“Pedaqoji
kadrların düzgün seçilib
yerləşdirilməsi xüsusi
aktuallıq kəsb edir”
2009-2010-cu tədris ilindən müəllimlərin işə qəbulunda yeni qaydaların tətbiqinə başlanılıb. Müəllimlərin işə qəbulu sahəsində yeni qaydaların tətbiqini zəruri edən bir sıra səbəblər olub: yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisələri tərəfindən ciddi ehtiyac olmadan müəllimlərin işə qəbul edilməsi; bir stavkadan az dərs yükü ilə işləyən müəllimlərin sayının artması, müəllim-şagird nisbətinin ilbəil aşağı düşməsi; saxta, qanunsuz (lisenziyası olmadan) fəaliyyət göstərən təhsil müəssisələrinin, nostrifikasiyadan keçməyən təhsil sənədləri ilə, özəl təhsil müəssisələrinin arayışları, müxtəlif kursların vəsiqələri ilə müəllimlərin işə qəbulu, 2000-2006-cı illərdə ölkə üzrə şagirdlərin sayının 125 min nəfər azaldığı halda, müəllimlərin sayının 11 min nəfər artması.
Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, təhsilin keyfiyyəti pedaqoji kadrların peşəkarlıq səviyyəsilə birbaşa bağlıdır. Bu baxımdan onların düzgün seçilib yerləşdirilməsi məsələsi xüsusi aktuallıq kəsb edir. Son illərdə aparılan təhlillər göstərir ki, bəzi yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisələri tərəfindən pedaqoji kadrlara olan tələbatın düzgün müəyyənləşdirilməməsi, vakant yerlər barədə verilən sifarişlərin real tələbatla uzlaşmaması, normadan az dərs saatına müəllimlərin işə qəbulu, normativ-hüquqi sənədlərdə qoyulmuş tələb və qaydalara kifayət qədər riayət olunmaması hallarına yol verilib. Bu hallar ümumi təhsil müəssisələrində müəllim-şagird nisbətinin xeyli dərəcədə aşağı düşməsinə, süni müəllim sıxlığının yaranmasına səbəb olub, habelə kifayət qədər metodiki hazırlığı olmayan pedaqoji kadrların işə qəbuluna şərait yaradıb. Mövcud nöqsanların aradan qaldırılması məqsədilə 2008-2009-cu tədris ilindən ölkənin ümumtəhsil məktəblərində müəllim vəzifəsi Təhsil Nazirliyinin uçot nomenklaturasına daxil edilib. Bu məqsədlə 2009-2010-cu tədris ilində Bakı şəhərinin, 2010-2011-ci dərs ilində isə ölkənin ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulunun yeni qaydalar əsasında müsabiqə yolu ilə aparılmasına başlanılıb. Eyni zamanda müəllimlərin işə qəbulu ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən gənc mütəxəssislərin “2005-2009-cu illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı” çərçivəsində həmin illərdə və 2010-cu ildən isə Nazirlər Kabinetinin qərarına uyğun olaraq dövlət sifarişinə əsasən həvəsləndirmə tədbirləri tətbiq olunmaqla kadra ciddi ehtiyac olan kənd məktəblərinə birbaşa göndəriş yolu ilə də aparılıb. Bu prosesin pedaqoji kadr təminatında əhəmiyyətli rolu olsa da, indiyədək həvəsləndirmə tədbirləri ali və orta ixtisas təhsili müəssisələrini yalnız həmin ildə bitirən məzunlara şamil edilirdi. Bu əmrlə müəyyənləşdirilmiş yeni qaydalarda isə həvəsləndirmə tədbirlərinin pedaqoji ixtisas təhsilli 35 yaşınadək bütün gənclərə tətbiqi nəzərdə tutulub. Həmçinin, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi” alt-komponentində də müəllimlərin işə qəbulu mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə daha səmərəli sistemin yaradılması vacib bir məsələ kimi qarşıya qoyulub.
