Dövlətin
müstəsna mülkiyyəti: Azərbaycan Mərkəzi
Bankı
ÖLKƏ
İQTİSADİYYATINDA VƏ DÜNYA ARENASINDA 20
İLLİK UĞURLU FƏALİYYƏT
Azərbaycan iqtisadi inkişafına görə dünya ölkələri arasında qabaqcıl yerlərdən birini tutur. Təbii ki, belə bir iqtisadi inkişaf dinamikasında, maliyyə sisteminin sürətli artımı və qlobal iqtisadi mühitin möhkəmlənməsində Azərbaycan Mərkəzi Bankının (AMB) üzərinə də böyük vəzifələr düşür. Üzərinə düşən vəzifələri uğurla yerinə yetirmək üçün Mərkəzi Bank iqtisadi inkişafa və insan kapitalının inkişafına hər zaman dəstək olaraq, institusional idarəetmənin müasir təcrübə ilə uyğunlaşdırılması, eləcə də bu çağırışlara cavab vermək məqsədilə makroiqtisadi sabitliyin və bank sisteminin sabitliyinin gücləndirilməsi istiqamətində, ölkə iqtisadiyyatında önəmli yer tutan mühüm işlər həyata keçirir. Məhz bütün bunlar dövlətin müstəsna mülkiyyəti olan AMB-nin Azərbaycanın maliyyə agenti kimi çıxış etməsinə imkan yaradır. Mərkəzi Bank Qanunla müəyyən olunmuş məqsədlərinə uyğun olaraq dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinə səlahiyyətləri daxilində yardım edir.
İlk olaraq bildirək ki, AMB “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Azərbaycan dövlət başçısının 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılıb. “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 2009-cu il 18 mart tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Milli Bankı” “Azərbaycan Respublikasının Mərkəzi Bankı” adlandırılıb.
Azərbaycan dövlət müstəqilliyini 1991-ci il 18 oktyabr tarixində bərpa etsə də, ölkəmizin bank sisteminin, o cümlədən Milli Bankın yaradılması üçün hüquqi bazası daha əvvəl formalaşıb. Belə ki, “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” 1991-ci il 25 may tarixli Qanunun “Bank sistemi və pul tədavülü” adlanan 14-cü maddəsi bütövlükdə bu məsələləri əhatə edib. Bu qanun məhz Azərbaycanda müstəqil bank sisteminin və milli pul vahidinin tədavülünün hüquqi əsaslarını təsbit etməklə yanaşı, eyni zamanda AMB-nin də statusunu və səlahiyyətlərini müəyyənləşdirib. Sözügedən qanunla Mərkəzi Bank həm də kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət siyasətini yenidən, bütövlükdə bank sisteminin fəaliyyətini tənzimləyən və ehtiyat bank funksiyalarını icra edən ali emissiya idarəsi elan olunub. Artıq 1992-ci il avqustun 7-də “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Qanunu ilə yanaşı “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Qanun da qəbul olunub. Dekabrın 1-i 1992-ci ildə isə Milli Məclis “Azərbaycan Respublikasının Milli Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar qəbul edib. Bank işi üçün əhəmiyyətli dərəcədə vacib olan bu qanunvericilik aktları milli bank hüququnun təməlini qoyaraq, bank fəaliyyətinin yeni ictimai-iqtisadi şəraitə uyğunlaşmasına şərait yaradıb.
Lakin bütün bunlarla yanaşı ölkəmizdə ilk Milli bank hələ 1919-cu ildə Azərbaycan Demokratik Cümhuriyyətinin qərarı ilə təşkil edilib.
Məqsədi, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, eləcə də digər qanunvericilik aktları və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilən AMB ölkə iqtisadiyyatında bir sıra müstəsna səlahiyyətlərə və rola malikdir. Mərkəzi Bank müstəqildir, hansısa dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər onun fəaliyyətinə, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhdudiyyət qoya, qanunazidd təsir və müdaxilə edə bilməz. Mərkəzi Bank müstəqil balansa, nizamnamə kapitalına və digər əmlaka sahibdir. AMB dövlət orqanı olmaqla bərabər, Azərbaycan Respublikasının Dövlət gerbinin təsvir edildiyi və adı yazıldığı möhürə malikdir. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ da yalnız Mərkəzi Banka mənsubdur. Dövlətin müstəsna mülkiyyəti olan Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi mənfəət götürmək deyil, öz səlahiyyətləri daxilində qiymətlərin, habelə bank və ödəniş sistemlərinin sabitliyini və inkişafını təmin etməkdir. AMB sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə etməklə yanaşı, qanuna və onlara müvafiq qəbul etdiyi normativ xarakterli aktlara uyğun olaraq bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, eləcə də qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir.
