Müdriklik zirvəsi

 

“Vətəni qəlbində daşıyanların

 Ömür bağçasının gülləri solmur”

 S.Rüstəm

 

 

Azərbaycan ədəbiyyatşünaslıq elminin nüfuzlu, mötəbər ağsaqqalı akademik Bəkir Nəbiyevin “Elmlə şeir qovuşanda” adlı nəfis kitabı 2011-ci ildə işıq üzü görmüşdür. Bu kitabda müəllifin son illərin məhsulu olan məqalələri, rəyləri, məruzə və nitqləri vahid bir şəkildə toplanmışdır.  

430 səhifəlik bu kitab xalqımız üçün faydalı olan ədəbi-elmi-nəzəri məlumatlarla, faktlarla zəngin olan dəyərli mənbədir.  

Akademik Bəkir Nəbiyev xalqımızın ön cərgəsində dayanan ziyalılardandır. Elə bir dövlət tədbiri, yubiley mərasimi, xalqımızın həyatında baş verən mühüm ictimai hadisə yoxdur ki, Bəkir müəllim öz fəxri çıxışıyla burada iştirakçılara ruhi, mənəvi qida bəxş etməmiş olsun...  

Kitab giriş sözü və dörd bölmədən ibarətdir. “Məqalələr” adlanan I bölmədə ədəbiyyat tariximizin, ədəbiyyatşünaslıq elminin araşdırılmasına geniş yer ayrılmışdır.  

Mövzu baxımından “Ədəbiyyatşünaslıq çağdaş humanitar düşüncə axarında” və “Müstəqillik dövrünün Azərbaycan ədəbiyyatşünaslığı” adlı məqalələr bir-birini tamamlayır. Ədəbiyyatşünaslıq elmində tarixi və nəzəri-metodoloji araşdırmaların dünyanın aparıcı elmi-nəzəri fikir kontekstində qarşılıqlı surətdə aparılması, klassik irsimizin qadağan olunmuş nümunələrinin nəşri, yeni tarixi mərhələdə uzun illərin formalaşdırdığı təhlil vərdişlərdən uzaqlaşmaq, milli ədəbi fikrin inkişaf qanunauyğunluqlarının üzə çıxarılması, bəşəri ortaq dəyərlərin əsasında birgə tədqiqatların aparılması, ədəbi irsin elmi-nəzəri təsnifinin sərhədlərinin müəyyənləşdirilməsi – bütün bunlar müəllifin ədəbiyyatşünaslıq konsepsiyasının əsas cəhətləridir.  

Müəllif çox doğru olaraq qeyd edir ki, xalqımız, dövlətimiz müstəqillik əldə etdikdən sonra sovet dövrünün iideoloji basqınlarından azad olan ədəbiyyatşünaslıq elmi də Azərbaycançılıq ideologiyası zəminində özünün keyfiyyətcə yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Bununla bağlı Bəkir müəllim keçid dövrünün bir sıra obyektiv və subyektiv çətinlik və problemləri üzərində geniş dayanaraq, bildirir ki, 15 il öncə olduğu kimi bu gün də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun kollektivi Azərbaycan ideologiyasının ədəbi-elmi zəmində inkişaf etdirilməsi və zənginləşdirilməsi yolunda üzərinə düşən vəziyələri eyni ciddilik, məsuliyyət və vicdanla yerinə yetirməkdədir.  

Ədəbi-tarixi səbəblər üzündən ərəb və fars dillərində yazıb-yaratmış Azərbaycan şairlərinin milli mənsubiyyətlərinə aid yersiz mübahisələrin kəskin elmi-məntiqi arqumentlərlə aradan qaldırılması üçün, bu sahədə elmi-nəzəri tədqiqatların aparılması ədəbiyyatşünaslıq elmi qarşısında duran ən vacib problemlərdən biri olduğunu müəllif xüsusi vurğulayır. Bununla yanaşı, Bəkir müəllim bildirir ki, dini-mənəvi dəyərlərin tədqiqi, mədəni-mənəvi inkişafımızın yeni yüksək tələblərinə cavab verə biləcək elmi araşdırmaların ərsəyə gətirilməsinin zəruriliyi, Güney Azərbaycan ədəbiyyatının çağdaş elmi meyarlar əsasında tədqiq edilməsi də bu gün ədəbiyyatşünaslıq elmi qarşısında duran vacib problemlərdən biridir.  

Ədəbiyyatşünaslığımızın son illərdəki parlaq nailiyyətləri arasında Bəkir müəllim 6 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin 4 cildinin çap olunmasını, Müstəqil Azərbaycan Respublikasının ilk Dövlət mükafatına layiq görülmüş “Heydər Əliyev və Azərbaycan ədəbiyaytı” monoqrafiyasını xüsusi qeyd edir. Bu məqalədə akademik Bəkir Nəbiyev ədəbiyyatşünaslığımızın ən zəngin qollarından biri olan nizamişünaslığında xüsusi yer ayırır.  