Təhsil naziri deyir ki, Təhsil Nazirliyi ilə ULTRA şirkəti arasında bağlanmış müqaviləyə əsasən müəllimlərin işə qəbulunun proqram təminatı hazırlanmış və 2010-cu ilin avqust-sentyabr aylarında işə qəbul yeni qaydalar əsasında, Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin Təlim Mərkəzində keçirilib. Qaydalar və proqram təminatı daha da təkmilləşdirilib, iyul-avqust aylarında müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilib: “Proqram təminatı işə qəbul üzrə müsabiqədə iştirak edən namizədə dörd müxtəlif vakant yer seçmək imkanı yaradır. Proqram təminatı 7 moduldan ibarətdir: vakant yerlərin daxil edilməsi və kodlaşdırılması, elektron ərizələrin qeydiyyata alınması, təsdiqlənməsi, ərizələr əsasında statistik hesabat, məlumatların hazırlanması, imtahan qruplarının yaradılması, imtahana çağırışın aparılması, imtahan suallarının daxil edilməsi, imtahan başa çatdıqdan sonra vakant yerlərə yerləşdirmənin aparılması və apelyasiyanın keçirilməsi.
Modulların hər biri mükəmməl funksiyalara malik olmaqla yanaşı, vahid bir sistem şəklində imtahan prosesinin idarəolunmasının avtomatlaşdırılmasını, dəqiqliyin maksimuma çatdırılması təmin edir. Müəllimlərin işə qəbulu üzrə yeni qaydaların bir sıra üstünlükləri var. Yeni qaydalara əsasən elektron vasitələr tətbiq edilir, şəffaflıq və obyektivlik təmin olunur. İmtahanın sonunda hər bir müəllim öz nəticəsini bilir, qiymətləndirmə insan amili olmadan aparılır, vakant yerlərə yerləşdirilmə proqram təminatı vasitəsilə aparılır və həmin anda müsabiqənin nəticələri barədə məlumat hər bir namizədin şəxsi elektron səhifəsinə göndərilir”.
M.Mərdanovun dediyinə görə, bu il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin yüksək səviyyədə təşkili məqsədilə müvafiq təlimati sənədlər və modullar hazırlanıb, nazirliyin saytında və “Azərbaycan müəllimi” qəzetində yerləşdirilib. Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə Təhsil Nazirliyinin müvafiq əmri İcrası istiqamətində müvafiq tədbirlər görülüb.Namizədlər tərəfindən vakant yerlərin seçilməsi və elektron ərizənin doldurulmasına dair təlimat, müəllimlərin işə qəbulu müsabiqəsində iştirak üçün elektron ərizənin doldurulması üzrə video çarx, müəllimlərin işə qəbulu üzrə elektron ərizə hazırlanıb: “
Müəllimlərin işə qəbulu üzrə müsabiqə prosesində obyektivlik və şəffaflığın təmin olunması üçün bu il də bütün lazımi tədbirlər həyata keçirilib. Müsabiqənin II (imtahan) və III (müsahibə) mərhələlərinin gedişi əvvəldən axıradək kameralar vasitəsilə lentə alınmışdır və xüsusi texniki qaydada saxlanılır. Hər bir ixtisas üzrə imtahanların gedişi və nəticələri televiziya kanallarında, internet səhifələrində, mətbuatda işıqlandırılıb.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə 3 mərhələdə təşkil edilib. I mərhələ – elektron ərizələrin qəbulu və namizədin göstəriciləri əsasında ilkin qiymətləndirilmənin aparılması. Bu mərhələdə namizəd təhsil səviyyəsi (bakalavr, magistr, orta ixtisas təhsili), təhsil müddətində topladığı orta bal, müsabiqələrdə və ixtisasartırma kurslarında iştirakı, əməyinin qiymətləndirilməsi və sair göstəriciləri daxil etməklə elektron ərizə verir. Elektron ərizədəki göstəricilər daxil edilən kimi proqram təminatı vasitəsilə hər bir göstəricinin əmsalına uyğun ballar toplanır və nəticə məlumat bazasında namizədin elektron səhifəsinə qeyd edilir. II mərhələ – namizədin kompyuter qarşısında elektron imtahan verməsi. Hər bir namizədə öz ixtisası üzrə məktəb proqramı əsasında tərtib edilmiş 25 sual, ümumi metodikadan 5 sual, məntiqdən 5 sual olmaqla, ümumilikdə 35 test tapşırığı verilir və onun cavablandırılmasına 60 dəqiqə vaxt ayrılır. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının 80 və daha yüksək faizinə düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunur. Respublikanın kənd məktəblərində həvəsləndirmə yerləri tətbiq olunan vakant yerlər üçün (H1 və H2) keçid balı sualların 60 və daha yüksək faizinə düzgün cavab verilməsi nəzərdə tutulur. Hər bir fənn üzrə imtahan başa çatdıqdan dərhal sonra kompyuter proqramı keçid balını toplamış namizədlərin yüksək baldan başlayaraq vakant yerlərə yerləşdirilməsini həyata keçirir və müvafiq məlumatlar dərhal namizədlərin şəxsi səhifələrinə göndərilir. III mərhələ – müsabiqədən keçərək işə qəbul olunmuş müəllimlərlə müsahibə.