AMB habelə Azərbaycanda bank fəaliyyətinin həyata keçirilməsi üçün kredit təşkilatlarına xüsusi lisenziyaların, onların filial və şöbələrinə, habelə nümayəndəlik fəaliyyətinin həyata keçirilməsi üçün yerli və xarici bankların nümayəndəliklərinə icazələrin, maliyyə xidmətlərinin göstərilməsi üçün poçt rabitəsinin milli operatoruna xüsusi razılığın verilməsində və onların ləğv edilməsində müstəsna səlahiyyətə malikdir.
Mərkəzi Bank yerli və xarici kredit təşkilatlarla qanunvericiliklə qadağan olunmayan mülki-hüquqi əqdləri bağlamaq, çekləri, vekselləri, qiymətli metalları və qiymətli daşları, habelə bunlardan hazırlanmış məmulatı almaq, satmaq və saxlamaq, xarici dövlətlərin hökumətlərinə, mərkəzi banklarına və pul siyasətini tənzimləyən orqanlarına, habelə ölkəmizin üzv olduğu beynəlxalq təşkilatlara bank xidmətləri göstərə, eyni zamanda bir çox başqa əməliyyatlar apara bilər.
Respublikamızın milli iqtisadiyyatının getdikcə dünya iqtisadi sisteminə inteqrasiyasının dərinləşməsi Mərkəzi Bankının struktur bölmələrinin xarici texniki yardıma olan ehtiyaclarının daha dərindən öyrənilməsini, vaxtında və keyfiyyətli texniki yardımların əlaqələndirilməsini və gücləndirilməsini zəruri edir. AMB-nin fəaliyyətinin bütün istiqamətlərində işin beynəlxalq standartlara uyğunlaşdırılmasının əsas hədəflərdən olması beynəlxalq təcrübənin öyrənilməsini və əməkdaşlığın genişləndirilməsini, beynəlxalq imicin yüksəldilməsini daha da aktuallaşdırır. Artıq bu istiqamətdə müvafiq işlər aparılmaqdadır. Bu işlər AMB-nin qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsini təmin etməyə, aparılan islahatlar və modernləşmə tədbirlərində bank işində zəngin təcrübəyə malik olan xarici mərkəzi bankların təcrübəsindən faydalanmağa, habelə AMB-nin beynəlxalq arenada layiqincə təmsil edilməsinə zəmin yaradır. Məhz strateji hədəflər arasında ölkənin maliyyə-bank sistemini beynəlxalq standartlara uyğun inkişaf etdirmək və xarici dövlətlərin maliyyə-bank sisteminə inteqrasiya əsas istiqamətlərdən biridir. Buna görə də AMB qanunvericiliyə, habelə Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq, səlahiyyətlərinə aid edilən məsələlər üzrə xarici dövlətlərin mərkəzi bankları ilə qarşılıqlı münasibətlər qurmaqla, müqavilələr imzalamaqla bərabər, beynəlxalq maliyyəkredit təşkilatlarında ölkəmizi təmsil edir. AMB-nin Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İsveçrə Milli Bankı, Polşa Milli Bankı, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı, Almaniya Bundesbankı və digər banklarla əlaqələri mövcuddur. Mərkəzi Bank həmçinin bir çox beynəlxalq layihələrdə iştirak edir. Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi, Maliyyə Sektorunun Sabitliyinə Dəstək Proqramı (MSSDP), Texniki Yardım və Treninq Proqramı (SECO) bu sıradandır.
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində də Mərkəzi Bank beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Bu istiqamətdə xüsusilə Azərbaycanın 2002-ci ildən üzvü olduğu Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Komitə (MONEYVAL) ilə əlaqələr inkişaf etdirilir.