Nizami Gəncəvinin Azərbaycan şairi olması təkzib olunmaz bir həqiqətdir. Bu qlobal, ümumbəşəri problemlə bağlı Bəkir müəllimin ədəbi-elmi-nəzəri arqumentləri diqqəti cəlb edir. Dahi şairin əsərlərindən götürülən bir sıra nümunələrə əsaslanaraq, müəllif bu fikrin dönməzliyini təsdiq edən bir sıra dəlillər, sübutlar, faktlar üzərində geniş dayanır.  

Bəkir müəllim indiyə qədər bəzi nizamişünasların Şirini “erməni şahzadəsi” adlandırmasına qarşı çıxaraq, Şirinin bibisi Məhinbanunun erməni etnosuna heç bir dəxli olmadığını, “Hayastan” anlayışının yanlışlığını ədəbi-elmi-nəzəri arqumentlərlə əsaslandırmışdır.  

Milli-mədəni sərvətlərimizi işğal etməyə çalışan ermənilərin Azərbaycanın böyük oğlu Nizamini xalqımızdan ayırmaq cəhdləri göstərməsinə tab gətirməyən akademik bildirir ki, internet saytlarında Nizamini İran şairi elan edən ideya düşmənlərimiz UNESKO tribunasından çıxış edirlər və ən dəhşətlisi budur ki, “Xəmsə”nin bütün dünyaya yayılmış çoxsaylı əlyazmaları arasında İranda saxlanılan 5 əlyazması əsasında, ermənilər UNESKOya təqdim edilən arayışda Nizami vətəni Gəncəni də İran dövlətinin tərkib hissəsi kimi vermişlər.  

Müəllif əmindir ki, bütün bu “sayıqlamalara və qərəzli yanaşmalara tarixçi və ədəbiyyatşünas alimlərimiz layiqli və tutarlı cavab verəcəklər!”  

“Klassik Azərbaycan poeziyası və muğam” adlı məqalədə Azərbaycan muğamının qorunub saxlanması, daha da inkişaf etdirilib zənginləşməsi yolunda xalqımızın qarşısında duran məqsəd və vəzifələr də Bəkir müəllimin diqqət mərkəzindədir. Müəllif Muğam simpoziumunun Azərbaycan Respublikasının paytaxtında bərqərar olmasını, Azərbaycan muğamının yüksək mərhələyə qalxmasını muğam dünyasında yeni bir tarixi mərhələ kimi qiymətləndirmişdir.  

Bəkir müəllim bu məqalədə Muğam termininin etimologiyası, yaranma tarixi, bu ifadənin Muğan düzü, muğan toponimi ilə bağlı olması haqqında dəyərli fikirlər söyləmişdir.  

Nizami Gəncəvinin “Xəmsə”sinə istsinad edərək, muğamın Azərbaycan mənşəli söz olmasını xüsusi vurğulayan müəllif, Nəsiminin, Füzulinin, Seyid Əzim Şirvaninin, Məhəmmədhüseyn Şəhriyarın, Əliağa Vahidin, S.Vurğunun, S.Rüstəmin, Bəxtiyar Vahabzadənin yaradıcılığında muğam möcüzəsinin ruhunu, qayəsini təşkil edən qəzəllərində bu fikri bir daha təsdiq etdiyini bildirir. Muğamlar sahəsində respublikamızda aparılan fundamental tədqiqat işləri də Bəkir müəllimin Azərbaycanın muğam sənətinin doğma vətəni olması barədə fikrinə daha bir təkzib olunmaz sübutdur.

Bəkir Nəbiyevin “Nəsimi qəzəlindəki bir qafiyə yuvasının izi ilə” adlı məqaləsi elmi-nəzəri cəhətdən böyük maraq doğurur. Müəllif öz qəzəlləri ilə Azərbaycan şeir dilinə ilk dəfə olaraq kamil ədəbi dil “möhürünü” vurmuş, öz “Divanı” ilə anadilli poeziyamızın ən yüksək tələblərə cavab verən parlaq abidəsini yaratmış əbədiyaşar Nəsiminin “Yanaram eşqindən...” qəzəlindəki qafiyə yuvasının (baş, yaş, qaş, daş, aş) – Qazi Bürhanəddinin, Şah İsmayıl Xətainin, böyük Füzulinin məşhur şairimiz Saib Təbrizinin yaradıcılığında da böyük ustalıqla istifadə olunmasını və bununla da bu sənətkarların qəzəllərinin həmin qafiyə yuvasını xeyli zənginləşdirməsini bildirir və maraqlı bir faktı da nəzərimizə çatdırır: Nəsimi qəzəlindən alınmış bu qafiyə yuvasının İran, Türkiyə, İraq, Özbəkistan, Türkmənistan, Gürcüstan və bəzi digər ölkələrdə sənətkarlar tərəfindən məmnuniyyətlə qəbul edilmiş bu qəzəl mövzusunda, ruhunda, üslubunda dəyərli nümunələrin yaranmağına da səbəb olmuşdur.  