Bu mərhələ aşağıdakı məsələləri əhatə edir: fənlər üzrə müəllimlər tərtib edilmiş qrafik əsasında şəxsi işlərini, o cümlədən təhsil sənədlərini Komissiyaya təqdim edir, sənədlərə baxılır,müəllimin qəbul olunduğu yerdə işləyib-işləməyəcəyi bir daha dəqiqləşdirilir, yeni işə qəbul olunmuş ibtidai sinif müəllimlərinin kurikulum üzrə təlimə cəlb olunması məsələsi həll edilir, bütün bunlarla yanaşı, müsahibə mərhələsində işə qəbul olunanların müəllimlik keyfiyyətləri müşahidə edilir və problem aşkar olunarsa, Komissiya tərəfindən müvafiq qərar qəbul olunur”.
M.Mərdanov bildirib ki, bu il keçirilən müsabiqədə ölkənin ümumtəhsil məktəblərindəki 2177 vakant yerə işə qəbul üçün 9342 nəfər elektron ərizə verib. 26 iyul – 29 avqust tarixlərində keçirilən imtahanlarda 8658 nəfər iştirak edib. Müsabiqədə iştirak edən namizədlərin böyük əksəriyyəti kompüterdən istifadə bacarıqlarına malik olduqları üçün imtahan prosesində texniki baxımdan heç bir çətinlik çəkməyiblər. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin III mərhələsinə buraxılmış 1216 nəfərdən 1038 nəfərinin işə qəbul edilməsi barədə müsabiqə komissiyası qərar qəbul edib. Müsabiqədə 10 min nəfərədək müəllimin iştirak etməsinə, onların yalnız 11 faizinin işə qəbul olunmasına baxmayaraq nəticələrdən şikayət edən olmayıb. Müsabiqədən sonra vakant qalan yerlər 2011-ci ilin sentyabr ayında Təhsil Nazirliyinin İnternet saytında yerləşdirilib və keçid balını toplayan, lakin işə qəbul olunmayan müsabiqə iştirakçıları həmin yerlərə ərizə veriblər. Vakant yerlərə işə qəbul üçün ümumilikdə 630 ərizə daxil olub. Müsabiqə komissiyasında ərizələrə baxılmış, eyni ixtisasdan ən yüksək bal toplayandan başlayaraq müvafiq seçimə uyğun vakant yerlərə yerləşdirmə aparılıb. Bu mərhələdə 193 nəfərin işə qəbul edilməsi barədə müsabiqə komissiyası qərar qəbul edib. “Ümumtəhsil məktəbinin nizamnaməsi”nə əsasən cari dərs ilində siniflərdə şagird sayı normasının artırılması və digər səbəblərlə əlaqədar sinif komplektlərinin bağlanması, ötən dərs ilinə nisbətən şagirdlərin sayının azalması səbəbindən müəyyən vakansiyalar ləğv olunub. Eyni zamanda yerli təhsili idarəetmə orqanlarına ehtiyac olan məktəblərə kadr sıxlığı olan məktəblərdən daxili yerdəyişmə vasitəsilə müəllimlərin keçirilməsi səlahiyyəti verilib: “2011-2012-ci tədris ili başlandıqdan sonra isə ümumtəhsil məktəblərində yeni vakant yerlər yaranıb. Bunun əsas səbəbləri aşağıdakılardır.
