bu gün Naxçıvan beynəlxalq standartlara cavab verən, qonşu ölkələrlə əlaqələrini genişləndirən, dünyanın önəmli mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir.

Xalqımız dövlət müstəqilliyinin bərpasının 20 ilini arxada qoymuşdur. Bu 20 il ərzində ulu öndər Heydər Əliyevin siyasi kursu Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilmiş, diyarın sosial-iqtisadi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, mühüm nailiyyətlər əldə olunmuşdur. Amma bu böyük nailiyyətlərin dinamikası, inkişaf strategiyası Azərbaycan tarixşünaslığında tam şəkildə öz elmi həllini tapmamışdır. Bu boşluğu doldurmaq baxımından akademik İsmayıl Hacıyevin bu yaxınlarda çapdan çıxmış “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı(1991-2011-ci illər)” adlı monoqrafiyası ilk ümumiləşdirici elmi-tədqiqat əsəri kimi diqqəti cəlb edir. Azərbaycan tarixşünaslığına çox sanballı bir bayram hədiyyəsi sayıla biləcək bu əsər ümummilli lider Heydər Əliyevin Naxçıvan tarixinin bütün problemlərinin obyektiv surətdə öyrənilməsi barədə tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi istiqamətində atılan mühüm bir addım kimi çox diqqətəlayiqdir.

Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, akademik İsmayıl Hacıyevin Naxçıvan tarixinin müstəqil dövlətin milli ideologiyası və yeni elmi metodologiyası işığında araşdırılması sahəsində mühüm xidmətləri vardır. O, azərbaycanşünaslığın tərkib hissəsi olan naxçıvanşünaslıq elmi xəzinəsinə bir sıra mühüm tədqiqat əsərləri bəxş etmişdir. Belə ki, akademik İsmayıl Hacıyevin “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”,”Naxçıvan Muxtar Respublikası”, ”İntibahın on beş ili”, Türkiyədə nəşr olunan “Tarixdə və günümüzdə Naxçıvan”, ”Atatürk və Naxçıvan”, ”Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi”, eyni zamanda bu yaxınlarda nəşr olunacaq iki cildlik “Naxçıvan tarixifundamental monoqrafiyasının əsas müəlliflərindən biri kimi tədqiqatları onun bu sahədəki məhsuldar elmi fəaliyyətinin ancaq bir hissəsini təşkil etməkdədir.

Giriş, 3 fəsil, 32 yarımfəsil, nəticə, ədəbiyyat və əlavələrdən ibarət olan həmin qiymətli monoqrafik əsərin birinci fəsli demək olar ki, bu gün böyük nailiyyətlərə imza atan və gündən-günə gözəlləşən Naxçıvan Muxtar Respublikasında dövlət müstəqilliyinin yaranmasının tarixi şəraiti, ulu öndərin Naxçıvanda yaşayıb işlədiyi illər, Heydər Əliyevin bölgənin xilaskarı missiyasını yerinə yetirməsi və bu günkü firavan həyatın təməllərinin atılması məsələləri arxiv materialları və etibarlı tarixi mənbələr əsasında elmi şəkildə öz təhlilini tapmışdır.