Müəllif bildirir ki,  “bədiilik pasportunu” Nəsimi qəzəlindən almış bu qafiyə yuvasına 500 il sonra tamamilə fərqli bir mövzuda M.Ə.Sabir “Bəzi yerlərdə” adlı əsərində bir satirik kimi müraciət etmiş və sənətkarlıq baxımından bu ənənəvi qafiyə yuvasını daha da zənginləşdirmişdir və Bəkir müəllim haqlı olaraq bu qənaətə gəlir ki, qədim Azərbaycan-türk qafiyə yuvası yaradıcılıq prosesində heç də formal əlamət deyil, sənətkarın əsərlərinin zənginləşməsində, təsir gücünün artmasında mühüm rol oynayan vacib bir vasitədir.   

“Sanki bu gün yazılıb” adlı məqalədə görkəmli fransız yazıçısı A.Dumanın “Qafqaz” səyahətnaməsinin Azərbaycan dilində nəşr edilməsini müəllif ədəbi-mədəni bir hadisə kimi dəyərləndirir. Əvvəlcə bu məqalənin sərlövhəsi oxucuda böyük maraq doğurur. Düşünürsən ki, bu səyahətnamənin hansı məziyyətlərinə görə müəllif bu məqaləyə belə bir başlıq vermişdir. Bu haqda bir qədər sonra. Müəllif A.Dümanın bu səyahətnaməsini Qafqazın tarixi, coğrafiyası, təbiəti, burada yaşayan xalqların adət və ənənələri haqqında ensiklopedik bir əsər kimi dəyərləndirmiş, fransız ədibinin Azərbaycanlıları yüksək qiymətləndirməsini xüsusi vurğulamışdır.  

Bəkir müəllim bildirir ki, səyahətnamə ilə tanışlıq oxucuda belə bir təəssürat yaradır ki, bu əsər XIX əsrin ortalarında yox, XXI yüzilliyin əvvəllərində yazılmışdır. Müəllif A.Dümanın nankor qonşularımız haqqında dediklərinin təxminən XI əsrdə yazılmış “Qabusnamə”də ermənilər haqqında deyilən fikir və mülahizələrlə üst-üstə düşdüyünü bildirir: ermənilərin eybi, bədəməl, oğru, başqalarını gözü götürməyən, əmrə baxmayan, yersiz hay-küy salan vəfasız, yalançı, söyüşkən, ürəyi xıltlı ağasına düşmən olmalarıdır. Ümumiyyətlə onlar (ermənilər) başdan-ayağa müsbətdən çox mənfiyə yaxındırlar”.  

Bəkir müəllim Azərbaycan-Fransa tarixi-ictimai-ədəbi əlaqələrinin daha da genişlənməsində A.Dümanın “Qafqaz” əsərinin ana dilimizə tərcüməsini əlamətdar bir hadisə kimi qiymətləndirmişdir.

Prezident administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin 2 oktyabr 2009-cu ildə dövri mətbuatda – “Azərbaycan efir məkanı; problemlər və vəzifələr” adlı məqaləsi dərc olundu. Az sonra akademik Bəkir Nəbiyevin “Azərbaycan teleməkanı bu gün” (Ədəbi verilişlər akademik R.Mehdiyevin “Azərbaycan efir məkanı; problemlər və vəzifələr məqaləsinin işığında)” başlığı altında məqaləsi işıq üzü gördü. Bu faktın özü bir daha sübut edir ki, kütləvi informasiya vasitələrinin və xüsusən də televiziyanın xalqımıza lazımi səviyyədə layiqincə xidmət göstərməsi bu həmrəy, həmfikir, müdrik insanların həmişə diqqət mərkəzindədir.  

Bəkir müəllim möhtərəm cənab Ramiz Mehdiyevin səsinə səs verərək, bəzi telekanallarda, verilişlərdə özünə yer alan şit şou-əyləncə proqramlarına, səviyyəsiz yazışmalara öz mənfi münasibətini bildirmiş, sözügedən məqalədə bu cəhətlərin kəskin tənqid edildiyini və onların arxasındakı reklam-biznes-bazar məqamlarının bəzi məkrli cəhətlərinin açıqlanmasına öz müsbət münasibətini bildirmişdir.  

Akademik Bəkir Nəbiyev bildirir ki, yüksək ideya və bədii səviyyəli əsərlər əsasında bu gün teleməkan xalqımızın zənginləşməsinə, gənclərimizin kamil şəxsiyyət kimi formalaşmasına xidmət etməklə yanaşı, dünyanın müxtəlif xalqları ilə ədəbi-mədəni əlaqələri daha da genişləndirir. Bu baxımdan müəllif ədəbiyyat klassiklərimizi, folklor və etnoqrafiya mədəniyyətimizi işıqlandıran “Məclisi-üns”, “Tərəf-müqabil”, “Bir mahnının tarixçəsi”, “Ədəbi abidələr”, “Yurd yeri”, “İncilər” adlı verilişləri yüksək qiymətləndirir.  

Bununla yanaşı, akademik Bəkir Nəbiyev “Dahilərin divanı” verilişinin ANS kanalında özünə yer tapmasına öz mənfi münasibətini, daha doğrusu, narazılığını bildirir. Müəllifi bir sual maraqlandırır: “Kim kimi divana çəkir?”  