Əmək Məcəlləsində edilən dəyişikliklər əsasında 65 yaşı tamam olmuş müəllimlərin işdən azad edilməsi, “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına əsasən maksimum dərs yükünün 24 saat müəyyənləşdirilməsi. Təhlil göstərib ki, ötən dərs ili ilə müqayisədə ölkənin ümumtəhsil məktəblərində sinif komplektlərinin sayı 2770, şagirdlərin sayı 33071 nəfər, müəllimlərin sayı 10 min nəfərədək azalıb. Müəllimlərin sayında azalma müəllim-şagird nisbətinə də müsbət təsir edib, bu nisbət ötən dərs ilindəki 8,3-dən 8,5-ə artıb. Son 10 ildə ilk dəfə olaraq müəllim-şagird nisbətinin artma tendensiyası müşahidə edilib. Ötən dərs ilinə nisbətən gündüz ümumtəhsil məktəblərində şagirdlərin orta sıxlığı 16,6-dan 16,8-ə yüksəlib. “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına əsasən: kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün ayda 40 manat məbləğində kompensasiya verilməsi, yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilməsi, Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan müəllimlərin aylıq əmək haqqına 3 il müddətində ayda 70 manat əlavənin ödənilməsi,
yol xərci, əmlakın daşınması üçün nəqliyyət xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının 2 (iki) misli həcmində birnəfərlik yardımın ödənilməsi Nazirlər Kabinetinin qərarına uyğun həvəsləndirmə tədbirləri tətbiq olunan limit yerləri müəyyənləşdirilib və Maliyyə Nazirliyinə təqdim edilib.
2011-2012-ci tədris ilində ildə ucqar kənd məktəblərinə həvəsləndirmə tədbirləri tətbiq olunmaqla 800 nəfər pedaqoji kadr göndərilməsi nəzərdə tutulmuşdur.
Nəzərdə tutulan 800 yerdən 100-ü Naxçıvan Muxtar Respublikasına ayrılıb. Yerli təhsili idarəetmə orqanlarının təqdim etdiyi vakant yerlərin təhlili əsasında 2011-2012-ci dərs ilində kənd məktəblərində vakant olan müəllim yerlərindən 309-u H1, yəni rayon mərkəzindən 20 km-dək məsafədə yerləşən məktəblərdə, 391 yer isə H2, yəni rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən məktəblərdə oub. Bəzi müəllimlərin elektron ərizələrini doldurmaqda və onu qeydiyyatdan keçirməkdə çətinlik çəkdikləri məlum olmuşdur ki, bu da əsasən, müəllimlərin hələ İnternet imkanlarından kifayət qədər istifadə etmək bacarıqlarının olmaması ilə bağlıdır. Eyni zamanda, ölkədə hələ də hər bir məkanda İnternetin kifayət qədər sürətlə işləməməsi nəticəsində bəzi hallarda müəllimlər elektron ərizələrinin doldurulmasından şikayətləniblər.
Namizədlərin bəzilərinin kompüterdən istifadə bacarıqlarına kifayət qədər yiyələnmədiklərindən imtahanda çətinlik çəkdiklərini büruzə vermələri təəssüf doğurur. Elektron ərizənin doldurulması zamanı bəzi namizədlərin vakant yerləri düzgün seçməməsi, ərizənin onların özü tərəfindən deyil, kənar şəxs tərəfindən doldurulması bu səbəbdən də “şəxsi səhifə”yə daxil olmaq üçün kod və parolun onlara məlum olmaması kimi hallar da olub, bu da imtahan prosesində əlavə gərginliklər yaradıb”. Nazir qeyd edib ki, işə qəbul üzrə müsabiqənin tərkibinə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları daxil edilən, onlar üzərinə düşən təşkilati və sənədləşdirmə məsələlərini məsuliyyyətlə yerinə yetiriblər. Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırması idarəsində işə qəbul prosesinin yüksək səviyyədə həyata keçirilməsi üçün lazımi şərait yaradılmış, zəruri texniki işlərin yerinə yetirilməsində idarənin rəhbərliyi və əməkdaşları yaxından köməklik göstəriblər. Təhsil Nazirliyi ilə bağlanan müqavilə əsasında ULTRA şirkəti tərəfindən imtahan prosesinə mütəxəssis və texniki kömək məqsədilə işçi qrupu yaradılıb, onlar öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetiriblər. Yerli təhsili idarəetmə orqanlarının və ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən yeni işə qəbul olunan müəllimlərin işə təyin edilməsi məsələsinin qəsdən yubadılması hallarına yol verilib. İşə qəbul olanlara vakansiya barədə verilən məlumatda göstərilmiş saatdan az dərs saatı verilib. Ucqar kənd məktəblərinə işə qəbul olunan müəllimlərə diqqət və qayğının göstərilməməsi, yaşayış yeri ilə təmin olunmaq və digər həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi məsələlərinin həll edilməsində yerli təhsili idarəetmə orqanlarının, ümumi təhsil müəssisələrinin rəhbərlərinin laqeydlik göstərməsi hallarına görə Nazirliyə şikayətlər daxil olub. Bu səbəbdən işə qəbul olunmuş bəzi müəllimlər ucqar kənd məktəblərində işləməkdən imtina ediblər.