Tarixin bir çox dövrlərində Azərbaycanın coğrafi cəhətdən mərkəzində yerləşən Naxçıvan, XX əsrin 90-cı illərinin əvvəlində sanki taleyin ümidinə buraxılmış bir adanı xatırladırdı. Məkrli düşmənlərimizin Zəngəzuru ələ keçirməsindən sonra Naxçıvan ərazi cəhətdən Azərbaycandan ayrı düşmüşdü. Lakin bu yurdun igid və qəhrəman övladları diyarı heç vaxt Azərbaycandan ayrı təsəvvür etməmişlər. XX əsrin əvvəllərində olduğu kimi 80-ci illərdə də Naxçıvana yiyələnmək istəyən erməni millətçilərinin arzuları gözlərində qalmışdır. Naxçıvana gələn bütün kommunikasiya xətlərini kəsən, diyarı blokada vəziyyətinə salan məkrli düşmənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ağıllı və düşünülmüş siyasəti, insanlarımızın fədakarlığı sayəsində Naxçıvanı xilas etmiş, düşmən əlinə keçməsinə imkan verməmişdir. Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi Naxçıvanı bəlalardan xilas etdi. Ulu öndərin rəhbərliyi ilə milli dövlətçiliyimizin bərpası istiqamətində uğurlu addımlar atıldı, bir sıra tarixi qərarlar qəbul edildi, Milli ordu quruculuğuna başlanıldı, qonşu ölkələrlə əlaqələr genişləndirildi . Bu tarixi şəraitdə Heydər Əliyevin Naxçıvanı xilas etməsi, burada mühüm dövlət quruculuğu məsələləri ilə ciddi şəkildə məşğul olması və sair qlobal məsələlər kitabda geniş şəkildə təhlil və tədqiq edilmişdir.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı” adlanan ikinci fəsildə bölgədə sənayenin inkişafı, yeni sənaye sahələrinin yaradılması, tikinti-quruculuq və abadlıq işləri, kənd təsərrüfatının inkişafı, nəqliyyat və rabitə sahəsində baş verən dəyişikliklər, elektroenergetikanın yenidən qurulması və inkişafı, muxtar respublikanın tam şəkildə qazlaşdırılması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, ekologiya və yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi, bölgənin inkişaf dinamikası və bu sahənin yüksələn xətt üzrə tərəqqisi və bütün bu nailiyyətlərin hamısının Naxçıvan Ali Məclis sədrinin düzgün və səmərəli təşkilatçılıq fəaliyyətinin bəhrəsi və uğurlu nəticəsi kimi statistik rəqəmlər əsasında yüksək elmi səviyyədə araşdırılmışdır.

Məlumdur ki, keçən əsrin 90-cı illərinin ortalarında Heydər Əliyev məktəbinin layiqli nümayəndəsi Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. Vasif Talıbovun problemlərə bələdliyi, ardıcıl və yorulmaz fəaliyyəti, məqsədyönlü və fədakar işinin nəticəsində Naxçıvanın uğurları ilbəil artdı. Naxçıvan Muxtar Respublikasında həyatın bütün sahələrində müvəffəqiyyətlər qazanıldı, diyarın hərtərəfli inkişafı təmin edildi. Təməli xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdə tətbiqinə başladığı yeni həyat quruculuğu xətti ötən illər ərzində uğurla davam etdirildi. Heç də təsadüfi deyildir ki, Heydər Əliyevin siyasi kursunu dövrün tələblərinə uyğun və yaradıcılıqla davam etdirən ölkə prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafında Naxçıvanın xüsusi yeri olduğunu dönə-dönə qeyd edərək demişdir: ”Naxçıvanın uğurlu inkişafı Azərbaycanın uğurlu inkişafı deməkdir. Bizim müstəqilliyimizin möhkəmləndirilməsi deməkdir. Burada gedən işlər məni çox sevindirir. Mən əminəm ki, bu gözəl ənənələr gələcək illərdə də davam etdiriləcək və Naxçıvan Muxtar Respublikası həm iqtisadi inkişaf sürətinə görə, həm də infrastruktur layihələrinin səviyyəsinə görə nəinki bu regionda, hətta dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır. Mən çox məmnunam ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi, Vasif Talıbov Heydər Əliyev siyasətini burada uğurla icra edir, onu davam etdirir və Naxçıvanın möhkəmlənməsinə öz töhfəsini verir”.

Onu da qeyd etmək lazımdır ki, ölkə prezidentinin Naxçıvanın inkişafında özünü göstərən intibahı yüksək qiymətləndirməsi, bu fəaliyyətləri təqdir etməsi, ali məclis sədrinin bölgədə yaradıcı şəkildə həyata keçirdiyi abadlıq-quruculuq işlərinə dəstək verməsi böyük müvəffəqiyyətlərin əldə olunmasına təkan vermişdir. Elə buna görə də xüsusilə son on beş ildə muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı Vasif Talıbovun bu sahədə gördüyü işlərin mühüm nəticələri kimi diqqəti cəlb edir