Bəkir müəllim akademik Ramiz Mehdiyevin məqaləsində tənqid edilən nöqsanları aradan qaldırmağı, xalqımızın ədəbi-estetik və musiqi zövqünün qorunması, inkişafı üçün məzmunsuz, bayağı şoulardan uzaqlaşmağı, yüksək səviyyəli verilişləri ilə tamaşaçılara mənəvi dayaq olmağı teleməkana bir daha tövsiyə edir.  

Kitabda ədəbi-ictimai həyatımızda layiqli yer tutan dəyərli şəxsiyyətlərin portret cizgilərinə də geniş yer ayrılmışdır. Bu ölməz sənətkarlardan müəllif elə qayğıkeşliklə, elə qədirşünaslıqla bəhs edir, bir anlıq düşünürsən ki, bu məqalələr bütün türksoylu xalqların insanlara təşəkkürnaməsidir. Hər bir məqaləni oxuduqca fikirləşirsən ki, yaxşı ki, Azərbaycan xalqının ədəbi-elmi-ictimai həyatında sizlər silinməz əbədiyaşar iz qoymusunuz və nə yaxşı ki, sizin haqqınızda bu əsəri yazan ədəbiyyatşünaslıq elmimizin təmsilçilərindən biri akademik Bəkir Nəbiyevdir.  

Azərbaycan ədəbiyyatında fəlsəfi qəsidənin banisi, ilk və ən güclü məsnəvilərin, incə ruhlu qəzəl və rübailərin müəllifi, XII əsr ədəbi-ictimai fikrinin ən görkəmli simalarından Əfzələddin Xaqani, Şirvaniyə həsr olunmuş oçerk də çox maraq doğuran bir başlıq altında verilmişdir: “İstedadla iradənin sarsılmaz vəhdəti”. Xaqani ərəb, fars dillərində yazmağına baxmayaraq, müəllif “Ədəbiyyat tarixçiliyimizin atası” Firudin bəy Köçərliyə, akademik Həmid Araslıya istinad edərək, bu böyük sənətkarın əsərlərində Ana dili aurasının yaşarlığını bir daha təsdiq edir. Bəkir müəllim Xaqaninin “Həbsiyyə” əsərini şairin “Zindan həyatının ölməz poetik abidəsi”, “Töhfətül-İraqeyn” lirik poemasını “öz dövrünün poetik ensiklopediyası” aadlandırmışdır.  

Müəllif bildirir ki, Xaqaninin “Töhfətül-İraqeyn” poemasında şairin əzəmətli, qüdrətli günəşi sorğu-suala tutub, onun özündən-özünə çox tutarlı şikayətlər yağdırmasını açıqlayır. Şair günəşin qeyri-obyektivliyini, fərdlərə ögey münasibətini tənqid edir və göstərir ki, bu yalnız hüdudsuz “istedad və cəsarət” sahiblərinə xas olan güclü sənətkar iradəsinin nəticəsidir. Xaqaninin tanınmış və sanballı tədqiqatçısı prof. Qafar Kəndlinin bu poemadakı geniş məlumat əsasında şairin həyatı, nəsil-nəcabəti, ailəsi, doğmaları haqqında ilk dəfə böyük sənətkarın müfəssəl elmi-tərcümeyi halını yaratdığını təqdir edir, bunun üçün cəfakeş alimin ruhuna öz minnətdarlığını bildirir.  

Bəkir müəllim çox doğru olaraq qeyd edir ki, şairin müxtəlif dillərə tərcümə olunmuş ən populyar, dərin məzmunlu qəsidələrindən biri olub kontrastlar-təzadlar əsasında yazılmış “Mədain xərabələri” təkcə hökmdarlar üçün deyil, hər bir insan üçün ibrət dərsi olmalıdır. Akademik Bəkir Nəbiyev çox doğru olaraq vüqarlı, əzəmətli, iradəli Xaqani Şirvanini Yaxın Şərqin ilk intibah carçılarından biri kimi dəyərləndirir.

 Böyük ədibimiz Abdulla Şaiq haqqında məqalə 9 mart 2011-ci ildə sənətkarın Gənc Tamaşaçılar teatrında keçirilən xatirə gecəsində müəllifin söylədiyi məruzə əsasında yazılmışdır. Bəkir müəllim A.Şaiqi görkəmli maarif xadimi, Azərbaycan müəllimlərinin “sınaqlardan çıxmış qvardiyasının generalı kimi” dəyərləndirmiş,  onun yaradıcılığını böyük bir tarixi dövr üçün milli həyatımızın bədii ensiklopediyası adlandırmış, peşəkar bir uşaq yazıçısı olduğunu xüsusi vurğulamışdır.

 

Müəllif taleyə ona görə minnətdardır ki,  1950-ci illərin əvvəllərində Universitetin filorlogiya fakültəsində bir komsomol fəalı kimi dəfələrlə bu böyük sənətkarla görüşlər təşkil etmiş, Azərbaycanın yaradıcı ziyalıları barədə Abdulla Şaiqin çox qiymətli xatirələrini dinləmişdir. Müəllifin yaxın dostu və həmkarı, A.Şaiqin oğlu akademik Kamal Talıbzadə atası haqqında xatirələrində sevimli yazıçının ömrünün 1937-ci ildən sonrakı 15 ilini özünün və ailəsinin taleyi üçün qorxu içində yaşadığını bildirmişdir. Bəkir müəllim 1957-ci ildə A.Şaiqin öz mənzilində yazıçının yaxın dostu, sovetlərin güllələdiyi ilk Azərbaycan alimi F.Köçərli haqqında kövrək xatirələrini danışanda da bu böyük sənətkarın təlaş və qorxu hissi keçirdiyini həyəcanla xatırlayır.  