Yaş senzinə görə işdən azad edilən müəllimlər hesabına vakansiyaların yaranması işə qəbul olunan müəllimlərin öz iş yerlərindən imtinasına və yerdəyişmələrlə əlaqədar müraciətlərin artmasına səbəb olub: “Müəllimlərin işə qəbulu üzrə müsabiqələrin keçirilməsi məqsədilə müasir infrastruktura malik “Kadr təminatı və təlim Mərkəzi”nin yaradılması. Təhsil Problemləri İnstitutu ilə birgə şagird kontingenti az olan məktəblərin kadr təminatının təhlil edilməsi və qoşaixtisaslı müəllimlərin hazırlanması üçünn məqsədli yenidənhazırlanma təhsilinin təşkili, ali məktəblərdə qoşaixtisaslı müəllim kadrlarının hazırlanması işinin təşkili, orta ixtisas təhsili bazasında pedaqoji kadr hazırlığının dayandırılması, dərs ili ərzində yaşı 65-ə çatmış pedaqoji işçilərlə bağlanmış əmək müqaviləsinin müddətinin dərs ilinin sonunadək uzadılması ilə bağlı təlimati sənədin hazırlanması nəzərdə tutulub. Müəllimlərin işə qəbulu üzrə Qaydaların Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi, əsassız yerdəyişmələrin qarşısının alınması məqsədilə Qaydalarda işə qəbul olunan müəllimlər üçün məcburi çalışma müddətinin (3 il) müəyyənləşdirilməsi, müəllimlərin işə qəbulunun proqram təminatının təkmilləşdirilməsi. Ali və orta ixtisas təhsili müəssisələrini müsabiqə keçirilən ildə bitirənlərin təhsil sənədləri haqqında məlumat bazasının proqram təminatına daxil edilməsi, müsabiqədə iştirak üçün elektron ərizədəki “şəxsiyyət vəsiqəsinin nömrəsi”nin Daxili İşlər Nazirliyinin məlumat bazasına qoşulması, proqram təminatına daha iki modulun əlavə edilməsi, müsabiqədən sonra vakant qalan yerlərə təkrar elektron ərizə qəbulu modulu, vakant qalan yerlərə əlavə yerləşdirmə modulunun yaradılması planlaşdırılır”.