Monoqrafiyanın “Naxçıvan Muxtar Respublikasının mədəni inkişafı” adlanan III fəslində də məhz bu məsələlər – təhsil sahəsindəki dəyişiklik və yeniliklər, elmin inkişafı, səhiyyə sahələrinin yenidən qurulması, mədəni-maarif müəssisələrinin inkişafı, gəncləridman sahəsində əldə olunmuş nailiyyətlər faktlar, statistik göstəricilər əsasında təhlil süzgəcindən keçirilir. Akademik İ.Hacıyev çox doğru olaraq qeyd edir ki, hazırkı şəraitdə muxtar respublikada təhsil, elm, səhiyyə və mədəni-maarif sahəsində ciddi uğurlar əldə edilməklə onların inkişafına fikir verilir, madditexniki bazası möhkəmləndirilir. Mədəniyyət abidələri qorunur, təmir və bərpa edilir, kitabxanalar, muzeylər, mədəniyyət evləri yenidən qurulur. Naxçıvan Muxtar Respublikası, eləcə də Naxçıvan şəhəri abadlaşır, müasirləşir, yenidən qurulur, beynəlxalq tədbirlər keçirmək üçün bütün parametrləri ilə uyğun gələn bir məkana çevrilir. Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə toplantısı, Azərbaycan-Türkiyə Biznes forumunun Naxçıvanda keçirilməsi, bir sıra ölkələrin dövlət və hökumət başçılarının Naxçıvana gəlmələri Naxçıvanın ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı haqqında hər şeyi deyir. Naxçıvan sürətlə və dinamik inkişaf edən bir diyara çevrilir.

Müəllif çox haqlı olaraq bu uğurların əldə olunmasının başlıca şərtini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Heydər Əliyev kursuna sədaqətində, problemlərə bələdliyində, onlara milli mövqedən və dövlətçilik prinsipindən yanaşmasında, yüksək tələbkarlığında və prinsipiallığında, bununla yanaşı həm də onun xeyirxahlığında və vətənpərvərliyində görür. Tədqiqatçı xalq tərəfindən intibah dövrü, Naxçıvan möcüzəsi kimi səciyyələndirilən son 15 ildə qazanılan uğurların səbəbini bu möhtəşəm müvəffəqiyyətlərin təşkilatçısı və rəhbəri Ali Məclis sədri Vasif Talıbovun öz sözləri ilə aşağıdakı şəkildə ifadə edir: ”Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar”.

Kitabda ulu öndər Heydər Əliyev və ölkə Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında işlərin düzgün istiqamətdə təşkil olunması, bu qədim diyarın sürətlə qurulması, bölgənin başdan-başa abadlaşdırılması, burada qısa müddət ərzində baş verən müsbət dəyişikliklər haqqında fikir və düşüncələrinin kitabda ayrıca bir bölmədə öz əksini tapmasını monoqrafiyanın dəyərini daha da artıran cəhətlərdən biri kimi xüsusi qeyd etmək istərdik. Eyni zamanda əsərə hər fəslin məzmununa uyğun olaraq daxil edilən foto şəkillər onun təsir gücünü daha da artırır. Bundan əlavə, Ali Məclis sədrinin 1996-2011-ci illərdə muxtar respublikanın ictimai və mədəni həyatına aid imzaladığı sərəncamların tam mətninin kitaba daxil edilməsi onun bir etibarlı mənbə kimi istifadə imkanlarını daha da genişləndirir.

Beləliklə, inanırıq ki, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı(1991-2011-ci illər)” adlı monoqrafiyası müstəqillik dövründə sürətlə və dinamik inkişaf edən, intibah dövrünü yaşayan yeni Naxçıvan haqqında ilk ümumiləşdirici və sanballı bir tədqiqat əsəri kimi tarixşünas alim və müəllimlərə və eyni zamanda geniş oxucu kütləsinə layiqli bir töhfə olacaq.

 

Əbülfəz QULİYEV

AMEA-nın müxbir üzvü,

professor

525-ci qəzet.- 2011.- 24 dekabr.- S.24.