Abdulla Şaiq yaradıcılığının qiymətli bəşəri məna və əhəmiyyət kəsb edən məqamlarla zəngin olması fikrini əsaslandırmaq üçün müəllif bu faktlara müraciət etmişdir. BMT-nin inkişaf proqramının müstəqil Azərbaycan Respublikasındakı təmsilçisi Paula Lembonun 1995-ci ildə Azərbaycan Respublikasında insan inkişafı haqqında nəşr etdirdiyi kitabın Abdulla Şaiqin məşhur misraları ilə açılmasını akademik Bəkir Nəbiyev xüsusi qürur hissi ilə qeyd edir.

“Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzalamış olduğu 10 iyun 2010-cu il tarixli sərəncamı “Publisistikanın tükənməz imkanları” adlı məqalənin yazılmasında akademik Bəkir Nəbiyev üçün səfərbəredici rol oynamış, alim üçün hərəkətverici bir amil olmuşdur. Bu məqalədə Bəkir müəllim Üzeyir Hacıbəyli irsinin çox əhəmiyyətli bir sahəsindən – onun publisistikasından bəhs edir. Müəllif çox doğru olaraq qeyd edir ki, Üzeyir Hacıbəyli heç bir bədii, elmi əsərini, ölməz operalarını və operettalarını yazmamış olsaydı belə, elə yalnız 1905-1920-ci illər arasındakı publisist fəaliyyəti ilə Azərbaycan jurnalistikası tarixində sanballı yer tutan görkəmli ictimai xadim kimi tarixə düşəcəkdi. Üzeyir Hacıbəylinin məqalə və felyetonlarının Azərbaycan publisistikasının görkəmli nümunələri kimi əsaslı surətdə yenidən araşdırılmasını, onun əsərlərinin akademik çoxcildliklərində nəşr olunmsını Bəkir müəllim ədəbiyyatşünaslıq elmi qarşısında duran ən ümdə, ən vacib problemlərdən biri hesab edir.  

Müstəqil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən R.Rzanın 100 illik yubileyinin keçirilməsi müəllif üçün simvolik bir çağırış idi. Akademik Bəkir Nəbiyevin Rəsul Rzanın həyat və yaradıcılığından bəhs edən “Şeirimizin klassiki və müasiri” adlı məqaləsi şairin 100 illik yubileyinə layiqli, məzmunlu sanballı bir töhfə oldu. R.Rza yaradıcılığının və ictimai fəaliyyətinin ensiklopedik mahiyyət daşıması, şairin əsərlərinin “poetik Azərbaycannamə” olması fikri bu məqalənin ümumi ruhundan doğan bir qənaətdir.  

Məşhur nəzəriyyəçi-alim, ədəbiyyat tarixçisi Yaşar Qarayevə həsr olunmuş “Elmimizin iftixarı” adlı məqaləsində müəllif yazır: “Onun (Y.Q.E.R.) üslubu akademizmlə obrazlılığı, elmiliklə bədiiliyi üzvi surətdə uğurla birləşdirir. Yeri gəldikdə təmkin, möhkəm məntiq, yeri gəldikdə isə nadir emosional zəriflik oxucularda onun əsərlərinə böyük maraq doğurur. Yaşarın yaradıcılığında ana dilimizin olduqca zəngin ifadə imkanları açılır. Azərbaycan türkcəsinin gözəllik və əzəməti görünür, incəliyi, şirinliyi, musiqisi duyulurdu”. Bu sətirləri oxuduqca məni təəccüb hissi bürüyür, düşünürəm ki, Bəkir müəllimin bu sözlərini elə onun özü haqqında, yaradıcılığı haqqında tam qətiyyətlə demək olar... Yaşar Qarayevdən bəhs edərkən Bəkir müəllimin onun “erudisiya zənginliyi, ədəbi faktı və hadisələri qiymətləndirmək meyarının dəqiqliyi, bir söz xiridarı, bir filoloq kimi peşəkarlıq səviyyəsinin yüksəkliyi” haqqında dedikləri də elə müəllifin özünə xas olan, onu səciyyələndirən əsas meyarlardır.  

Akademik Bəkir Nəbiyev bütövlükdə səhnə sənətinin aludəsi olduğundan, mətbuatda hərdən onun ayrı-ayrı teatr tamaşaları haqqında məqalə və resenziyaları da nəşr olunur.  

Azərbaycanın korifey sənətkarı Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasının yubiley tamaşası haqqında “Trilogiyanın ilki” adlı rəyi, Etibar Babayevin “Adil Babayev və teatr” adlı araşdırmasına dair yazıçı, sənətşünaslıq doktoru, teatrşünas professor İlham Rəhimliyə həsr olunmuş “Bitib-tükənməz ilham” adlı məqaləsi ilə tanışlıq müəllifin sənətşünaslıq sahəsində geniş elmi erudisiyaya malik olduğunun bariz təsdiqidir.  