M.Mərdanovun sözlərinə əsasən, müəllimlərin işə qəbulunda mərkəzləşdirilmiş vahid sistemə keçidlə əlaqədar dövlət ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən məzunların iş yerinə göndərilməsi üçün təyinatların verilməsi dayandırılıb. Pedaqoji profilli dövlət ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri məzunlara müəllimlərin işə qəbulu üzrə yeni qaydalar barədə ətraflı məlumat verməyi və geniş izahat işi aparmağı təmin etməlidirlər. Yerli təhsil idarələri və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” qərara uyğun müəllimlər arasında dərs bölgüsünün aparılması təmin olunmalıdır. Hər tədris ili başa çatdıqdan sonra 10 gün ərzində vakant yerlər barədə məlumatı müəyyənləşdirilmiş forma üzrə Nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə təqdim edilməlidir. Onlar işə qəbul üzrə müsabiqənin nəticələrinə uyğun olaraq nazirliyin rəsmi məktubu əsasında vakant yeri tutmuş müəllimlərlə əmək müqaviləsinin bağlanmasını və əmrlə rəsmiləşdirilməlidir. Əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər şamil olunmaqla kənd yerlərindəki ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş pedaqoji kadrlara Nazirlər Kabinetinin qərarına uyğun həvəsləndirmə tədbirlərinin tətbiqi ilə bağlı məsələlər həll edilir. Bu zaman həvəsləndirmə tədbirləri ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş yaşı 35-dək olan gənclərə şamil olunacaq. Rayon və şəhər daxilində bir ümumtəhsil müəssisəsindən digərinə eyni ixtisas müəllimlərinin qarşılıqlı yerdəyişməsi müvafiq məktəb rəhbərlərinin razılığı əsasında, bir ümumtəhsil müəssisəsində işləyən müəllimin digər ümumtəhsil müəssisəsində mövcud olan vakant yerə yerdəyişmə yolu ilə işə qəbulu isə Təhsil Nazirliyinin razılığı əsasında, yerli təhsili idarəetmə orqanının əmri ilə həyata keçirilir. İşə qəbul üzrə müsabiqə başa çatanadək elan edilmiş vakant yerlərə rayon (şəhər) daxilində yerdəyişmə yolu ilə və ya əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanmasına, eləcə də bir rayondan (şəhərdən) digərinə yerdəyişmə yolu ilə müəllimlərin işə qəbuluna icazə verilmir. Analıq məzuniyyəti yerinə müəllimlərin işə qəbulu yerli təhsili idarəetmə orqanlarının razılığı əsasında ən çoxu 3 il müddətinə əmək müqaviləsi bağlanmaqla məktəb direktorunun əmrinə əsasən aparılır. Həmin müddət bitdikdən sonra əmək müqaviləsinin tərəf, müddət və şərtlərinə yenidən baxılır. Nazirliyin Təhsil sisteminin informasiyalaşdırılması idarəsi nazirliyin rəsmi internet saytında “Müəllimlərin işə qəbulu üzrə müsabiqə” səhifəsinin açılmasını, işə qəbul üzrə müsabiqədə iştirak edən namizədlər üçün nəzərdə tutulmuş məlumatların həmin səhifədə yerləşdirilməsi təmin edilir: “Müəllimlərin işə qəbulunun tənzimlənməsi ilə əlaqədar əmək qanunvericiliyindən və yeni əmrdən irəli gələn tələblərə ciddi riayət olunması, eləcə də yol verilən nöqsanlara görə bilavasitə məsuliyyət daşımaları yerli təhsili idarəetmə orqanlarının və ümumi təhsil müəssisələri rəhbərlərinin nəzərinə çatdırılır. Müəllimlərin müsabiqədənkənar işə qəbuluna yol vermiş yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisəsi rəhbərləri barəsində ən ciddi intizam tənbehi tətbiq edilir”.
M.Mərdanov əlavə edib ki, ilk dəfə olaraq gələn il müəllimlərin işə qəbulu ilə bağlı imtahan regionlarda da keçiriləcək. İmtahanlar Gəncə, Lənkəran, Quba və ya Xaçmaz, Şəki və digər mərkəzi, əhalisinin sayı çox olan yerlərdə təşkil olunacaq: “Müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahanların yanvarda təşkil edilməsi nəzərdə tutulub, bu məqsədlə vakant yerlərin sayının dəqiqləşdirilməsi üçün yerlərə müraciət edilib. Məlumat üçün qeyd edim ki, Azərbaycanda müəllimlərə xüsusi dövlət qulluğu statusunun verilməsi ilə əlaqədar müəllimlərin işə qəbulu qaydalarında dəyişiklik ola bilər. Nazirlik müəllimlərə xüsusi dövlət qulluğu statusunun verilməsi ilə bağlı təkliflərini artıq hökumətə təqdim edib. Yalnız bu barədə qərar qəbul olunduqdan sonra müəllimlərin işə qəbulu qaydalarında dəyişikliyin edilməsi barədə düşünmək olar. İşə qəbul qaydalarında hansı dəyişikliklərin ediləcəyini indidən açıqlaya bilmərəm. Bu məsələdə hər şey dövlət başçısının sərəncamı ilə 10 illik Milli Təhsil Strategiyasının hazırlanmasından asılıdır. Mən düşünürəm ki, həmin strategiya təsdiq edildikdən sonra bu məsələlərə aydınlıq gələcək”.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2011.- 24 dekabr.- S.10-11.