Mərkəzi Bank bütün bu işlərlə yanaşı donorluq fəaliyyəti ilə də məşğul olur. Belə ki, son illər mövcud təşkilatdaxili institusional bazanın inkişafı, qlobal və regional miqyasda iqtisadi inteqrasiya meyllərinin güclənməsi AMB-nin digər ölkələrə texniki yardım göstərmək imkanlarını yaradıb. Bu sahədə müxtəlif ölkələrdən daxil olmuş sorğuları nəzərə alaraq, AMB-nin donor bank kimi texniki yardım imkanlarının təşviqi və genişləndirilməsi əsas strateji hədəflərdən birinə çevrilib. Bu istiqamətdə, Mərkəzi Bank indiyədək bir sıra ölkələrin müraciətləri əsasında mərkəzi bankçılığın müxtəlif istiqamətləri üzrə texniki yardım həyata keçirib.
AMB həmçinin maliyyə proqramlaşması, makroiqtisadi tədqiqat, modelləşmə və proqnozlaşdırma, habelə neft ölkələrində tədiyə balansının uyğun metodologiyasının işlənməsi, ödəniş sistemləri üzrə strategiyanın hazırlanması və milli ödəniş sisteminin əsas komponentlərinin yaradılması, Mərkəzi Banklarda büdcə prosesinin təşkili, bank sistemində mühasibat uçotunun Beynəlxalq Mühasibat Standartları Sisteminə keçidinin təmin olunması, nağd pul dövriyyəsi ilə bağlı biznes proseslərin təşkili, kredit məlumatlarının mübadilə sistemlərinin qurulması, təkmilləşdirilməsi və inkişafı, prudensial nəzarət sisteminin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, əmanətlərin Sığortalanması Fondunun ilkin inkişafı prosesinin təşkili, ipoteka kreditləşməsi mexanizminin yaradılması və inkişafı, eləcə də bu kimi digər layihələrə texniki yardım göstərmək imkanına malikdir.
Mərkəzi Bank ölkə çərçivəsində və beynəlxalq səviyyədə yürütdüyü iqtisadi layihələrlə yanaşı, bir sıra sosial yönümlü proqramlar da reallaşdırır.
Biləsuvar şəhərində Milli Qəhrəman Mübariz İbrahimov adına müasir lisey-məktəb kompleksinin tikintisi, “Junior Achievement” təşkilatı tələbələrin maliyyə savadının artırılmasına dair treninqlərin, habelə Dünya Bankının Vaşinqtondakı baş ofisində Azərbaycan günlərinin təşkil edilməsi bu qəbildən olan layihələrdəndir.
Bütün bu sadalananlar AMB-nin ölkə iqtisadiyyatında yerinin nə dərəcədə böyük olmasına, habelə müstəsna işlər həyata keçirməsi ilə bağlı bir neçə nümunə idi. Çünki Mərkəzi Bankın ölkə iqtisadiyyatının idarə edilməsində yeri və rolu daha böyükdür.
Ölkə iqtisadiyyatında xüsusi rolu olan AMB məhz öz fəaliyyəti barədə yalnız Azərbaycan Respublikası Prezidentinə hesabat verir.
Lakin bütün bu işlərlə yanaşı AMB-nin beynəlxalq maliyyə institutları ilə əlaqələrinin intensivləşdirilməsi və maliyyə sektorunun inkişafı ilə əlaqədar yeni layihələrin cəlb olunması istiqamətində işin genişləndirilməsi qarşıda duran əsas vəzifədir. Məhz buna görə də AMB tərəfindən bank qanunvericiliyi sahəsində bu günə qədər görülmüş işlər nə qədər geniş olsa da, bundan sonra yeni layihələrin olması danılmazdır. Bununla yanaşı bəzi yeni layihələr isə artıq tamamlanmaq üzrədir. Bütün bu işlərin məqsədi təbii ki, bütövlükdə Azərbaycanda maliyyə-bank industriyasının inkişafı üçün qanunvericilik mühitinin daha da yaxşılaşdırılması, beynəlxalq standartlara uyğun müasir və rəqabətə dözümlü maliyyə-bank xidmətləri bazarının inkişaf etdirilməsi üçün münbit hüquqi bazanın yaradılmasıdır.
Aqil LƏTİFOV
525-ci qəzet.-
2011.- 27 dekabr.- S.4.