Akademik Bəkir Nəbiyevə bir şəxsiyyət kimi də həsəd aparmaq olar.  Bu bütöv və yetkin insan öz səmimi davranışı, ən başlıcası isə sərhədsiz təvazökarlığı, ünsiyyət mədəniyyəti ilə seçilən ziyalılardan biridir. Canyandırma, qədirşünaslıq, qayğıkeşlik, onunla ünsiyyətdə olanlara sonsuz hörmət və ehtiram Bəkir Nəbiyev fenomeninin ayrılmaz hissəsidir. Alimin bu humanist cəhətlərini bütün kitabda və xüsusən də müəllifin mərhum Hacı Mailə həsr etdiyi “Ürəyimdən keçən başına gəldi” məqaləsində daha aydın görmək olar.  

Hacı Mailin 1996-cı ildə nəşr etdirdiyi Füzuli Divanını, 1997-ci ildə çap olunmuş “Leyli və Məcnun” poemasının elmi-tənqidi mətnini Bəkir müəllim müəllifə namizədlik əsəri kimi Elmi Şuraya təqdim etməyi məsləhət bilir. Üç aydan sonra məlum olur ki, Bəkir Nəbiyevin Hacı Maillə bu barədə etdiyi söhbətin məzmunu dünya şöhrətli alim, akademik Azad Mirzəcanzadəyə çatmış və o da Hacını öz idarəsinə dəvət edib ona (müdafiə etmədən) filologiya elmləri namizədi alimlik dərəcəsi verilməsi haqqında diplom təqdim etmişdi... Onu da deyim ki, bu fakt Bəkir Nəbiyev fenomeninin insanlara diqqət və qayğısının yüzdə, bəlkə də mində biridir...  

Bu kitabda toplanan məqalələr Bəkir müəllimin tələbəlik illərində onun müəllimləri olan Mir Cəlal, Bəxtiyar Vahabzadə kimi görkeəmli simalar, yaxın dostları – xalq yazıçısı Elçin, akademik İsa Həbibbəyli, akademik Fuad Qasımzadə professor Cahangir Qəhrəmanov, haqqında bir “rekviyem”, daha doğrusu, “əbədiyyət nəğməsi” kimi səslənir. Bu böyük insanlar Azərbaycan-türk bədii-estetik fikrinin zənginləşməsində, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında mühüm rol oynamış, öz çoxsaylı əsərlərində insanları “özünüdərkə” çağırmışlar. “Vətən torpağına azadlıq toxumu səpən” şair Bəxtiyar Vahabzadəni akademik Bəkir Nəbiyev “fikir şairi”, “ürək sərrafı” kimi dəyərləndirmişdir. Ustadlarından, qələm və məslək yoldaşlarından bəhs edərkən, bu böyük insanların azərbaycançılıq, türkçülük məfkurəsinə dərindən bağlı olduqlarını müəllif xüsusi vurğulayır. Ayrıca qeyd etmək lazımdır ki, azərbaycançılıq, türkçülük Bəkir Nəbiyev şəxsiyyətini səəciyyələndirən əsas meyarlardan biridir.  

Məşhur sənətkarlardan bəhs edərkən, bu təvazökar insanın işlətdiyi “bizim kimi adi insanlarla müqayisədə”, “bizim kimi adi nəzərlə görmək” kimi işlətdiyi ifadələr məndə təəccüb doğurur. Bu sözlərin müəllifi Ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə müstəqil Azərbaycan Respublikasının “Şöhrət”, möhtərəm prezidentimiz cənab İlham Əliyevin fərmanı ilə ən ali fərqlənmə əlaməti olan “İstiqlal” ordeni ilə təltif edilmiş, iki dəfə “Dövlət mükafatı laureatı”, “Əməkdar elm xadimi”, AMEA-nın Nizami adına İnstitutunun direktoru, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında xüsusi xidmətləri olan müqəddəs, ali insan səviyyəsinə yüksəlmiş azsaylı ziyalılarımızdan biridir. Rəsul Rzaya həsr etdiyi məqalədə müəllif şairin belə bir portretini yaratmışdır. “O, (Rəsul Rza –) adi insanlarla müqayisədə qat-qat artıq qırış bağlamış beyninin, böyük əhatə dairəsinə malik duyğularının, zərif hisslərinin qabarlı barmaqları ilə ahəngdar fəaliyyəti,  yuxusuz gecələrdə, həyəcanlı, bəzən səksəkəli gündüzlərdə ərsəyə gətirdiyi çox qiymətli şeir və poemalarının səbəbinə həmişə oxucu məhəbbəti ilə əhatə olunmuşdur”.

 Əgər “qiymətli şeir və poemalarının səbəbinə” sözlərini Bəkir müəllimin yazdığı altmışa yaxın “kitab toplusu” ifadəsi ilə əvəz etsək, onda həmin qiyməti eynilə onun özünə də aid etmək olar. Nəticə etibarilə Bəkir müəllimin bu kitabda dərc olunan məqalələrini, portret cizgilərini ensiklopedik fikir antologiyası adlandırsaq, heç də yanılmarıq. Gələcəkdə ədəbiyyat sahəsində elmi-tədqiqat əsəri yazacaq müəlliflər üçün burada sözü gedən sənətkarların həyat və yaradıcılığını, yüksək insani keyfiyyətlərini öyrənmək, bu haqda tam məlumat əldə etmək üçün bu kitab əvəzsiz mənbələrdən biridir.

Milli Məclisin deputatı, elmlər doktoru, professor Hüseynbala Mirələmovun “Zərifə Əliyeva” adlı zərif kitabı da Bəkir Nəbiyevdə xüsusi qürur hissi doğurur və bunun üçün müəllif bir oxucu və qələm yoldaşı kimi “Nur saçan ömrün bədii salnaməsi” adlı məqaləsində görkəmli ədibimizə öz dərin minnətdarlığını bildirir. Bəkir müəllim Nərgiz xanım Paşayevanın, Güllü Yoloğlunun doktorluq əsərləri haqqında rəyləri də öz lakonikliyi, elmi-nəzəri dərinliyi ilə diqqəti cəlb edir.  

Müəllifin Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli və məhsuldar nümayəndəsi AMEA-nın müxbir üzvü, professor Teymur Kərimlinin “Hicran ömrü” kitabına həsr olunmuş “Elmlə şeir qovuşanda” adlı rəyi də xüsusi maraq doğurur. Bu kitabı müəllif Teymur müəllimin “öz çağdaşlarına şair səmimiyyətilə uzatdığı vizit vərəqəsi” kimi dəyərləndirir.  Rəydə zəmanəmizin ən qlobal hadisələrinə nikbin münasibətdən danışan müəllif Teymur Kərimlinin səsinə səs verərək yazır: “Doğma yurdun yağı tapdağı olduğuna dözə bilməyib ürəyi partlayan zərif ruhlu şair dostumuza (Hüseyn Kürdoğlu nəzərdə tutulur) nəsib olmasa da, onun və Teymurla mənim əzizlərimiz... hamımız nə yolla olursa-olsun, azad edilmiş doğma dədə-baba torpaqlarımıza, o cümlədən də Laçına gedib orada həsbi-hal edərək, Hüseyn Kürdoğlunun da, Teymur Kərimlinin də şeirlərini oxuyacağıq, Allah qoysa!. Burada artıq söz deməyə heç bir ehtiyac yoxdur.  

Müəllifin görkəmli ədibimiz Hüseynbala Mirələmovun “Sonuncu fateh” tarixi romanına həsr edilmiş rəyi oxucuda bu əsərə böyük maraq doğurur. N.Nərimanovun “Nadir şah” pyesindən sonra Hüseynbala Mirələmov “Sonuncu fateh” tarixi romanında öz zəmanəsinin məşhur dövlət xadimi və cəsur sərkərdəsi, fəci taleli bir insan kimi geniş şöhrət tapmış bu obraza müraciət edərək, xalqımızın qəhrəmanlıq ənənələrindən xəbər verən bir əsər yaratmasını Bəkir müəllim xüsusi bir qürur hissi ilə alqışlayır. Müəllif çox haqlı olaraq belə bir nəticəyə gəlir ki, bu gün, Respublikamız özünün yeni intibah dövrünü yaşadığı bir zamanda, oxucular görkəmli ədiblərimizin yaratdığı əsərləri oxuyub “yaxın-uzaq keçmişimizin mühüm hadisələrini yeni ictimai-siyasi tələblər işığında yenidən araşdırmalı, yenidən qiymətləndirməlidirlər”.  

Elçin Mehrəliyevin görkəmli dövlət xadimi, müstəqillik dövrünün ilk daxili işlər naziri general-mayor Məhəmməd Nəbi oğlu Əsədovun həyatından bəhs edən “Tale döyüşü” xatirə romanını da müəllif “nəcib yaradıcılıq ənənəsinin” uğurlu davamı kimi qiymətləndirir. Bəkir müəllimin bu əsərə müraciət etməsi təbiidir. Çünki, məlum Qarakənd faciəsi onun da qəlbində, duyğularında, mənəvi dünyasında silinməz bir iz qoymuşdur. Romanın ümumi ruhundan doğan nikbin final oxucuda qələbəmizə inamı daha da gücləndirərək, bizlərə mənəvi qida verir.  

Kitabın sonuncu bölməsi belə adlanır: “Məruzə və nitqlər, xatirə yarpaqları”.  

Bu bölmə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabının yüksək Dövlət mükafatana layiq görülməsi üçün 27 may 2010-cu ildə Respublika günündə “Buta Palas” sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə akademik Bəkir Nəbiyevin minnətdarlıq sözü ilə açılır. Bu fərəhli hadisədən bir az əvvəl 14 may 2008-ci ildə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Akt zalındakı nitqində akademik Bəkir Nəbiyev elmimizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə diqqət və qayğı göstərən beynəlxalq təşkilatlara və xüsusən də Respublikaya dəvət olunmuş YUNESKO-nun baş direktoru cənab Koiçiro Matsuuraya xalqımız adından böyük minnətdarlıq hissi ilə öz dərin təşəkkürünü bildirmişdir.  

Fəxrlə deməliyəm ki, akademik Bəkir Nəbiyev həm də yorulmaz təbliğatçı alimdir. O, 30 may 2006-cı ildə Şamaxının Yeddigünbəz qəbiristanlığında M.Ə.Sabir məqbərəsinin açılışında “Poeziya dəryasında bir qocaman dağ” adlı nitqində Sabir məqbərəsinin təşəbbüskarı, memarı, bütün xərcləri öz boynuna götürən Azərbaycan şairi, tanınmış xeyriyyəçi Gülağa Tənhaya xalqımız adından “Əhsən bu vətənpərvərlik təşəbbüsünə, bu incə memarlıq zövqünə və böyük səxavətə” deyərək, öz sonsuz təşəkkürünü və minnətdarlığını bildirmişdir.  

Xüsusi qeyd etmək lazımdır ki, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 illik yubileyi müəllif üçün daha əlamətdar hadisələrdən biri hesab olunur. Niyə? Ona görə ki, Bəkir Nəbiyev 16 il bu məbədgahın direktoru olmuş, burada çalışarkən 1978-ci ildə Ümummilli liderimiz Heydər Əliyev onu Dövlət mükafatına layiq görmüş, bu dövrdə Akademiyaya müxbir üzv seçilmiş, ƏDİB-nin akademik katibi vəzifəsinə irəli çəkilmişdir.

Müəllifin 6 aprel 2001-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutununda böyük hind yazıçısı Rabindranat Taqorun 150 illik yubileyinə həsr olunmuş elmi sessiyada çıxışını “giriş sözü” adlandırmaq olarmı? Bu ki, böyük yazıçı haqqında mini-araşdırmadır. Eyni sözləri müəllifin Məmməd Araza həsr etdiyi “Şei rimizin xan çinarı”, professor Aida İmamquliyevanın anım günündə, “Ömür vəfa etsəydi” adlı çıxışları haqqında da demək olar.  

Görkəmli şəxsiyyətlər haqqında kitabın sonunda verilmiş oçerklərin başlıqları – “O, həm də sabahın alimidir” (professor Əkrəm Cəfər), “Əlyazmalar səltənətinin sultanı” (professor Cahangir Qəhrəmanovun anım günü), “Məclislər yaraşığı” (akademik Fuad Qasımzadə), “Birincilərdən biri” (professor Rövşən Mustafayev dünyasını dəyişdi), Patriarxın xatirəsinə (akademik M.A.Dadaşzadə – 100), “Mənim mənəvi mükafatım” (akademik Məmməd Cəfər Cəfərov – 100), “Populyar romanlar müəllifi” (yazıçı Əlfi Qasımovun anım günü), “Tərlan oylağında sar ola bilməz” (şair Şamil Əsgər) bu yazıların məzmununu açmaq üçün rəmzi mənada bir bədii açar rolunu oynayır. Ədəbi nəzəri fikirlə bədiiliyin vəhdəti olan bu cəhət isə ancaq fitri istedad sahiblərinin yazlarına məxsusdur.  

Akademik Bəkir Nəbiyev yazır: “Məmməd Cəfər müəllim vaxtilə dərs demiş olduğu bütün tələbələrinin, bu və ya digər dərəcədə ünsiyyətdə olduğu bütün həmkarlarının sevimlisi idi. Onun məruzə və çıxışlarını eşitmək, məhdud dairədə söylədiyi xatirələrini dinləmək, onunla səfərlərdə olmaq, məclislərdə iştirak etmək hər birimiz üçün xoş və arzuedilən məqamlar idi... Çox səxavətli və əliaçıq idi. Yaxın-uzaq qohumlarına, çalışdığı idarənin, yaşadığı həyətin yoxsullarına, yerlilərinə əl tutardı, onları sözün birbaşa mənasında qanadı altına almaqdan xüsusi zövq alardı. Qəribədir. Sən bir işə bax. Eyni sözləri Bəkir müəllim haqqında mən özüm yazmışdım. Uzun illər akademik Bəkir müəllimin rəhbərlik etdiyi doktorluq müdafiəsi üzrə dissertasiya şurasının üzvü olduğumdan, bu sətirləri oxuduqca bu pak, təmiz insanın özünün nurlu siması bir daha gözlərim önündə canlandı...  

Bütövlükdə, bu kitabda öz əksini tapmış klassiklərimiz və müasirlərimiz barədə sanballı məqalələr, rəylər, ədəbi-nəzəri fikir tariximizdə silinməz bir iz qoyacaq dəyərli nümunələrdir.

Azərbaycançılıq ideyalarına sədaqətli xidmətin rəmzi olan ensiklopedik məzmunlu bu kitab xalqımıza çox dəyərli bir töhfə olduğu üçün Bəkir müəllim, mən sizə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm.

 

Elmira RƏHİMOVA,

filologiya elmləri doktoru

, professor

525-ci qəzet.- 2011.- 28 dekabr.- S.7.